“Axı niyə ofislərdə, bahalı salonlarda rəsm əsərləri yerinə xalça asılmasın?”
“Azərxalça”da
yeni texnologiyalar tətbiq
edilməli, yalnız xovlu deyil,
bütün növ və
formalarda xalçalar
toxunmalıdır”
Layihə
çərçivəsində müsahibimiz Azərbaycan Mədəniyyət
Fondunun təqaüdçüsü, Rəssamlar
İttifaqında “Dekorativ tətbiqi sənət” bölməsinin
sədri, Əməkdar rəssam Aydın Rəcəbovdur:
-1944-cü
ildə Bakı şəhərində anadan olmuşam. Rəssamlığa
həvəsim elə uşaqlıqdan başlayıb. Hara getsəim,
qələm axtarırdım. Xoşuma gələn nələr
vardısa, hamısının rəsmlərini çəkərdim.
İlk müəllimim Nadir Axundov olub. Onun rəhbərlik
etdiyi rəsm kursuna yazılanda səhv etmirəmsə,
4-cü sinifdə oxuyurdum. Çox gözəl müəllim
idi, amma sonra hiss etdim ki, bu, mənə azlıq edir. İkinci
ustad tapdım özümə. İkisinin də biliyindən
yararlanmağa çalışdım. 1966-cı ildə Ə.Əzimzadə
adına Rəssamlıq məktəbini bitirib, M.Əliyev
adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rəssamlıq fakültəsinə daxil oldum. Əvvəllər
rəngkarlıqla məşğul olmuşam, amma indi emalatxanada
bu səpkili heç bir əsərim yoxdur. Mənim xalça
sənəti, onun incəlikləri, əsrarəngiz
dünyası ilə tanışlığım İncəsənət
İnstitutunda olub. Böyük ustad Lətif Kərimovun sayəsində
mən bu sənətə vuruldum. O, xalçalardan elə
ürəklə danışırdı ki, bu sənətə
biganə qalmaq, göz yummaq mümkün deyildi. Ona görə
diplom işimi xalça kompozisiyası üzərində
qurmuşdum. Hazırlıq prosesində tez-tez Lətif müəllimlə
görüşüb, məsləhətləşirdim. Ondan
Azərbaycanın rəng koloritinin, xalçaların hansı
rənglərdə toxunmağını öyrənirdim.
Diplomda beş - dördü xurcun (ikisi xovlu, biri zili, palaz tipli
toxunuş), biri “Bahar” adlı ornamental xalça işlədim.
Həmin xalçayla 1972-ci ildə respublika sərgisində
iştirak etdim, çox bəyənildi və məni
ümümittifaq sərgisinə dəvət etdilər.
Xalçalarımı burada nümayişə qoymuram, amma əksəriyyəti
burdadır. Büküb bir kənara yığmışam.
- Son işlərinizlə
bağlı nə deyərdiniz?
- Ən
son işlərimdən biri hələ ki, xalça halında
deyil, rəsmidir. Qobustan qayalarındakı rəsmərdən
istifadə edərək xalça üzərində bəzi
süjetli kompozisiya yaratmaq istəyirəm. Bu əsərimdə
Oğuz xan ortada, sağ-solunda iki həyat yoldaşı,
aşağıda oğlanları və damğalar, kodlar əksini
tapır. Niyə belə əsərlər olmasın
xalça üzərində? Məncə, olmalıdır. Belə
əsərlər düşünməyə vadar edir
insanı. Bilmirəm, Azərbaycanda necə qarşılanacaq,
amma bu işin eskizini ötən aylarda Fransada Rəssamlar
İttifaqının təşkil etdiyi dekorativ-tətbiqi sənət
sərgisində xaricilərə göstərdim. Çox
maraqla qarşıladılar. Əsərin izahatını istəyirdilər,
mən də məmnuniyyətlə danışırdım.
Heç bir xalça məktəbinin qaydalarıyla işləmirəm.
