“Dövlətin incəsənət xadimlərinə
xüsusi qayğısı var”
Əməkdar artist Ayan Mir-Qasım: “Aktyorun
zəhməti qiymətləndirilirsə, bu artıq onun
üçün bayrama çevrilir”
“İncəsənətin
inkişafı, kinoteatr binalarının təmiri istiqamətində
böyük işlər görülür”
Respublikanın
Əməkdar artisti Ayan Mir-Qasım ilə sənəti və
yaradıcılığı haqqında həmsöhbət
oldum.. Ayan Mir-Qasım ilə müsahibəni
oxuculara təqdim edirik:
Ayan Oqtay
qızı Mirqasımova (Ayan Mir-Qasım) 5 may 1969-cu ildə
Bakı şəhərində anadan olub. 1986-cı
ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1986-1990-cı illərdə Moskvada ÜDKİ-nin
kino və teatr aktyorluğu ixtisasında Aleksey Vladimiroviç
Batalovun sinfində təhsil alıb. 1991-ci ildən
S.Vurğun adına Azərbaycan Dövlət
Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla
yanaşı, xoreoqrafiya quruluşlarını da verir.
Xarici film istehsalçılarının filmlərində də
çəkilib: "Kiçik" (1993-cü il,
Özbəkfilm, rejissor Rano Kubayeva) və "Yelləncək"
(2005-ci il, Rusiya, rejissor Vyaçeslav Nikiforov) filmlərində
yer alıb. "Apofiqey- 99" tamaşaçı rəğbəti
nominasiyası üzrə teatr mükafatı, I Beynəlxalq
Madrid Kinofestivalında "Ən yaxşı qadın
rolu" mükafatına layiq görülüb, XII Beynəlxaq
Daşkənd Kinofestivalında "Qızıl zanbaq", MDB
və Baltikyanı ölkələrin Açıq
Kinofestivalının "Qorqipiya" mükafatı
laureatı, "Humay" mükafatçısı olub,
2000-ci ildən Əməkdar artistdir. 9 may 2012-ci ildə
Prezident Mükafatına layiq görülüb.
- Ayan xanım, incəsənət aləmi
sizin üçün nə ifadə edir?
- Mən
2005-ci ildən Prezident təqaüdçüsüyəm və
bu mənim üçün böyük bir şərəfdir.
Əlbəttə ki, ilk növbədə bu mənim
üçün böyük məsuliyyətdir. Digər
tərəfdən isə dövlətin bizə qarşı
olan xüsusi diqqət və qayğısını hiss edirəm.
Mən Prezidentimiz İlham Əliyevə təşəkkür
edirəm ki, hər il mənim
yaşadığım hissləri bir çox incəsənət
xadimləri yaşayır. Məsələn, mən 2000-ci ildə
Əməkdar artist adına layiq
görülmüşəm. Bu adı qazanmaq mənim
üçün böyük şərəf idi. Çünki mən bu ad üçün olduqca gənc
idim. Bu həm də böyük məsuliyyət
deməkdir. Bu təqaüdü aldıqda insan
özünü xüsusi diqqət və qayğı
altında hiss edir. Bu il mən
gördüm ki, siyahı böyüyüb və mən həmkarlarımın
adından incəsənətə qarşı göstərilən
xüsusi diqqətə görə Prezidentimizə təşəkkür
edirəm. İnsanlar incəsənətə gələndə
nə qazanacaqlarını düşünmürlər. Çünki onlar bu həyata təmənnasız gəlirlər
və əgər kimsə aktyor olmaq qərarına gəlibsə,
o bilmir ki, gələcəkdə onun həyatı necə
olacaq. O bilmir ki, gələcəkdə məşhur
olacaqmı, ona qarşı diqqət olacaqmı. O sadəcə
bu sənəti seçir və özünü bu sənətə
həsr edir. Hətta Rus Dram Teatrında deyirlər
ki, mən burada xidmət edirəm. Heç kim demir ki, mən burada işləyirəm,
ancaq “mən burada xidmət edirəm” deyilir. Ən
əsası da aktyor zəhməti qiymətləndirilirsə,
bu artıq bayrama çevrilir. Bu hər kəsə
nəsib olmur. Bu artıq kimin
üçünsə xüsusi diqqətin göstəricisidir.
