“İndi serialların əksəriyyətində quruluşçu rejissor aktyorlarla işləmir”

 

“İndi serial sektoru çox populyardır və istedadlı, həvəsi olan gənclər seriallarda çəkilməyə can atır”

 

Layihə çərçivəsində müsahibimiz aktyor Qurban Məsimovdur:

-Mən 1988-1993-cü illərdə Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışam. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişəm. Uzun illər Dövlət Pantomim Teatrında çalışmışam, 2000-2002-ci illərdə ABA Televiziyasında yayımlanan “Nəm-Nəm” verilişinin aparıcısı və rejissoru, 2003-cü ildə eynitipli veriliş başqa kanalda Lider Televiziyasında “Mətbəxdə Şou-Nəm-Nəm” adı altında davam edib. Daha sonra Azərbaycan Televiziyasında “Nəm-nəm” tipləməsiylə “Gülməşəkər” verilişini aparmışam. “Aramızda qalsın” (serial), “Səkkizinci səma" (film, İran), “Qraf Krestovski” (film, Rusiya), “İtkin pay” (film, İran), “Xəzər gəlini” (film, Almaniya, Azərbaycan) filmlərində çəkilmişəm. Həmçinin bir çox teatr tamaşalarında, TV layihələrində aktyor, rejissor və müəllif kimi iştirak etmişəm. Rejissorluqdan əl çəkib aktyorluqla məşğul olmağımın səbəblərinə gəldikdə isə bu, təsadüfən baş verdi. Universitetdə təhsil aldığımız illərdə biz istəmirdik ki, aktyor tarixi geyimdə səhnəyə çıxıb uzun-uzadı monoloq desin. Biz səhnədə hərəkət görmək istəyirdik. Bu hərəkətə axtarış meyli bir mədəniyyətə çevrildi- pantomim yarandı. Pantomim aktyorlarının olmadığı bir dövrdə məcbur olub özümüz həm oynadıq, həm də tamaşalara quruluş verdik. Bu prosesin içərisində olmaq çox gözəl idi və hamıdan xəbərsiz mən öz içimdə bilirdim ki, uşaqlıqdan aktyor olmaq istəmişəm. Sadəcə, biz tərəflərdə aktyorluğa kişi sənəti kimi baxmırdılar. Bununla belə, Həsən Turabovu, Rasim Balayevi, Həsən Məmmədovu görəndə onların sənəti qarşısında səcdə edirdilər. Dolayısı isə mən rejissorluğa yönəldim və düşündüm ki, rejissor olmaqla istəsəm, özümə baş rol da verə bilərəm.

- Teatrda çalışan aktyorlar heç zaman teatrı tərk etməyi düşünmürlər. Siz niyə belə bir qərar verdiniz?

- Elədiyim hərəkətlərə görə heç vaxt peşman olmuram. Çünki onu edənə qədər çox fikirləşirəm. Teatr 15 illiyinə qədəm qoyanda mənimlə bərabər başlayan aktyorlar artıq oradan getmişdilər. Müəyyən mənada teatrda tənhalıq hiss etməyə başladım - silahdaşlar sanki yox idi . Düşündüm ki, artıq Pantomim Teatrında yaradıcı ömrüm başa çatıb. Özümü tamamilə başqa və yeni sahələrdə sınamaq qərarına gəldim. Teatrda çalışan aktyor üçün teatr hər zaman onun evidir. Amma kənarda olmaq təhlükəli meşəyə düşmək kimidir. Mən hiss etdim ki, artıq təhlükəyə atıla bilərəm. Beləliklə, Pantomim Teatrından oradakı fəaliyyətimin 16-cı ilində ayrıldım. Teatrdan ayrılandan sonra film, serial sektorunda, ümumiyyətlə, çəkilişlə bağlı xeyli məlumatlar əldə etdim, o proseslərin içində sanki “bişdim”. Hazırda da Azərbaycanda bütün teatrlarda baş verən prosesləri izləyirəm, çünki işimdir.

-Hazırda səhnə üçün darıxmırsınız?

