Elnur Rüstəmov: “Bəzən uşaq psixoloqu həm uşaq, həm də böyüklərlə
çalışır”
“Bizdə praktik psixologiya hələ
ki zəif inkişaf edib”
“Psixologiyada konkret istiqamətlər
üzrə kadrların azlığı problemi var”
Son
dövrlərdə cəmiyyətimizdə psixoloqlara müraciət
halları olduqca artıb. Bununla belə, insanlar kimin yanına
getdiklərini çox vaxtlar özləri də bilmirlər.
Belə ki, psixoloqlara müraciətin artması bu sahədə
işbazların da ortaya çıxmasına səbəb olub.
Bu isə “psixoloq” adı altında fəaliyyət göstərən
həmin işbazlara müraciətin əslində fayda əvəzinə
zərərlə nəticələnməsinə səbəb
olur. Bu kimi məsələlərlə bağlı
müsahibimiz Psixologiya və konsultasiya mərkəzinin
psixoloqu Elnur Rüstəmovdur.
-Azərbaycan cəmiyyəti
psixologiya, psixoloji məsələlərlə bağlı nə
qədər məlumatlıdır?
- Bu
gün insanlarımız əvvəlki illərlə
müqayisədə psixologiya sahəsində daha çox məlumatlıdırlar.
Ən azından, psixoloqun cəmiyyətin və fərdin
inkişafı baxımından vacibliyini qəbul edirlər.
Buna təsir göstərən səbəblər də
müxtəlifdir. Burada biz şübhəsiz ki, kütləvi
informasiya vasitələrinin rolunu xüsusi qeyd etməliyik.
İstər yazılı KİV-də, istərsə də
telekanallarda psixoloqlara, psixoloji məsələlərə yer
ayrılması bu prosesin sürətlənməsinə səbəb
oldu. Maarriflənmənin böyük bir qismini KİV həyata
keçirdi. Digər tərəfdən praktik psixologiyanın
inkişafı, buna tələbat da prosesə öz müsbət
təsirini göstərdi. Filmlərdə, eyni zamanda qlobal
dünyada inteqrasiya, Azərbaycan insanının Avropada,
Amerikada, Rusiya və digər xarici ölkələrdə təhsil
almaları, səyahət etmələri də bu sahənin
inkişafına səbəb oldu.
-Hazırda psixoloqlara çoxmu
müraciət var?
-
Hazırda mütəxəssis psixoloqa müraciət, əlbəttə
ki, çoxdur. Nəzərə almaq lazımdır ki, bir
konsultasiya 1 saat davam edir. Psixoloqun da gün ərzində 5-6
pasiyentdən artıq qəbul etməyə nə fiziki
baxımdan, nə də zaman baxımından imkanı olmur.
Ancaq psixoloji məsləhətə ehtiyacı olan insanlar
çoxdu. Burada diqqətinizə bir məqamı da
çatdırmaq istərdim. Bu gün həm uşaqlar, həm
yeniyetmələr, həm gənclər, orta yaşlı və
yaşlı insanlar, eləcə də ailələr, ailə
qurmağa hazırlaşan insanlar da psixoloji xidmətdən
geniş istifadə edirlər. Dolayısı ilə miqyas
genişlənir. Bunun həm müsbət tərəfi, həm
də çətinlik yaradan məqamları ortaya
çıxır. Çətinlik yaradan tərəf konkret
istiqamətlər üzrə kadrların
azlığıdır. Bəzən uşaq psixoloqu həm
uşaqla, həm ailə ilə, həm də görürsən,
böyüklərlə çalışır. Bu da işin
keyfiyyətinə, şübhəsiz ki, mənfi təsir
göstərir. İxtisaslaşma çox vacibdir.