Hətta sizə deyim, artıq neçə illərdir ki,
ornamental xalçalar işləmirəm. Onu hamı edir. Mən
daha çox müəllif xalçalarına
üstünlük verirəm. “Süvari dərviş”, “Günəş
gəzdirən dəvə”, “Dünya ağacı, yaxud badam
ağacı” əsərlərim hamısı fəlsəfi
yük daşıyır. Əvvəllər bu sənətlə
sadəcə, maraq üçün məşğul olurdum.
Amma işə bələd olduqca bu sənətə daha
çox bağlandım. Xalçaçı-rəssam olmaq
istəyən adam çox oxumalıdır, bilməlidir.
Güclü intellektual bazası olmalıdır. Kim deyirsə
ki, yatdım-durdum, belə bir əsər yaratmaq istədim, mən
inanmıram. Bir xalçaya quruluş vermək
üçün əziyyət çəkmək
lazımdır. Hamısı zaman, bilik, ümumi fikri ifadə
etmə bacarığı istəyir insandan. Günlərlə,
aylarla eskizləri qururuq, xırda-xırda rəsmlərini
çəkirik və inanın ki, gözün nuru gedir. Hər
bir əsərimi ondan öncəki əsərimdən daha
gözəl, kamil eləməyə çalışıram.
Mən xalçaya əsər kimi baxıram. Ona görə
xalçaların yerdə sərilməyini heç cür
başa düşə bilmirəm. Axı niyə ofislərdə,
bahalı salonlarda rəsm əsərləri yerinə
xalça asılmasın? Xalçaları həmişə
divarda görmək istəyirəm. Əgər nənələrimiz
xalçaları yerə sərmək üçün
toxuyubsa, rəssamlar divardan asılmalı olan sənət
nümunəsi kimi yaradırlar. Nənələrin
toxuduqları xalçalar saf, təmiz, məişət
xalçalarıdır. Mən nənələrimizə
çox böyük hörmətlə yanaşıram.
Onların əllərindən öpürəm və çox
təəssüf edirəm ki, biz həmin nənələri
artıq itirmişik. O nənələr özləriylə də
bu sənəti apardılar. İndi hamı xovlu xalça
toxuyur. Nə zili, nə sumaq, nə də vərni toxuyan nənələr
tapmaq mümkün deyil. Bu gün kəndlərə gedib, o kəndin
özünəməxsus xalçasını xəbər
alsanız, toxumaqlarını istəsəniz, bilməyəcəklər,
bacarmayacaqlar. Bundan biz rəssamlar da çox əziyyət
çəkirik. Təsəvvür edin ki, sərgim
üçün zili, sumaq toxutdurmaq lazım gələndə,
onu bacaran xalçaçı tapa bilmədim. Bizim “Azərxalça”mız
var, orada yeni texnologiyalar tətbiq edilməli, yalnız xovlu
deyil, bütün növ və formalarda xalçalar
toxunmalıdır.
- Hazırda xalçaların
satışı ilə bağlı vəziyyət sizi qane edirmi?
- Bu
gün xalça sahəsində pərakəndəlik var.
Başqa tərəfdən də bazarımıza ayaq
açan Çindən, Pakistandan gələn xalça
adıyla satılan malların sayı-hesabı yoxdur.
Onların hamısı birinci yuyuluşa qədərdir.
Yuyandan sonra materialı korlanır, boyaları gedir.
Maraqlısı da bilirsiniz nədir? Hamısının üzərində
Azərbaycan çeşniləri var. Bu vasitəylə
xalqı aldadırlar. Həm də o məhsullar çox ucuz
satılır. Qiymət fərqinə diqqət yetirən
camaat, əlbəttə, üstünlüyü o
xalçalara verəcək. Mənim yaratdığım əsərlər
bazar üçün deyil. Mən sexdə işləyən rəssam
deyiləm ki, quruluş verdiyim xalçalar bazarda
satılsın. Mən yaradıcı adamamsa, işimə də
yaradıcı münasibət görmək istəyirəm.
Bütün xalçalarım öz fikirlərim,
ideyalarım, baxışlarım üzərində qurulub.
