Rənglərin sehri Həbibə
Allahverdiyevanın gözü ilə
“Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərib. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Sovet dövrünün sosializm realizmi istiqamətindən
fərqli olaraq müstəqil Azərbaycan
rəssamları yaradıcılıqlarında bu
gün sərbəstdirlər və
onların cəmiyyətlə əlaqələrini möhkəmləndirməyə,
genişləndirməyə hər cür
şərait yaradılıb. Rəssamlıq - təsviri
sənətin bir növüdür.
Burada real aləmin həcmi,
rəngi, məkan, əşyaların maddi
forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv
surətdə mövcud olan
əlamətlər canlandırılır”. Bu
sətirlər Naxçıvan Dövlət Universitetinin
Mətbuat şöbəsinin əməkdaşı Mina Qasımovaya məxsusdur. O qeyd
edir ki, rəssamlıq
insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə
bölüşməyin ən maraqlı, ən gözəl yoludur.
Gənc rəssam natürmort,
portret, kompozisiya janrlarına daha çox üstünlük
verir
Müəllif
daha sonra yazır: “Rənglərin dili ilə danışan gənc
bir rəssam kimi onu sevənləri hər dəfə yeni əsərləri
ilə heyrətə salır Həbibə Allahverdiyeva. Azərbaycanın
qədim diyarı Naxçıvanın dilbər guşələrindən
biri olan Şahbuz rayonunun Külüs kəndində 1981-ci ilin
iyun ayında anadan olan Həbibə Allahverdiyeva 1998-ci ildə
orta məktəbi bitirib. Naxçıvan Dövlət
Universiteti İncəsənət fakültəsinin təsviri
incəsənət ixtisasına qəbul olub. 2002-2004-cü ildə
pedaqogika tarixi və nəzəriyyəsi ixtisası üzrə
magistr pilləsində təhsil alıb, 2005-ci ildən isə
Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət
kafedrasında müəllim vəzifəsində
çalışır”. Mina Qasımova qeyd edir ki,
Naxçıvan rəssamlıq məktəbində
Naxçıvan Dövlət Universiteti rəssamlıq məktəbinin
xüsusi yeri var: “İncə, zərif qadın
barmaqlarının sehri ilə yaratdığı tablolar vasitəsilə
sənətkarlar arasında imza qoymağa, öz yaratdıqları
ilə Naxçıvan Dövlət Universitetində gələcək
nəsillərin bu sahədən yararlanması
üçün yeni səhifələr yaratmağa
çalışır Həbibə Allahverdiyeva. Gənc rəssam
natürmort, portret, kompozisiya janrlarına daha çox
üstünlük verir. Bununla belə, o, gənc rəssam olmasına
baxmayaraq, müraciət etdiyi bütün janrlarda gözəl
əsərlər yaradır. 2011-ci ildə çap olunan “Rənglərin
sehri” adlı kitab-albomda gənc rəssamın rəngkarlıq
və qrafika janrında işlədiyi mənzərələr,
natürmort və portretlərdən seçmə nümunələr
toplanıb. Bir-birindən maraqlı süjet xətti,
kompozisiya quruluşu, işlənmə texnikası və rənglərinin
zərif çalarları ilə fərqlənən əsərlərin
mövzu dairəsi çox genişdir. Xalqımızın
ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər
Əliyevə həsr olunmuş “Azərbaycanın sönməz
Günəşi”, türk dünyasının ulu öndərləri
Heydər Əliyev və Mustafa Kamal Atatürkə həsr
edilmiş “Ümummilli liderlər”, “Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin portreti”,
yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadəyə
həsr olunmuş “Yeni əsər”, AMEA-nın vitse-prezidenti,
millət vəkili, akademik İsa Həbibbəylinin portreti, qədim
Naxçıvan torpağının əzəldən ən məşhur
rəmzlərindən sayılan “İlandağ”, “Qədim Nuh
çıxan”, “Əlincə Qalası”, bundan əlavə təbiətin
gözəlliyini tərənnüm edən “Çiçəklər”,
“Gül və tikan”, “Ağ çiçəklər”, “Mənzərə”
və s. əsərləri insanı
düşündürür və bu şəkillərə
baxan tamaşaçıları heyran qoymaya bilmir”.