Açığı, gələcəkdə konkret
ixtisaslaşmanın olmasını istərdim. Bu eyni zamanda bu
sahədə tədqiqatların artmasına böyük
töhfə olacaq. Azərbaycanda nəzəri psixologiyanın əsası
hər zaman olub. Bu sahədə konkret işlər görən
alimlərimiz olub, indinin özündə də böyük
işlər görənlər var. Bunların əməyini isə
kimsə dana bilməz. Sadəcə, praktik psixologiya hələ
ki zəif inkişaf edib. Bunun isə həm obyektiv, həm də
subyektiv səbəbləri var. Birinci onu qeyd etməliyik ki,
uzun müddət biz sovet dövlətinin tərkibində
olmuşuq. Sovetlərdə isə əsas diqqət nəzəri
psixologiyaya, eyni zamanda rejimin qorunub saxlanmasına xidmət edən
idarəetmə psixologiyasına yönəlmişdi. Fərdi
konsultasiyalar isə az aparılırdı. Daha çox bunu
psixiatrlar həyata keçirirdi. Qrup şəklində isə
relaksasiya və s. formada məşğələlərlə
istirahət yerlərdə tətbiq olunurdu. İndinin
özündə yaşlı insanlarla konsultasiya prosesində bəzən
onlar relaksasiyanı istəyirlər. Səbəb də
keçmişdə gördükləri təcrübədir.
İndi isə situasiya kökündən fərqlənir.
Müxtəlif terapevtik metodlar tətbiq olunur, eyni zamanda qrup
terapiyaları, psixoloji kurslar və s. keçirilir ki, bundan da
həm psixoloqlar, həm də psixologiya ilə maraqlanan
bütün insanlar faydalana bilirlər.
-Ən çox hansı məsələlərlə
bağlı psixoloqlara müraciət edilir?
- Bu
gün daha çox uşaq psixologiyası, yeniyetmələrdə
yaşanan psixoloji problemlər, ən son dönəmlər isə
ailə problemləri ilə bağlı müraciətlər
artır. Marketinq baxımdan məsələyə yanaşsaq,
bu proses mütəmadi dəyişir. Əgər illərin təcrübəsinə
istinad etsək, bunu aşağıdakı formada
qruplaşdıra bilərik. Misal üçün bayramlardan
sonra görürsən ki, uşaqlarla bağlı müraciətlər
artır. Səbəb də uşağın evdə olması
və valideynin onunla daha çox zaman keçirməsi, nəticədə
onda hansısa narahatlığı müşahidə etməsi
sonda psixoloqa müraciəti şərtləndirir. Fəsillərin
dəyişməsi ilə bağlı meteohəssas insanlarda
depressiyadan dolayı müraciətlər artır. Eləcə
də hazırda abituriyentlərin ali məktəblərə qəbul
imtahanları yaxınlaşır. İmtahana psixoloji
hazırlıqla bağlı müraciətlər çoxdur.
Müraciət bir qədər dinamik prosesdir. Əsas onu qeyd edə
bilərik ki, psixoloqa müraciət ildən-ilə artır.
Şübhəsiz ki, bu da peşəkar psixoloqlar
qarşısında konkret məsuliyyətlər qoyur. Söhbət
peşəkar psixoloji yardımın göstərilməsindən
gedir. Bu gün insanlar ruh halında yaşanan
narahatçılıqlarını psixoloqa həvalə edib
aradan qaldırmağa çalışırlar. Bu isə bir məsuliyyətdir.
İstənilən ciddi yanlışlıq bu sahənin
inkişafına mənfi təsirini göstərə bilər.
- Psixoloji məsələlərlə
bağlı kulturoloji maarifləndirmələrə ehtiyac
varmı?
-
Çox gözəl bir məqama toxundunuz. Etnopsixologiya bizim
işimizdə nəzərə alınmalı ən vacib məqamdır.
