“Yaradıcı adam mütləq
yaxşı fikirlərlə köklənməlidir”
“Qalereyaların
çox olması hər rəssamın öz stilinə
uyğun qalereyalarla işləməsinə imkan verir”
Layihə çərçivəsində
müsahibimiz rəssam Mehriban Əfəndidir:
-Mən 1984-88-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasında, 1989-1991-ci illərdə Moskva “Soyuzfilm”in animasiya məktəbində təhsil almışam. 1991-ci ildən “Azərbaycanfilm”də istehsal olunan cizgi filmlərində qrafik-animator, “Otel otağı”, “Özgə vaxt”, “Kənar adamlar”, “Qırmızı qatar”, “Qara ney”, “Məkanın melodiyası”, “Məhkumlar”, “Absurdistan” filmlərində geyim üzrə rəssam kimi çalışmışam. Kinoda son işim “Qisas almadan ölmə” filmidir. 2010-cu ildə Portuqaliyada Bissaya Bareta Fondunun təşkilatçılığı ilə baş tutan “Sürrealizm bu gün” adlı vernisaja 30 ölkə (56 rəssam) cəlb olunsa da, mənim rəsmlərimi görəndən sonra Azərbaycan 31-ci ölkə olaraq müstəsna qaydada layihənin iştirakçısına çevrildi və “Muğam” əsərimi dünya sənətsevərlərinə təqdim etdim. 2010-cu ildə həm də Bolqarıstanda keçirilən “Radiance” müsabiqəsinin iştirakçısı olan 22 ölkədən 123 rəssam arasında qalib elan olundum. Avropa və Amerika ölkələrində təşkil olunan bir sıra qrup sərgilərinin iştirakçısı olmaqdan başqa, Avstraliya və Amerikada fərdi sərgilərimi açmışam.
-Əsər
üzərində çalışarkən əsasən
hansı faktorlar sizin üçün önəmlidir?
- Əsərlərim üzərində işləyərkən
məni əhatə edən mühit çox vacib faktora
çevrilir. İşləyərkən mistik, ritual xarakterli,
ruhuma xoş gələn musiqiləri dinləyib, şam, buxur
yandırmağı xoşlayıram. Hətta elə əsərim
olub ki, onu qaranlıqda şamla yaratmışam. Bir vaxtlar ancaq
axşamlar işləyirdim. Amma təbii ki, rənglərin
çalarlarını görməkdə rəssam
üçün ən yaxşısı təbii
işıqda işləməkdir. Hər bir rəngin simvolu var, hərəsi bir orqana təsir
edir. Bir də əsərlərimi yaradanda günəş
enerjisindən, rənglərdən, simvollardan güc
alıram. Bir əsəri bəzən üç günə
də çəkib qurtarıram. Bəzən aylarla davam edir.
Elə əsərlər olur ki, bitirməmiş emalatxanadan
çıxmıram, elə əsərlər olur, onu işlədiyim
müddətdə başqa işlərimi də görürəm.
Bütün hallarda prosesin özündən həzz alıram.
5 yaşından başlayaraq özümdə qəribə
hisslər keçirmişəm. Sonralar başa
düşdüm ki, onlar kosmosdan alınan energetik
informasiyalardır. Bir çox informasiyaları yuxularımda
görüb sonradan rəsm əsərlərimdə əks
etdirməyə başladım. İlk rəsmlərimi çəkəndə
7 yaşım vardı. Onu da deyim ki, o yaşa qədər
bağçadakı müəllimələr məcbur etsələr
belə, rəsm çəkməmişdim. İllər əvvəl
bu sənətdə ilk addımlarımı atanda Mehdi
Hüseynzadə ilə birlikdə müharibədə
çiyin-çiyinə vuruşan Rusiyanın qocaman rəssamı
əsərlərimi görüb demişdi ki, bu formada nə
Şərq, nə də Qərb rəsm çəkir. İlk
dəfə onda anladım ki, əsərlərim böyük təsirə
malikdir. Rəssamlıq mənim vergimdir. Hesab edirəm ki, rəssam
kimi nə edirəmsə, öz
yaradıcılığımla Yaradana qulluq edirəm. Əsərlərimlə
həm insanlara, həm də kainata gözəllik bəxş
etməyə çalışıram. Fikirləşirəm
ki, yaradıcı adam mütləq yaxşı fikirlərlə
köklənməlidir. Bu, mütləqdir. Bir neçə il əvvəl
bir xanım əsərlərimə baxıb dedi ki, “Meri, istəmirəm
sən belə bədbin əsərlər çəkəsən”.
