“Gənclər bütün sahələrdə
təmsil olunurlar”
Ramiq Vəliyev: “Milli-mənəvi
dəyərlərin qorunmasını hədəfləyən
təşkilatımızın üzvləri gənc nəslə
daim örnək olmağa çalışır”
Layihə çərçivəsində
Gənclərin Mənəvi İnkişafı İctimai
Birliyinin sədri Ramiq Vəliyevlə müsahibəni təqdim
edirik
- Rəhbəri olduğunuz QHT nə
vaxt yaradılıb və fəaliyyət istiqamətləri
hansılardır?
- Hər
bir vətəndaşın qarşısında dövlətçiliyimizin
keşiyində durmaq, onun suverenliyini qorumaq, etibarlı və təminatlı
gələcəyimizin qurulmasında iştirak etmək kimi məsuliyyətli
vəzifələr durur. Bu vəzifələrin böyük
bir hissəsinin cəmiyyətin bütün təbəqələrində
təmsil olunan gəncliyin üzərinə
düşdüyünü nəzərə alaraq 2007-ci ildə
Gənclərin Mənəvi İnkişafı İctimai
Birliyi adında gənclər təşkilatı qurduq. Prezident
İlham Əliyevin gənclər siyasətini tam dəstəkləyən
təşkilatımız bu istiqamətdə öz töhfələrini
vermək üçün qarşısına
aşağıdakı vəzifələri qoyub: bütün
istiqamətlərdə dövlətimizə yaxından dəstək
olmaq, xüsusilə dövlətin və xalqın
inkişafını və bütövlüyünü təmin
edən milli-mənəvi dəyərləri qorumaq,
ümummilli lider Heydər Əliyevin dövlətçilik
prinsiplərinə qəlbən bağlı, inanc
üçün azad iradəni təmin edən və məcburiyyəti
rədd edən dünyəvi dövlət quruluşunu və
demokratiyanın inkişafını müdafiə edən
müasir və bilikli nəsillərin yetişdirilməsində
iştirak etmək.
Təşkilatımız
müxtəlif ixtisas və peşə sahələrini
(ekologiya, sitologiya, biofizika, riyaziyyat, jurnalistika, tibb, kompyuter
texnologiyası və s.) təmsil edən, Vətəninə,
dövlətinə, millətinə, bayrağına sadiq
könüllülük prinsipi ilə heç bir maddi maraq
güdmədən fəaliyyət göstərən ali təhsilli
və hazırda ali təhsil alan gənclərdən ibarətdir.
- Milli-mənəvi dəyərlərin
qorunması və yaşadılması ölkənin ümumi
inkişafının təmin olunması baxımından nə
dərəcədə əhəmiyyətlidir?
- Azərbaycan
əhalisi demək olar, gəncdir. Son məlumatlara görə,
ölkə əhalisinin 31 faizini, yəni təxminən 2,8
milyon nəfəri təşkil edən gəncliyimizin
nümunəvi, milli-mənəvi dəyərlərə malik
gənclik olması hər birimizin arzusudur. Nümunəvi
gəncliyin cəmiyyətdə dominantlığını təmin
etmək baxımdan gənclərimizi həqiqi dəyərləri
və həyatın mənasını tapmaları
üçün doğru hədəflərə istiqamətləndirmək
zəruridir. Bu hədəflərə
yetişməsi üçün yol göstərməyin
çox böyük əhəmiyyəti var. Dövlətimizin
gənclər siyasətinin aparıcı istiqaməti əhalimizin
aparıcı təbəqəsini təşkil edən gəncliyin
vətəndaş cəmiyyətinin qurulmasında, onun
inkişafında, bir sözlə, dövlətin və cəmiyyətin
sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
iştirakının təmin edilməsidir. Hər zaman dövlətin yanında olmağa
çalışan təşkilatımız da bu istiqamətdə
potensialından maksimum istifadə etməyi qarşısına
məqsəd qoyub.
Müşahidələrim əsasında, o cümlədən
təşkilatımızın timsalında deyərdim ki, gəncliyimiz
bütün sahələrdə təmsil olunur, cəmiyyətin
inkişafında özünəməxsus və əvəzedilməz
rol oynayır.
Ümumi qənaətim budur ki, yalnız milli-mənəvi
dəyərlərə malik gəncliyə daha çox güvənmək,
etibar etmək olar.
- Milli-mənəvi dəyərlərin
qorunması istiqamətində hansı layihələr
keçiribsiniz?
- Yarandığı
2007-ci ildən indiyədək Vətəninə, dövlətinə,
millətinə, bayrağına sadiq, dövlətimizin unitar,
dünyəvi quruluşunu və milli-mənəvi dəyərlərini
qoruyan, elmli, müasir və inanclı gəncliyin yetişməsində
dövlətimizə yaxından dəstək olmağa
çalışan könüllülüərdən ibarət
təşkilatımız bir çox tədbirlər təşkil
edib.
