“Folklor
paytaxtı-2013”- Zaqatala
Zümrüd Ağakişiyeva:
“Zaqatalanın “Azərbaycanın folklor
paytaxtı” elan edilməsi çərçivəsində
rayonda silsilə tədbirlərin, respublika və beynəlxalq səviyyəli
konfransların, festivalların, konsertlərin, sərgilərin
keçirilməsi nəzərdə tutulub”
Avqust ayında Zaqatalada beynəlxalq
folklor festivalı keçiriləcək
Layihə çərçivəsində
müsahibimiz Zaqatala rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Zümrüd
Ağakişiyevadır:
-Mədəniyyət
və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən,
2013-cü il üçün Zaqatala “Azərbaycanın folklor
paytaxtı” elan olunub. Bu münasibətlə rayon Mədəniyyət
Evində “Folklor paytaxtı”nın təntənəli təqdimat
mərasimi keçirilib. Tədbirdə rayon rəhbərliyi,
ictimaiyyətin nümayəndələri, mədəniyyət
işçiləri və digər qonaqlar iştirak etdilər.
Mərasim iştirakçıları əvvəlcə Mədəniyyət
Evinin foyesində rayonun folklor nümunələri və el sənətkarlarının
əl işlərindən ibarət sərgiyə baxdılar.
Rayon Uşaq incəsənət məktəbinin və mədəniyyət
müəssisələrinin folklor kollektivləri maraqlı
konsert proqramı ilə çıxış etdilər. Tədbirdə
qeyd olundu ki, “Xalq Yaradıcılığı Paytaxtları”
Proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin
qorunması və təbliğ olunması, xalq tətbiqi sənətinin
daha da inkişaf etdirilməsi, “paytaxt” seçilmiş şəhərlərin
turizm potensialının genişləndirilməsi, beynəlxalq
səviyyədə tanıdılması baxımından
mühüm əhəmiyyət daşıyır. İl
çərçivəsində rayonda həyata keçiriləcək
tədbirlər barədə məlumat verildi. Qeyd olundu ki, Zaqatalanın
“Azərbaycanın folklor paytaxtı” elan edilməsi rayonun
milli-mənəvi dəyərlərinə, folkloruna verilən
yüksək qiymət və etimaddır. İl çərçivəsində
rayonda silsilə tədbirlərin, respublika və beynəlxalq
səviyyəli konfransların, festivalların, konsertlərin,
sərgilərin keçirilməsi nəzərdə tutulub. Mərasimdə
qeyd olundu ki, şübhəsiz ki, paytaxt nominasiyası
proqramı Zaqatalada folklor nümunələrinin üzə
çıxarılmasında, qorunmasında, gələcək
nəsillərə ötürülməsində, geniş
miqyasda təbliğ olunmasında mühüm rol oynayacaq.
Rayonun folklor nümunələrini əks etdirən filmin
nümayişindən sonra Zaqatalanın “Azərbaycanın
folklor paytaxtı” elan edilməsi ilə bağlı
hazırlanmış xatirə kuboku tədbir
iştirakçılarına təqdim olundu. Həmin tədbirlərdən
bəzisinin adlarını qeyd edə bilərəm. Məsələn,
cari ilin avqust ayında Zaqatalada beynəlxalq folklor festivalı
keçiriləcək. Festivala qədər Balakən, Qax,
Şəki, Oğuz, Qəbələ üzrə folklor
kollektivlərinə baxış müsabiqəsi və qaliblərin
yekun konserti baş tutacaq. Rayon Mədəniyyət Evində qədim
el havaları - xalq musiqisi və rəqsləri dərnəklərinin,
tətbiqi sənət ustalarının əl işlərindən
ibarət sərgilərin təşkili, rayonun qocaman el sənətkarları
ilə görüşlərin keçirilməsi də nəzərdə
tutulub.
- «Folklor paytaxtı» seçilməyiniz
tarixi abidələrin təbliği baxımından də əhəmiyyət
daşıyacaq.
