“Elə aktyorlar var ki, özünü
rola uyğunlaşdırmaqdansa, rolu öz xarakterinə
uyğunlaşdırır…
Ötən həftə Prezident
İlham Əliyev “İncəsənət
xadimləri üçün Azərbaycan
Respublikası Prezidentinin
mükafatlarının verilməsi haqqında” sərəncam
imzalayıb. Bu sərəncama əsasən,
Prezident mükafatı veriləcək incəsənət
xadimləri arasında görkəmli aktyor,
Azərbaycanın Xalq artisti
Ramiz Novruzun da adı var. Azərbaycan kino sənətində Milli
Qəhrəman Həzi Aslanovun siması kimi tanınan sənətkarımız aktyorluq məktəbinin görkəmli nümayəndəsi
kimi göz
önündədir. Ramiz müəllimin teatr sahəsində
də əvəzsiz rolunu görməmək
qeyri-mümkündür. Çünki
yaratdığı İbn Yəmin (Hüseyn Cavidin “İblis” əsəri), Səlim bəy (M.
F. Axundzadənin “Lənkəran xanın vəziri”
əsəri), Loğman (Bəxtiyar Vahabzadənin
“Fəryad” əsəri), Fərhad (Şıxəli Qurbanovun “Sənsiz” əsəri), baş redaktor (Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" əsəri), Murad (Hüseynbala Mirələmovun
“Xəcalət” əsəri), Cəbrayıl (Elçin
Əfəndiyevin “Teleskop”
əsəri) və başqa rolların
xüsusiyyətlərini qüsursuz şəkildə
səhnə qarşısında tamaşaçılara
çatdırması aktyorun sənətinin
yüksək məqamlarda olmasından xəbər verir. Ramiz Novruzla həm öz sənət
fəaliyyəti, həm də aktyorluq sənətinin
incəlikləri ilə bağlı həmsöhbət olduq. Bu müsahibəni oxuculara təqdim edirik:
-Ramiz müəllim, ifa etdiyiniz
obrazların insani xüsusiyyətləri sizdə çətinliklər
yaratmayıb ki?
- Mən
1978-ci ildən səhnədəyəm. Amma Akademik Milli Dram
Teatrında isə 1981-ci ildən çalışıram. Mənim
yaratdığım ilk obraz general Şıxlınskinin
obrazı olub. Nəriman Həsənzadənin “Nəriman”
poeması əsasında “Qoy bütün Şərq bilsin”
adlı tamaşa hazırlanmışdı. Tərəf
müqabillərim isə Məlik Dadaşov və Hicran
Mehbalıyeva idi. O vaxt biz Sumqayıt Dövlət Teatrında
çalışırdıq. Akademik Milli Dram Teatrında
işə “Malbert” və “Xurşudbanu Natəvan”
tamaşaları ilə başlamışam. Artıq 32 ildir
ki, Akademik Dram Teatrında çalışıram.
İrili-xırdalı bir neçə obraz yaratmışam.
Onların arasında bəyəndiyim rollar da olub, bəyənmədiyim
rollar da. Ancaq oynadığım rolların 90 faizi mənim
xarakterimə uyğun gəlib. Klassik ədəbiyyatda isə
hansısa rolu özün kimi oynasan, onda bu rolu özəlləşdirmiş
olursan. Əslində elə aktyorlar da var ki, özünü
rola uyğunlaşdırmaqdansa, rolu öz xarakterinə
uyğunlaşdırır. Fikrimcə, bu, düzgün deyil.
Çünki onda sən əsərdəki qəhrəmanı
deyil, tam fərqli bir obrazı yaradırsan. Bu da öz növbəsində
əsərdə başqa bir amplua yaradır.
- Xarakterinizə uyğun
olmadığı üçün sizə verilən roldan
imtina etmisinizmi?