Həmin
tədbirlərdən dövlət və dövlətçilik
konsepsiyasından, dövlətçiliyin mühafizəsində
mənəvi dəyərlərin müstəsna rolundan bəhs
olunduğu, Heydər Əliyevin dövlətçilik prinsiplərinin
vurğulandığı “Heydər Əliyev irsi və
dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin
rolu”, gənclərimizin radikal axınların və təlqinlərin
təsiri altına düşməsinin
qarşısının alınması məqsədilə
“İslam terroru lənətləyir”, problemlərin effektli həlli
üçün dövlətə
bağlılığın əhəmiyyətindən,
dövlətə və dövlətçiliyə
qarşı çıxan, onun nüfuzunun zəiflədilməsinə
yönələn bir sıra zərərli ideologiyaların
gizli tərəflərinin göstərildiyi “Sosial problemlərin
həlli yolları”, dini istismar edərək insanları
xurafata sürükləyən zehniyyətlərin gənclərə
təsirinin qarşısının alınmasını hədəfləyən,
İslam dininin xurafata qarşı olduğunu və bu dinin
insanları elmə təşviq etdiyini diqqətə
çatdıran “Quran” elmə yol göstərir” mövzusunda
keçirilmiş konfransları qeyd edə bilərəm. Ən
son tədbirimiz bu il 8 Mart-Beynəlxalq
Qadınlar Günü münasibətilə təşkil
olunub. “Quran” əxlaqında qadın dəyərlidir” adlı
bu konfransda gender bərabərliyinin təmin olunmasının
zəruriliyi və qadınların cəmiyyətdə rolu barəsində
söhbət açılıb. 300-400 nəfərin
iştirak etdiyi konfranslar müxtəlif kütləvi
informasiya vasitələri tərəfindən (“AzTV”, “İTV”
telekanalları, “Respublika” qəzeti, qhtxeber.az saytı və
s.) işıqlandırılıb.
Bunlarla yanaşı, dövlətə
bağlılığın əhəmiyyətini cəmiyyətə
daha da qabarıq göstərmək üçün
“www.dovletebagliliq.org” saytını qurmuşuq.
- Hazırda bu istiqamətdə
hansı işlər görürsünüz?
-
Hazırda yeni layihələr üzərində işləyirik,
əyani vəsaitlər hazırlayırıq. Yay
tətili yaxınlaşdığından bu layihələrin
tətildən sonra başa
çatdırılacağını
düşünürük.
- Bu
işlərin həyata keçirilməsində dövlət
və QHT-lərlə əməkdaşlıq edirsinizmi?
- Hər
bir tədbirimiz dövlətlə sıx əməkdaşlıq
şəraitində keçir. Aidiyyəti
dövlət təşkilatlarının nümayəndələri,
millət vəkilləri tədbirlərimizə dəvət
edilir. Dövlətimizi təmsil edən
nümayəndələrin təkliflərini və tövsiyələrini
daim diqqətdə saxlayırıq.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsindən
başlayaraq, təşkilatımızın nümayəndələri
Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi
və “İrəli” İctimai Birliyinin birgə təşkil
etdiyi “Planetimizi tanıyaq” adlı layihədə ölkəmizin
aparıcı ali təhsil ocaqlarında daimi mühazirəçi
olaraq iştirak ediblər. Mühazirələr
ekoloji mövzularda olub. Gənclərimizdə
yaşadığımız planet haqqında daha geniş təsəvvürlərin
formalaşması üçün Yer kürəsinin
tanıdılması, planetimizdəki həssas
tarazlıqların və ekosistemin öyrənilməsi, ətraf
mühit problemləri, biotexnologiya, biomühəndisliyin
faydaları haqqında ətraflı məlumatlar verilib.
Layihənin uğurlu olması səbəbindən fəaliyyətlərimiz
yalnız Bakı şəhəri ilə məhdudlaşmamış,
regionlarda da (Gəncə, Mingəçevir, Qax və Şəki
şəhərində) müvafiq maarifləndirici tədbirlər
təşkil edilib.
Təşkilatımızın nümayəndələri
təhsil sahəsindəki daha bir layihədə iştirak
edib. “Məktəb
Parlamenti” adlı layihə çərçivəsində bir
sıra orta məktəbdə “Mavi planet Yer kürəsi və
ekosfera”, “Təbiət və səmərəli texnologiya” kimi
mövzularda keçirilən seminarlarda mühazirələr və
hər həftə “İTV”nin efirində nümayiş etdirilən
“Məktəb gündəliyi” verilişində ekosfera,
biotexnologiya kimi mövzularda dərslər keçilib.
- Gənc nəslin bu sahəyə
marağı necədir?
- Cəmiyyətin
monolit olmaması səbəbindən gənclik hər yerdədir-siyasətdə,
elmdə, incəsənətdə, idmanda, biznesdə, dövlət
qulluğunda, güc strukturlarında, bir sözlə, cəmiyyətin
bütün təbəqələrində təmsil olunur. Təşkilatımız bunu nəzərə alaraq
tədbirlərində hər dəfə fərqli mövzulara
toxunur, müxtəlif sahələri təmsil edən gəncliyi
maraqlandıran məqamları dilə gətirməyə səy
göstərir.
