“Azərbaycan hazırda özünün ən yüksək inkişaf nöqtəsindədir”

 

Yeganə Salman: “İki onillik ərzində Azərbaycan beynəlxalq səhnədə elə sıçrayış edib ki, biz bunu heç təsəvvürə də gətirməzdik”

 

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın qəzetimizə eksklüziv müsahibəsi

 

-Yeganə xanım, ilk olaraq mümkünsə özünüz haqqında ətraflı məlumat verərdiniz...

- Uşaqlıqdan mən İçərişəhərdə yaşamışam. 6 saylı orta məktəbi bitirmişəm, həmin vaxt keçmiş Politexnik İnstitutuna daxil oldum, amma 3-cü kursdan sonra təhsilimi orada davam etdirmədim, çünki anladım ki, büzücü materiallar və beton mühəndis-texnoloqu olmaq istəmirəm. O dövrdə xarici dillər məni çox cəlb edirdi və mən Xarici Dillər İnstitutuna daxil oldum və xarici dil üzrə mütəxəssis oldum. Artıq tələbə ikən mən AMEA-nın Fizika İnstitutunda elmi-texniki ədəbiyyat üzrə tərcüməçi kimi işləməyə başladım və eyni zamanda Politexnik İnstitutunda ingilis dilindən dərs deyirdim. Bu vaxt ərzində mən Mixail Salmanla ailə qurdum və iki övladımız oldu-Emil və Adelya. 1990-cı ilin əvvəlində, Bakıda yanvar hadisələrindən sonra, İsrailə getmək haqqında düşünməyə başladıq və həmin ilin sonundan biz artıq burada yaşayırıq. Bütün mühacir həyatı kimi ilk illər çox ağır keçdi, hər şey yeni, mürəkkəb və anlaşılmayan idi. Amma bu artıq tam bir kitab mövzusudur, bir neçə cümlə ilə mühacir həyatını təsvir etmək olmaz.

- Artıq neçə ildir ki, İsraildə yaşayırsınız. Bu gün Azərbaycan-İsrail münasibətlərinin inkişafında oradakı diasporumuzun hansı fəaliyyəti var?

- Əgər siz İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasını (AZİZ) nəzərdə tutursunuzsa, onda mən deyə bilərəm ki, biz hərfi mənada İsrailin informasiya dünyasında sıçrayış etdik. Biz bütün səylərimizlə çalışırıq ki, israillilər mümkün qədər bizim haqqımızda çox eşitsinlər və tanısınlar. Biz rus və yəhudi dilində elmi-praktik konfransları keçiririk, radio və televiziya vasitəsi ilə çıxış edirik, qəzetlərə və internet-saytlarına informasiyalar veririk. AZİZ-in Lev Spivak, Aleks Miller, AyreQut, Viktoriya Dolinskaya və Şaul Siman-Tov kimi fəallarının sayəsində biz lazımi nəticələri tədricən əldə edirik, amma dayanmaq haqqında düşünmürük.

- Azərbaycanlılar İsrailin qanunverici orqanında yetərincə təmsil olunurlarmı?

- Dövlət orqanlarında Azərbaycandan gəlmələr çox azdır. Maksimum kiçik şəhərlərin bələdiyyə şuralarının nümayəndələri ola bilər. Hələlik azərbaycanlı vətəndaş kimi şəhərlərin meri və ya Knessetdə deputat yoxdur. İlk və hələki yeganə bakılı deputat- İosif Şaqal olub, o, indi İsrailin Belarusda səfiridir. Amma mən inamla deyə bilərəm ki, səylərimiz və “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının nüfuzu sayəsində Knessetdə ən yüksək səviyyədə çoxlu həqiqi dostumuz var, hansılar ki lazım gəldikdə Azərbaycanın maraqlarını dəstəkləyirlər. Bilirsiniz ki, bu, çox əhəmiyyətlidir.

- Bilirik ki, bir neçə il bundan qabaq evinizdə Mədəniyyət Mərkəzi açıbsınız. İndi vəziyyət necədir, yeni ofisiniz varmı, yoxsa yenə də fəaliyyətinizi evinizdə davam etdirirsiniz?