-
Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu” tamaşasında mənə
evin ərköyün oğlu olan gözləri kor nazir
oğlu rolu verildi. Mən bu rolda özümü
duymadığım üçün roldan imtina etdim və səbəbini
də izah etdim. Vaxtilə çəkildiyim “Dodaqdan qəlbə”
serialında da oynamaq istəmirdim. Çünki bilirdim ki, bu mənim
rolum deyil. Amma rejissor Lütfi Məmmədbəyovla münasibətimiz
çox yaxşı idi və məni serialda oynamağa
razı saldı. Lakin yenə də mən rolun mənə
uyğun olmadığını düşünürdüm.
- “Dodaqdan qəlbə” serialı o
vaxt sevilən və baxılan serial idi. Bəs sizcə, indi
belə seriallar çəkilə bilərmi?
- O, əsərin
gücü idi. Çünki əsər məşhur idi.
“Dodaqdan qəlbə” o dövrün gənclərinin
stolüstü kitabı idi. Rəşad Nuri Güntəkinin və
Orxan Kamalın məhəbbət mövzusunda yazılan əsərləri
o dövrün stolüstü kitabları idi.
Serialların belə çəkilməsi isə
indiki dövrdə mümkün
deyil. Çünki o dövrdə belə texnika
və dövlət dəstəyi yox idi. Hər rejissor da serial çəkə
bilməz, həm də o dövrdəki kimi baxıla bilməz. Çünki
o vaxt bir
televiziya var idi və bir gecədə
istənilən insan məşhur olurdu. Amma indi kifayət qədər yerli və xarici telekanal və internet var. Ona görə də ardıcıl olaraq bir neçə
rolda çox yaxşı çıxış
etmək lazımdır
ki, səni tanısınlar.
Teleməkanda təxminən ona yaxın serial yayımlandı. Onlardan da
biri, ya da ikisi seçildi.
Serial belədir ki, ilk seriyaları tamaşaçını cəlb
etmirsə, o serial baxılmayacaq.
Ona görə də serialın sirlərini bilmək, tamaşaçının
və zamanın nəbzini tutmaq çox vacibdir.
- Görkəmli və professional aktyor kimi sizin fikrinizcə,
hal-hazırda çəkilən
seriallar daha çox rəğbət qazanır, yoxsa bədii filmlər?
- 1995-ci ildən bu günə
qədər çəkilən
filmlərdən bir-ikisi
sevildi. Onlardan biri Aqil Abbasın povesti əsasında çəkilmiş
“Dolu” filmi idi. Bir az səs-küyə
səbəb olan “Cavad xan” filmi
oldu. “Sarı
gəlin” filmi isə efirdə çox yayımlanmayıb.
Artıq
filmlərimiz də çox çəkilmir.
Seriallar isə xüsusi bir məktəbdir. Serial çəkən rejissorun məktəbi ayrıdır. Eləcə də
teatr, kino, televiziya tamaşası.
Hər insan da serial çəkə bilməz.
Onlar gərək bu sahədə təhsil alıb, serial çəkməyin
sirlərinə yiyələnsinlər.
- Bugünkü gündə sizcə, nəyə görə gənc aktyorlarımızın
çıxışı kliplərdə
təbii, film və seriallarda isə qeyri-təbii alınır?
- Aktyorluq qabiliyyəti gənclik və ya yaşlılıqdan asılı deyil. İstedadlı və istedadsız
aktyorlar var. Sadəcə
bundan düzgün istifadə etmək lazımdır. Klip çəkilişlərində
rejissora sadəcə baxışlar və hərəkətlər lazımdır.
Mahnının müddəti 3-4 dəqiqə olduğu üçün bu vaxt ərzində fikri ifadə etmək asandır. Amma iki-üç saat fikri ifadə etmək, tamaşaçının
nəbzini tutub onu maraqda saxlamaq
çox çətindir.
- Sizin vaxtilə oynadığınız
Həzi Aslanov obrazı dillər əzbəridir. Bu gün sizə belə rol təklif
etsələr, onu da Həzi Aslanov
kimi yarada bilərsinizmi?
