“İstedadlı insanları çox sevirəm”

 

Xalq artisti Səidə Quliyeva: “Dublyaj redaksiyaları professionallara müraciət edəndə filmlərin səslənməsi həmişə yüksək səviyyədə olur”

 

Televiziya tamaşalarında, Azərbaycan filmlərində, teatr tamaşalarında böyükqürurlu qadın obrazlarını yaradan, Azərbaycanın kino sahəsinin ecazkar qadın səsi olan Xalq artisti Səidə Quliyeva ilə həmsöhbət oldum. Yaradıcılığının hər zaman zirvəsində olan Səidə xanım səhnəmizin hər zaman qürurlu qadın siması olub. Prezident mükafatına layiq görülmüş incəsənət xadimləri arasında gözəl Azərbaycan qadını, Xalq artisti Səidə Quliyevanın da adı var. Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dramkino aktyoru fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə.Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olub. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaradıb. S.Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş.Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşqintiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaradıb. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı İlyas Əfəndiyevin "Atayevlər ailəsi" əsərində Reyhan, "Sarıköynəklə Valehin nağılı"nda Reyhan, Ruhəngiz Qasımovanın "Yollar görüşəndə" dramında Çiçək, "Qonşu qonşu olsa" əsərində Balacaxanım, Mövlud Süleymanlının "Kökdən düşmüş piano"sunda Gülər, Əli Əmirlinin "Bala-başa bəla"sında İzzət Nəfisli, Aqşin Babayevin "Nekroloq"unda Elmira, "Dəvətnamə"də Məleykə və s. kimi maraqlı obrazlar ifa edib. S.Quliyeva 2000-ci ildə Əməkdar artist, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Səidə xanımın müsahibəsini oxuculara təqdim edirik:

- Səidə xanım, sənət həyatınızda rol aldığınız səhnələrdə hansı qadın obrazlarını ifa etmək istəmisiniz?

- Bu sənət elə bir sənət deyil ki, kiməsə ünvanlansın. Sadəcə mən bir aktrisa kimi insan taleyini oynamağa çalışmışam. Bu kiməsə məxsus deyil. İfa mənim ifamdır. Lakin oynadığım rollar müxtəlif qadın obrazlarıdır. Bunların içində Azərbaycan qadını da olub, rol aldığım dünya klassikası nümunələrində xarici qadınlar da olub. Mən bir sənət adamı kimi, müxtəlif janrlarda qadın obrazlarını canlandırmışam. Şəxsən bu kiməsə ünvanlanmır. Sadəcə bir nəfər tərəfindən ifa olunur ki, o da mənəm.

Artıq 36 ildir ki, sənətdəyəm. Mən teatra ilk dəfə ŞekspirinHeç nədən hay-küy” əsəri ilə gəlmişəm. Burada baş rollardan biri olan Hero obrazını canlandırmışam. Daha sonra yazıçı Anarın “Sizi deyib gəlmişəm” tamaşasında Şərəf rolunu ifa etmişəm. Bu da Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinə müraciətdir. Orada Xudayar bəyin birinci həyat yoldaşını oynamışam. Çox gözəl tərəf-müqabillərim olub. Ondan sonra Maksim Qorkinin “Həyatın dibində Nastya” əsərində rol almışam. Bundan başqa, mənim ifamda Şıxəli Qurbanovun iki əsərinə müraciət olunub. Bunlardan biri “Sənsiz” əsərində Sevinc obrazı, digəri isə “Əcəb işə düşdük” komediyasında Əntiqə obrazıdır. Burada tərəf-müqabilim Səyavuş Aslan olub. Son işim Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərində ana obrazıdır. Yəni teatr səhnələrində həm komik, həm də tragik rollarım olub.

- Bilirik ki, siz dublyaj redaksiyasında da çalışırsınız. Sevilən və böyük maraqla izlənən xarici filmlərdə baş rolları səsləndirirsiniz. Maraqlıdır ki, siz dublyaj etdiyiniz zaman həmin rolun xasiyyətini içinizdə yaşayıb rolu səsləndirirsiniz, yoxsa sadəcə bu mənim sənətimdir, deyirsiniz?

