“Məhsətiyə həsr olunan kitablar dilimizə tərcümə
edilir”
Zəngin
ənənələrə malik çoxəsrlik Azərbaycan
poeziyasının tanınmış nümayəndəsi Məhsəti
Gəncəvinin ədəbiyyat tariximizdə özünəməxsus
yeri var. Onun yaratdığı söz sənəti nümunələri
insanı ucaldan yüksək bəşəri duyğular,
nikbin ruh və dərin lirizmlə səciyyələnərək
geniş şöhrət tapıb, sonrakı dövrlərdə
bədii zövqün formalaşmasına mühüm təsir
göstərib. Şairənin ədəbi şəxsiyyəti
yaradıcı Şərq qadınının fikir və mənəvi
azadlığının parlaq təcəssümü kimi Qərb
şərqşünaslarının əsərlərində
çox yüksək dəyərləndirilib. Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illik yubileyi YUNESKO-nun
görkəmli şəxsiyyətlərin və əlamətdar
hadisələrin qeyd olunması proqramına daxil edilib. Bunu nəzərə
alaraq Prezident İlham Əliyev Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illik yubileyinin
keçirilməsi haqqında 2013-cü il yanvarın 16-da sərəncam
imzalayıb.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırığı verilib.
Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar ədibin Vətəni Gəncədə geniş hazırlıq işləri görülür.Yubileyə hazırlıq Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda müzakirə olunub. Bildirilib ki, yubiley tədbirlərində qonaqlara təqdim etmək üçün şairənin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazmalarının və miniatürlərinin bəzi nümunələri Gəncəyə gətirilir. Bu yaxınlarda şairənin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanan miniatür, illüstrasiya və rübailəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi ilə əldə olunub. Məhsəti Gəncəvinin rübailəri əsasında çəkilmiş 110-a yaxın miniatür və illüstrasiya toplu halında çapa hazırlanıb. Bundan əlavə, məşhur ingilis tədqiqatçısı Paul Smitin Məhsəti Gəncəviyə həsr olunmuş 6 monoqrafiyasının Azərbaycan dilinə tərcüməsinə başlanılıb.
“Məhsəti Gəncəvi tədqiqatçıların gözü ilə” və Məhsəti Gəncəvinin musiqi dünyası” kitabları çapa hazırlanıb. Yubiley günlərinədək Məhsəti Gəncəvi Muzeyinin və Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzinin inşası başa çatdırılacaq, şəhərdə şairənin abidəsi ucaldılacaq.
Qeyd edək ki, Gəncə şəhərində Məhsəti Gəncəvinin 900 illik yubileyi çərçivəsində bir sıra beynəlxalq layihələr də həyata keçiriləcək. Bu layihələrdən biri də II Asiya Kitab Forumu və 2013-cü il Ədəbiyyat Festivalıdır. I Asiya Kitab Forumu ilk dəfə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib. Tarixi hadisə isə ondan ibarətdir ki, Vaşinqtondan sonra II Asiya Kitab Forumu Gəncə şəhərində keçiriləcək. II Asiya Kitab Forumu və 2013-cü il Ədəbiyyat Festivalında iştirak etmək məqsədilə artıq 40-dan çox ölkədən müraciət edilib. AMEA-nın Gəncə Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadənin “Kəpəz TV”-yə açıqlamasına görə, festivaldan sonra Gəncə şəhərinə “Asiya və Şərqi Avropanın Mədəniyyət Paytaxtı” adının verilməsi gözlənilir: “Dünyanın bir çox ölkələrindən dəqiq və humanitar elmlər sahəsində yazılan sanballı əsərlər şəhərimizə gətiriləcək. Bu proses başlayıb və biz ümidvarıq ki, may ayının əvvəllərində bu beynəlxalq tədbir şəhərimizdə təntənəli şəkildə keçiriləcək”.
Layihə ilə bağlı üç nominasiya üzrə müsabiqə də artıq elan edilib. Müsabiqə bədii yaradıcılıq, klassik ədəbiyyatla bağlı illüstrasiya və xəttatlıq üzrə aparılacaq: “Söhbət təkcə bizim ölkəmizdən getmir. Dünyanın bir çox ölkələrindən iştirak etmək üçün müraciətlər olunub. Həyata keçirilən bu müsabiqədə qalib gələnlərə, şübhəsiz ki, sonda hədiyyələr veriləcək. Eyni zamanda da bu, tarixi bir hadisədir”. Forumda nümayiş etdirilən kitabların eyni zamanda ucuz qiymətə satışı və hədiyyə verilməsi də təşkil olunacaq. Bu siyahıya həm yerli, həm də əcnəbi yazarların kitabları daxildir.