Bir məqamı xüsusi qeyd etmək istərdim. O nədən
ibarətdir? Elə spesifik sahə var ki, orada mütləq
şəkildə etnosun psixologiyası nəzərə
alınmalıdır. Nəzəriyyə praktikaya
uyğunlaşmalıdır. Diqqət etsəniz, psixoloji
problem bütün insanlarda eyni formada olsa da, ona yanaşma tərzi
etnopsixologiyadan fərqli olaraq dəyişir. Misal
üçün, ailə hər bir zaman bizim üçün
müqəddəs olub. Bu problemlə bağlı bizdə
psixoloqa müraciət edərkən əksər psixoloqlarımız
daha çox “cütlüyü nə formada birləşdirmək
olar” istiqamətində terapiya prosesini qurur. Ancaq Avropada bu məsələ
bir qədər başqa formada qoyulur. Eləcə də
insanların yaşamış olduqları psixoloji
narahatçılıqlar digər Avropa ölkələrindən
fərqlənir. Ona görə də diqqət etsəniz, Qərb
psixoloqları Azərbaycanda daha çox treninqlər aparmaqla
kifayətlənirlər. Fərdi konsultasiyaların onlar tərəfindən
aparılması heç də hər zaman uğurlu olmur. Səbəb
də qeyd etdiyiniz kulturuloji fərqlərdir. Hər bir psixoloq
öz işində bunu birmənalı şəkildə nəzərə
almaq məcburiyyətindədir. Bunsuz uğurlu psixoloji
konsultasiya aparmaq qeyri-mümkündür.
-Bir
çox hallarda psixoloq adı altında şarlatanlar və
falçılar fəaliyyət göstərir, müraciət
edən pasiyentləri səhv yönləndirirlər. Bu barədə
fikirlərinizi bilmək istərdik.
- Əgər
məsələ bu yerə gəldisə, o zaman bir məqamı
qeyd etməyə bilmərəm. Yuxarıda da söylədik
ki, psixologiya son zamanlar illərdir aparılan maariflənmə
tədbirləri nəticəsində kifayət qədər cəmiyyətdə
populyarlıq qazanıb. Dolayısı ilə bu sahə eyni
zamanda qazanc gətirən sahə kimi dəyərləndirilir.
Nəzərə almaq lazımdır ki, harda qazanc var, orada
işbazlar da yol açarlar. Bu qaçılmazdır. Ona
görə də zaman keçdikcə bu sahəyə təsadüfi
adamların ayaq açmasını da düşünürəm,
normal qəbul etmək lazımdır. Maariflənmə işi
getdikcə düşünürəm ki, insanlar qeyd etdiyiniz
psevdopsixoloqları özləri bu sahədən
uzaqlaşdıracaqlar. Çünki bu psixoloqa müraciət
edən insanlar müəyyən dərəcədə məlumatlı
insanlardır. Söhbət burada psixologiya sahəsində məlumatlı
olmaqdan gedir. Eyni zamanda müraciət edənlərin
böyük əksəriyyəti təhsil almış, müəyyən
dünyagörüşünə malikdirlər. Ona görə
də onları aldatmaq o qədər də asan olmayacaq.
-
Öz fəaliyyətiniz və mərkəzinizin fəaliyyəti
barədə fikirlərinizi bildirərdiniz.
- Fəaliyyətimiz göz qabağındadır. İcazə verin, bəzi məqamlar haqqında da məlumat verim. Qeyd etdik ki, psixologiya bu gün Azərbaycanda yeni bir mərhələyə qədəm qoyub. Psixoloji Mərkəz yaratmaq ideyası zamanın tələbindən yarandı. İlkin mərhələdə biz qonşu Rusiya və Türkiyə təcrübəsindən yararlandıq. Səbəb də bir çox istiqamətlərdə ortaq cəhətlərə malik olmağımız idi. Ona görə biz onların təşkilatlanma təcrübəsindən yararlandıq. Buraya konsultativ otaqların quruluşu, təlim zalları forması və s. Aiddir. Eyni zamanda psixologiyanın ayrı-ayrı istiqamətləri ilə bağlı tədris kursları, fərdi konsultasiya, qrup terapiyaları, seminar və treninqlər, film günləri, psixoloji təkmilləşmə kursları yaradıldı. Bu gün artıq mərkəzdə tədris kursları, eləcə də psixoloji seminarlarda iştirak edən təkcə Psixologiya fakültəsində təhsil alan tələbələr, psixoloqlar deyil, eyni