“Opera səhnəsindəki
ilk rolum mənim üçün bir imtahan idi”
Xalq artisti Aygün Bayramova: “Çox
xoşbəxt insanam ki, dövlət qayğısından kənarda
qalmamışam”
“Müsahibim
Azərbaycan opera səhnəsinin gözəl Leylilərindən
biri, xanəndə, Respublikanın Xalq artisti Aygün
Bayramovadır. Hər zaman muğam dünyamızda sənəti
ilə xüsusi seçilən xanəndəmiz Azərbaycan mədəniyyətində
ələlxüsus muğam dünyamızda böyük dəst-xətt
qoyan sənətkarlarımızdan biridir. Aygün xanımla
müsahibəni oxuculara təqdim edirik:
Aygün
Bayramova 1989-cu ildə A.Zeynallı adına Bakı musiqi
texnikumunu korifey sənətkarımız Ş.Ələkbərovanın
sinfi üzrə bitirib. 1995-ci ildə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini
tamamlayıb. 1989-cu ildən Muğam Teatrının solistidir.
Gözəl səs tembrinə, oxu mədəniyyətinə
malik olan müğənni Azərbaycan xalq
mahnılarının, muğamların və bəstəkar
mahnılarının mahir ifaçısıdır.
2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının solistidir. Teatrın səhnəsində
bir çox muğam operalarında aparıcı
partiyaları-"Leyli və Məcnun"da Leyli, "Natəvan"da
Müğənni, "Koroğlu"da Xanəndə qız,
"Aşıq Qərib"də Şahsənəmi
böyük ustalıqla ifa edib. Muğam sənətinin
istedadlı nümayəndələrindən biri olan A.Bayramova
bir çox xarici ölkələrdə milli musiqi sənətimizi
ləyaqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti
qazanıb.
-Aygün xanım, müasir səhnəmizin
gözəl Leyli obrazının yaradıcılarından
birisiniz. Sənətinizin ən gözəl
çağını yaşayırsınız.
Oynadığınız Leyli obrazının xüsusiyyətini
özünüzdə hiss etmisinizmi?
- Əvvəl
onu qeyd edim ki, dövlət başçımızın hər
zaman mənə qarşı diqqətini görmüşəm.
2003-cü ildə ümummilli liderimiz H.Əliyevin sərəncamı
ilə Əməkdar artist fəxri adına layiq
görülmüşəm. 2005-ci ildə dahi bəstəkarımız
Ü.Hacıbəyovun 120 illiyi ərəfəsində mən
Xalq artisti fəxri adına layiq görüldüm. Əlbəttə
ki, bu ada layiq görülmək mənim üçün
çox xoş idi. Hər hansı bir sahədə
çalışırsan, çalış, məsuliyyətli
işin qiymətləndiriləndə, şübhəsiz, hər
kəs bundan qürur duyur. Daha sonra 2006-cı ildən Prezident
mükafatı alıram. İncəsənət xadimi olaraq
bizim də borcumuz odur ki, muğamımızı həm Azərbaycanda,
həm də dünyada layiqincə təmsil edək. Çox
xoşbəxt bir insanam ki, dövlət qayğısından kənarda
qalmamışam və hər zaman sənətimə qiymət
verilib. Sualınıza cavab olaraq deyə bilərəm ki,
artıq on bir ildir ki, Akademik Opera və Balet Teatrında
çalışıram. Bu teatrda çalışmaq, əlbəttə
ki, böyük bir şərəfdir. Mən burada
çalışmaq üçün ilk əvvəllər dəvət
alırdım. Lakin bu təklifləri qəbul edə bilmirdim.
Yəqin ki, bu sənətimə qarşı məsuliyyətdən
irəli gəlirdi. Çünki mən hər zaman
çalışmışam ki, hər hansı bir mahnı
ifa edəcəyəmsə, gərək yüksək səviyyədə
ifa edim. Mənim sənət dostlarım da bu teatrda
çalışmağım üçün təkid edirdilər.