Həbibə Allahverdiyevanın əsərlərində
ən qabarıq cəhətlərdən biri də Vətən
mövzusudur
Rəssamın
yaradıcılığını analiz edən müəllif
qeyd edir ki, “Örtüklü qadın”, “Payız
düşüncələri”, “Avtoportret”, “Solğun
çiçək”, “Qız portreti”, “Sevinc” və s. əsərlərində
qadın zərifliyi, qadın çöhrəsinin
özündə min-bir sirri saxlayan cizgiləri əks olunur. Həbibə
Allahverdiyevanın əsərlərində ən qabarıq cəhətlərdən
biri də Vətən mövzusudur. Xüsusilə onun kənd
mövzusunda çəkdiyi “Köhnə yuva”, “Yol”, “Yaz fəsli”,
“Tənha ağac”, “Kənd mənzərəsi” və s. əsərlərdə
doğma torpağa bağlılıq, kövrək duyğular
aşılayan rəsmlər böyük sənətkar qəlbinin
yaradıcılıq nümunələri kimi
yaratdığı əsərlərdə
canlandırılır: “Naxçıvan rəngkarlıq məktəbinin
gənc nümayəndələrindən sayılan, pedaqoji fəaliyyətində
isə gələcək üçün böyük bir rəssam
nəsli yetişdirməyə can atan Həbibə
Allahverdiyevanın ABŞ-ın Ford Xatirə Kitabxanasında,
Avrasiya Konfransında, Şimal-qərbi İndianada, Dünya
Ticarət Birliyində, Perdue Universitetində, ABŞ Təşəbbüskarlar
Ticarət sərgisində, paytaxt Bakıda, Naxçıvan
Dövlət Universitetində fərdi sərgiləri təşkil
olunub və tamaşaçıların böyük
marağına səbəb olub. O, 2003-cü ildən
başlayaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda
keçirilən qarışıq sərgilərdə öz əsərləri
ilə iştirak edir. Rəssamın sərgisinin bu salonda təşkil
olunması, əslində realist rəssamlıq məktəbinin
banisi Bəhruz Kəngərli məktəbinin davam etdirilməsi
deməkdir. 2009-cu ildə Türkmənistan Respublikasında
keçirilən qarışıq sərgilərdə, 2011-ci
ildə isə Bakıda keçirilən qarışıq sərgilərdə
iştirak edib”.
Milli rəssamlıq məktəbimizin
inkişafında özünəməxsus üslubu və
orijinallığı olan istedadlı rəssam
Mina
Qasımova sənət yoldaşlarının Həbibə
Allahverdiyeva haqqında söylədikləri dəyərli
fikirləri də qələmə alıb. Azərbaycanın
Xalq rəssamı, Naxçıvan Dövlət Universitetinin Təsviri
incəsənət kafedrasının müdiri, dosent
Hüseyinqulu Əliyev: “Yeni, gənc nəsil rəssamların
yetişməsində əvəzsiz xidmətləri olan
Naxçıvan rəssamlıq məktəbinin yetişdirməsi,
Naxçıvanda qadın rəssamlar arasında Azərbaycan
realist rəssamlıq üslubunun ən layiqli nümayəndələrindən
biri Həbibə Allahverdiyeva portret, mənzərə,
natürmort, tematik rəsmlər janrındakı
yaradıcılığı ilə milli rəssamlıq məktəbimizin
inkişafında özünəməxsus üslubu və
orijinallığı olan istedadlı rəssamdır”.
Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Azərbaycanın
Əməkdar rəssamı Ülviyyə Həmzəyeva:
“Reallığı istədiyi kimi görən, özünəməxsus
kaloriti, üslubu olan Həbibə Allahverdiyeva bu dövr incəsənətinin
müasir rəssamıdır. Realist rəssama fəaliyyətində
uğurlar arzulayıram”. Azərbaycan Rəssamlar İttifaqının
üzvü olan, Naxçıvan Dövlət Universitetinin Təsviri
incəsənət kafedrasında baş müəllim işləyən
Həbibə Allahverdiyeva həm də gözəl anadır.
Biz Həbibə Allahverdiyevaya həm
yaradıcılığında, həm işində, həm də
ailədə böyük uğurlar qazanmasını
arzulayırıq.
Anar MİRİYEV
Palitra.-2013.-1 may.-S.11.