- Bu, əlbəttə ki, sənətdir və incəsənətin ən çətin qollarından biridir. Bir nüansı da qeyd edim ki, dublyajda olan məsuliyyət heç bir incəsənət sahəsində yoxdur. Şübhəsiz, bizim sənət də məsuliyyətlidir. Amma dublyajda çalışmaq daha da məsuliyyətlidir. Çünki sən ifa etmədiyin rolu belə, səsləndirirsən. Yəni o, sənə məxsus deyil. Ancaq onun səsi və hissləri sənə məxsusdur. Sən ancaq çalışırsan ki, ifa tərzini öz ana dilində tamaşaçılara çatdırasan. Bu gün dublyajın yüksək səviyyədə olmamasının səbəbi ondan ibarətdir ki, professionallara müraciət olunmur. Bu bilavasitə qonorarla bağlıdır. Mənim çalışdığım dublyaj redaksiyasında həmişə professionallara müraciət olunub. Buna görə də mənim və həmkarlarımın səsləndirdiyi filmlərin dublyajı həmişə yüksək səviyyədə olub. Prodakşnlarda səsləndirilən filmlərin də dublyajlarını yüksək qiymətləndirirəm. Məsələn, “Həzrəti Yusif” serialı necə gözəl səsləndirilmişdi. Çünki burada da professional aktyorlara müraciət olunmuşdu.

- Əlbəttə ki, “Həzrəti Yusif” serialı çox gözəl dublyaj olunmuşdu. Amma mənim ən çox bəyəndiyim “Əsirlərin karvanı” filmində sizin Həzrəti Zeynəb obrazını səsləndirməyiniz olub. Mən filmi izlədiyim zaman bir anlıq düşündüm ki, mən Həzrəti Zeynəbin səsinə qulaq asıram. Bəs siz necə düşünürsünüz?

- Düzünü desəm, mən bu günə qədər o filmi izləməmişəm, qulaq asmamışam. Amma Həzrəti Zeynəb obrazını səsləndirməyimlə bağlı mənə xoş sözlər deyilib. Sizə bir nüansı da bildirmək istəyirəm ki, bu mənə ad günümdə təklif olundu və mən işdən imtina etmədim. Bu filmi göz yaşları içində həyəcanla və sevgi ilə bir gün ərzində səsləndirdim. Çünki çox gözəl çəkilmiş bir film idi və mən sanki rübəndin altından aktrisanın nəfəsini, ruhunu hiss edirdim. Mən Həzrəti Zeynəb obrazının səsini dublyaj etdiyim zaman bəlkə də Həzrəti Zeynəbin gerçəkdə yaşadığı iztirab və əzabı öz içimdə yaşadım. Çünki filmin yüksək səviyyədə hazırlanması və ekranlaşdırılması buna əsaslanır. Bu film mənə dublyaj sahəsində, yaradıcılığımın ən ağır və ən təsirli filmi oldu. Əgər tamaşaçılar o filmə baxırlarsa və belə gözəl sözlər deyirlərsə, mən özümü xoşbəxt sayıram və hardasa dublyaj sahəsində nəsə bir etdiyimi düşünürəm.

-Növbəti sualım isə bundan ibarətdir ki, siz filmlərdə, teletamaşalarda və əlbəttə ki, teatr səhnəsində böyük rollar almısınız. Bilmək istərdim ki, bir aktrisa üçün serial və filmlərdə oynamaq çətin olur, yoxsa teatr səhnəsində?

- Mən sizə açıq deyim ki, hamısı çətindir və məsuliyyət tələb edir. İnsan üçün sağlamlığına bəzən zərər gətirən bir sənətdir. Buna əsasən, mən sənətimə çox peşəkarcasına yanaşıram. Ona görə də mənim üçün fərq etmir. İstər teatr olsun, istər pult arxası, istərsə də seriallar olsun. Mən sənətimin hər növünə böyük məsuliyyətlə və sevə-sevə yanaşıram. Amma bütün bunlardan öncə mən demək istəyirəm ki, teatr aktrisasıyam və öz yerimi orada görürəm.

- Bəs ailənizdə sənət yolunuzu davam etdirən olacaqmı?