O sözlər mənə çox təsir etdi və mən
anladım ki, o əsərləri yaradanda, həqiqətən,
bədbin düşüncələrə
qapılmışam. Həmin sözlərdən sonra mən
tamamilə fikirlərimi pozitiv istiqamətə yönəltdim.
Ona görə düşünürəm ki, dünyada ən
böyük təhlükə insanın öz fikirləridir.
Mən indi ilhamı insanlara sevgidən, yaşamaq həvəsindən,
pozitiv olan hər şeydən alıram. Bütün bunlar rəsmlərimə
aşılanır və yenidən onlara tamaşa edənlərə
qayıdır. Çox sevinirəm ki, əsərlərimlə
tanış olan bütün millətlərin nümayəndələri
özləri üçün maraqlı olan məqamlar tapa
bilirlər. Bəzən əsərlərim barədə elə
fikirlər söyləyirlər ki, heç özüm onu
yaradanda elə düşünməmişəm. 2011-ci ildə
“Nyu-York Tayms”ın bestseller yazıçısı, Hollivudun bəzi
filmlərinin ssenaristi Syuzan Kolins öz şəxsi bloqunda mənim
əsərlərim haqda yazı yazıb və məni
özünün həyat və
yaradıcılığına təsir edən sənət
adamlarının siyahısına salıb. O fikirləri oxumaq
mənim üçün çox maraqlıdır. Əsərlərimdəki
nöqtələrə gəlincə, onlar sadəcə
yaranmayıb. Onları mən yuxuda görmüşəm.
Bilirsiniz, ağ kağızı mikroskop altına qoysaq, onda
çoxlu sayda xırda zərrəciklərin olduğunu
görəcəyik. Sərgilərimdən sonra hiss etmişəm
ki, bir çox rəssamlar nöqtələrdən öz
yaradıcılıqlarında istifadə etməyə
başlayıblar.
- Bəzi rəssamlar əsərlərini
satmaq istəmirlər, sanki öz əsərlərini
qısqanırlar. Buna sizin münasibətiniz necədir?
-Əsərlərimin
xarici sərgilərdə iştirakında 2003-cü ildə
britaniyalı vebmasterin mənim üçün
açdığı saytın böyük rolu var. Xarici
tamaşaçılar o sayt sayəsində əsərlərimlə
tanış oldu. Fikrimcə, mənim hər əsərim digərinə
qapı açır. Beynəlxalq arenaya çıxmaq
üçün mənə ingilis dilini bilməyimin də
çox böyük köməyi dəyib. İngilis dilini
ikinci ana dilim kimi öyrənmişəm. Buna görə də
anama çox təşəkkür edirəm. Hər əsərimi
satmıram. Həm onlardan ayrılmaq mənim üçün
çətindir, həm də bir sərgi açmaq imkanı
yarananda, ya da bir layihəyə cəlb olunanda əliboş
qalmaq istəmirəm. Əsərlərimə xərclədiyim
pulu daha çox başqa sahələrdən: serial, film, kliplərdəki
işlərimdən qazanıram. Bir əsərim çox baha
başa gəlir, rənglərlə çox oynayıram və
hər zaman keyfiyyətli rənglərdən istifadə edirəm.
