“Qədim və ölü
dilləri bilən mütəxəssislərimiz yoxdur”
“Azərbaycan dilinin internet məkanında
işlənməsi, dilimizin xarici dil kimi öyrədilməsi
sahəsində qısa və uzunmüddətli elmi layihələr
hazırlanmalıdır”
Ölkə
başçısının sərəncamı ilə təsdiq
edilən “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı”nda öz əksini tapan məsələlərlə
bağlı 2013-2020-ci illər ərzində zəruri tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur. Dövlət
Proqramının icrasına dair Tədbirlər Planında
mövcud məsələlərin əsas
icraçıları sırasında Azərbaycan Milli Elmlər
Akademiyası yer alıb. Müsahibimiz AMEA Nəsimi adına
Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru
İlham Tahirovdur:
-"Azərbaycan
2020: Gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanması ilə əlaqədar
Prezident İlham Əliyevin imzaladığı sərəncamda
qeyd edilir ki, “Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə
qədəm qoyur. Bu mərhələnin əsas hədəfi
çoxşaxəli, səmərəli və innovasiyayönümlü
iqtisadiyyatın formalaşması, sosial sahədə öncələyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır”. Bu fikrin təhlili bizə belə nəticə
çıxarmağa əsas verir ki, Prezident müasir
qloballaşan dünyada uzun müddətə hesablanmış
strateji seçimlər etməyi zəruri hesab edir. Dövlət
başçısı Azərbaycanın gələcək inkişafında
müxtəlif amilləri, o cümlədən
yaşadığımız regionun xüsusiyyətlərini,
ölkəmiz və xalqımız üçün mövcud
və potensial təhdidlərin aradan qaldırılması
üçün zəruri mexanizmlərin işlənib
hazırlanmasını, qloballaşan dünyada bütün
universal konsepsiyalara, siyasi-iqtisadi proseslərə milli-mənəvi
dəyərlərin qorunması fonunda yanaşmaq, gələcək
inkişafımızı öz milli xüsusiyyətlərimizlə
uzlaşdıqmaqla müəyyənləşdirmək zərurətini
nəzərə alır. Fikrimizcə, bütün bunlar ona
hesablanıb ki, qloballaşmanın sərhəd tanımadığı,
yabançı mədəniyyətlərin milli-mənəvi
dəyərlər sisteminə təhdid kimi
çıxış etdiyi indiki dövrdə milli ruhda və
özünüdərketmədə xarici təsirlərə
ümumi müqaviməti təşkil etmək mümkün
olsun. Milli-mənəvi dəyərlərimizin vacib komponentlərindən
biri olaraq və milli ruhumuzun özünüifadə forması
olan dilimizə də bu prizmadan yanaşmaq lazım gəlir. Bu
baxımdan Azərbaycan dilinin və dilçiliyinin
inkişafına dair Dövlət Proqramını “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” (18 iyun 2001-ci il), “Azərbaycan əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi
haqqında” (9 avqust 2001-ci il) və “Azərbaycan
Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” (2
yanvar 2003-cü il) ümummilli lider Heydər Əliyevin
imzaladığı mühüm tarixi və siyasi əhəmiyyətli
sənədlərin yeni mərhələdə uğurlu
davamı hesab edirəm. Başqa cür ifadə etsək,
sözügedən Dövlət Proqramı əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulub,
milli dövlət quruculuğunda yürüdülən dil
siyasətinin zaman və məkan etibarilə yeni müstəvidə
dövrümüzün siyasi, ideoloji və digər
reallıqlarının nəzərə alınması ilə
tətbiqini gerçəkləşdirmək istiqamətində
mühüm dövlət sənədidir.
- Proqramda öz əksini tapan məsələlərdən
biri də Azərbaycan dilinin və dilçilik elminin
inkişafı ilə bağlı qısamüddətli və
uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata
keçirilməsidir. Bu istiqamətdə
hansı tədbirlərin həyata keçirilməsini məqsəduyğun
hesab edirsiniz?
