Tar babalarımızın əmanət
etdiyi bir sərvətdir...
Müsahibim
Azərbaycan Milli Konservatoriyasının I kurs tələbəsi
İdris Hüseynovdur. İlk öncə qəzetimizin
oxucularına gənc nəslin nümayəndəsi İ.
Hüseynov haqqında qısaca məlumat verim. İdris
Hüseynov 1993-cü ildə Naxçıvan şəhərində
anadan olub. Orta təhsilini həmin şəhərdə
alıb. Peşəkar musiqilə məşğul olmağa 9
yaşından başlayıb. 5 illik musiqi məktəbini
bitirdikdən sonra 2008-ci ildən Naxçıvan musiqi kollecində
tar ixtisası üzrə təhsil alıb. Hal-hazırda Azərbaycan
Milli Konservatoriyasının Xalq çalğı alətləri
şöbəsinin tar sinfində təhsil alır. Gənc
tarzən İdris Hüseynovla müsahibəni təqdim edirik:
-Musiqi ilə neçə
yaşından məşğul olmağa
başlamısınız? Musiqiyə bağlılıq
ailədən gəlir, yoxsa, sizin xüsusi sevginiz olub?
- Musiqiyə
olan sevgim ailəmdən gəlir. Atamla anam da musiqiçidir. Mən
gözümü açandan evimizdə tar, fortepiano səsi
eşitmişəm. Atam tarda ifa etdiyi üçün mənim
də tara marağım olub. Amma əslində atam
musiqiçi olmağımı istəmirdi. Tara olan sevgimi
gördükdən sonra məni musiqi məktəbinə
yazdırdı.
- İfa etdiyiniz musiqilərdə ən
çox muğamlara üstünlük verirsiniz, yoxsa əsərlərə?
-
Muğamlara. Muğam ifa etdiyim zaman daha çox zövq
alıram. Yəqin ki, muğam bizim milli dəyərimiz
olduğu üçün bu musiqiyə çox
bağlıyam. Amma repertuarlarımda klassik və ən əsası
dünya musiqiləri də yer alır.
- Hansı musiqi festivallarında
çıxış etmisiniz?
-
Naxçıvanda musiqi məktəbində oxuyanda bir neçə
müsabiqədə iştirak etmişəm. Musiqi məktəbləri
arasında Heydər Əliyevin anadan olmasının 85-ci
ildönümünə həsr olunmuş IV Respublika
müsabiqəsində II yerə layiq görüldüm.
- Musiqi təhsiliniz
haqqında məlumat verərdiniz.
- Musiqi məktəbində
ilk tar müəllimim atam olub. Tarın bütün sirlərini
atamdan öyrənmişəm. Daha sonra isə Naxçıvan
musiqi kollecində tar ixtisası üzrə təhsil aldım.
Orada müəllimlərim bəstəkar Əkrəm Məmmədli
və Tağı Tağıyev olub. O, mənimlə
professional şəkildə məşğul olub. 2012-ci ildə
Milli Konservatoriyanın Xalq çalğı alətləri
şöbəsində tar ixtisasına qəbul oldum. Burada
müəllimim Aslan Növrəslidir.
- Muğam müsabiqələrində
iştirak etməyi düşünürsünüzmü?
-Əlbəttə.
Bunun üçün hazırlaşıram. Çünki
professional səhnə ilk əvvəl müsabiqədən
başlayır və burada öz istedadını və
bacarığını göstərirsən. Mən
müsabiqələrdə iştirak etməyi çox yüksək
qiymətləndirirəm. Ən əsası bu müsabiqəyə
daha çox diqqət ayırdıqlarına görə
böyük məmnunluq hissi duyuram.
-Bir gənc kimi cəmiyyətə
baxışınız.... Bu gün incəsənət sahəsində
gənclərin rolunu necə qiymətləndirirsiniz?
-
Hal-hazırda musiqiyə axın çoxdur. Universitetdə,
kollecdə təhsil alan tələbələr kifayət qədərdir.
Amma hamı musiqiçi olmalıdır deyə bir şey
yoxdur. Bu sahə elədir ki, gərək ilk növbədə
istedad, musiqi duyumun və ən əsası bu sahəyə
marağın olsun.
-Ətrafınızda olan gənclər
daha çox nəyə meyil edir? İncəsənətimizdə
nəyin dəyişilməsini istəyirsiniz?
- Ətrafımda olan gənclərin çoxu bayağı musiqiləri dinləyir. Bu da təbii ki, onların davranışlarına, mədəniyyətlərinə mənfi təsir göstərir. Telekanallarda bayağı musiqilərin yerinə muğam, xalq mahnıları səslənsə, daha yaxşı olar. Həmçinin efirlərdə yayımlanan verilişlərə diqqət edilsə, daha gözəl olar. Çünki efirlərə sabahımızın gəncləri baxır.
- Bir musiqiçi
kimi bugünkü musiqiçilərin zövqü barədə
nə deyə bilərsiniz?
- Çox az olsa da, yaxşı zövqü olan musiqiçilərimiz var. Amma çox heyf ki, tarda belə, bayağı musiqilər ifa olunur. Mən bunu milli dəyərlərimizə hörmətsizlik hesab edirəm. Çünki tar bizim babalarımızın əmanət etdiyi bir sərvətdir...
-Kamança ustadımız Habil Əliyevdir. Bəs sizin fikrinizcə, tar ustadımız kimdir?
- Mənim fikrimcə, Əkrəm Məmmədli yaxşı tarzəndir. Amma Ramiz Quliyevi onunla heç müqayisə etmirəm. Çünki hər kəsin öz yeri var. Bununla yanaşı, Elçin Haşımov, Malik Mansurov, Ağasəlim Abdullayevin də adlarını vurğulaya bilərəm.
-Dərs
zamanı müəlliminizin hansı sirlərinə yiyələnmisiniz?
- Əkrəm müəllim mənə klassik
musiqinin, Tağı müəllim isə muğamın incəliklərini
öyrətdi. Konservatoriyada isə muğam müəllimim
Ramiz Əzizovdur.
Xəyalə GÜNƏŞ
Palitra.-2013.-1 may.-S.15.