Gənclər ölkənin əldə etdiyi uğurların qorunmasını və davamını istəyir

 

Bildiyimiz kimi, 250-ə yaxın gənclər təşkilatı oktyabr ayında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Azərbaycan gəncliyinin Prezidentə bu cür inamla etimad və dəstək göstərməsi heç də səbəbsiz deyil. Bu, o deməkdir ki, gənclərimiz artıq Azərbaycan istiqlaliyyətinin, dövlətçiliyinin gücləndirilməsi, Vətənimizin daha da çiçəklənməsi naminə üzərinə düşən tarixi və vətəndaş məsuliyyətini dərk edirPrezidentin ətrafında toplaşıblar. Hər halda bunu gənclərin öz dilindən eşitmək daha yaxşı olar.

 

“Dövlət proqramları yüzminlərlə gənci əhatə edib və bu proses davam etməkdədir”

 

Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbud qəzetimizə bildirdi ki, sağlam gəncliyin mövqeyi builki seçkilərdə həlledici olacaq: “Azərbaycanın ən müasir tarixi xronikasına nəzər yetirsək, görərik ki, əhalimizin ən dinamik və çoxsaylı kəsimi olan gənclər ölkə əhəmiyyətli bütün məsələlərlə bağlı hər zaman ortaya birmənalı mövqe qoyublar. Bunun əsası isə 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra gəncliyə və onun gücünə böyük önəm verərək onlarla keçirdiyi tarixi görüşdən sonra qoyulub. Bundan sonra biz 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunu keçirilməsini, 1997-ci ildə fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı fərmanın imzalanmasını və digər uzunmüddətli strategiyanın nümunələrini müşahidə edə bilərik. İndiyədək qəbul olunan Dövlət Gənclər Proqramlarının icrası yüzminlərlə insanı əhatə edib və bu proses hazırda da davam etməkdədir”.

Onun sözlərinə görə, ölkə gənclərinin önəmli hissəsi regionda və Azərbaycanda baş verən prosesləri diqqətlə izləyir: “Gənclər doğru-dürüst şəkildə təhlil edərək ötən illər ərzində gərgin əmək nəticəsində qazanılan nailiyyətlərin qorunub saxlanılmasını və inkişaf etdirilməsini istəyirlər. Bu cəhətdən Gənclərlə İş üzrə İctimai Şuranın 2013-cu ilin payızında keçiriləcək prezident seçkilərində yenidən cənab İlham Əliyevi dəstəkləməklə bağlı verdiyi bəyanat düşünürəm ki, tamamilə təbii və gözlənilən idi. Azərbaycanın dünyada artan nüfuzu, hərbi və iqtisadi gücünün yüksəlməsi, sabit ictimai-siyasi durum Azərbaycan gənclərini daim cənab Prezidentin ətrafında birləşdirən əsas səbəblərdəndir”.

 

“Gənclər siyasətinə ən bariz nümunə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramıdır”

 

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva da bizimlə söhbətində dedi ki, ölkənin gələcəyi olan gənclər daim dövlətimizin diqqət mərkəzindədir və ölkə rəhbərinin qayğısı ilə tam əhatə olunub: “Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti sağlam gəncliyin formalaşmasına və hərtərəfli inkişafına yönəlib. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasətinə ən bariz nümunə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramıdır. Bu gün dövlətimiz tərəfindən həyata keçirilən həm daxili, həm xarici siyasət Azərbaycan xalqının rifahının yüksəlməsinə səbəb olub. Bu gün cəmiyyətimizin fəal üzvləri olan gənclər bu siyasətdən daha çox faydalanırlar. Belə ki, gənclərimizin səsi daha yüksək arenalardan gəlir. Azərbaycan gəncliyinin öz prezidentinə olan inam və etimadının səbəbi biz gənclərə olan bu kimi diqqətdir”.

S.Mustafayevanın fikrincə, Azərbaycan gəncliyinin böyük əksəriyyəti ölkə Prezidentini dəstəkləyir: Sağlam düşüncəli gənclərimiz Prezident İlham Əliyevə inanır və onun ətrafında toplaşıb. Çünki bu danılmaz bir faktdır ki, Prezidentin rəhbərliyi altında ölkəmiz inkişaf edib, regionda öz sözünü deməyə qadir olan bir dövlətə çevrilib. Bunu unutmaq lazım deyil ki, Azərbaycan gəncliyi Prezidentin ətrafında sıx birləşərək uğurlu gələcəyə doğru addım atır”.

 

“Gəncliyin inkişafı prioritet məsələ kimi həmişə ön planda saxlanlır”

 

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilovun sözlərinə görə, Azərbaycan gənclərinin inamla İlham Əliyevi dəstəkləməsinin səbəbi Prezidentin daim gənclərin yanında olmasıdır: “Cənab Prezident Azərbaycan gəncliyinin inkişafını prioritet məsələ kimi həmişə ön planda saxlayır. Gənclərlə bağlı qəbul edilən dövlət proqram və qanunları buna əyani sübutdur. Azərbaycan gənci öz üzərində diqqət və qayğını hiss edirbu güntam inamla İlham Əliyevi dəstəkləyir. Gənclik Prezidenti dəstəkləməklə sabit inkişafı, gələcək güclü Azərbaycanı dəstəkləyir, sabahkı təminatını təmin edir”.