Məhsəti Gəncəvinin adına və yaradıcılığına vətəndaş cəmiyyəti sektorunda da qiymət verilir. Belə ki, Azərbaycanda “Məhsəti” Şairlər Məclisi fəaliyyət göstərir və milli-mənəvi dəyərlərimizə xidmət edir. İndiyə qədər məclisin təşəbbüsü ilə onlarla kitablar çap edilib. 21 nəfər türk şairi və MŞM-in üzvlərindən ibarət “Məhsəti” almanaxı, Dünya azərbaycanlılarının I və II qurultaylarına “Can Azərbaycan” və ”Azərbaycan poeziya çələngi”, Ulu öndərin 80 illiyinə məclis üzvlərinin rəhbərə həsr olunmuş şeirlərindən ibarət “Nur heykəli” kitabları çap olunub. Bundan başqa, ümummilli liderin 90 illiyinə həsr olunmuş “Onu zaman seçib” (müəllif Fəridə Ləman) poeması ingilis dilinə tərcümə olunaraq Kanadanın Toronto şəhərində qoyulan büstünün açılışı zamanı oraya göndərilib. Milli Qəhrəman Mübariz İbrahimov haqqında “Mübarizli Vətən” poeması Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən teatrın özündə, eləcə də Gədəbəy, Qazax və Ağstafa rayonlarında oynanılmışdı və s. Qeyd edək ki, məclisin 5 illiyinə “Məhsəti” ensiklopedik toplusu çap olunub. “Məhsəti” toplusunda çoxlu rəsmlər verilib ki, bunlar ayrı-ayrı yerlərdə keçən məclis görüşləri, tanınmış sənətkarlarla əlaqələr, xaricdə və diyarımızda keçən şeir gecələri barədə yaddaşlardır. Bu yaddaşlar bu gündən və Məhsəti zamanından gələcəyə bir ərməğandır.
“Məhsəti” Şairlər Məclisinin sədri isə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Fəridə Ləmandır. Filologiya elmləri namizədi, əllidən çox kitabın müəllifi olan F.Ləman İran və Türkiyə bir sıra dövlət tədbirlərində iştirak edib. Yaradıcılığındakı xidmətlərinə görə "General Həzi Aslanov" adına (fəxri diplom, 1995), "Xanqızı Natəvan" adına (diplom, 1995), "Araz" ali ədəbi mükafatı (1999), "Qızıl qələm" mükafatı (2000), "Həsənbəy Zərdabi" mükafatı (2000), "Əlağa Şıxlınski" adına diplom (2004), "Milli heysiyyət" və "Qopuz" (2006) fəxri diplomları alıb, müxtəlif fəxri fərman, təltifnamə, təşəkkürnamələrə layiq görülüb.
Müxtəlif mətbu orqanlarda-“Gənclik”, “Azərbaycan qadını”, “Xatun” jurnallarında, “Azərbaycan”, “Azad Azərbaycan”, “Respublika”, “Dəli Kür” qəzetlərində korrektor, müxbir, müxbirlər şöbəsinin müdiri və baş redaktor işləyib. 1997-ci ildə "Sevil" Qadınlar Məclisi Poeziya Klubunun rəhbəri, 1998-ci ildə "Xatun" ədəbi Məclisinin yaradıb. 2001-ci ildə "Məhsəti" Şairlər Məclisini yaradıb. 2003-cü ildə eyniadlı "Məhsəti" jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur.
F.Ləman 2007-ci ildə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinə üzv və Qadınlar Şurasına sədr seçilib.
İİR-nin Mədəniyyət Mərkəzinin İmam Rzanın doğum günü və Həzrəti Məsumə ilə bağlı keçirdiyi şeir müsabiqəsində qalib olub, Urmiyada şeir festivalında iştirak edib (2007). Uluslararası Yunus Emre Kültür və Sanat haftasında iştirakçı olub (6-10 may 2008).
F.Ləman Azərbaycan diaspor himninin, Türk marşının (hər iki mahnı 2005-ci ildə Ankarada DAK-ın VIII qurultayında Xalq artisti Lütfiyar İmanov tərəfindən səslənmişdi) və İctimai Televiziyanın himninin sözlərinin müəllifidir.
2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub. 2010-cu ildə Osmanqazi Universitetində 2-ci Ulusal simpoziumda və IV Uluslararası Kıbrıs simpoziumunda iştirak edib (Türkiyə).
O, yaradıcılıq xidmətlərinə görə Prezident mükafatına layiq görülüb. F.Ləman bizimlə söhbətində dedi ki, milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, bu, dövlətçiliyimizə və cəmiyyətimizə, onun sivil inkişafına böyük dəstəkdir.
O, milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdən də danışdı: “Orta məktəblərdə istedadların bədii yaradıcılıq yönümündə axtarışı istiqamətdə və vətənpərvərlik nöqteyi-nəzərdən iki layihə işlənilib. Təbii ki, bu cür yaradıcılıq işləri gənclərin dünyagörüşünün inkişafında, formalaşmasında müsbət rol oynayır”.
Onun sözlərinə
görə, bu işlərin həyata
keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq
zəruridir. Gələcək layihələrə gəldikdə
F.Ləman dedi ki, konkret olmasa da, bölgələrdə bədii
yaradıcılıqla məşğul olan
gənclərin fəaliyyətinə istiqamət yönünə
üz tutmaq istəyirlər:
“Bildiyiniz kimi, bu il məclisimizin
adını daşıyan əbədiyaşar Məhsəti Gəncəvinin
900 illiyidir. Konkret təkliflər
var. İnşallah,
yubileylə bağlı bölgələrdə poeziya günləri keçirəcəyik”.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-4 may.-S.11.