“Dövlət gənclərin
inkişafı üçün yetərincə
şərait yaradıb”
Turqay Həsənəliyev: “Bu
gün Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq
arenada böyük nüfuza sahib olması, regionun liderinə çevrilməsi
bəzi dairələri narahat etməyə başlayıb”
Müsahibimiz Sağlam Gəncliyə
Doğru İctimai Birliyinin sədri Turqay Həsənəliyevdir
- Sağlam Gəncliyə Doğru
İctimai Birliyi nə vaxtdan fəaliyyət göstərir?
- Təşkilatımız
2006-cı ildə yaranarkən rəsmi dövlət
qeydiyyatından keçmədiyindən qrup şəklində
fəaliyyətə başlayıb. Lakin 2011-ci ildə təşkilat
rəsmi dövlət qeydiyyatına alındı. Sağlam Gəncliyə
Doğru İctimai Birliyi bir çox layihələr həyata
keçirib. Universitetlerdə ingilis dili danışıq dərsləri,
DEBAT kursları təşkilatımız tərəfindən
təşkil edilib. Qrupumuz nümayəndələrimizin şəxsi
səyləri nəticəsində Avropanın
hal-hazırkı ən tanınmış qrant
elanlarının yer aldığı “Gənclər fəaliyyətdə”
proqramının koordinatorlarından biri ilə birbaşa əlaqə
yaradaraq 5 il öncə bu proqrama qoşulub. Həm öz
ölkəmizdə, həm də digər ölkələrdəki
layihələrə qatıldıq və indiyə kimi də
bu layihələrə qoşulmağa davam edirik. Bundan
başqa, nümayəndələrimizdən bəziləri
Dünya Gənclər Konqresinə Azərbaycandan qatılan
çox az iştirakçılar arasındadırlar.
- Hazırda dövlət gənclərin
inkişafı üçün yetərincə şərait
yaradıbmı?
- Bəli,
hazırda dövlət gənclərin inkişafı
üçün yetərincə şərait yaradıb. Gənclərin
özlərini bütün sahələrdə inkişaf etdirməsi
üçün lazım olan bütün istiqamətlər cənab
Prezident İlham Əliyevin qəbul etdiyi “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramında öz əksini
tapıb. Dövlətin gənclər siyasəti ona yönəlib
ki, gənclər sağlam intellektual mühitdə
formalaşsınlar.
- Gənclər öz
potensialını üzə çıxara bilirmi?
- Bu
sahədə çox mühüm işlər
görülüb. Azərbaycanda Gənclər Fondunun yaradılması
gənclərə və gənclər təşkilatlarına
yeni nəfəs gətirdi. Azərbaycan Gənclər Fondu
dövlətin gənclər siyasətinin bir hissəsidir. Fond
gənclərə öz ideyalarını
reallaşdırmağa imkan yaradır. Bu təcrübə
regionda ilk dəfə məhz Azərbaycanda reallaşdı.
Buna qədər və indi də Gənclər və İdman
Nazirliyi gənclər təşkilatlarına və gənclərə
daim öz dəstəyini göstərib.
- Region gəncləri hansı
ictimai-siyasi fəallıq göstərirlər?
- Biz
hər dəfə çalışırıq ki, region gənclərini
öz tədbirlərimizə cəlb edək. Əvvəlki
vaxtlardan fərqli olaraq region gənclərinin ictimai-siyasi
proseslərdə iştirakında fəallıq müşahidə
olunur. Lakin bunu bütün gənclər haqqında demək
olmaz. Aktiv və passiv gənclər var. Passiv gənclərin
aktiv olmaları üçün onları ictimai-siyasi proseslərə
cəlb etmək lazımdır. Bunun da yolu regionda keçirilən
tədbirlərin, layihələrin
artırılmasıdır.
- Müxtəlif antimilli
qrupların təsiri altına düşmüş gənclərə
bu yoldan qayıtması üçün nə deyərdiniz?
