“Hər bir regionda sınaq imtahanları keçirilir”

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında inkişafında rolu” mövzusunda konfrans keçirildi.

Tədbiri açan TQDK-nın sədr müavini Namiq Babayev bildirdi ki, bu gün ölkənin bütün yerlərində, müxtəlif sahələrdə Heydər Əliyevin 90 illik yubileyi qeyd olunur. TQDK-da belə bir tədbirin keşirilməsinin təsadüfi olmadığını deyən N. Babayev qeyd etdi ki, Heydər Əliyev testin, milli qiymətləndirmə sisteminin mahir bilicisi idi. Tədbirdə “Heydər Əliyev milli qiymətləndirmə sistemimiz ” adlı videoçarx nümayiş olundu.

TQDK sədri Məleykə Abbaszadə konfransda “Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında inkişafında rolu” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, Heydər Əliyev XX əsrin ən güclü liderlərindən biri olub: “Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə təhsil sisteminə böyük dəstək verdi. Məhz Heydər Əliyevin təhsilə göstərdiyi diqqət nəticəsində Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması mümkün olub. Hazırda Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyev ölkədə təhsilin inkişafına, tələbə qəbulu işinə, mütəxəssis hazırlığına mühüm strateji əhəmiyyətli bir istiqamət kimi yanaşır, bu sahəyə diqqət qayğısını əsirgəmir”. Tədbirdə “Heydər Əliyev milli qiymətləndirmə sistemimiz” adlı kitabın Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış Tarix fənni üzrə dərs vəsaitinin təqdimatı oldu. Bu kitabların cox əhəmiyyətli olduğunu deyən M.Abbaszadə Heydər Əliyevin tarixə çox önəm verdiyini söylədi. O qeyd etdi ki, yeni hazırlanmış "Tarix" kitabı dərslik deyil. O, dərs vəsaitidir.

TQDK sədri onu da bildirdi ki, “Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında təhsilin bütün istiqamətləri üzrə inkişaf perspektivləri öz əksini tapıb. O qeyd etdi ki, təhsildə keyfiyyətin yüksəldilməsi üçün yeni konsepsiyada stimullaşdırıcı mexanizmlərin yaradılması, ölkədə 12 illik təhsilə keçid nəzərdə tutulub: “Bundan irəli gələrək təhsil proqramlarının dəyişilməsi, dərsliklərin müasir tələblər baxımından hazırlanması, tədrisi ləngidən mövcud yaddaş məktəbindən təfəkkür məktəbinə keçid üçün xüsusi işlərin görülməsi yeni konsepsiyada əks olunub. Bunun üçün ölkədə ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçidin əsası qoyulmalı önəmli olan insan kapitalı adekvat olaraq ön plana çəkilməlidir”. M. Abbaszadə qeyd etdi ki, ölkədə milli qiymətləndirmə sistemi öz fəaliyyətini İnkişaf Konsepsiyasında öz əksini tapan həmin vəzifələrin həyata keçirilməsi üzərində quracaq. Onun sözlərinə görə, göstərilən yeniliklərə təhsilə cavabdeh olan müvafiq qurumlarla qarşılıqlı əməkdaşlıq nəticəsində nail olmaq olar.

 

“Təhsil nazirinin XI sinfi bitirən bütün məzunlara attestat verilməsi barədə dedikləri hələlik təklifdir”

 

“Təhsil naziri Mikayıl Cabbarovun XI sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikirlər sadəcə təklifdir. Hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək”. Bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun XI sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirərkən deyib. O bildirib ki, ölkədə bununla bağlı mövcud qanunvericilik var: “Hələlik attestatlar qanunvericiliyə uyğun veriləcək. Bu, bir təklifdir. Təklif müzakirə edilib, qərar qəbul olunduqdan sonra onu icra edəcəyik”. TQDK sədri yeni təhsil naziri Mikayıl Cabbarova uğurlar arzulayaraq ümidvar olduğunu deyib ki, TQDK Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə töhfə verəcək.