- Mən nə üçünsə darıxan adam deyiləm. Aktyorlar var ki, filan-filan obrazları oynamaq üçün qarşılarına məqsədlər qoyur. Mənim elə məqsədlərim yoxdur. Əgər bir tamaşada mənə milçək, digərində kral rolu verərlərsə, ikisinin də öhdəsindən layiqincə gəlməyə çalışacağam. Hələ elə rol olmayıb ki, öhdəsindən gələ bilməyim. Pantomim Teatrında işlədiyim zamanlardan qazandığım təcrübə və əldə etdiyim məlumatlılıq düşünürəm ki, əksər teatrların aktyorlarında yoxdur. Hesab edirəm ki, Azərbaycanda aktyorların məlumatsızlıq problemi var. Bu baxımdan bir qazanda daima qaynamaq aktyorun ziyanınadır.

- Bir aktyor kimi bugünkü teatr aləminin mənzərəsini necə dəyərləndirirsiniz?

- Açığını deyim, sonuncu dəfə teatrda sarsıdıcı bir an yaşadım. Bəhram Osmanovun quruluş verdiyi “Müharibə” tamaşasını izləyəndən sonra düşündüm ki, bəli, teatrda yenilik etmək mümkündür. Yəni, bunu istəyəndə etmək olur. Düzünü deyim ki, çox tez-tez teatrlara gedən deyiləm. Çünki fikirləşirəm ki, orada mənim marağıma səbəb ola biləcək hansı hadisə baş verə bilər? Bu mənada gözümüz toxdur. Həddindən artıq yaxşı işlər gördüyümüzdən zəif bir iş görəndə baxa bilmirik. Son zamanlar özümdə qəribə bir halı müşahidə edirəm. Əvvəllər teatra gedəndə bir tamaşaya sonuna qədər baxardım. İndi “tərbiyəsiz” tamaşaçı olmuşam. Tamaşanın 20 dəqiqəsi mənə maraqlı gəlmirsə, zalı tərk edirəm. Bu bəlkə də teatra, rejissora hörmətsizlik kimi qələmə verilə bilər, amma axı gərək teatr da tamaşaçını düşünsün. Tamaşaçı həyatının iki-üç saatını teatrda keçirirsə, deməli, sən - teatr ona keyfiyyətli bir iş təqdim etməyə məcbursan. Mənim üçün maraqlı olan adlar məni teatra apara bilir. Amma indi teatra daha çox prosesi izləmək üçün gedirəm. Sonuncu dəfə Gənc Tamaşaçılar Teatrında Vaqif Əsədovun quruluş verdiyi “Qaraca qız” tamaşasında səhnə tərtibatı ilə məşğul olmuşam. Düzünü deyim, iş prosesində teatr üçün darıxdığımı hiss etdim.

-“Aramızda qalsın”dan sonra həyatınızda nə dəyişdi?

- Təbii ki, “Aramızda qalsın”dan sonra populyarlıq artdı. Mən orda sitkom aktyorunun hansı texnika ilə oynamalı olduğunu öyrəndim. Çünki teatrda, kinoda, bədii, sitkom janrda aktyorun oyun texnikası çox fərqlidir. Gizlində bilirəm ki, populyarlıq bizə lazımdır. Amma mən çox populyarlığı sevən biri deyiləm. Çünki adi həyatda populyarlıq insana mane olur. Ona görə bəzən şəhərə gecə saat 2-dən sonra gəzməyə çıxmağa məcbur oluram. Küçədə hər cür insanla rastlaşırıq. Biri öpüb qucaqlayır, biri uşaqlarını gətirir ki, şəkil çəkdirsin, digəri filmdəki səhnələrdən danışır, başqası evinə qonaq çağırır. Yəni, sərbəst ola bilmirik. “Aramızda qalsın”dan sonra söz verdim ki, indiki halda heç bir seriala çəkilməyəcəyəm. Bir məkana düşüb, ətrafında qeyri-peşəkar görəndə insan çox darıxır. Çox üzücüdür və həmin anda hamının əvəzinə düşünmək insanı yorur.

- Sizcə, hazırkı seriallar özünü doğruldur?

- Mən bilmirəm nə baş verir. Ara-sıra tamaşaçılardan müəyyən adlar eşidirəm: “Pərvanələrin rəqsi”, “Ləkə”, “Üç bacı”. Düşünürəm ki, seriallar sahəsində hələ öyrənmə mərhələsindəyik. Seriallarda bir neçə - geyim, qrim, rejissor, montaj qrupları fəaliyyət göstərir. Bəzən geyim qrupunda çalışanların o sahə ilə bağlı heç bir təsəvvürü olmur. Hələ mən ən adi bir cəhəti deyirəm - o paltarları uzun müddət saxlamaqdan ötrü nə etmək lazım olduğunu belə, bilmirlər.

