“Səhnədə rol alıb oynamağa hələ də gücüm var

 

Əjdər Həmidov: “Əgər “Kişi sözü” bir daha çəkilsəydi, mən onu artıq tam başqa cür oynayardım. Bu günün ruhuna və ən əsas bu günün tələblərinə uyğun olaraq oynayardım”

 

Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əjdər Həmidovdur. “Kişi sözü” filmində yaratdığı Qasım obrazı ilə hər bir tamaşaçının rəğbətini qazanan Əjdər Həmidovun öz yaradıcılığı, teatr və kino sahəsindəki bugünkü vəziyyət haqqındakı fikirlərini öyrəndik:

Əjdər Həmidov 14 avqust 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar ifa edib. Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanıb.

Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaradıb. Aktyor "Azərbaycanfilmin" istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirib. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

- Şübhəsiz ki, Azərbaycan filmlərində sizin əvəzsiz rolunuz olub. Məhz bu münasibətlə də Prezident mükafatına layiq görülmüsünüz. İncəsənət məkanında gördüyünüz işlər ürəyinizcədirmi?

- İlk növbədə, Prezident mükafatına layiq görüldüyümə görə hörmətli prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çünki bu tək mənə deyil, bütün mədəniyyət və incəsənət adamlarına verilən dəyərdir. Mən də sevinirəm ki, mənim bu sahədə gördüyüm iş qiymətləndirildi və gördüyüm işlərin nəticəsi oldu. Hərdən düşünürdüm ki, nə vaxtsa mənim əməyimə qiymət veriləcək. Və düşündüyüm oldu.

-Azərbaycan kino sahəsində sizi daha çox “Kişi sözü” filmində yaratdığınız Qasım obrazı ilə sevdilər. Bu obrazla Azərbaycan kinosunda böyük iz qoydunuz. Bəs indi daha çox dramatik, yoxsa komik rollarda oynamağa üstünlük verirsiniz?

- “Kişi sözü” filmi mənim çəkildiyim ilk filmdir. Göründüyü kimi, nəticəsi də yaxşı oldu və mən o filmdən sonra ardıcıl olaraq bir neçə filmlərə çəkildim. Doğrudur, çəkildiyim filmlərdə oynadığım rolların çoxu komik rollardır. Amma bir müddət sonra mənə rejissorlar tərəfindən dramatik rollarda oynamaq təklif olundu. Məsələn, Vaqif Mustafayevin çəkdiyi “Yoxlama” filmindəki rolum bir insanın taleyindən bəhs edir. İstəyirəm ki, bundan sonra da dramatik rollarda çıxış edim. Mən teatr səhnələrində də dramatik rolları ifa edirəm. Son təhvil verdiyimiz tamaşa isə bizim görkəmli yazıçı və daramaturqumuz Elçin Əfəndiyevin “Sənətkarın taleyi” tamaşasıdır. Bu yaxınlarda isə tamaşanın premyerası keçirildi. Bundan başqa, mən Elçin Əfəndiyevin “Teleskop” tamaşasında da rol almışam. Hesab edirəm ki, Elçin Əfəndiyevin Azərbaycan teatrının inkişafında böyük əməyi var. Bu gün də teatrımızın repertuarında Elçin müəllimin əsərləri mühüm yer tutur. Əgər rejissorlarımız mənə rol versələr, faciəvi film və ya tamaşalarda rol almağı şübhəsiz, istərəm.

-Peşəkar aktyor kimi, Azərbaycan kinosunun bugünkü vəziyyəti sizi qane edirmi?

- Desəm ki, tam qane edir, onda cavabım səmimi olmaz. Hər bir sahənin çatış mazlıqları var. Amma bu, bir keçid dövrüdür. Çünki sovet dövründə çəkilən kinolar artıq geridə qaldı. İndi başqa bir dövrdür. Artıq müstəqil dövlət kimi müstəqil filmlərimizi çəkirik. Daha bizə kənardan müdaxilələr olunmur. Heç bir təzyiq altında qalmırıq. Cənab prezidentimizin dəstəyi ilə seriallar çəkilir ki, bu serialları çəkən rejissorların əksəriyyəti gənc rejissorlardır. Sözsüz ki, müəyyən olan nöqsanlar zaman-zaman aradan qalxacaq gənc rejissorlarımız peşəkarlıqla tələb olunan filmləri çəkəcəklər.