 

“Builki sınaq imtahanlarının nəticələri ötənilki nəticələrlə eyni səviyyədədir”

 

TQDK sədri ölkədə keçirilən sınaq imtahanlarına əsasən builki abituriyentlərin hazırlıq səviyyəsini qiymətləndirib. M. Abbaszadə deyib ki, builki nəticələrin ötənilki nəticələrlə eyni səviyyədə olduğunu söyləmək olar: “Mən deyə bilmərəm ki, bu il sıçrayış baş verib, hansısa fənn üzrə daha yüksək nəticələr əldə edilib yaxud abituriyentlər aşağı nəticə göstəriblər. Sınaq imtahanları bundan sonra da keçiriləcək. Həmin imtahanlardan sonra builki abituriyentlərin bilik səviyyəsi haqqında ümumi fikir söyləmək olar”.

TQDK sədri sınaq imtahanlarının ölkənin bütün regionlarında keçirildiyini hazırda davam etdiyini vurğulayıb. Müəyyən rayonlarda sınaq imtahanlarında iştirak edən abituriyentlərin sayı az olsa da, TQDK tərəfindən həmin yerlərdə bu imtahanlar keçirilir: “TQDK-nın regional bölmələrinin yerləşdiyi rayonlarda keçirilən sınaq imtahanlarında ətraf rayonlarda yaşayan abituriyentlər iştirak edə bilər. Mən sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edirəm. Çox zaman Bakıda sınaq imtahanı üçün yerlər elan olunan kimi həmin yerlərə abituriyentlər çox qısa zamanda yazılırlar, yerlər isə tez qurtarır. Bəzən görürük ki, regionlardan olan abituriyentlər Bakıda keçirilən sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Ancaq buna zərurət yoxdur. Çünki biz hər bir regionda bu imtahanları keçiririk”.

 

“Dərsliklərlə bağlı yeni nazirlə müzakirə aparmışıq”

 

Məleykə Abbaszadə bu vaxta kimi dərsliklərin hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə mövcud olan müəyyən problemlərə aydınlıq gətirib. Komissiya sədri bildirib ki, Prezident tərəfindən dərsliklərin monitorinqinin aparılması TQDK-ya həvalə edilib: “Monitorinq elmi əsaslarla aparıldıqda və dərsliklərdə problemlər aşkar olunduqda bunlar Təhsil Nazirliyinə bildirilməlidir. Bu istiqamətdə yeni nazirlə müzakirə aparmışıq. Biz uşaqların mövqeyini müdafiə edirik və hamımız istəyirik ki, dərsliklər keyfiyyətli, müasir olsun. Texniki cəhətdən düzəldilməsi mümkün olan səhvlər düzəldilməli, düzəldilməsi mümkün olmayanlar isə əlavə yollarla, yeni kitabçaların çapı və digər vasitələrlə aradan qaldırılmalıdır. Hər bir halda məsələyə individual yanaşmaq lazımdır. Bu məsələlər aradan götürülməlidir ki, yeni ilə hazırlanan dərsliklərdə bu səhvlər olmasın. Dərsliklərlə bağlı məsələlər daima diqqət mərkəzindədir və çalışacağıq ki, Azərbaycan vətəndaşları, şagirdləri yalnız keyfiyyətli dərsliklərlə işləsinlər”.

 

Orta məktəblərin V siniflərində keçirilən monitorinq imtahanlarının nəticələri iyunda elan ediləcək

 

Orta məktəblərin V siniflərində keçirilən monitorinq imtahanlarının nəticələrinin iyun ayında elan ediləcəyini deyən TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, nəticələr elan olunduqdan sonra Təhsil Nazirliyinə təqdim ediləcək: “İmtahandan sonra həmin yazı işlərini yoxlamaq üçün “marker” adlanan müəllimlər hazırlanıb. Bu proses, kitabçaların yoxlanması isə bir günün işi deyil. Minlərlə şagird bu imtahanlarda iştirak edib. Ona görə də nəticələrin yoxlaması prosesi heç olmasa, 1 ay çəkəcək”. TQDK sədri qeyd edib ki, bütün ölkə üzrə keçirilən imtahanlar başa çatdıqdan sonra həm XI, həm də IX siniflər üzrə nəticələr Təhsil Nazirliyinə təqdim ediləcək.

 

 

Nigar ABDULLAYEVA

 

Palitra.-2013.-8 may.-S.12.