-
Onlara gedən proseslərə diqqətlə fikir vermələrini
tövsiyə edərdim. Bu gün Azərbaycanın əldə
etdiyi uğurlar, beynəlxalq arenada böyük nüfuza sahib
olması, regionun liderinə çevrilməsi bəzi dairələri
narahat etməyə başlayıb. Öz planlarını həyata
keçirmək üçün bəzi gənclərdən
istifadə edirlər. Əlbəttə ki, sağlam
düşüncəli gənc belə proseslərdə öz
dövlətçiliyinə sadiq qalmalıdır.
- Azərbaycan gəncliyi bu gün
nə dərəcədə dövlət qayğısı ilə
əhatə olunub?
- Mən
deyərdim ki, hər sahədə dövlətin
qayğısını hiss etmək mümkündür. Hər
il bir sahənin prioritet istiqamət seçilməsi buna
nümunədir. Məsələn, bu ilin “İKT ili” olması
İKT sahəsinin daha da inkişaf etməsinə gətirib
çıxarır. Xaricdə təhsil proqramını da buna
nümunə göstərmək olar. Hər il neçə-neçə
gənclərimiz dövlət proqramından istifadə edərək
xaricdə pulsuz təhsil alır. Regionlarda gənclər evləri
fəaliyyət göstərir. Bunlar hamısı dövlətin
gənclərə olan qayğısıdır.
- Azərbaycan gəncliyi bu
qayğının cavabını öz əməli fəaliyyəti
ilə verə bilirmi?
-
Çalışır. Lakin bundan da artıq
çalışmaq lazımdır. Demək istəyirəm
ki, bu gün Azərbaycanda intellektual,
dünyagörüşü zəngin bir gənclik yetişir.
Dövlətin istəyi də elə bu istiqamətdədir.
- Sizcə, gənclərin daha da
maariflənməsi və ictimai fəallığının
artırılması istiqamətində hansı tədbirlər
görülməlidir?
- Gənclər
bu işdə özləri də maraqlı olmalıdırlar.
Çünki bu günün gənci sabahın hansısa məmuru,
müəllimi, həkimi və başqa peşə sahibləridirlər.
Onların fəallığı gələcək fəaliyyətlərinə
birbaşa təsir göstərir. Müxtəlif layihələrdə
və proseslərdə iştirak etmək onlarda təcrübə
baxımından müsbət nəticələr verir. Bir də
bu gün Azərbaycanda könüllülük işində
mühüm irəliləyişlər var. Zaman keçdikcə
daha da yaxşılaşacağına inanıram.
Çünki könüllü olmaq insanın gələcək
karyerasında da müsbət nəticə verir.
- Təşkilatınız bu və
ya digər istiqamətlərdə hansı işlər
görür?
-
Sağlam Gəncliyə Doğru İctimai Birliyi layihələrini
əsasən regionlarda keçirir. Buna səbəb region gənclərinin
də maariflənməsidir. Hətta Bakıda olan layihələrdə
də biz hər dəfə region gənclərini yaddan
çıxarmırıq. Yeri gəlmişkən,
qarşıda bizi çox maraqlı layihə gözləyir.
Layihənin adı “Sağlam gəncliyə doğru
addımla” düşərgəsidir. Layihə Azərbaycan Gənclər
Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Düşərgə ərəfəsində
iştirakçılara sağlam həyat tərzi, sağlam cəmiyyətə
inteqrasiya, narkomaniya, sosial inteqrasiya, erkən evlilik, ətraf
mühitin mühafizəsi, gənclərin sosial-iqtisadi
inkişaf proseslərində iştirakı mövzularında
təlimlər keçiriləcək. Düşərgənin
Masallı şəhərində keçirilməsi və
iştirakçıların bölgələrdən
seçilməsi nəzərdə tutulur. Düşərgənin
bölgə gənclərinin sosial aktivliyinin
artırılması və cəmiyyətə inteqrasiya
prosesində gözəl töhfə verəcəyinə
inanırıq.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-1 may.-S.7.