-Sizcə, indiKişi sözüfilminin ikinci variantı çəkilsə siz bu filmdə yenidən eyni obrazı yaratsanız, film əvvəlki kimi sevilə bilərmi?

- Onu heç kim deyə bilməz. O zaman film çəkiləndə mən artıq universiteti bitirmişdim. Sumqayıt Dövlət Dram Teatrının aktyoru idim. Sənubər xanım da universitetdə oxuyurdu. Filmə bizi çəkdilər film uğurlu alındı. O vaxtdan 25 il keçməyinə baxmayaraq, bu gün tamaşaçılar bu filmə sevə-sevə baxırlar. O ki qaldı, bundan sonra ikinci hissə çəkilsə, sözsüz ki, onu biz oynaya bilmərik. Çünki hər ikimizdə yaşa dolmuşuq. O zaman mən cavan idim 34 yaşım var idi, Sənubər xanım səhv etmirəmsə, İncəsənət Universitetinin 2 kurs tələbəsi idi. Əgər o film çəkilsə başqa cür olacaq. Bizdən yaxşı ola bilər, amma ilk film kimi ola bilməz.

- Belə desək, sizin yaşadığınız gənclik dövrü ilə bu günün gənclik dövrü arasında böyük fərq var...

- Əlbəttə ki, istər düşüncə tərzində, istər pisixologiyada, həyata baxışda böyük dəyişikliklər var. Mən indi həyata cavanlıq dövrümdə baxdığım kimi baxmıram. Şübhəsiz ki, burada təcrübə böyük şərtdir. İndiki dövrdə çəkildiyim filmlərə gənclik dövrümdəki kimi yanaşmıram. Bu məsələlərə artıq peşəkar kimi yanaşıram. Çalışdığım zaman daha təcrübəli daha da peşəkar ortaya çıxartmaq istəyirəm. Fərq ondadır ki, mən indiki filmlərə gənc yaşlarımda baxdığım kimi baxmıram. ƏgərKişi sözübir çəkilsəydi, mən onu artıq tam başqa cür oynayardım. Bu günün ruhuna ən əsas bu günün tələblərinə uyğun oynayardım. Bu, bizdən asılı deyil. Çünki zaman dəyişib. Həm tamaşaçıların filmlərə baxışı dəyişib, həm aktyorların oyun tərzi dəyişib. Nəyə görə? Ona görə ki, biz bu gün tamaşaçıların tələbatını ödəməyə çalışmalıyıq. İndiki tamaşaçıların tələbatını ödəmək çox çətin məsələdir. Bu gün isə peşəkar olmaq daha asandır. Xaricdə təhsil kursları, maliyyə imkanları, müasir texnikanın olması kifayət edir ki, yaxşı rejissor potensialının inkişaf etməsi üçün şərait yaransın. Bizə ancaq keyfiyyətli filmin çəkilməsi qalır.

-Bəs teatrın bugünkü vəziyyəti necədir? Əvvəlki tamaşaçıları bu gün tamaşa salonunda görə bilirsinizmi?

- Bəli. Son vaxtlar tamaşaçının teatra münasibəti tamam dəyişib. İndi daha məhəbbətlə tamaşaçılar teatra gəlirlər. Bu da görünür, bizim işimizlə əlaqədardır. Əvvəl, onu qeyd edim ki, İsrafil İsrafilov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin olunandan sonra teatrda böyük dəyişikliklər oldu. Əlbəttə ki, yaxşılığa doğru. İsrafil müəllimin birinci ən böyük uğuru o oldu ki, teatrda dəmir nizam-intizam yaratdı. İndi heç bir aktyor işə, məşqə, tamaşaya gecikmir. Əvvəllər olurdu ki, bəzi aktyor heyəti qayda-qanunlarından uzaq idi. Lakin indi belə bir şey yoxdur. Hamı bu teatrda bərabərhüquqlu aktyordur. Fərqi yoxdur ki, Xalq artisti olsun ya sıravi aktyor olsun.