Heç olmasa, beş işimdən birini muzey almalıdır
ki, mən o pulla digər xalçaların
kompozisiyasını verə bilim. Ən vacibi isə onu
toxutdura bilim. Toxutdurma prosesi inanılmaz baha başa gələn
prosesdir.
Aərbaycan
Mədəniyyət Fondunun təqaüdçüsüyəm.
Oradan aldığım maliyyə sayəsində dolanıram,
bu sənəti yaşadıram. İnanın, indi heç kim
xalçaçı-rəssam olmaq istəmir. Gənclər
daha sərfəli sənətlə məşğul olmağa
meyillidirlər. O vaxt müəllimlər çox
güclü, tələbələr də sənətin
acı idilər. Hamımızın əlində qovluq, boya, qəzet
olurdu. Çünki əksər vaxt eskizlərimizi qəzetin
üzərində çəkərdik. Bu, rəssamlar
üçün çox maraqlı həyat tərzi idi.
- Sizin qalereyalarla işbirliyiniz necə
qurulub?
- Yox, qalereyalarda problemlər var. Onlara inanmıram. Əslində bizim işləri
muzeylər almalıdır.
İlk əsərim, diplom işim “Bahar” ümumittifaq sərgisində
nümayiş olunandan
sonra mənə Moskva sərgilərindən
sifarişlər gəlməyə
başladı. Müqavilələr bağlayıb, sifarişlərlə
işləyirdim. Bilirsiniz,
o vaxtlar burda gənclərə bir az qısqanclıqla
baxırdılar. Ona görə bir neçə il
yalnız Moskva üçün işlədim.
Qonorar yaxşı idi, buradakı sərgilərdə
iştirak etməyə
ehtiyac qalmırdı.
O vaxtlar həm də dizaynla məşğul olurdum. Bakı şəhər Tərtibat
İdarəsində aparıcı
qrupun rəhbəri idim. Şəhərin bütün tərtibat
işlərində iştirak
edirdim. Amma bütün yaradıcı
fəaliyyətimi xalça
üzərində qurmuşdum.
İndi bunu edən çox az adam var, onların da qədrini bilmək lazımdır. Hazırda Bakıda möhtəşəm
Xalça Muzeyi tikilir, çox sevinirəm, amma hesab edirəm ki, orda mənim
və mənimlə bərabər digər xalçaçı-rəssamların da əl işləri
olmalıdır. Hazırda orada
bütün qruplar üzrə xalçaların
təqdimatından sonra
müəllif xalçaları
nümayiş olunur.
Lətif Kərimov, Kamil Əliyev var, ancaq başqaları
da olmalıdır. Məncə,
boşluq olmamalıdır.
Aydın Rəcəbovun,
Eldar Mikayılzadənin,
Məmmədhüseyn Hüseynovun,
Lətifə Qarayevanın
müəllif xalçaları
da orada olmalıdır. Lətif Kərimovun da
miniatür xalçaları
var, mənim də. Hər müəllifin adından
o xalçaların təqdim
olunması pis ideyadır? Bununla muzeyə gələn
izləyici həm ötən əsrin, həm də yeni əsrin xalçalarıyla tanışlıq
şansı qazanır.
Bunun nəyi yanlışdır?
Azərbaycanın dünyaya çıxan
neməti muğam, xalçalar, miniatürdür.
Bu üç sənət Azərbaycanı
zirvələrə qaldırır
və bütün dünyanı silkələyir.
- Yeni sərgiyə hazırlaşırsınız?
- Bəli, yeni sərgiyə hazırlaşıram.
Bəzi əsərlərim tamamilə,
bəziləri isə
eskizdə hazırdır.
Amma köhnə sərgilərimdə
istifadə etdiyim əsərlərimi bir də nümayiş etdirəcəyəm. Mənim şəxsi
xalça kolleksiyamdan
Azərbaycanda heç
kimdə yoxdur. Bütün günüm bu emalatxanada keçir.
Evə bircə yatmağa gedirəm. Yoldaşım məni başa
düşür. Bizim çox
gözəl ailə imperiyamız var. Buna görə
Allahıma şükür
edirəm.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-17 may.-S.11.