Azərbaycan xalq inancları və kiçik janrlar

 

Folklorumuzun kiçik janrları son illərdə geniş şəkildə toplanılıb nəşr edilib, onlar haqqında bir sıra dəyərli mülahizələr irəli sürülüb. Bütün bunlarla yanaşı, kiçik janrın folklor yaradıcılığında yeri və funksiyası, onun başqa janrlarla əlaqəsi demək olar ki, hələ öyrənilməyib. Bu janrların inanc, etiqad və mərasimlərlə bağlılığı, onlarla qarşılıqlı əlaqələri də kifayət qədər araşdırılmayıb, ümumilikdə janr sistemində onların törəmə formaları, janrlaşma səviyyəsi lazımınca müəyyənləşdirilməyib.

Bütün bu məsələlərə aydınlıq gətirmək baxımından müəllif, filologiya üzrə fəlsəfə doktoru Sevda İmanovanın “Azərbaycan xalq inancları və kiçik janrlar” kitabı öz aktuallığı ilə diqqəti cəlb edir. Kitabda kiçik janr problemi çox geniş ölçüdə götürülüb, araşdırmaya cəlb edilib. Öncə Sevda İmanova Azərbaycan folklorunun janr sistemində kiçik janrların yerini müəyyənləşdirməyə çalışıb. Bu məqsədlə o, bu janrların inanclar, deyimlər və mərasimlərlə qarşılıqlı əlaqəsini aydınlaşdırmağa çalışıb. Burada müəllif zəngin folklor materialını, elmi araşdırmaları nəzərdən keçirib, maraqlı müşahidələr aparıb, kiçik janrların yaranmasındakı qarşılıqlı əlaqələri kifayət qədər əsaslandıra bilib. Kitabın ikinci hissəsində isə bu janrların toplanma, nəşr və tədqiq məsələləri sistemli halda təhlil olunur. Müəllifin burada da problemə ciddi münasibəti özünü göstərir. S.İmanova kiçik janrların toplanma, nəşr və tədqiqi məsələlərini folklorşünaslığın ümumi məsələləri, xüsusilə mərasim folklorunun tədqiqi ilə vəhdətdə götürür və janrın inkişafının xronologiyasını müəyyənləşdirməyə çalışır. Həm də müəllif kiçik janrlarla bağlı toplama və tədqiqat işlərini tək Azərbaycanla məhdudlaşdırmır, Rusiyada, Avropada, xüsusilə Türkiyədə aparılan tədqiqatlara müraciət edir, yeri gəldikcə həmin tədqiqatlarda qoyulan bəzi mülahizələrə janrın ümumtürk kontekstindən çıxış edərək münasibət bildirir. Bütün bunlar isə müəllifin mütaliə çevrəsinin geniş olduğunu ortaya qoyur.

Kitabın sonuncu hissəsi həm əhatə etdiyi materialın genişliyi, həm də nəzəri təhlilin dərinliyi ilə seçilir. S.İmanova burada 20-dən artıq kiçik janr nümunəsini geniş araşdırmaya cəlb edir. Müəllif hər bir kiçik janrın özünəməxsus funksiyasını, janr xüsusiyyətini, inanc və etiqadlarla qarşılıqlı əlaqəsini şərh edir, onların folklordakı sıra düzümünü müəyyən edir.

Müəllif bütün təhlillərində folklorşünaslığın nəzəri əsaslarına söykənir, ayrı-ayrı problemlərin şərhində yeri gəldikcə maraqlı diskussiyalara cəhd göstərir, mülahizələrini faktlarla əsaslandırır. S.İmanova mövzuya ciddi yanaşıb, zəngin nəzəri və praktiki materialları öyrənməklə kiçik janrlar barədə dəyərli tədqiqat işi aparıb.

Məlum olduğu kimi, hər bir xalqın şifahi ədəbiyyatının özünəməxsus janr sistemi var. Yazılı ədəbiyyat kimi, növlərə və ya üslublara ayrılan şifahi ədəbiyyat eyni zamanda müvafiq şəkildə janrlara bölünür. Dünya xalqlarının şifahi ədəbiyyatının janr müxtəlifliyinin öyrənilməsi folklorşünaslığın diqqət mərkəzində dayanan vacib məsələlərdən biridir. Ona görə də uzun müddətdən bəridir ki, istər rus, istərsə də Avropa folklorşünaslığında bu məsələ diqqətdən yayınmır, problemin öyrənilməsi ilə ardıcıl olaraq görkəmli folklorşünaslar məşğul olurlar. Janr probleminin öyrənilməsi həm də müxtəlif istiqamətliliyi ilə diqqəti cəlb edir. Bəzi tədqiqatçılar poetika məsələlərini araşdırarkən ayrı-ayrı folklor janrlarına istinad etmək yolu ilə məsələnin şərhinə cəhd göstərir, başqaları hər hansı janrın özündən təzə janrın törəməsi və onların qarşılıqlı əlaqə və təsir problemini tədqiqat obyekti olaraq seçirlər.