Bir nüansı da qeyd edim ki, indiki tamaşalarda Xalq artisti kütləvi səhnəyə çıxır. Şəxsən misal gətirə bilərəm, “Qadın məhəbbətitamaşasında mən Hacı İsmayılov kütləvi səhnəyə çıxırıq, eyni zamanda əsas rolları da oynayırıq. Bir tamaşada kütləvi səhnəyə çıxırıq, o biri tamaşada əsas rolların birini oynayırıq əlbəttə ki, dublyorla bir-birimizi əvəz edirik. Məsələn, bu gün tamaşada mən kütləvi səhnəyə çıxıramsa, mənim dublyorum əsas rolu oynayır. O biri tamaşada əsas rolu mən oynayıramsa, dublyorum kütləvi səhnəyə çıxır. Yəni burada bütün aktyorlar bərabərhüquqludur.

Teatr repertuarında da böyük dəyişikliklər var. Əvvəllər tamaşa səhnəyə qoyulanda uzun zaman çərçivəsində-4, 5, 6 aya hazırlanırdı. Lakin indi belə deyil. Maksimum 2 aya bir tamaşa təhvil verilməlidir. Buna da nail oluruq. Ona görə bizim teatrda hər ay yeni tamaşalar səhnəyə qoyulur. Zalda da əyləşən tamaşaçının seyr etdiyi tamaşaya qarşı sevgisini məhəbbətini görürük. Əlbəttə ki, yeni tamaşaçılar da artıq teatra gəlməyə başlayıblar. Mən belə düşünürəm ki, bu, İsrafil İsrafilov başda olmaqla, bütün teatr işçilərinin gərgin uğurlu zəhməti nəticəsində baş tutur.

- Bu gün teatr tamaşası üçün yazılan əsərlərin mövzusu, sizcə, müasir tamaşaçı auditoriyasının zövqünə uyğundurmu?

- Məsələ burasındadır ki, teatrda bu məsələləri həll etmirik. Bu məsələlərə qarışmırıq. Ona görə ki, aktyor əsər götürmür. Burada ancaq əmr verilir, rejissor rol bölgüsü edir, hansı rolu hansı aktyora veribsə, aktyor o rolu oynamalıdır. Bu, belədir. Tamaşanın mövzusu onun xoşuna gəldi, gəlmədi fərqi yoxdur, teatrın daxili qanunlarına görə o, rolu oynamalıdır. Amma mən bir aktyor kimi repertuara nəzər salanda görürəm ki, seçilən əsərlər dünyada tanınmış, xarici klassik əsərlərdir. Azərbaycan klassik əsərlərinə yer verilir. Yəni repertuarımızda hər dövrə aid tamaşalar səhnəyə qoyulur. Tamaşaçılar da öz növbəsində zövqlərinə uyğun tamaşanı seçib, izləmək üçün teatra gəlirlər. Bir sözlə, səhnəyə qoyulan tamaşaların mövzusu məni qane edir...

- Əjdər Həmidov səhnə həyatında arzuladığı rolları oynayıbmı?

- Arzular çoxdur. Ömrümüzün axırına qədər arzu edəcəyik. İstər 70 yaşında olsun, istərsə 80 yaşında. Şübhəsiz, arzular da tükənməzdir. Elə həmişə arzu edəcəksən ki, hansısa rolu oynayasan. Əjdər Həmidov da istədiyi rolları oynayıb Allah qoysa, hələ oynayacaq. Əsas da odur. Çünki səhnədə rol alıb oynamağa hələ gücüm var.

 

 

Xəyalə GÜNƏŞ

 

Palitra.-2013.-14 may.-S.13.