Ustadım Arif Babayev də mənə tələbə
vaxtlarımdan dəfələrlə Opera teatrında
çalışmağı tövsiyə edib. Mənim həm
xarici görkəmim, həm də səs imkanlarımın bu
obraza uyğun olduğunu müəllimim tez-tez
vurğulayırdı. Nəhayət, 2002-ci ildə təklifi
qəbul etdim və teatrımızın direktoru Akif Məlikov
məni çox yüksək səviyyədə
qarşıladı. Müəyyən müddət ərzində,
uzun məşq prosesindən sonra mən 2002-ci il iyun
ayının 9-da Leyli obrazında səhnəyə
çıxdım. İlk tamaşadan hiss etdim ki, mənim
oynadığım obraz hər kəsin və üstəlik
ustadım Arif Babayevin də çox xoşuna gəldi və məni
Leyli kimi qəbul etdilər. Teatrımızın baş
rejissoru Hafiz müəllim mənə həmişə deyir
ki, “Aygün xanım, gözəl xanəndəsiniz, gözəl
ifaçısınız, amma ki opera səhnəsinə məşqə
gələndə siz Aygün deyil, artıq Leylisiniz”. Bu
sözləri mən artıq yaddaşıma həkk etmişəm
və mənim üçün bir şüara çevrilib.
- Xanəndə və opera səhnəsi.
Birinin missiyası ifa etmək, o birinin isə həm ifa etmək,
həm də obraz yaratmaq. Bunların ikisinin bir məxrəcdə
olması necə hissdir?
- Mən
hər zaman demişəm ki, xanəndə kimi ifa etmək
başqa, amma obraz yaratmaq tam başqa bir sahədir.
Çünki sən burada həm aktrisa olmalısan, həm də
oxumaqla bərabər, obraz yaratmalısan. Opera səhnəsi
çox çətindir. Kim deyirsə, mən
çıxıb Leylini oynayaram, Məcnunu oynaya bilərəm,
düzgün ifadə deyil. Çünki səhnədə oynamaq
deyil, yaratmaq lazımdır. Mənim opera səhnəsindəki
ilk rolum mənim üçün bir imtahan idi. Çünki mən
artıq Opera teatrına gələndə tanınmış
xanəndə idim. Bu mənim üçün ikiqat məsuliyyət
idi. On bir ildir ki, bu teatrda çalışıram, hər dəfə
səhnəyə çıxanda düşünürəm
ki, ilk dəfə səhnəyə çıxıram. Eyni məsuliyyəti
üzərimdə daşıyıram. Bilirsiniz, dahi Üzeyir
bəy bu əsəri elə yaradıb ki,
qeyri-mümkündür ki, məsuliyyətsiz bu əsər
üzərində çalışasan.
Tamaşalarımın
əksəriyyətində tərəf-müqabilim görkəmli
xanəndəmiz, deyərdim ki, səhnəmizin həqiqi Məcnunu
Xalq artisti Mənsum İbrahimov olub. Mənsum müəllim Məcnun
obrazını elə yaradır ki, sözlə ifadə etmək
mümkün deyil, onu ancaq səhnədə görmək
lazımdır. Teatra gəlişimdə də onun mənə
böyük dəstəyi olub. Leyli və Məcnun obrazı
çox çətindir. Əlbəttə ki, çox
çalışmalısan ki, onun bəhrəsini görəsən.
-Müəlliminizin sizə öyrətdiyi
muğamın sirlərini tələbələrinizə
çatdıra bilirsinizmi?
