Qeyri-neft sektorunun inkişafı gələcək
nəsillər üçün baza yaradır
Dosent Fuad Məmmədov:
“Maşınqayırma, metallurgiya, ağac sənayesi, hərbi
təyinatlı məhsulların istehsalı sahəsində də
texnoparkların yaradılması iqtisadi cəhətdən
böyük səmərə verə bilər”
Ölkədə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir. Təsadüfi deyil ki, cari ilin I rübündə məhz bu sektorda artım 11 faizdən çoxdur. Qeyri-neft sektorunun inkişafının vacibliyini deyən ölkə başçısı da bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi bir nömrəli hədəfdir: “Bu, onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf artıq reallıqdır”. Müsahibimiz Azərbaycan Dövlət Neft Akademiyasının dosenti, texnika elmləri namizədi, Dünya Bərpa Olunan Enerji Cəmiyyətinin, bir neçə beynəlxalq elmi jurnalın və beynəlxalq konfransların redaksiya heyətinin üzvü Fuad Məmmədovdur:
-Azərbaycanın yerləşdiyi coğrafi məkan kənd təsərrüfatı, turizm, energetika, tranzit, iqtisadiyyat və digər sahələr baxımından böyük potensiallı və əlverişli bir mövqeyə malikdir. Buna misal olaraq, Azərbaycanın, demək olar ki, bütün ərazisi kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi üçün çox yararlı və münbit bir iqlimə malik olan sahədir. Ölkəmizin böyük su ehtiyatlarına malik olması isə kənd təsərrüfatının daha da inkişaf etməsinə zəmin yaradır. Son illər ərzində hazırlanmış dövlət proqramları, aqrar islahatlar, fermer və kəndlilər üçün yaradılmış şərait ölkənin ərzaq problemi məsələsinin getdikcə 100 faiz daxili istehsal hesabına ödənilməsi üçün mühüm əhəmiyyət kəsb edib. Turizm sektorunda olan irəliləyişlər də göz qabağındadır. Belə ki, günü-gündən gözəlləşən paytaxtımız, həm cənub həm də şimal bölgəmizdə olan rayonlar xarici turistlər üçün əlverişli bir məkana çevrilib. Səhv etmirəmsə, keçən il ərzində Azərbaycana gələn turistlərin sayı bir milyondan çox olub. Bu göstərici özlüyündə çox müsbət bir haldır və bu rəqəm ilbəil artmaqdadır. Azərbaycan energetika sahəsində də, əsasən neft və qaz sektoru və yenicə olaraq ölkəmizdə inkişaf etdirilən alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması sahəsində də bir çox uğurlara imza atıb. Məlum olduğu kimi, Azərbaycanın neft və qaz potensialı çox böyükdür, bu, bir dayanıqlı siyasətlə idarə olunur, əsasən Avropa və dünyanın bir neçə ölkəsinin enerji təhlükəsizliyi sistemində əhəmiyyətli rola malikdir. Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə edilməsi üzrə 21 oktyabr 2004-cü il tarixli sərəncam bu sahənin inkişafına təkan olmaqla yanaşı, bir sıra vacib proseslərin başlanmasında və gələcək strategiyanın hazırlanmasında əsas bir mərhələ oldu. Tranzit ölkə kimi Azərbaycan istər şimaldan cənuba və ya əksinə olan marşrut üzrə bir çox ölkələrlə sıx ticarət əlaqələrinə malikdir. İstər dəmir yolu, su, hava və quru nəqliyyatı ilə bir çox istehsal məhsulları ölkə ərazisindən keçərək idxalçı ölkəyə çatdırılır. İqtisadiyyat sahəsində də əldə edilmiş uğurlar göz qabağındadır. Belə ki, ölkəmizin iqtisadi artım göstəriciləri dünya ölkələri arasında lider bir mövqedə dayanması ilə müşahidə olunur. Ölkəmizdəki sabitlik, dayanıqlı və iqtisadi inkişaf prosesi öz axarı ilə davam edir. Məhz bu səbəblərə görə xarici səhmdarlar, hətta uzunmüddətli layihələrin Azərbaycanda gerçəkləşməsi üçün kapital qoymaqda çətinlik çəkmirlər. Bütün bu deyilənlərin hamısı, sözsüz ki, son zamanlar ərzində Azərbaycanın həm iqtisadi, həm də qeyri-neft sektorunun inkişafında özünü göstərib. Digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı gələcək nəsillər üçün indidən müəyyən bir baza yaradır. Həmin baza gələcəkdə yeni nəslə daha asan şəkildə iş yerlərinin tapılmasında, onların sayəsində yeni texnologiyaların qavranmasında yardımçı olacaq.
- Ölkəmizdə
son illər ərzində açılan yeni iş yerlərinin
qeyri-neft sektorunda əldə edilən uğurlarla bilavasitə
bağlılığını necə qiymətləndirirsiniz?
