“Heydər Əliyev və türk dünyası” müsabiqəsinin qalibləri mükafatlandırıldı 

 

Mətbuat Şurası və Zərdabi Mətbuat Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və türk dünyası” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, yazı müsabiqəsi “Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın KİV-ində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində keçirilib. Layihəyə Azərbaycan Ağsaqqallar Şurası da dəstək verib. Yazı müsabiqəsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar keçirildiyini deyən Mətbuat Şurasının sədri ümummilli liderin türk dünyasının birlik və bərabərliyi istiqamətində yorulmaz fəaliyyət göstərdiyini vurğulayıb. Əflatun Amaşov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın bəşər tarixinə bəxş etdiyi ən böyük dühalardan biridir.

Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynov “Heydər Əliyev və türk dünyası” mövzusunda keçirilən yazı müsabiqəsinə ümumilikdə 50 yazı təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, təqdim olunan yazıların 23-ü mükafata layiq görülüb. Bu kimi yazıların jurnalistlərin peşəkarlığının artırılmasına xidmət etdiyini deyən Rəhim Hüseynov daha sonra “Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın KİV-ində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində aparılan monitorinqin nəticələrini açıqlayıb. Bildirib ki, cari ilin ilk 4 ayı ərzində ölkədə nəşr edilən nüfuzlu qəzet və informasiya agentlikləri, xəbər portalları arasında aparılan monitorinqin nəticələrindən məlum olub ki, “Xalq Cəbhəsi”, “OLAYLAR” və “Zaman-Azərbaycan” qəzetləri öz səhifələrində türkdilli xalqların həyatı və inteqrasiyası məsələlərinə daha çox diqqət ayırır və müntəzəm olaraq bu haqda məqalələr dərc edir. Monitorinqin nəticələrinə əsasən hər üç qəzetə Zərdabi Mətbuat Mərkəzi tərəfindən diplom təqdim olunub. Həmçinin “Heydər Əliyev və türk dünyası” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ölkənin və regionun inkişafındakı fəaliyyətinə görə Heydər Əliyevi türk dünyasının lideri adlandırıb: “Azərbaycan Heydər Əliyevin yolu ilə gedərək uğur qazanıb. Bu gün artıq Azərbaycan dünya ölkələrinin hesablaşdığı dövlətə çevrilibburada Heydər Əliyevin əməyi danılmazdır”.Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə çıxışında Mustafa Kamal Atatürklə Heydər Əliyevi dövlətin qurulmasında və ölkənin inkişafındakı fəaliyyətinə görə müqayisə edib. O qeyd edib ki, gənc nəsil bu liderlərin yolunu uğurla davam etdirməlidir. Səfir mükafat alan mətbuat nümayəndələrini təbrik edərək, türk dünyasının uğurlu inkişafı naminə birgə fəaliyyətin zəruriliyini vurğulayıb. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Müzəffər Talıblı bildirib ki, ümummilli lider Heydər Əliyev sovet zamanında belə, Azərbaycanın türk dünyasındakı yerirolunu bilirdi. O, türk dünyasının inteqrasiyasında Heydər Əliyevin fəaliyyətinin danılmaz olduğunu da söyləyib: “Hələ sovet dönəmində Heydər Əliyev türk dünyasının inteqrasiyası ilə bağlı əməli fəaliyyətə üstünlük verib. Heydər Əliyev ona qədərki deklorativ addımları konkret fəaliyyətlə əvəzləyə bildi. Bununla da türkdilli ölkələrlə əlaqələr genişləndi və inkişaf etdi”. Müzəffər Talıblı çıxışında jurnalist fəaliyyəti zamanı Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb. Bildirib ki, Heydər Əliyev daim sözə, sözün qüdrətinə böyük önəm verirdi. PA-nın sektor müdiri deyib ki, Heydər Əliyev iclaskonfranslarda çıxışının qəzet səhifələrinə gedən mətnini diqqətlə oxuyur, hər hansı bir səhfin olmamasına çalışırdı. Milli Məclisin deputatları Vahid Əliyev, Fəzail İbrahimli, Musa Qasımlı və Mirkazım Kazımov da ümummilli lider Heydər Əliyevin türk dünyasındakı xidmətlərindən danışıblar. Bildirilib ki, məhz Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın türkdilli respublikalarla əlaqələri genişlənib, inkişaf edib.

 

 

FUAD

 

Palitra.-2013.-2 may.-S.10.