-Qeyd etdiyiniz məsələ, yəni Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsi bu Dövlət Proqramının icrasından gözlənilən nəticələrdən biridir. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsinə gəldikdə, qeyd etmək lazımdır ki, həmin tədbirlərin konturları artıq məlumdur və bunlar ölkə başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamının icrası ilə əlaqədar ölkənin dilçilik mərkəzi kimi AMEA Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında imzaladığı 29 may 2012-ci tarixli sərəncamında öz əksinin tapıb. Məsələn, institutda fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsini göstərmək olar. Fikrimcə, bu məsələlər xüsusi bir elmi proqram layihəsi əsasında gerçəkləşdirilməlidir. Bu yöndə işlərin aparılması üçün hər şeydən öncə, ölkədə dilçilik sahəsində fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərini müəyyənləşdirmək gərəkdir. Bunun üçün dünya dilçilik elminin müasir inkişaf meyillərini də nəzərə almaq lazımdır. Eyni zamanda Dilçilik İnstitutu əlaqələndirici qurum olaraq həm AMEA-da, həm də ölkəmizin digər elmi müəssisələrində, ali məktəblərində dilçilik sahəsində fəaliyyət göstərən mütəxəssisləri də bu işə cəlb etməlidir. Prezidentin 29 may 2012-ci il tarixli sərəncamında qeyd olunan digər bir məsələ dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi ilə bağlıdır. Bəllidir ki, dünyanın bir sıra kitabxana və əlyazma fondlarında xalqımızın dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, bir sözlə, Azərbaycanla bağlı mənbələr var. Onların çoxu haqqında ya məlumatımız məhduddur, ya da onlar indiyə qədər bizə məlum deyil. Həmin mənbələrin aranıb-axtarılması, üzə çıxarılması və ölkəyə gətirilməsi müxtəlif elm sahələrini təmsil edən mütəxəssislərin qarşısında bir vəzifə olaraq durur. Sözügedən ilkin mənbələrin yazıldığı qədim və ölü dilləri bilən mütəxəssislərimiz yoxdur. Mənbələrin başqa dillərə edilən tərcümələrində isə xalqımızın tarixinin araşdırılması baxımından kifayət qədər qüsurların olması aşkardır. Belə olan halda müstəqil ölkəmizdə qədim mənbələri, onların yazıldığı dilləri bilən mütəxəssislərin yetişdirilməsi bir vəzifə olaraq ortaya çıxır. Nəticədə qədim və ölü dillərin öyrənilməsi məqsədi ilə proqramların hazırlanması məsələsi gündəmə gəlir. Bu cür uzunmüddətli elmi proqram layihələrində qədim və ölü dilləri bilən mütəxəssislərin dünyanın aparıcı elmi mərkəzlərində doktorantura yolu ilə hazırlığından tutmuş, gənc alimlərin, doktorantların və ya maraqlanan şəxslərin həmin mərkəzlərə uzunmüddətli ezamiyyətinin təşkili kimi məsələlər əksini tapmalıdır. Nəzərə almaq lazımdır ki, bu işin planlı və mərkəzləşdirilmiş qaydada aparılması vacibdir. Bu deyilənlərdən əlavə, lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması, dialektoloji ekspedisiyaların təşkili, Azərbaycan dilinin internet məkanında işlənməsi, Azərbaycan dilində tətbiqi-linqvistik texnologiyaların yaradılması, Azərbaycan dilinin xarici dil kimi öyrədilməsi sahəsində də qısa və uzunmüddətli elmi layihələrin hazırlanıb gerçəkləşdirilməsi barəsində də düşünmək lazımdır.
- Burada
öz əksini tapan
amillərdən biri də dilçilik
sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin
yüksəldilməsidir. Siz bir mütəxəssis kimi
hazırda bu sahədə mövcud
vəziyyəti necə qiymətləndirirsiniz?