- Son illər ərzində ölkədə 1 milyon 100 mindən artıq yeni iş yeri açılıb ki, onların da 30 mini bu ilin I rübündə yaradılıb və bu proses getdikcə davam edir. Məhz ölkədə aparılan uğurlu siyasətin bir hissəsi də odur ki, neftdən gələn gəlirlər əsasən ölkə başçısı İlham Əliyevin söylədiyi kimi “neft kapitalını insan kapitalına çevirək” amili məhz bu iş yerlərinin yaradılmasında da bilavasitə başlıca rol oynayır. Yəni, məhz bu gəlirlərin hesabına yeni layihələrə, proqramlara vəsaitlər qoyulur ki, onlar da özlüyündə yeni iş yerlərinin açılması deməkdir. Bu onu göstərir ki, neft gəlirləri düzgün istiqamətdə yönəldilir ki, insanların gələcək rifahı daha da yüksək olsun. Bundan əlavə həmin iş yerlərinin bölgələrdə daha çox açılması məqsədəuyğun olardı. Nəzərə alsaq ki, respublika üzrə əhalinin əksəriyyəti bölgələrdə yaşayır, həmin ərazilərdə yeni iş yerlərinin açılması onların öz kapitallarına qənaət edilməsi ilə yanaşı, ümumi şəkildə dövlət üçün də iqtisadi baxımdan daha səmərəli olardı.
- Ölkə
başçısı bildirib ki, gələcəkdə sənaye
istehsalımızı müasirləşdirmək
üçün böyük işlər görüləcək,
onların arasında texnoparkların yaradılması əsas
yer tutur və bölgələrdə də bu proses gedir.
Texnoparkların yaradılması ölkəmiz
üçün hansı səmərə verə bilər?
- Son illər ərzində Bakı, Gəncə və Sumqayıtda texnoparkların yaradılması, həqiqətən də, müsbət bir haldır. Bu, Azərbaycan üçün texnologiya cəhətdən böyük bir sıçrayışdır. Son illər yaradılan texnoparklar arasında onların istehsal müəssisələrinə, həmçinin istehsal etdiyi məhsullara nəzər saldıqda görmək olar ki, ölkədə yaradılan texnoparkların əsas istiqaməti energetika sektorun aiddir. Energetika sektoru dünyada ən strateji istiqamətlərdən biridir ki, Azərbaycan da bu sahəyə önəm verməkdədir. Bundan başqa texnoparkların yaradılması ilə yanaşı, onların nəzdində elmi-tədqiqat institutlarının, Xüsusi Konstruktor Bürolarının, problem laboratoriyaların yaradılması daha məqsədəuyğun olardı. Çünki, hər hansı bir texnologiyanın və yaxud texnikanın alınması və onun müəyyən modifikasiya olunandan sonra yenidən hazırlanması və tətbiqi müəyyən problemlər yaradır. Lakin bu xüsusi konstruktor bürolarının və elmi potensialın bu sahədə yaradılıb və işlədilməsi həm iqtisadi, həm də təhlükəsizlik baxımından daha əlverişlidir. Ölkədə olan texnoparkların energetika sektorundan başqa maşınqayırma, metallurgiya, ağac sənayesi, hərbi təyinatlı məhsulların istehsalı sahəsində də olması iqtisadi cəhətdən daha böyük səmərə gətirərdi. Çünki biz artıq görürük ki, Azərbaycan gənc bir dövlət olaraq sürətlə inkişaf edir. Yəni, biz gələcəkdə bu inkişafı davam etdirmək, onu stabil saxlamaq istəyiriksə mütləq bütün sahələri əhatə edən texnoparklara malik olmalıyıq. Bunun üçün Azərbaycan həm özünü energetika sektorunda, həm də kənd təsərrüfatı sahəsində təhlükəsizlyini təmin etməklə yanaşı, digər sahələrə də önəm verməlidir. Sabah heç kimdən asılı olmaq istəmiriksə, biz bu gün bunu mütləq etməliyik. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan kosmik ölkələr sırasına artıq daxil oldu və bu, onu göstərir ki, Azərbaycan müasir texnologiyalarla maraqlanan, onlarla birbaşa təmasda olan və bu texnologiyalardan sürətlə istifadə edən ölkələr sırasındadır. Bu. onu göstərir ki, Azərbaycan inkişaf etməyə meyillidir. Artıq əlimizdə kifayət qədər böyük nəticələr də var. Bunu elə davam etdirmək lazımdır ki, müəyyən sahələrdə mövcud olan asılılıq problemini tam olaraq aradan qaldıraq.
- Müasir
peşəkar kadrların hazırlanmasında texnoparkların
rolunu necə qiymətləndirirsiniz?