Qeyd edim ki, milli-mənəvi dəyərlərin
qorunmasını, müasir və bilikli gəncliyin
yetişdirilməsini hədəfləyən təşkilatımızın
gənc üzvləri gənc nəslə daim örnək
olmağa çalışır. Bunun üçün
nümayəndələrimiz həyata keçirilən tədbirlərin
yüksək səviyyədə keçirilməsini və
iştirakçılar tərəfindən mövzuların
daha dərindən mənimsənilməsini təmin etmək məqsədilə
ən son texnologiyalardan, əyani vəsaitlərdən istifadə
edilməsini daim diqqətdə saxlamaqla hər bir tədbirə
xüsusi yanaşırlar. Bu da gənc nəslin
xüsusi marağına səbəb olur, layihələrimizin
uğurla və keyfiyyətlə həyata keçirilməsini
təmin edir.
- QHT olaraq gənclərin təhsilə,
elmə marağının artmasına nə kimi kömək
edirsiniz?
- Statistik
məlumatlara görə, müasir Azərbaycan gəncliyində
ali təhsillilərin payı 60 faizdən
çoxdur. Təbii ki, biz bununla qane ola
bilmərik. Buna görə də təşkilatımızın
təşkil etdiyi seminarlar, dəyirmi masalar, konfranslarda gəncliyin
milli-mənəvi dəyərlərə sadiq qalması ilə
yanaşı, yüksək təhsilə, elmə, müasirliyə
yönəlməsi daim vurğulanır. Yuxarıda
qeyd etdiyim təhsil sahəsindəki bir sıra layihələrdəki
iştirakımızı gənclərin təhsilə, elmə
marağının artmasına yönəlmiş fəaliyyət
kimi də qiymətləndirərdim. Bununla
kifayətlənməyərək bu istiqamətdə internet
imkanlarından da yararlanmağa çalışırıq.
Məhz bu məqsədlə də elmi təşviq
edən bir sıra internet saytları qurmuşuq.
- Milli-mənəvi dəyərlərin
qorunması üçün nələr edilməlidir?
-
Savadlı, geniş dünyagörüşlü, modern, vətənpərvər,
milli-mənəvi dəyərlərə sadiq imanlı gənclik
millətin ümidli gələcəyini təmin edən təbəqədir.
Cəmiyyətdə müxtəliflik amili
olduğundan gənclər heç də hamısı
yuxarıda sadaladığım nümunəvi, görmək
istədiyimiz kimi deyillər. Məlumdur ki, gənclər
arasında narkomaniya, alkoqolizmə mübtəla olmuş, cinayətarlığa,
əxlaqsızlığa, terrorizmə sürüklənmiş,
hətta meyilli olan gənclik də var. Bu neqativ hallar son
onilliklərdə xeyli artıb və bu hallar istər
inkişaf etmiş, istərsə də inkişaf etməkdə
olan bütün ölkələrdə artıb, yəni
sırf milli problem deyil. Mənəvi, psixi
boşluq belə neqativ halların
sığındığı yerdir. Bunu
xüsusi qeyd edim ki, “Mənəvi boşluq” problemi adətən
gözdən yayınır. Xüsusi
narahatçılıq mütəmadi olaraq gənclərin
intihar etmələri xəbərlərinin gəlməsidir.
Bu xəbərlər az qala gündəmi zəbt
edib. İntiharların baş verməsində insanları
ağlına görə deyil, hisslərinə, hirslərinə
görə yaşamağa sürükləyən və həyatın
bir-birindən çox fərqli sahələrində, çox
fərqli şəraitdə qarşıya çıxa bilən
romantizmin xüsusi çəkisi var. Amma çox
maraqlıdır ki, insanların böyük əksəriyyəti
bunu bir təhlükə olaraq görmür və sanki
qabardılmamaqda maraqlı görünürlər. Hətta romantizm təhlükəsi bir təhlükə
və səhv olaraq deyil, təqdir edilməsi və
yaşanması lazım olan bir üstünlük kimi qələmə
verməyə çalışılır. Bunun da nəticəsində gənclər
düşdüyü sıxıntıdan heç olmasa
müvəqqəti azad olmaq üçün radikal və
öldürücü üsullara əl atırlar.
Ölümlə nəticələnən, ən yaxşı
halda sağlamlığa ağır zərbə vuran bu tip
neqativ halların qarşısının alınmasında, gənclərimizin
bu istiqamətdə maarifləndirilməsində öz töhfəmizi
vermək üçün gələcək tədbirlərimizdə
bu mövzulara-romantizm təhlükəsinə, gəncliyi “mənəvi
boşluğa” düşürən səbəblərə də
toxunulmasını nəzərdə tutmuşuq. Bu məsələlərdə biz də daim dövlətin
yanında olmalıyıq, hər bir şəxs, ümumiyyətlə,
cəmiyyətimiz də laqeyd qalmamalıdır, hər birimiz
məsuliyyət daşımalıyıq.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-8 may.-s.11.