- Mənim muzeyim indi daha da zəngindir, çünki Azərbaycan mədəniyyətini əks etdirən kitabların və əşyaların sayı dəfələrlə artıb. Biz daim Heydər Əliyev Fondundan ədəbiyyat alırıq, mərkəzimizə hədiyyə olaraq müəlliflər və fərdi kolleksionerlər kitablar təqdim edirlər. Hər dəfə mən Bakıda olanda Azərbaycan yazıçılarının kitablarını, dərslikləri, bədii albomları və kataloqları mütləq əldə edirəm. Ona görə bizə artıq ayrıca Mədəniyyət Mərkəzimizi yaratmaq lazımdır, çünki mənim evimdə artıq bütün bunları lazımi vəziyyətdə saxlamağa yer və imkan yoxdur. Axı belə mərkəzin yaradılmasının məqsədi ondan ibarət idi ki, Azərbaycandan gəlmələr bütün bunları görsünlər, istifadə etsinlər, həmçinin Vətəni xatırladan əşyalarla və kitablarla ünsiyyətdən həzz ala bilsinlər. Hələ ki bizim elə bir yerimiz yoxdur, biz bunu edə bilmirik. Amma biz çox ümid edirik ki, nə vaxtsa İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq, çünki artıq bunun vaxtı çoxdan çatıb.

- Siz, Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işləri görürsünüz?

- Bizim fəaliyyətimiz bir dəqiqə belə dayanmır. Birincisi, biz burada gəldiyimiz ölkənin gözəlliyindən danışırıq. Biz danışırıq ki, Azərbaycanda heç vaxt antisemitizm (yəhudilərə qarşı ədavət) olmayıb. Bu, yəhudilər üçün çox əhəmiyyətli faktdır, çünki yəhudilər yaşadıqları hər yerdə təqiblərə məruz qalıblar. Biz israillilərə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti çatdırmağa çalışırıq, ona görə ki onlar bu haqda eşitsələr də, çox şey haqqında səhv informasiyaya malikdirlər. Erməni tarixinə gəlincə, axı erməni təbliğatı bütün dünyada neçə onilliklərdir fasiləsiz işləyir. Bundan başqa, əlbəttə ki, biz Azərbaycan tarixi və mədəniyyətinin təbliğatı üzrə rəsmi tədbirlər keçiririk. Biz bu tədbirlərə İsraildə yaşayan bütün səviyyəli hökumət və qeyri-hökumət təşkilatlarından rəsmi şəxsləri-Knesset üzvlərin və diplomatik korpusun nümayəndələrini, həmçinin müxtəlif ölkələrin həmyerlilər birliklərinin nümayəndələrini dəvət edirik.

- Qərib diyardan Vətənimizin sosial-iqtisadi inkişafı, ümumiyyətlə, hər bir uğurumuz necə görünür?

- Müəyyən yaşa çatdıqdan sonra və həm də artıq iki onillik mühacirətdə yaşamış hər bir insan özünün şəxsi mülahizələrinə malik olur. Şəxsi mülahizə təkcə kütləvi informasiya vasitələrindən və siyasətdən götürülmüş ümumi qəbul olunmuş fərziyyələrdən qurulmur. O, bir də ondan asılıdır ki, sən özün bu informasiyanı necə qəbul edirsən və necə şərh edirsən. Ona görə də, biz tez-tez çox kiçik olsa da, suallar haqqında üst-üstə düşməyən fikir və mülahizələrlə rastlaşırıq. Şəxsən mən belə düşünürəm ki, Azərbaycan hazırda özünün ən yüksək inkişaf nöqtəsindədir, həm iqtisadi cəhətdən və həm də dövlətlərarası beynəlxalq münasibətlər dairəsində. İki onillik ərzində Azərbaycan beynəlxalq səhnədə elə sıçrayış edib ki, biz bunu heç təsəvvürə də gətirməzdik. Mən düşünmürəm ki, Azərbaycan kimi başqa bir ölkə bütün dünyada hamının dilində dastan olsun. Əgər əvvəllər Azərbaycanın çox yerdə tanınmaması bizi qıcıqlandırırdısa, indi isə demək olar ki, hər gün bütün dünya kütləvi informasiya vasitələrindən Azərbaycan haqqında oxumaq və eşitmək olar, əsası da odur ki, pozitiv məlumatlardır, bu da çox önəmlidir. O ki qaldı respublikada danışılan neqativ informasiyalar haqqında, mən sizə doğrusunu deyim, istərdik ki, hər şey yaxşılığa doğru getsin və Azərbaycan cəmiyyəti təkmilləşdirilsin. Lakin burada mən İsrailin ilk dövlət xadimlərindən biri olan David Ben Quriondan sitat gətirmək istərdim. David Ben Quriona deyəndə ki, ölkədə bir çox neqativ elementlər yaranıb, o, ölkənin baş naziri kimi aşağıdakı kəlmələri dedi: “Öz çatışmazlıqlarımız və öz cinayətkarlarımız var, deməli, biz artıq normal dövlətik”. Azərbaycanda hazırda cüzi də olsa, narazılıqlar var, müxalifət var, bunların hamısının yeri var və əlbəttə, ağrısız keçmir, lakin bu, o deməkdir ki, siz normal dövlətdə yaşayırsınız. İdeal dövlət ideal cəmiyyət olmur.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-18 may.-S.6.