Bundan başqa, mən incəsənətə
göstərilən qayğıya görə də təşəkkür
edirəm. Çünki Azərbaycan incəsənəti
hər tərəfdən inkişaf edir və bu proses
müşahidə altındadır. Hər
şeydən əvvəl teatrın və kinonun
inkişafı üçün Prezident sərəncam imzalayıb.
Bunun üçün hər şey ediblər.
Məsələn, binaların rekonstruksiyası,
teatrların təmiri sahəsində də çox
böyük işlər gedir. Kinoda gənclərin
üzə çıxarılması, Azərbaycanda gənclərə
dəstək çox vacibdir. İncəsənətin
bir qolu olan rəssamlıq üzrə də böyük
inkişaf, əlbəttə ki, göz qabağındadır.
Yeni art qalereyaların açılması gənc
rəssamların inkişafında böyük rol oynayır.
Cavanlara yol göstərilir, qocalara hörmət
olunur. Bu proseslər çox aktiv və
pozitivdir. Əgər ailədə cavanlarla
yaşlılar arasında harmonik münasibətlər varsa, bu
ailə xoşbəxtdir. Əgər
yoxdursa, bu ailə xoşbəxt sayılmır. Biz bu ənənəni saxlamışıq. Ən əsası onu demək istəyirəm ki, bu
sahədə ən böyük işi Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva görüb. Bu gənc istedadlara böyük köməkdir.
“Yuxu” filmi çəkiləndə mənim 24
yaşım var idi. Bu filmi 1994-cü ilin
yayında çəkdilər. Film çəkildikdən
sonra on il yayımlanmadı. Nəhayət,
2002-ci ildə film efirə buraxıldı. Bir sözlə, incəsənət sahəsi mənim
həyatımın bir hissəsi olub.
- Aktyorluğa nə zamandan
başladız?
- Mən
uşaqlıqdan filmlərə çəkilmişəm. Çünki o zaman uşaqlar üçün
tez-tez filmlər çəkilirdi. Mənim
ilk filmim Gülbəniz Əzimzadənin çəkdiyi
“Ötən ilin son gecəsi” olub. O zaman mənim on
üç yaşım var idi. Bu filmdə Elmira
Şabanova mənim anam rolunu ifa etmişdi. Bundan əvvəl isə “Təkcə adanı
özünlə apara bilməzsən” filmində çəkilmişəm.
Bu filmdə mən baş rol olan Nailə
obrazını canlandırmışam. Bu
film İttifaq festivalında Qran-Pri aldı. Filmin rejissoru Gülbəniz Əzimzadə, ssenari
müəllifi Nadejda İsmayılova, operatoru Hüseyn
Mehdiyevdir. Bu filmdə Ramiz Novruz mənim
atam rolunu oynayıb. Daha sonra “Avqust gələcək”
filminə çəkildim. Artıq
1993-cü ildən mən filmlərə çəkilməyə
başladım. 2-ci kursda oxuyanda
“Araqarışdıran” filminə çəkildim. Mən hətta özbək və türkmən filmlərində
də oynamışam. Mən Fikrət Əliyevin
“Yuxu” filmindən sonra Hüseyn Mehdiyevin “Özgə vaxt” filminə
çəkildim. Bu film bir çox
festivallara gedib. “Özgə vaxt” filmindən
sonra Eldar Quliyevin “Bu gözəl, gözəl dünya” filminə
çəkilmişəm. Rasim Ocaqovun “Otel
otağı” filmində isə epizodik rolda çəkilmişəm.
İncəsənət həyatımın yolu
buradan başladı.
Bəlkə də ailəmizdəki sənət və
ailə münasibətləri düzgün tarazlıqda
olduğu üçün mənim aktrisalıq həyatımda
heç bir çətinlik olmadı. Ən əsası da gərək
ailəndə sənin fikir və istəklərini dəstəkləyən
olsun. Bu barədə, əlbəttə ki,
mənim bəxtim gətirib.
- Atanız-görkəmli rejissor Oqtay
müəllim çəkdiyi filmlərdə sizə rol vermək
haqqında tərəddüd etməyib ki?
-
Atamın çəkdiyi filmlərdə çəkilmək mənim
üçün əlbəttə ki, böyük xoşxbəxtlikdir.
İlk əvvəllər atam mənə
inanmırdı. Daha doğrusu, peşəkar
aktyorlarla çalışmağa üstünlük verirdi.