- Mənim
iki ustadım olub. Birinci ustadım 1985-ci ildə Asəf
Zeynallı adına musiqi texnikumuna müsabiqə yolu ilə qəbul
olanda böyük sənətkarımız Şövkət Ələkbərova
olub. Həmin texnikumun axırıncı kursunda oxuyanda
Muğam teatrı açıldı və Şövkət
xanım mənə o teatrda çalışmağı məsləhət
gördü. Teatra solist qəbul edən münsiflər mərhum
sənətkarımız İslam Rzayev, görkəmli bəstəkarımız
Ramiz Mirişli və hörmətli rejissorumuz Arif Qazıyev
idi. Mən onlara “Şahnaz” muğamından kiçik
parça ifa etdim və məni teatra qəbul etdilər. Təbii
ki, mən musiqi təhsilimlə yanaşı, Muğam
teatrında da çalışırdım. Musiqi texnikumunu
bitirdikdən sonra mən Konservatoriyaya qəbul oldum. Burada da mənim
ustadım professor Arif Babayev oldu. Beş il də burda dərs
aldım. Artıq on ildən çoxdur, A.Zeynallı adına
musiqi kollecində, yeddi ildən artıqdır ki, Milli
Konservatoriyada dərs deyirəm. Mən müəllimlərimdən
çox şey öyrənmişəm. Şübhəsiz, mən
çalışıram ki, nə öyrənmişəm, nələri
öyrədiblər, hamısını tələbələrimə
öyrədim. Xanəndəlik sənəti çox çətin
sənətdir. Hər ifaçı burada davam gətirə
bilməz. Çox tələbə yoldaşlarım olub ki,
musiqi sahəsində sənətini dəyişiblər.
Estrada mügənniləridirlər. Xanəndə də
muğam səsi olması vacibdir. Səsin bəmi
olmalıdır, orta registri, zili olmalıdır ki, sən
bütün muğamları onların şöbələrini
tələbəyə keçə biləsən. Bəli mən
çalışdığım qədər tələbələrimə
muğamın sirlərini keçməyə
çalışıram.
- Ustadınız Arif müəllim
sizi istədiyi zirvədə görüb?
-
Şövkət xanım 1993-cü ildə rəhmətə
getdi. Allah Rəhmət eləsin! Çox təəssüf, mənim
uğurlarımı görə bilmədi. Ancaq Arif müəllimə
nəsib oldu. Allah can sağlığı versin! Əlbəttə
ki, xoşbəxtəm ki, elə müəllimlərdən dərs
almışam. Bu da hər adama qismət olmur. Bunlar elə sənətkarlardır
ki, tarixdə qalan sənətkarlardır. Mən belə
düşünürəm ki, Şövkət xanım da
sağ olsaydı, belə deyərdi, Arif müəllimin
özündən də soruşsanız, o da yəqin, deyərdi
ki, “yanılmamışam”.
- Aygün xanım, bilirik ki,
Qarabağ muğam məktəbinin nümayəndələri
zilxan olurlar. Bəs siz necə, dərs məqamında tələbələrin
səs diapazonunu diqqət mərkəzində saxlamağı
üstün tutursunuzmu?
- Bu tələbənin
səs diapazonundan asılıdır. Məsələn, bir tələbədə
ola bilər ki, bütün səs imkanları mövcuddur. Səsinin
diapazonu ilə bərabər, səsin məlahətliliyi də,
gözəlliyi də var. Əlbəttə ki, bu Allah
vergisidir. Bəzən tələbədə görmüşəm
ki səs imkanları orta diapazona qədərdir, amma səsi
çox şirindir. Çalışmışam, həmin tələbənin
imkanlarını daha da genişləndirim. Belə tələbə
də olur ki, səsi olub, lakin müəyyən yaş həddində
səsi dəyişib, amma səs hələ bərpa
olunmayıb. Sözün açığı, belə tələbələrlə
çalışmaq çox çətindir.
-Aygün Bayramova gələcək sənət
yolunda hansı işləri görmək istərdi?
- Sənətimdə
hələ çox işlər görmək istəyirəm.
Birinci növbədə bu sənətdə olmaq çox
çətindir. Çünki hər kəs səni
tanıyır, insanların sənin sənətinə, mədəniyyətinə,
şəxsiyyətinə hörməti var. İstər Azərbaycanda,
istər Azərbaycandan kənar harada olursan, ol, hər bir
addımına diqqət yetirməlisən. Çünki biz
sıradan biri deyilik. Mən hətta çalışıram
ki, tələbələrin mühitində belə,
davranışlarıma diqqət edim. Düşünürəm
çalışmaq lazımdır ki, hər şey
özlüyündə çox gözəl olsun...
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-21 may.-S.13.