Bizdən fərqli olaraq, xaricdə rəssamlar işlərini
daha asan sata bilirlər, çünki onların qalereyaları
var. Qalereyaların çox olması hər rəssamın
öz stilinə uyğun qalereyalarla işləməsinə
imkan verir. Bir də çox təəssüf edirəm ki, rəssam
sənəti elitar səviyyəyə qalxa bilməyib. Rəsm
əsərlərini alıb, divarlarından asmaq istəyənlər
azdır. Rəssamlar özü-özlərini tanıdır,
halbuki bu işi görən qalereya işçiləri
olmalıdır, onlar yeni -yeni rəssamları kəşf edib,
üzə çıxarmalıdır.
-Kino fəaliyyətinizlə
bağlı nə deyərdiniz? Kinoda rəssam işləmək
həm də geyim üzrə rəssam işləməyə
imkan verirmi?
- Kino mənə
yad deyil. Məşhur operator Əlisəttar Atakişiyev babamın
bibisi oğlu olduğu üçün kino sənəti ilə
tanışlığım erkən yaşlardan
başlayıb. Kino rəssamı kimi ilk işim Fərid
Hümbətovun “Kənar adamlar” filmində oldu. Kinoda rəssam
işləmək həm də geyim üzrə rəssam
işləmək bir-birindən fərqli sahələrdir. Məsələn,
quruluşçu rəssamın geyim üzrə rəssama məxsus
işdən xəbərdar olması vacib deyil. Amma ikisini də
bacarmaq yaradıcı adam üçün avantajdır. Geyim rəssamının
geyimlə bağlı xüsusi fantaziyası olmalıdır.
Amma quruluşçu rəssamdan daha çox dekorasiya,
arxitektura, memarlıq, dizayn işləriylə bağlı
bilik tələb edilir. Filmlərdə daha çox geyim
üzrə rəssam, sənədli film, serial, kliplərdə
isə quruluşçu rəssam kimi
çalışmışam. Bu, bir az da dekorasiya və
ssenaridən asılı olur. Məsələn, alman rejissoru
Fayt Helmer “Absurdistan” filmində mənə ilk öncə
filmin quruluşçu rəssamlığını
tapşırmaq istəyirdi. Amma mən quruluşda maraqlı
heç nə görmədim. Məni o filmdə geyim daha
çox cəlb etdi, çünki fərqli, müasir, nə
şərqə, nə də Qərbə aid olmayan geyimlər
olmalı idi. Qeyri-adi, müasir çalarla işləməyi
sevdiyimdən bu film mənə çox maraqlı gəldi.
-Kino rəssamı kimi aktyorlarla
problemlər yaşayırsınızmı?
- Mən
məşhur aktyor və aktrisalarla işləmişəm. Ən
“kapriz”li aktrisa ilə “Özbəkfilm”də
qarşılaşmışam. Həyatım boyunca
rastlaşdığım ən şıltaq aktrisa Matlyuba
Alimova olub. O dövrün çox məşhur
aktrisasıydı. Tanışlıqdan sonra mənə dedi
ki, sən məni istədiyim kimi geyindirə bilməyəcəksən.
Hətta mənimlə mərcə də girdi. Amma mərci mən
qazandım və o xanım öz paltarını özü
ütüləməyə məcbur oldu. Çox “kaprizli”
insanlarla işləmişəm. Fuad Poladov kənardan “kaprizli”
görünsə də, onunla ünsiyyətdə problemim
olmayıb.
Fəxrəddin
Manafov, Telman Adıgözəlovla, Həsən Məmmədovla,
Siyavuş Aslanla işləmişəm. Bir hadisəni
danışım. Bu, “Qırmızı qatar” filminin çəkilişlərində
olub. Qomisin arvadı rolunu oynayan Tamara Şarikovaya rolundan irəli
gələrək zooparkdan topladığım tüklərlə
hazırladığım paltarı geyindirmişdim. Sonradan
bildim ki, bu, onun əlindən acıqlı olan insanlara
çox xoş təsir edib. “Absurdistan” filmində isə
aktyorları palçıqlı torpaqda fırlanmağa məcbur
edirdim ki, paltar çirklənsin, çünki film bunu tələb
edirdi. Bir sözlə, bu da işimlə bağlı
şən davranışlardır.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-9 may.-S.11.