Atam əvvəlcə sənədli filmlər
çəkib. Məsələn, Qara
Qarayev haqqında “Bu həqiqətin səsidir” adlı sənədli
film çəkib. Daha sonra isə bədii
filmlər çəkməyə başlayıb ki, artıq təcrübə
qazandıqdan sonra atam məni öz filmlərinə çəkdi.
İlk çəkildiyim filmi isə
“Ovsunçu” filmi oldu. Daha sonra
“Günaydın mələyim” filminə çəkildim.
İndi isə “Qisas almadan ölmə” filminin
çəkilişlərini yekunlaşdırırıq.
Sənətimlə əlaqədar olaraq isə
atam hər zaman mənim yanımda və hər zaman mənim
böyük dəstəkçim olub. Yəni
ki, atamın filmlərində çəkilmək mənim
üçün asan deyildi. Çünki
atam ancaq professional və təcrübəli aktyor heyətilə
çalışırdı. Mənim
atamın filmlərində çəkilməyim çox sonra
oldu ki, o zaman mən artıq aktyorluq sənətində öz
sözümü demişdim.
- Sizin üçün ailə önəmlidir,
yoxsa sənət? Yəni qızınıza daha çox vaxt
ayırırsınız, yoxsa vaxtınızın çoxunu
sənətinizə həsr edirsiniz?
- Allaha şükür,
qızım müstəqildir və öz ayaqları
üstündə durmağı bacarır. Anamla
atam da öz köməklərini əsirgəmir. Bu həyatla bağlıdır. Əgər
insanın həyatında boşluq varsa, onda sənətdə
də boşluq olacaq. Əgər insan
harasa qaçırsa və tamaşada oynayırsa, onda o, rolunu
başqa nəfəslə oynayacaq. Yəni
hər şeyi tarazlıqda saxlamaq lazımdır. Ancaq ailəyə bağlanmaq da düzgün deyil.
Düzdür, qadın üçün ailə
öndə gəlir. Amma özünü də
şəxsiyyət kimi təsdiq etməlidir.
- Aktrisalıq Ayan
xanımın həyatında hansı məna
daşıyır?
- Əvvəla, bu mənim üçün həyat tərzidir. Çünki mən
uşaqlıqdan özümü balaca bir aktrisa kimi hiss edirdim.
Mən xoreoqrafiya məktəbində oxuyurdum və
orada oxuduğum müddətdə bir neçə filmdə
çəkilmişəm. Mən birinci dəfə
səhnəyə çıxanda Azərpaşa Nemətov məni
gördü. Mən də səhnədə
oxuyurdum, oynayırdım, şeir deyirdim. Atama dedi ki, mənə
bir tamaşa üçün uşaq lazımdır və məni
məşqə götürmək üçün icazə
aldı. Bu, atamın xoşuna gəldi və razılıq verdi. Mən başa düşmürdüm ki,
bu, sabah peşə ola bilər. Mən çox xoşbəxt idim. Çünki heç bir məsuliyyət hissi yox
idi. Daha sonra mən Moskvaya ali təhsil
almağa getdim. 1-ci kursda mən seçdiyim
peşəyə şübhə ilə yanaşırdım.
Çünki biz on dörd nəfər idik.
Əlbəttə ki, bizdə rəqabət var
idi.
- Yaratdığınız
obrazları sizcə, istədiyiniz tərzdə
tamaşaçıya çatdıra bilirsinizmi?
- Mən
bunu heç vaxt deyə bilmərəm. Çünki
həmişə filmlərə baxanda məndə şübhə
yaranır ki, görəsən, yaxşı oynamışam,
ya pis. Mən özümə obyektiv baxa
bilmirəm. Bunu mənə bir çox
aktyorlarımız da deyib. Bunu ancaq
tamaşaçılar, ya da rejissorlar deyə bilər. Məsələn,
“Özgə vaxt” filmində tərəf-müqabilim olan Ələddin
Abbasova və rejissor Hüseyn Mehdiyevə, bütün
yaradıcı heyətə minnətdaram ki, onların köməyi
sayəsində mən ən yaxşı qadın aktrisa adına layiq görüldüm. Amma
bu mənim yox, hamının adı ilə bağlıdır.
Yəni mən özüm özümə qiymət
verə bilmirəm.
Xəyalə GÜNƏŞ
Palitra.-2013.-9 may.-S.12.