- Yəqin ki, olacaq. Çünki mənim oğlum artıq incəsənətlə məşğul olmaq istədiyini bəyan etdi. Amma hələ hansı sahədə çalışacağını dəqiqləşdirməyib. Sözün açığı mən istəmirdim. Çünki bu sənət həddindən artıq məsuliyyət tələb edir. Qorxuram ki, bu sənətə xələl gətirər. Ona görə də buna bir az ehtiyatla yanaşıram. Hər bir sənət məsuliyyət tələb edir. Amma bizim sənət ikiqat məsuliyyət tələb edir. Bunlardan biri istedad, biri isə zəhmətdir. Elə aktyorlar var ki, Allah onlara istedad verir, amma zəhməti olmadığı üçün kölgədə qalır.

-Sizin fikrinizcə, incəsənət sahəsində necə yüksəliş var?

- Siz bilirsiniz ki, mən həmişə professional rejissorlarla çalışmışam. Kino sahəsində isə Vaqif Mustafayevlə çalışmışam. Çox təəssüf ki, Vaqif müəllim hələ filmlərin çəkilişinə başlamayıb. Amma çox böyük məmnuniyyətlə professional rejissorlarla çalışmaq istəyirəm. Mən bu günAramızda qalsınserialında çalışıram. Orada çox gözəl kollektivimiz var. Artıq üç ildir ki, mən onlarla əməkdaşlıq edirəm bundan böyük zövq alıram. Çünki kollektivimizin üzvləri gəncdir onlardan ən yaşlısı mənəm. Bütün bunlara baxmayaraq, mən ətrafımda gəncləri görürəm onları çox sevirəm. Mənə münasibətləri isə yüksək dərəcədədir. Mən bunu qiymətləndirərəkAramızda qalsınserialına böyük məmnuniyyətlə çəkilirəm.

-Cahangir Novruzovla, Səyavuş Aslanla, Yaşar Nuri ilə çalışmısınız. İndi isə Əzizağa Əzizovla birlikdə çalışırsınız. Onlarla tərəf-müqabili olmaq necə hissdir?

- Mən sizə deyim ki, tərəf-müqabili barədə mənim həmişə bəxtim gətirib. İstər filmlərdə, istərsə teatrda mən ölməz sənətkarımız Yaşar Nuri ilə tərəf-müqabili olmuşam. Amma bu gün Əzizağa Əzizovla birlikdə çalışıram mən Əzizağa müəllimi kəşf etdim. Əvvəl mən ona ancaq yaxşı aktyor deyə bilərdim. Çox təəssüf ki, biz onu ancaq kiçik rollarda görürdük. Onu istedadlı aktyor kimi qəbul edirdim. Amma mən indi onu çox yüksək qiymətləndirirəm ona plastilin deyirəm. Çünki o bütün rolları çox böyük məharətlə ifa edir. Onun çox böyük istedadı var mən gələcəkdə onunla uğurlu işlərə imza atacağımıza inanıram. Mən hazırkı tərəf-müqabilim Əzizağa müəllimdən çox razıyam. Mənim teatrda da çox gözəl qadın tərəf-müqabillərim olub. Onlardan Şükufə Yusupovanın, Bəsti Cəfərovanın, Məsmə Aslanqızının adını çəkə bilərəm. Anamın kitabıtamaşasında isə Şəlalə xanım tərəf-müqabilimdir. Onda o qədər səmimiyyət var ki, mən onu doğma qızım kimi sevirəm. Hətta o mənim əlimdən, üzümdən öpəndə mən kövrəlirəm. Yəni mən gənclərlə belə bir şəraitdə çalışıram. Mən gəncləri, xüsusən böyük-kiçik sayan gəncləri, istiqanlı istedadlı insanları çox sevirəm. Bizim gənclərin arasında isə bunlar çoxdur.

- Səidə Quliyeva gələcəkdə arzuladığı hansı rolları ifa etmək istərdi?

- Bu sənət rejissorlardan asılı sənət olduğu üçün mən bu ixtiyarı rejissorlara verirəm. Əlbəttə, çox istəyərdim ki, daha yaxşı daha ciddi rollara çəkilim. Çox istəyirəm ki, Azərbaycanda əsl teatr jurnalistikası kinoşünaslıq yüksək səviyyədə inkişaf etsin. Şübhəsiz ki, bu bizim incəsənət sahəsində daha vacib olan sənət qollarından biridir.

 

 

Xəyalə GÜNƏŞ

 

Palitra.-2013.-8 may.-S.13.