ixtisas sahələrində təhsil alan, işləyən insanlardır. Uşaq psixologiya qrupunda biz daha çox anaların və ana olmağa hazırlaşan xanımların iştirak etdiyini görürük. Bu da bu sahədə apardığımız uğurlu işin nəticəsi kimi dəyərləndirilə bilər. Bu yaxınlarda sırf uşaqlar üçün Mərkəz - Narınc Uşaq Psixologiya mərkəzimiz də valideynlərin ixtiyarına verildi. Mərkəzdə psioxloji xidmət kompleks şəkildə həyata keçirilir. Yəni Mərkəzdə psixoloq, pedaqoq, loqoped, defektoloq, kəkələmə üzrə mütəxəssis, məktəbəqədər hazırlıq mütəxəssisi və s. çalışır və xidmət tam şəkildə təqdim edilir. Bu da zamanın tələbindən yarandı. Uşaq Mərkəzini ayrıca formalaşdırmağa qərar verdik. Nəticə göz qabağındadır. Belə ki, xidmətdən istifadə edən valideynlər məmnunluğunu ifadə edirlər. Düşünürəm, bu istiqamətdə fəaliyyətimiz bundan sonra da artacaq. Hələ ki mütəxəssis azlığı bir çox planlarımızı həyata keçirməyə imkan vermir. Artıq kadr hazırlığı məsələlərinə xüsusi diqqət ayırırıq. Yayda bir çox mütəxəssislərimiz qonşu Türkiyə və Rusiyada konkret istiqamətlər üzrə təlimlərə qatılacaqlar. Yanvar ayından bizim “Düşüncə” Psixologiya jurnalımız çap olunur. Ayda bir dəfə nəşr üzü görən jurnalda məhz psixologiya ilə bağlı məlumatlar yer alır. Nəzərə almaq lazımdır ki, jurnal Azərbaycanda psixologiya ilə bağlı ilk publisistik jurnaldır. Maraq çox olduğuna görə yaxın zamanlarda xüsusi əlavələr də nəşr etməyi düşünürük. Fevral ayında mərkəzin psixoloji testlərdən ibarət ilk internet portalı www.psixotest.az istifadəyə verildi. İstifadəçilər rahat bir şəkildə müxtəlif psixoloji parametrlər üzrə testdən keçib ruh halları haqqında ilkin məlumatlar əldə edə bilərlər. Portalda həmçinin psixologiya ilə bağlı məqalələr, psixoloqa sual rubrikası fəaliyyət göstərir. Eyni zamanda keçən il mərkəz Ronda Bernnin “Sirr” kitabını çap etdirdi. Bütün bunlar insanlarımızin psixoloji maarriflənməyinə müsbət təsirini göstərəcək.
- Psixologiya təhsili və psixoloq kadrların yetişməsi ilə bağlı fikir və təklifləriniz nədir?
- Bu da bizim ağrılı
yerimizdir. Kadr hazırlığı məsələsi kompleks şəkildə həyata
keçirilməlidir. Konkret konsepsiya olmalıdır.
Bu olduğu təqdirdə
boşluqlar da az olacaq.
İlkin
addım kimi “Psixi sağlamlıq və təhlükəsizlik”
haqqında qanunun qəbulu vacibdir. Bunun qəbul edilməsi ilə bir çox
sahələr üzrə
psixologiya sahəsində
irəliləyişlərin şahidi olacağıq.
Bu gün psixologiya ixtisasında təhsil alan tələbələrin
ən ağrılı
yeri praktika ilə bağlıdır.
Bunun üçün müəyyən
tədbirlər görmək
vacibdir. İlkin mərhələdə
rayonlarda dayaq məntəqələrinin yaradılması
və orada mütəxəssisin rəhbərliyi
altında tələbələrin
praktik vərdişlər
qazanması da pis olmazdı. Səhiyyə Nazirliyinin nəzdində
yaradılan Psixi Sağlamlıq Mərkəzi
uğurlu layihə kimi dəyərləndirilə
bilər. Apardıqları işlər təqdirəlayiqdir.
İnanıram, fəaliyyətləri bundan sonra da
təkmil və məqsədyönlü olacaq.
Eyni zamanda elmi-tədqiqat mərkəzlərində də
bu işlər diqqətə alınmalı,
həm qəbul, həm də tədris prosesinə xüsusi önəm verilməlidir. Çünki cəmiyyətin sağlamlığı
fiziki ilə paralel, psixoloji məqamlardan da keçir.
İlkin AĞAYEV
Palitra.-2013.-18 may.-S.7.