A.Xəlilov da dedi ki, gənclər həmişə Prezidentin ətrafında olub: “Heydər Əliyev ideyalarına sadiq olan gənclər ilk gündən İlham Əliyevin ətrafındadır və ona sadiqdir. Yeni gənclik də öz yerini Prezidentin ətrafında görür, çünki gənclərdə güclü Azərbaycanın vətəndaşı olmaq istəyi var. Bu istəyi də İlham Əliyev öz apardığı siyasətlə təmin edir. Artıq Azərbaycan regionun söz sahiblərindən biridir. Gələcək isə daha aydın və parlaq görünür”.

 

Son 4 ildə dövlət orqanlarına işə qəbul edilənlərin 60 faizə qədərini gənclər təşkil edib

 

Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev də bizimlə söhbətində fəal gənclərin builki prezident seçkilərində Prezident İlham Əliyevə dəstək verməsinin səbəblərini açıqladı: “Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin gənclərin daha keyfiyyətli və müasir təhsil almasına, fiziki sağlam olmasına, sosial cəhətdən təmin olunmasına, milli ordumuzun günü-gündən güclənməsinə yönəlməsidir. Cənubi Qafqazın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycan bu gün həm də MDB və Şərqi Avropa məkanında iqtisadi inkişaf templərinə görə lider dövlətlərdəndir. Son 10 ildə ölkədə bütün sahələrdə tarixi irəliləyişlər əldə olunub. Bu, bir gerçəklikdir ki, Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çox hissəsinin cəmləşdiyi ölkəmizin iştirakı olmadan heç bir regional təşəbbüs icra oluna bilmir. Azərbaycanın iqtisadi inkişafı ölkənin siyasi uğurlarına və demokratik tərəqqi yolunda irəliləməsinə, işğal altında olan torpaqlarımızın Ermənistan işğalından azad olunmasına əsaslı təminat yaradır.

Dövlətimiz gənc vətəndaşlarının vətənpərvər, dövlətçi, savadlı, sağlam, fəal vətəndaş olması, gənclərin cəmiyyətimizin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatına biganə qalmaması istiqamətində fəal siyasət aparır. Bu siyasətin reallaşması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır, qəbul edilir, həyata keçirilir. Azərbaycan dövlətinin apardığı gənclər siyasəti dünyanın müxtəlif çağırışlarına cavab verə biləcək müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlib. Bu siyasət dünyanın müxtəlif ölkələrinə örnək ola biləcək siyasətdir”.

Onun sözlərinə görə, Azərbaycan tək-tək ölkələrdəndir ki, burada fəal gənclər siyasəti həyata keçirilir: “Azərbaycan gənci təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda ən müasir təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Belə gənclərin əksəriyyəti məhz dövlətin maliyyə imkanları hesabına təhsil alır, yüksək ixtisaslara yiyələnirlər. Hər il yüzlərlə gənc bu imkanı əldə edir. “Azərbaycan gənclərinin 2007-2015-ci illərdə Xaricdə Təhsili üzrə Dövlət Proqramı” dövlətin gənclərin inkişafı və potensialının düzgün sahələrdə istifadə olunmasına verilən əhəmiyyətin göstəricisidir. Ölkəmizdə dövlət qulluğuna qəbul olunan gənclərin sayı artmaqdadır. Son 4 ildə dövlət orqanlarına işə qəbul edilənlərin 60%-ə qədərini gənclər təşkil edib.

Azərbaycanda çox sayda bədən tərbiyəsi və idman obyektlərinin tikilib gənclərin istifadəsinə verilməsi də gənclərin fiziki inkişafına və sağlamlığına istiqamətlənmiş siyasətdir. Hər il dünyanın müxtəlif yerlərində keçirilən mötəbər idman turnirlərində Azərbaycan bayrağını yüksəyə qaldıran gənclərimizin sayı artmaqdadır.

Gənclərin elmi, intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsinə dəstək verilməsi, onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində aparılan siyasət Azərbaycan gəncləri tərəfindən yüksək qiymətləndirilir.bu səblərdən cənab İlham Əliyevin namizədliyi gənclər təşkilatları tərəfindən dəstəklənir”.

N.Mehdiyevin fikrincə, Azərbaycan gənclərinin tam əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnundurlar: Bu məmnunluğun səbəbi həyata keçirilən siyasətin ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamı olması, Azərbaycana sabitlik və davamlı inkişaf bəxş etməsi, Azərbaycanın regiondadünyada söz sahibinə çevrilməsinə gətirib çıxarması, Azərbaycan vətəndaşlarının sosial rifahını yüksəltməsi, Azərbaycan gəncliyinin və gələcəyinin inkişafını təmin etməsidir. Ona görə də Azərbaycan gənclərinin tam əksəriyyəti axıra qədər bu siyasətin arxasındadır və onu müdafiə edəcək. Azərbaycan gəncliyi müstəqillik tariximizin bütün dövrlərində müxtəlif sınaqlardan alnıaçıq çıxmağı bacarıb və doğru qərar qəbul edib. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında birləşərək, ona səs verməklə öz gələcəyinə səs verəcək”.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-21 may.-S.10.