-Azərbaycan dilçiliyi
istər sovet dönəmində, istərsə
də postsovet dövründə ənənələrə
sahib olub, bu ənənələri nəsildən-nəsilə
ötürüb. Azərbaycan
dilçilərinin əməyi sayəsində dilimizin fonetikası, qrammatikası,
leksikası, ədəbi dil, dil tarixi məsələləri,
ədəbi dilin funksional
üslubları, dialekt və şivələri
araşdırılıb, Azərbaycan dilinin
dünyanın bir çox
dilləri ilə müqayisəli tədqiqatları
aparılıb. Dilçilərimiz ingilis,
fransız, alman, ispan,
italyan, ərəb, fars
və s. kimi dünya dillərinın elmi
cəhətdən öyrənilməsinə öz
töhfələrini veriblər. Təsadüfi deyil ki, Prezidentin
23 may tarixli sərəncamında
dilçiliyimizin keçdiyi
şərəfli yol geniş
təhlil olunub, bu sahədə
görkəmli dilçilərimizin adları və xidmətləri
vurğulanıb. 1926-cı ildə Bakıda keçirilən
I Türkoloji qurultay
Azərbaycan dilçiliyinin nailiyyəti kimi qeyd olunub. Bütün bunlar dilçiliyimizə dövlət səviyyəsində
verilən yüksək qiymət kimi qəbul
edilməlidir. Belə şərəfli tarixi
olan dilçilik elmimizin gələcəyi barədə də
indidən düşünmək lazımdır. Bunu nəzərə alaraq,
Dövlət Proqramında dilçilik sahəsində
ixtisaslı kadrların hazırlıq səviyyəsinin
yüksəldilməsi məsələsi nəzərdə tutulub. Düşünürəm ki, ixtisaslı kadrların hazırlıq səviyyəsinin
yüksəldilməsi dedikdə belə
anlaşılmamalıdır ki, dilçi kadrlarımızın səviyyəsi
aşağıdır. Mən deyərdim ki,
dilçi mütəxəssislərimiz,
belə demək mümkündürsə, “qapalı” fəaliyyət
göstərirlər. Onların məşğul olduğu elmi tədqiqat
işləri müxtəlif səbəblərdən geniş məkana çıxa bilmir.
Dilçilərimizin tədqiqatlarının bir
növ “reklam”a ehtiyacı var. Bu isə
dünyanın aparıcı elmi mərkəzləri,
universitetləri, elmi cəmiyyətləri
ilə beynəlxalq əlaqələrin qurulması və
genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin
gerçəkləşdirilməsi, həmin elmi
mərkəzlərlə elmi mütəxəssislərin
hazırlanması, fikir mübadiləsi
sayəsində mümkün ola bilər. Göstərilənlərin
gerçəkləşməsində dilçilərimizin “dil baryeri”nin
aradan qaldırılması mühüm rol oynayacaq. İxtisaslı kadr
hazırlığı pilləsində dünyanın
aparıcı dillərinin öyrədilməsi işində doğrudan-doğruya dönüş
yaratmağın vaxtı artıq çatıb. Əvvəllər
xarici dildən “namizədlik minimumu” adlandırılaraq qəbul edilən
imtahanın artıq “doktorluq maksimumu” kimi qəbul edilməsi
lazımdır. Yəni xarici dildən doktorluq imtahanına qoyulan
tələblər dəyişilməlidir. Bütün
bunları söyləməklə dilçilik
sahəsində ixtisaslı kadr
hazırlığında olan əyər-əskiklərin
üstündən keçmək fikrindən də uzağam. Düşünmürəm ki, bu sahədə hər şey rəvan gedir.
Şübhəsiz, çatışmazlıqlar var. Bunların obyektiv və
subyektiv səbəbləri hamıya məlumdur.
Hər bir sahədə olduğu
kimi, dilçi
kadrların hazırlığında da obyektivlik, dövlət və cəmiyyət
qarşısında məsuliyyət hissi
yüksəkdə dayanmalıdır.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-2 may.-S.7.