- Ölkədə texnoparkların yaradılması gənclər üçün daha əlverişlidir. Çünki bu texnoparklar yeni iş yerləri olmaqla yanaşı, həm də təcrübə qazanmaq üçün fürsətli bir imkandır. Yəni, gənclər öz baza təhsillərini burada praktiki şəraitdə daha da mükəmməl şəkildə inkişaf etdirə bilərlər. Bununla yanaşı, gənclərin burada işləməsi gələcək üçün mükəmməl bir mütəxəssis olması ilə yanaşı, həm də ölkədə kadr potensialının formalaşmasında böyük əhəmiyyətə malikdir. Texnoparkların nəzdində XKB, elmi-tədqiqat institutlarının, laboratoriyaların yaradılması əsas amillərdən biridir. Burada istənilən məhsulun əvvəldən sonuna qədər işlənməsi, hazırlanması, tətbiqi və onun digər parametrlərinin təyin olunması məhz bu XKB, laboratoriyalarda həyata keçirilir. Belə təcrübənin qazanılması və uzunmüddətli şəkildə istifadə olunması üçün gənclərin bu işlərə qoşulması daha vacibdir. Yəni, həmin laboratoriyalarda, institutlarda əsas aparıcı qüvvə kimi gənc alimlərin fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Çünki gənc enerji ilə doludur və verilən tapşırığı vaxtında tam məsuliyyəti ilə yerinə yetirməyə çalışan bir insandır. Ona görə də məhz bu texnoparklarda gənclərə daha çox üstünlük verilməlidir. Onların fəaliyyəti genişləndirilməlidir. Həmçinin onların burada çalışması üçün xüsusi güzəştlər edilməlidir ki, bu sahəyə marağı daha da artsın və gələcəkdə də növbəti nəslin yetişdirilməsində bugünkü gənc ailmlər xüsusi əhəmiyyətə malik olsunlar. Bir maraqlı məqamı qeyd etmək istərdim ki, gələcəyimizin dayanıqlı və müstəqil inkişaf etməsi üçün mütləq olaraq, gənc elmi potensialın qərb təhsilini, qərb texnika və texnologiyasının mənimsəməsi vacibdir. Bu sahədə elmi araşdırmaların məhz Qərb dövlətlərində aparılması böyük nəticələrə səbəb olur.
Bildirmək istərdim ki, son zamanlar bir çox gənc alim və doktorantların evlə təmin olunması məsələsində bəzi problemlər yaşanır. Belə ki, iki mərhələdən ibarət olan bir təklif olaraq demək istərdim ki, ilk mərhələ olaraq, bu problemin həlli üçün gənc tədqiqatçı müəyyən zaman ərzində (doktorantura müddəti 3 ildir) işlədiyi sahə üzrə aldığı elmi nəticələri dünyada qəbul olunmuş “Thomsonreuters” sisteminə daxil edilmiş, impakt faktoru yüksək olan, əsasən də “ELSEVIER” nəşriyyatına daxil olan jurnallarda misal üçün deyək, 5-6 elmi məqalə çap etdirərsə, ona dövlət tərəfindən 1 otaqlı mənzilin hədiyyə olunması, zənnimcə, böyük marağa səbəb olardı. Bu təklifin gənc alim adını almış şəxslərə şamil edilməsi üçün bəzi parametrləri dəyişməklə yəni, misal üçün, 5 il ərzində həmin tələblərə uyğun 20-25 elmi məqalə çap etdirməklə bu gənc alimə dövlət tərəfindən 2 otaqlı mənzilin hədiyyə edilməsi daha yaxşı olardı. Və yaxud hər hansı bir gənc tədqiqatçının sərbəst şəkildə, yüksək inkişaf etmiş ölkələrin aparıcı elmi müəsissələri ilə işbirliyi qurması, müştərək tədqiqatların aparılması, maraqlı elmtutumlu nəticələrin alınması və bu işin əhatə dairəsini genişləndirməsini də yuxarıda göstərilən bu yönümlü işlərə aid etmək olar. Bu təklifin reallaşdırılması, Azərbaycanda gənclərin elmə olan həvəsinin artmasına, fəaliyyət göstərən gənc elmi potensialın stimul qazanmasına, Azərbaycan elminin nəticələrinin dünya nəşrlərinə daha sürətlə çıxmasına, gənclərin əsas sosial problemlərinin həll olunmasına və gənclərimizin maraqlı həyat yaşamasına səbəb olacaq.
İkinci mərhələdə isə artıq yeni texnika və texnologiyanı qavramış və xarici elmi mətbuatda çap olunmuş işlər haqqında məlumata sahib olan gənc alim az maliyyə məsrəfi ilə daha böyük iqtisadi səmərə gətirə biləcək layihələrin işlənib hazırlanması və sənayedə tətbiqi üzərində çalışaraq müsbət nəticələr ortaya qoymalıdır. Bu isə son nəticədə elmi müəssisənin öz-özünü maliyyələşdirməsinə və əlavə olaraq, dövlət büdcəsinə əlavə pul vəsaiti şəklində xeyir verməsinə səbəb olacaq. Çox istərdim ki, belə bir məsələ elm haqqında qanuna əlavə edilərək, ali qanunverici orqanda müzakirəyə çıxarılaraq öz müsbət həllini tapsın.
Düşünürəm ki, bu məsələ heç də çətin olmayan, möhkəm iradə tələb edən bir işdir və bunun nəticəsi ölkəmizin hərtərəfli inkişafında müstəsna əhəmiyyətə malik olacaq.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-21 may.-S.7.