Sağlam cəmiyyət mövzusu elmi-kulturoloji müstəvidə

 

Müasir qloballaşan dünyada sağlam cəmiyyət problemi bu və ya digər şəkildə hər zaman elmin və fəlsəfi düşüncənin ən aktual məsələsi hesab edilib və hazırda da bu məsələ olduqca aktualdır. Bəs bu məsələyə hansı yanaşmalar var? Sağlam cəmiyyət probleminin mahiyyəti nədən ibarətdir?

Sosial fikrin fundamental fəlsəfi problemi olan sağlam cəmiyyət məsələsi XX əsrdən başlayaraq öz aktuallığını daha da artırıb. Problemin aktuallığı onunla izah olunur ki, indi bütünlüklə bəşəriyyət dərin iqtisadi və ruhi böhran keçirir. Hər kəs cəmiyyətin sağlamlaşdırılmasından, sağlam cəmiyyətdən danışır. Bunun səbəbi kimi müxtəlif nəzəriyyələr, ideyalar meydana çıxır. Lakin unudulur ki, müasir zamanda sağlam cəmiyyətə gedən yolun qarşısını kəsən məhz insanın özüdür. İndiki dövrdə antihumanizm inkar edilsə və heç bir cəmiyyət forması onu qəbul etməsə də, əslində antihumanizm humanizmdən daha qabarıq gözə çarpır. Bu baxımdan bir sıra ekspertlər müasir Qərbin sosial-fəlsəfi problemlərinin qoyuluşu və həlli metodologiyasını nəzərdən keçirdikdə göstərməyə çalışırlar ki, filosoflar əsrin bu böhranlı vəziyyətinə, sanki “pozulmuş” cəmiyyətin sağlamlaşdırılmasına diqqət ayırırlar. Bu barədə bizə fikirlərini bildirən AMEA-nın aspirantı F.Xudanlı deyir ki, hələ XX əsrin əvvəllərində cəmiyyətin “tənqidi nəzəriyyəsi”ndə müasir sivilizasiyanın, mədəniyyətin qüsurlarını göstərən, bəzən müəyyən proqnozlar verən filosoflar yeni sivilizasiyaya keçid haqqında təsəvvürlərini elmi ictimaiyyətə çatdırırdılar: “Onlar anlayırdılar ki, antihumanist qüvvələrin total hökmranlığının son nəticəsi fəlakətdir”. Qeyd edək ki, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov da özünün “Şərq və Qərb: ortaq ideala doğru” kitabında bu məsələyə belə yanaşır: “Qərbin daxili mənəvi potensialı tükənmək üzrədir və bəşəriyyət yeni ruhi səviyyəsinə yüksəlməsə, böyük böhranla üzləşə bilər.” F.Xudanlı isə qeyd edir ki, indi bəşəriyyət daha cılız, yalançı ideyalar üzərində qurulur və bu ideyaların da kökündə humanizm deyil, antihumanizm yatır: “Qəribə burasındadır ki, bu antihumanist qüvvələr humanizmdən danışır, ancaq onun heç bir parametrlərinə sığmayan əməli fəaliyyət göstərirlər. Öz fəaliyyətlərini ona əsaslanaraq yerinə yetirirlər”.

Bu gün artıq dünya ikiqütblükdən çoxqütblüyə doğru gedir, yeni güc mərkəzləri yaranır. Şərq sivilizasiyası özünün əvvəlki qüdrətini qaytarmağa cəhd edir: “Qərb sivilizasiyası isə düşüncələrə hakim kəsilməklə bütün dünyaya sahib olmaq niyyətindədir və bu niyyət zəif, məsum insanların həyatları bahasına başa gəlir. İnsanlar hər gün aclıqdan, səfalətdən, yeni yaranan müharibə ocaqlarının törətdiyi dəhşətlərdən əziyyət çəkir. Dünyanı idarə olunan xaos bürüyür, bunu nə vaxta qədər idarə edə biləcəkləri isə məlum deyil. Belə bir şəraitdə terrorizm, separatizm, digər dövlətlərin ərazilərinə qeyri-qanuni müdaxilələr, mafioz qüvvələrin hakimiyyətə can atması və sair meyillər artmağa başlayır. Sovet İttifaqınıın dağılması yeni, elə qlobal iqtisadi, siyasi-ictimai və digər sosial mədəni problemləri meydana gətirdi ki, əvvəllər bu kimi məsələlər tamamilə başqa formada təzahür edirdi. Bu, yeni situasiyanın yaranmasına səbəb oldu. Yeni yaranan situasiya isə ona yeni yanaşma üsulu, metodu, nəzəriyyələr tələb edir. Yaranan nəzəriyyələr isə problemi göstərir, lakin ya onu həll etmək iqtidarında deyil, ya da praktik həlletmə üsullarına malik deyillər. Qloballaşan dünyada Qərb sivilizasiyasının hökmranlığı anında getdikcə insanın mahiyyətinin, onun ruhunun daha çox sıxılması, humanizm və ədalət prinsipinin unudularaq ikili standartlarla əvəzlənməsi onun süqutunu sanki yaxınlaşdırmağa cəhd edir. Buradan belə bir nəticə çıxartmaq olar ki, həqiqətən də, XXI əsrin əvvəllərində müasir hegemon Qərb sivilizasiyası dərin daxili böhran keçirməkdədir”.