Bizim əksər teatr aktyorlarımızda çəkiliş vərdişi yoxdur. Çəkiliş vərdişi həm fiziki, həm də psixoloji qüvvə tələb edir. Serialda aktyorun oynamağı asan məsələ deyil. Çünki bədii filmdə aktyor özünü cilovlayıb maksimum 50 günə həmin obrazı yaradır. Serial isə davamlıdır. Aktyor bir səhnədə bir improvizasiya edirsə, o biri günlər də nələrsə uydurmalıdır. O ki qaldı rejissorlara, əvvəllər aktyorlarla məşq prosesi olurdu və quruluşçu rejissorlar mütləq şəkildə aktyorlarla işləyirdilər. İndi serialların əksəriyyətində quruluşçu rejissor aktyorlarla işləmir. Quruluşçu rejissor kameraların, işıqlandırmanın, texnikanın ölçüsünə daha çox nəzarət edir, nəinki aktyorun oyununa. Çox hallarda rejissor intiutivni bilir ki, aktyor düz etmir amma nəyi düz etmədiyini heç özü də dəqiq bilmir. Aktyordan aktyora da fərq var. Elə aktyor var, onu danlayanda yaxşı oynayır, elə aktyor var, ona bir söz desən üç ay keçsə də, özünə gələ bilməz. Əgər truppada on aktyor varsa, inanın, onların hamısı ayrı-ayrılıqda psixo-fizioloji qurumlardır. Truppada 80 aktyoru olan teatrlar var ki, yalnız beş ulduzu var. Təəssüflənərək deyirəm, amma bu, reallıqdır, digər 75 aktyorun oyunu həmin beş aktyorun parlamasına xidmət edir. Amma elə aktyorlar var ki, onların görünmək iddiası yoxdur.

-Aktyorluq kurslarına start vermisiniz. Belə bir təşəbbüsə qoşulmanızın səbəbini nə ilə bağlıdır?

- İndi serial sektoru çox populyardır və istedadlı, həvəsi olan gənclər seriallarda çəkilməyə can atır. Digər tərəfdən, serial çəkən prodakşnların da gənc aktyorlara ehtiyacı var. Amma ikisinin də bir-birilərindən xəbərləri yoxdur. Çox vaxt “kölgə” prodüseri kimi gəncləri müxtəlif seriallarda çəkilmək üçün yönəltmişəm. Amma dəqiq bilirəm ki, seriallarda gənclərlə aktyorluq baxımından heç kim işləmir. Bu boşluğu aradan qaldırmaq üçün Bakı Film İnstitutunun nəzdində belə bir layihəyə başlamağa qərar verdik. Qeyd edim ki, həmin institutun tərkibində bu vaxta kimi kinoprodüser və kinorejissor kursları fəaliyyət göstərib. Elə “Yeni nəfəs” müsabiqəsinin ssenari qaliblərindən biri də məhz həmin kursların tələbələrindən biridir. Seçim turunda iştirakçıların ilk öncə zahiri görünüşü, nitq mədəniyyəti, kino və teatr sahəsində dünyagörüşünə diqqət yetirildi. Qatılanlar arasında kino və teatrdan heç bir məlumatı olmayanlar da var idi. Biri “Qurdlar vadisi”nə o qədər aludə olub ki, özünü artıq Polad Ələmdar sanır. İddiası da öyrənməyə deyil, çəkilməyədir. Bununla yanaşı, kurslara artıq çəkiliş təcrübələri olan, amma onu artırmaq istəyən gənclər də qatılıb.

- Yeni çəkilən bədii filmlərdə görünməməyiniz nə ilə əlaqədardır?

-Düşünürəm ki, məni əgər dəvət etmirsə, deməli, mənə uyğun obraz yoxdur. Mən sizə başqa bir problemi deyim, bizim kinorejissorlar teatrlarda işləyən aktyorlarımızı tanımırlar. Ancaq o aktyorları tanıyırlar ki, ondan öncə başqa rejissorun filmində çəkilib.

 

 

Nigar ABDULLAYEVA

 

Palitra.-2013.-21 may.-S.11.