Moskvada “RAGB-Fashion Day” moda müsabiqəsi keçirilib
Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin (RAGB) sədri
Leyla Əliyevanın təşəbbüsü ilə
Moskvanın mərkəzindəki
“MOD-Design” Müasir Dizayn
və İnnovasiyalar Mərkəzində gənc
Rusiya və Azərbaycan dizaynerlərinin
“AMOR-Fashion Day” moda müsabiqəsi
keçirilib. RAGB və “Baku” beynəlxalq jurnalının təşkilatçılığı
ilə keçirilən
tədbirdə Azərbaycan
və Rusiyanın gənc dizaynerləri ən yeni geyim
kolleksiyalarını təqdim
ediblər. Möhtəşəm moda bayramında Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.
Gecəyə
gələnlər “MOD-Design” Mərkəzinin foyesində “Baku”
jurnalının təqdimatı ilə “BAKU-Fashion” fotosərgisi,
habelə məhəndiyə (bədəndə xına ilə
rəsmlər) ustalarının işləri ilə
tanış olublar. Böyük nümayiş zalında gecənin
aparıcıları - RAGB-nin əlaqələndiricisi Natiq Əliyev
və Yelena Tereşşenko gənc dizaynerlər Səbinə
Abışova, Ülviyə Şabanova, Elnurə Bədəlova,
Tamilla Baysaqurova, Ayna Maqomaliyeva, Vəfa Rəhmanova, Natalya
Litvinova, Xədicə və Luiza Arapxanovalar, Olqa Petrova, Svetlana
Privalovanın ən son moda kolleksiyalarından
danışıblar. Kolleksiyaların hazırlanmasında bu
mövsümdə çox aktual olan ipək, şifon, krujeva və
əlbəttə, hamının çox sevdiyi pambıq
parçalardan istifadə olunmuşdu. Podiuma çıxan
modellərin təqdimatında gündəlik həyat
üçün rahat geyimlərlə yanaşı, qeyri-adi,
avanqard üslubda ideyalar da maraq doğurub.
Tanınmış
Rusiya dizayneri və stilisti Vladislav Lisovetsin rəhbərliyi ilə
münsiflər heyətinin yekdil rəyinə əsasən, azərbaycanlı
dizayner Səbinə Abışovanın “Cəsarət”
(Derzost) kolleksiyası birinci yerə layiq görülüb.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva
müsabiqənin diplomunu və “Baku” jurnalının hədiyyələrini
Səbinə Abışovaya təqdim edib. Elnurə Bədəlova
“Dəlib keçən” (“Naskvoz”) kolleksiyasına görə
münsiflər heyətinin sədri Vladislav Lisovetsin xüsusi
mükafatını alıb. Xədicə və Luiza
Arapxanovaların “Möhtəşəm yüz il”, Ülviyə
Şabanovanın “Kəpənək uçuşu”, Natalya
Litvinovanın “Çayın üstündən uçarkən”
kolleksiyaları münsiflər heyəti üzvlərinin
ayrıca mükafatlarına layiq görülüb. Sonda
dizaynerlər tamaşaçıların alqışları
altında kolleksiyaları nümayiş etdirmiş modellərlə
birlikdə podiuma çıxıblar.
Münsiflər
heyətinin sədri Vladislav Lisovets bunları deyib: “Çox
şadam ki, Leyla xanım Əliyevanın təşəbbüsü
ilə Azərbaycan və Rusiya dizaynerlərinin bir meydanda
işləməsinə imkan yaradan belə bir layihə həyata
keçirilib. Bir bakılı kimi də bu tədbirdə
iştirak etməkdən məmnunluq duyuram. Bu gecə burada
olduqca səmimi ab-havanın şahidi oldum”.
“RAGB-Fashion
Day” bir çox beynəlxalq əhəmiyyətli moda
müsabiqələrinə və nümayişlərinə ev
sahibliyi edən Rusiya paytaxtının mədəni həyatında
əlamətdar hadisəyə çevrilib. Müsabiqə
iştirakçılarının fikrincə, layihə moda aləmində
ilk addımlarını atan dizaynerlərin beynəlxalq moda
industriyasına inteqrasiyası, ən qabaqcıl və cəsarətli
ideyalarını tamaşaçılara təqdim etməsi,
mötəbər moda mütəxəssislərinin rəyindən
bəhrələnməsi, bu sahədə yeni tendensiyaları
müzakirə etməsi üçün misilsiz fürsətdir.
Gecənin qonaqları arasında Rusiya və Azərbaycanın
tanınmış ictimai xadimləri, məşhur stilistlər,
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları,
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin,
Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri olub.
CAVİDAN
Palitra.-2013.-7 may.-S.8.