Müasir qloballaşmada bir çox dəyərlər unudularaq, yeknəsək dəyərlərlə əvəzlənməyə başlayır. Yüksək inkişaf etmiş mədəniyyətlərin getdikcə, iqtisadi, sosial-mədəni və elm sahəsində zəif inkişaf etmiş, dövrün aurasından geri qalmış, onun ruhunu mənimsəyə bilməyən, öz “milli Məni”ni arxa plana atan mədəniyyətləri yediyi zəmanədə biz hansı yolu tutmalıyıq ki, varlığımızı qoruyub saxlaya, sağlam cəmiyyətimizi qura bilək? Bu, zamanın sualıdır: “Qlobal transformasiyaların təsiri ölkəmizdə də hiss edilməkdədir, lakin Azərbaycanda bu proses bir qədər başqa formada cərəyan edir. Xalqımızın öz milli dəyərlərinə getdikcə daha çox önəm verməsi, azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi, çoxmillətli ölkə kimi burada vahid ideologiya ətrafında birləşərək millətlərin qarşılıqlı anlaşma, dialoq şəraitində birgəyaşayışı, yüksək insani dəyərlərə, humanizm və tolerantlığa sadiqliyi qloballaşma prosesləri fonunda olduqca müsbət haldır. Lakin bütün bunlarla yanaşı, problemlər, cəmiyyətimizdə mövcud olan nöqsanların aradan qaldırılması üçün bizlərin daha çox çalışmasına ehtiyac duyulur. Heç kəsə sirr deyil ki, Azərbaycanın iqtisadi inkişafını bütün dünya qəbul edir. Bu baxımdan ölkəmizin bütün sahələrdə tərəqqisi bizi işlərimizə daha məsuliyyətlə yanaşmağa, dövlətimizin daha da sürətlə inkişafı, sağlam cəmiyyətin qurulması naminə hər bir Azərbaycan vətəndaşı öz məsuliyyətini dərk etməli, öz işi ilə dövlətimizin bu istiqamətdə apardığı siyasətə dəstək olmalıdır. Xüsusilə, elm adamları, ziyalılar iqtisadi, sosial-mədəni inkişafın alt qatını təşkil edən elmin bu istiqamətdə canlanmasına yardımçı olmalıdır. Ölkənin inkişafı, sağlam cəmiyyətin qurulması yalnız dövlətin işi deyil, eyni zamanda elm adamları, ziyalılar şəxsi təşəbbüskarlığı ilə ona nail olmanın yollarını axtarmalıdır. Dövlətimiz bu sahədə ciddi addımlar atmış və atmaqdadır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiq edilib ki, bu da söylədiklərimizin bariz nümunəsidir.