Bundan əlavə, janr məsələləri, onların təsnifi, şifahi yaradıcılıqda janr, onun özünəməxsusluğu V.Y.Proppun, D.S.Zixaçovun, N.İ.Kravtsovun, S.Baranovun və başqalarının tədqiqatlarında janr problemləri, onların yaranması, spesifik xüsusiyyətləri barədə irəli sürülən mülahizələr folklorşünaslıqda geniş şəkildə qəbul edilməyib. S.İvanova bu barədə kitabında yazır: “Sonralar N.İ.Kravtsov yazırdı ki, sovet dövrü folklorşünaslığına qədər S.Vasilevski kimi İ.P.Saranoviçin, N.F.Sumyovun, Vladimirovun və sairlərinin janr özünəməxsusluqları ilə mülahizələri janr sistemi ilə bağlı vahid nəzəri fikri əsaslandıra bilmədilər. Bu işi yalnız V.S.Çiçerovun xidmətləri sayəsində müəyyən qədər yerinə yetirmək mümkün oldu. Bütün bunlarla yanaşı, rus folklorşünaslığında eyni zamanda janr sistemində kiçik janrların yeri mübahisəli olaraq qalmaqda idi. Müəyyən qisim araşdırıcılar bu nümunələri növlərarası bölgülərə daxil edir, başqa qrup tədqiqatçılar isə atalar sözü və məsəllər, tapmacalar daxil olmaqla bütün kiçik paremik vahidləri kiçik janr adı altında cəmləşdirirdilər.

Araşdırmalar göstərir ki, janr problemi, ümumiyyətlə, folklorşünaslıqda mühüm nəzəri məsələlərdən biri olub, müxtəlif tədqiqatçılar tərəfindən araşdırılıb və bununla bağlı olaraq çox müxtəlif qənaətlər əldə edilib. Belə ki, janrlar arasında əlaqənin müxtəlif formaları mövcuddur. Onlar içərisində tematik, struktur, tarixi əlaqə xüsusiyyətləri ilə bağlı formalar daha geniş tədqiq edilib. Bütün bunlardan əlavə janrlararası və janrlardaxili əlaqələr də mövcuddur. Burada da bir janrdan başqa bir janrın törəməsi, janrın daxili strukturunun bölünməsi və parçalanması yolu ilə yeni janrın törəməsi prosesi baş verib”.

Müəllif bildirir ki, Avropa və dünya xalqlarının şifahi yaradıcılığı üçün ənənəvi olan bu mühüm yaradıcılıq prosesi folklor janrlarının yaranması və yayılmasının başlıca prinsipi kimi diqqəti cəlb edir: “C.Kökcaranın yazdığı kimi, bu yaradıcılıq prosesi mərasim düşüncəsi ilə bağlı yaranan kiçik janrlardan başlayıb daha geniş, etik-əxlaq çalarlarını əhatə edən eposlarda tamamlanır”.

Müəllif qeyd edir ki, bütün başqa xalqlarda olduğu kimi, Azərbaycan folklorunda da kiçik janrların özünəməxsus yeri və tutumu var: “Toplanma, nəşr və və tədqiq etibarilə çoxsaylı mülahizələr meydana çıxaran kiçik janrlar bizim şifahi ədəbiyatımızda başqa xalqlarda olduğundan daha zəngindir. Əslində Azərbaycanda xalq ədəbiyyatının yaranma və inkişafı kiçik janrlardan başlanıb. Bizə gəlib çatan mərasim və uşaq folklorunda, ayrı-ayrı xalq deyimlərində adi danışıq nitqində geniş yayılan bu nümunələr uzun illər bizdə kiçik janr qəlibində deyil, atalar sözü və məsəl, tapmaca, öyüd-nəsihət, ədəb qaydaları, qonaq qarşılama, qonağa hörmət və sair kimi etnoqrafik həyat detalları kimi öyrənilib. Bir sıra hallarda isə onlar sırf etnoqrafik material hesab edilib. Etnoqrafik materiallar kimi onların tədqiqatlara sonralar da cəlb edilməsi əslində nümunələrin folklor janrı kimi ölçü və qütblərini öyrənmək imkanını məhdudlaşdırır. Uzun illər həmin nümunələr Azərbaycan folklorunun janr sisteminə daxil edilməyib. Hətta 70-ci illərin əvvəllərində Azərbaycanda aparılan iri həcmli tədqiqat araşdırmalarında onlar folklorumuzun janr sisteminə daxil edilməyib. Yalnız janr sistemində yeri gələ dürüstləşdirilməyən atalar sözü və məsəllər, tapmacalar və sair istisna olmaqla, başqa kiçik janrlar barədə hətta qısaca məlumat belə, verilməyib. Bu ənənə sonrakı illərdə də uzun müddət davam etdirilib. Amma bütün bunlara baxmayaraq, Azərbaycan folklorunun janr sistemində kiçik janrların yeri əvəzedilməz olduğu kimi, sonrakı dövrlərdə ağız ədəbiyyatı inkişaf etdikcə, həmin janrların sayı daha da artıb. Məsələn, buna aid olaraq “Kitabi-Dədə Qorqud” dastanında bu janrların silsilə nümunələrini, şəkillərinin, formalarını görürük”.

Aparılan tədqiqatlar göstərir ki, şifahi ədəbiyyatımızın ən qədim nümunəsi olan bu eposda onlarla etnoqrafik həyatla bağlı, adət-ənənə, mərasim düşüncəsi ilə əlaqələri, eləcə də digər mənəvi-əxlaqi dəyərlərə söykənən paremik vahidlər mövcuddur: “Bundan əlavə, burada alqış, qarğış, and, inanc, ağı, dua və başqa kiçik janr nümunələri də var”.

Mütəxəssis S.İmanova onu da qeyd edir ki, xalqın işlək dilində işlənən, illərdən bəri müstəqil kiçik janr statusunda yaşayan əfsun, fal, yalan, cadu, yalvarış, öyüd, tərif, şər, şayiə, başsağlığı, əhd-peyman, təsəlli, etnopsixoloji düşüncə ilə bağlı silsilə janr nümunələri mövcuddur ki, onlar Azərbaycan folklorunda müstəqil janr kimi xüsusiyyətlərə malikdir.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2013.-16 may.-S.11.