- Həzi
Aslanov Azərbaycanın Milli Qəhrəmanıdır. O, 35
yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüşdü. Bir müsəlman
olaraq xristianların əhatəsində iki dəfə Sovet
İttifaqı Qəhrəmanı seçilmək
böyük igidlikdir. Amma əslində bir arzum var ki,
Qarabağ mövzusunda ziddiyyətli xarakteri olan, hansısa
rayonu işğaldan azad etmiş azərbaycanlı komandirin
obrazını yaratmaq istəyirəm. Əsas odur ki,
mövzunun yolu açılsın. Çünki bu mövzuda
çox az filmlər çəkilir. Məsələn, “Dolu”
filmi Qarabağ mövzusunda çəkilmiş uğurlu filmlərdən
biridir. Vaxtilə “Fəryad” filmi də çəkilib.
“Sarı gəlin” filmi isə ziddiyyətli olduğu
üçün televiziyada yayımlanmayıb. Amma iyirmi illik
müharibə üçün iki-üç yaxşı
film düzgün deyil. Mənə elə gəlir ki, bu
mövzunun üzərində çalışmaq
lazımdır. Amma bu iş istedadlı rejissorlara verilsin.
Çünki Qarabağdan və ya Xocalıdan bəhs edən
adi bir film çəkmək günahdır. Belə
mövzulara barmaqarası yanaşmaq günahdır. Ona görə
də arzu edirəm ki, ciddi ssenari, ciddi rejissor və ciddi
iş olsun, mən də bir obrazı canlandırım.
- Bizim bir çox görkəmli
aktyorlarımız var. Sizcə, indiki gənc aktyorlar
arasında onların yolunu gedənlər olacaqmı?
- Bizim
istedadlı gənc aktyorlarımız var və həmişə
olacaq. Sadəcə onlardan düzgün istifadə edən
rejissorlarımız yoxdur. Hal-hazırda Hikmət Rəhimov,
Rövşən Kərimov, Anar Heybətov, qadınlardan Şəhla
Əliqızı, Məsmə Aslanqızı və s. kimi
istedadlı gənc aktyorlarımız var.
- Ramiz Novruz bu 32 il ərzində səhnə
həyatında kimi ifa edib və yaxud ifa etmək istəyib?
- Belə
bir deyim var: “Aktyorun ürəyi oynanmamış obrazların qəbiristanlığıdır”.
Aktyor nə qədər oynasa da, oynamaqdan doymur. Təbii ki, bir
çox aktyorlar özünü ifa edir. Məsələn,
Qarabağdan bəhs edən “Xəcalət” tamaşasında
oynadığım rol mənim öz
ağrılarımdır. Vaxtilə Bəxtiyar Vahabzadənin
“Hara gedir bu dünya?” əsərində özümü
oynamışam. “Pərvanələrin rəqsi” serialında
yaratdığım obraz 95 faiz özüməm. Amma elə
rollarda var ki, orada ancaq rejissorun fikrini çatdırmaq
lazımdır.
Azərbaycan kino sənətində
misilsiz rollar yaradan Ramiz müəllimin
sənətinin bu günümüzün
gənc aktyorlarına qüsursuz bir örnək olacağına əminəm. Onun səhnə həyatındakı alicənablığının
aktyorluq məktəbi üçün
əvəzsiz bir örnək olduğunu düşünürəm. Bu yaxınlarda gözəl aktyorumuz,
Xalq artisti Ramiz Novruzun 58 yaşı tamam olacaq. Bu münasibətlə böyük sənətkarımızı təbrik
edir, uzun ömür, can
sağlığı və həmişə Azərbaycan incəsənətində
var olmağı, sənətinin zirvəsində
dayanmağı və hər zaman səhnələrdə
əzəmətli görünməyi arzu
edirik.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-7 may.-S.13.