Artıq Azərbaycan regionda lider ölkəyə çevrilib. Lakin indi zaman o zamandır ki, elmi potensialımızdan maksimum bəhrələnməli, elm, texnika və elmin bütün istiqamətlərində inkişafa nail olmalıyıq. Prezident İlham Əliyevin sözləri ilə desək, “nə təbii sərvətlər, nə də ki coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə çevirir.” Prezident demək olar, bütün çıxışlarında bu nüansı xüsusi qeyd edir. Elə bu səbəbdəndir ki, son zamanlar bütün elm sahələrində yaradıcı mühitin aktivləşməsi və proseslərin sürətlənməsi müşayiət olunur. Xüsusilə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müxtəlif proqram və tənqidi xarakterli çıxış və məqalələrinin elmi aktivliyin saxlanılmasında rolu danılmazdır. Qeyd etmək yerinə düşərdi ki, onun “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsində sosial elmlərin rolunun cəmiyyətimiz üçün nə qədər önəmli olması xüsusi vurğulanır. Orada qeyd edilir: “Bu gün hamımız üçün danılmaz həqiqətdir ki, cəmiyyətimizin uğurlu inkişafı naminə qəbul olunan siyasi qərarların dürüstlüyünü təmin edərkən biz, əsasən, üç istiqamət üzrə elmi tədqiqatların nəticələrinə arxalanmalıyıq: sosial-siyasi elmlər sahəsində, o cümlədən politologiya, sosiologiya və iqtisadi elmlər; fəlsəfə, psixologiya və informasiya-kommunikasiya istiqamətləri; dövlət idarəçiliyi nəzəriyyəsi, menecment və digər sahələr”. Bizim burada sosial elmlərin rolunu heç də şişirtmək niyyətimiz yoxdur, digər elm sahələri də ən azı onun qədər mühüm əhəmiyyətə malikdir. Lakin sosial elmlər, mədəniyyət sahələri birbaşa cəmiyyəti, insanı, onlar arasındakı münasibətləri öyrəndiyindən, cəmiyyətin ictimai-psixoloji, sosial-siyasi tərəflərinə diqqət yetirdiyindən sivilizasiyanın ruhunu duymaq, onu anlamaq baxımından daha gərəklidir. Elm və texnikanın yüksək inkişaf etdiyi, əsrin sürətli informasiya əsri olduğunu nəzərə alsaq, hadisələrin ardıcıllığını müəyənləşdirmək o qədər də asan başa gəlmir. RİTN naziri Əli Abbasov “Azərbaycan” qəzetinin 03.11.2009-cu il tarixli məqaləsində qeyd edir: “Cəmiyyətin və dövlətin innovasiyalara olan kütləvi və kəskin tələbatı bu gün bir fakt olaraq qalmaqdadır. İctimai yeniləşmə zərurətindən qaynaqlanan bu tələbat çoxşaxəli və çoxsəviyyəlidir. İnnovasion tələbat yeni iqtisadi üsul və formalardan tutmuş yeni sosial təşkilatlanma və idarəetmə məsələlərinə qədər problemləri əhatə edir”. Bir dövlət, cəmiyyət olaraq biz hadisələrə həm zamanında, həm də adekvat cavab vermə imkanına malik olmalıyıq ki, nə hadisələrin özündən, nə də proseslərdən kənarda qalmayaq. Təbii olaraq bu zaman bizim köməyimizə sosial elmlərin - fəlsəfənin, sosiologiyanın, politologiyanın, iqtisadi nəzəriyyənin və eyni zamanda sosial psixologiyanın yalnız indiki nəzəri bilikləri deyil, sosial proqnozlaşdırmanın ən yüksək tətbiq edildiyi, yeni nəzəri-praktiki ideyalara ehtiyacımız var ki, sağlam cəmiyyətimizi daha möhkəm dayaqlar üzərində qurdamağa nail olaq. Məsələ orasındadır ki, bəzən bizlər keçmiş ənənələri unudur, müasir olmaq üçün sanki “müasir” oluruq. Sələflərimizin qoyduğu yükü daşımaq iqtidarından uzaqda qalırıq. Bu yükü bir neçə intellektuallar çəkir ki, orta gənc nəsil sanki bu yükün altında qalmaqdan qorxaraq kənar gəzir və ya onu daşımaq gücü yoxdur. Bunun obyektiv və subyektiv səbəbləri vardır. İndi bu yükü daşımalı olan qüvvələr məhz elə bir xaos dövrünün məhsulu olduğundan onlardan bəziləri bu psixoloji baryeri aşmağı baçarıb. Təbii, belə olan halda ümumi yükün böyük hissəsi yenə yuxarıda işarə edildiyi kimi intellektualların payına düşür. Onlar bir balaca kənara çəkilən kimi isə qeyri-elmi, “fövqəlqüvvələr” daha çox tüğyan edir, milli-mənəvi dəyərlərimizə yad olan ünsürlər, heç bir əxlaq kodeksinə sığmayan dəyərlər milli “Mən”imizə calaq edilir. Və əslində indiki bu çalxalanma zamanın tələbidir, biz nəzərə almalıyıq ki, bu aktivlik daxilə yönəlmiş bir canlanma deyil, bu həm də bizdən tələb edir ki, digər mədəniyyətlərə, qlobal elm məkanına daxil olaq. Bu yalnız bir təkandır ki, burada da humanitar, sosial-siyasi elmlərin rolu xüsusi çəkiyə malikdir”.

Etiraf edilməlidir ki, azərbaycanlı alimlər üçün cəmiyyəti öyrənən elmlərin digər elmlərə nisbətən dil baryeri də kifayət qədər ciddi problem hesab olunmalıdır: “Bizlərin üzərinə düşən bu problem çox ciddi məsələdir və onun həll edilməsi biz gəncləri daim narahat etməlidir. Qərb soial-fəlsəfi nəzəriyyələrinin, təhsil sisteminin və digər texnologiyaların ölkəmizdə tam oturuşmasına, ən mükəmməl nəzəriyyələrin yerli şəraitə uyğun formada tətbiqinə nail olmalıyıq. Bunun üçün bu cür gənclərin xaricdə təhsil alması ilə yanaşı, müəyyən biliyə, təhsilə, intellektual səviyyəyə malik olanların praktik-elmi problemlərin həll edilməsində, həmçinin müəyyən kurslar keçmələrinə dəstək olmaqla nail olmaq olar”.

Bununla belə, gənc alim düşünür ki, hər zaman özümüzə tənqidi yanaşmalı, daha mükəmmələ çatmaq üçün çalışmalı, gənc nəsillə yaşlı nəsil arasında uçurum deyil, körpü salınmalıdır. Çünki gənclər məhz onların elmi nailiyyətlərindən və təcrübəsindən bəhrələnə bilməklə özlərini təkmilləşdirə bilərlər.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2013.-14 may.-S.11.