- Təbii ki, elə olacaq. Ümumiyyətlə, Zaqatalada ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var. Gözbarax və Qalal kəndlərində XVIII əsrə aid məscidlər, Mazıx kəndində XII əsrə aid alban qalası və XVIII əsrə aid məscid, Kebeloba kəndində XIV əsrə aid edilmiş iki abidə, Yuxarı Çardaxlar kəndində Pəri qalası, Paşan kəndində XIII əsrə aid alban qalası, Car kəndində XIV əsrə aid Çingözqala qülləsi, Axaxdərə kəndində XII əsrə aid alban qalası, I Tala kəndində XIX əsrə aid Cümə məscidi, kəndlərin çoxunda, o cümlədən Mosul və Əliabad kəndlərində XIX əsrə aid məscidlər bu qəbildəndir. Rayonumuzun Tarix-Diyarşünaslıq muzeyində qiymətli eksponatlar qorunur. Muzeydə müxtəlif dövrlərdə sənətkarlar tərəfindən düzəldilmiş məişət əşyaları toplanıb. Bu əşyalar sırasına dulusçuluq sənəti nümunələri, ağac və müxtəlif materiallardan hazırlanmış məişət və kənd təsərrüfatı alətləri, toxuculuq məmulatları, metaldan hazırlanmış bəzək əşyaları, müxtəlif dövrlərə aid geyim nümunələri, silahlar və hədiyyələr daxildir. Dulusçuluq sənəti Azərbaycanda geniş yayılmış qədim sənət növüdür. Zaqatala rayon ərazisində eramızdan əvvəl I minillikdə yaranıb. Muzeydə ilk nümunələrlə yanaşı, orta əsrlərdə və müasir dövrdə istehsal olunan bardaqlar, vazlar, kasalar, nehrələr, müxtəlif ölçülü küplər və suvenirlər var. Zaqatala rayonun ərazisində evləri işıqlandırmaq üçün VIII-XIII əsrlərdə istifadə olunan tunc lampalar da muzeydə qorunur. Orta əsrlərdən başlayaraq indiyədək milli geyimlərin 100-ə yaxın nümunələri muzeydə nümayiş etdirilir. Muzeyimizdə oxatan, nizə, təbərzin, xəncər, dayandoldurum, tüfənglər, tapançalar, avtomat maqazini və güllələri var. Orta əsrlərdən bəri bölgəmizdə istifadə olunmuş bəzək əşyalarından-üzüklər, bilərziklər, tufat kəmərləri, sinəbəndlər, boyunbağılar, müxtəlif metaldan və materialdan hazırlanmış əşyaları qeyd edə bilərəm.
- Digər mədəniyyət
müəssisələrinin fəaliyyəti haqqında nə
deyə bilərsiniz?
- Rayon Mərkəzi Kitabxanası 1923-cü ildə yaradılıb və dahi şairimiz Nizami Gəncəvinin adını daşıyır. Bütün Azərbaycanda olduğu kimi Zaqatala rayonunda da 1974 - cü ildə kitabxana - informasiya şəbəkəsinin mərkəzləşdirilməsi işi həyata keçirilib. 79 kitabxana filialı və 1 rayon Mərkəzi Kitabxanası birləşdirilərək vahid rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılıb. Rayon Mərkəzi kitabxanasının kitab fondu 492 min 46 nüsxədir. Azərbaycanda kitabxana işinin tarixi çox qədimdir. Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi kitabxanasından tapılmış materiallara əsasən, deyə bilərik ki, Zaqatalada “Müsəlman qiraətxanası” adlı oxu zalı ilə birlikdə kitabxana açmaq üçün şəhərin ziyalı təbəqəsi tərəfindən Çar hökumətinə bir neçə dəfə müraciət olunub. Lakin hər dəfə imtina cavabı alınıb. 1906-cı ilin iyun ayında Zaqatalada oxu zalı ilə birlikdə ilk kitabxananın açılışı olub. 1907-ci ildə kitabxana bağlanıb, bütün fondu talan olub. Kitabxananın binasında Zaqatala qalasındakı üsyanı yatırmaq üçün çar tərəfindən göndərilmiş hərbçilər yerləşdirilib. Ötən illər ərzində kitabxanalarımız bir çox dəyişikliyə məruz qalıblar. Mərkəzləşmiş kitabxana sistemi yaradıldıqdan sonra oxucuların sayının və ixtisaslı kadrların artmasında böyük dönüş olub. Orta ixtisaslı kadrlarla yanaşı, ali təhsilli kitabxanaçıların da sayı da artıb.
Zaqatala rayon
Heydər Əliyev Mərkəzi 2008-ci il sentyabr ayının 19-da açılıb. Mərkəz
öz fəaliyyəti zamanı şagirdləri,
tələbələri və fərdi insanları qəbul edir, nümayiş olunan ekspozisiyaları təqdim edir.
Həmçinin şəhərə gələn rəsmi qonaqlar mərkəzlə tanış olurlar. Mərkəzdə elektron
kitabxana ilə yanaşı, həm də
dərnəklər fəaliyyət göstərir. Bura kompyuter, ingilis dili, rəsm, foto, bədii qiraət dərnəkləri,
şagirdlərə məktəb proqramı çərçivəsində
dərslərin öyrədilməsi daxildir.
Məktəb şagirdlərinə açıq dərslərin
keçirilməsi üçün şərait
yaradılır, ekskursiyalar təşkil olunur, məktəblər və siniflər
arasında viktorinalar və hər ay mütəmadi olaraq seminarlar keçirilir.
Anar MİRİYEV
Palitra.-2013.-7 may .-S.11.