“Tək
çıxış edəndə özümü
daha məsuliyyətli hiss
edirəm”
Fərqanə
Qasımova: “Mən muğama Alim Qasımovun prizması ilə baxıram, orada özümü
axtarıram”
Muğam dünyası Azərbaycanın
tarixdən gələn əvəzsiz mədəniyyət incilərindəndir.
Bu mədəniyyət
incisi bizim xalqın zəngin
mədəni dəyərləri sırasında yüksək
məqam sahibi kimi bütün dünyada
tanınır. İncəsənətimizin ecazkar
nümunəsi olan
muğamımızı bütün xalqlar arasında tanıtmaq belə, böyük bir missiya
daşıyıcısı kimi məsuliyyətli
bir vəzifədir. Bu
şərəfli missiya daşıyıcılarının
millətimizin nüfuzlu övladları
olmaları, əlbəttə ki, heç vaxt xalqın nəzərindən
kənarda qalmayıb. Növbəti müsahibim Azərbaycan muğam
sənətinin ustad xanəndələrindən
biri olan, dünyada muğamımızı şərəflə
tanıdan, Xalq artisti,
ustad Alim Qasımovun sənətinin
davamçısı olan və
ustadımızın muğam
dünyasına yadigarı Fərqanə Qasımovadır.
Prezident mükafatına layiq
görülən incəsənət xadimləri
sırasında Fərqanə xanımın da
adı var. Müsahibəni oxuculara təqdim edirik:
Qasımova
Fərqanə Alim qızı 23 aprel 1979-cu ildə anadan olub. Fərqanə
Qasımova 1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera
və xanəndəlik fakültəsində təhsil alıb,
hazırda konservatoriyanın aspirantıdır. 2002-ci ildən
bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir.
1996-cı ildən başlayaraq atası-xanəndə Alim
Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000,
2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının (2004) səhnəsinə
çıxıb. Dünyanın bir çox musiqi
festivallarında, konsertlərdə-Rusiyada (Moskva, 2000),
Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada
(Paris, 2001), Avstriyada (Vyana, 1999-2005), Belçikada (1999),
İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005),
İtaliyada (Parma, 2007), Polşada (Vroslav, 2007) və s.
iştirak edib. 2002-ci ildə Belçikada keçirilən
qadın ifaçıların festivalında ilk dəfə
olaraq müstəqil səhnəyə çıxıb.
2004-cü ildə Danimarkada növbəti solo konserti baş
tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin-məşhur
violonçel ifaçısı YoYo Manın adıyla
bağlı olan “Böyük İpək yolu” layihəsinin
iştirakçısı, dünya musiqiçilərindən
yığılmış “İpək yolu” ansamblının
üzvüdür. 1999-cu ildə Avropada A.Qasımovla birgə
“Dərin okean məhəbbəti” adlanan diski
çıxıb. 2006-cı ildə
belçikalı rejissor
Kriss Delvill F. Qasımova haqqında
“Meditation day” adlı sənədli
film çəkib. 9 may 2012-ci ildə
Prezident mükafatına
layiq görülüb.
-Siz Prezident mükafatına layiq görülən incəsənət xadimlərindən
birisiniz, görkəmli
muğam ustadımız
Alim Qasımovun muğam dünyasına yadigarısınız. Alim müəllimin sizə
verdiklərini bu gün ürəyinizcə
təmsil edə bilirsinizmi?
- Çox gözəl sualdır. Çünki Alim müəllim
mənə elə bir miras qoyub
ki, onun öhdəsindən gəlmək
çox çətindir.
Hərdən özlüyümdə
fikirləşirəm ki,
mən özümdə
muğamı görürəm.
Amma Alim müəllimin davamçısı
olduğum üçün,
onun mirasının daşıyıcısı olduğum
üçün mənim
öhdəmə böyük
çətinlik düşür.
Bəlli məsələdir
ki, Alim müəllim muğamda çox dəyişikliklər
edib, çox qapılar açıb. İndi o elə bir məqama yetişib ki, öz kürsüsündə
rahat oturub. Amma bu, bir
tərəfdən məni
əziyyətə salıb.
Artıq mən muğamın böyüklüyünü,
gözəlliyini, incəliklərini
dərk edəndən,
bir hərfin, bir sözün, bir zəngulənin olmaması mənə çox əziyyət verir. Bu məktəb belədir ki, hər dəfə yenilik, əziyyət, yeni nəfəs tələb edir. Ancaq bir şərtlə
ki, insanlara o gözəlliyi bəxş
etməlisən. Onların
ruhuna əziyyət verməməlisən. Əksinə,
onların ruhuna rahatlıq verməlisən,
zövqlərini oxşamalısan.
Bu ən böyük missiyalardan biridir.
- Qeyd etdiyiniz kimi, Alim müəllim muğamda bir çox yeniliklər edib. Bəs sizin bundan sonrakı missiyanız nədir?
- Bu elə bir şeydir ki, gələcəyə ümid yoxdur. İndiki zaman qiymətli olduğu üçün biz çalışırıq ki, bundan istifadə edək. Muğam elə bir haldır ki, insan yaşa dolduqca fiziki baxımdan geriyə getsə də, ruhi baxımdan qabağa gedir. Ona görə də insanın yaşı artdıqca muğam insanda günbəgün daha da püxtələşir. Bu gün vəziyyət başqadır, sabah bir başqa cür olur. Ona görə də insan o yaşa çatmalıdır. Mənim də yaşım muğam üçün çox azdır. Mən on yeddi yaşımdan atam ilə oxumağa başlamışam və on səkkiz ildir ki, mən atamla səfərlərə gedirəm. Ancaq buna baxmayaraq, günbəgün inkişaf gedir və bunun nəticəsini zaman göstərəcək. Biz yenə də çalışıb, üzərimizdə işləyirik.
- Muğam
sənətinin inkişafı üçün
müxtəlif müsabiqələr və konkurslar
keçirilir. Bəs sizin
tələbələriniz bu müsabiqələrdə
iştirak edirlərmi?
- Builki müsabiqəyə hazırlaşırlar. Bəzən onlara deyirəm ki, tələsməsinlər. Özünü göstərən insan müsabiqə olmasa da, özünü göstərəcək. Çünki konkursda birinci olsalar, bu, onlara tənbəllik verəcək. Ona görə də deyirəm ki, hələ öz üzərlərində çalışsınlar.
- Alim müəllim sizin zəngulələrinizi qəbul edib, yoxsa hələ də tövsiyələr verir?
- Hələ də tövsiyələr verir. Bu yaxınlarda İsmayıllı rayonunda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Konsert çox maraqlı keçdi. Konsert bitdikdən sonra atam məni qucaqlayıb öpdü və dedi ki, sən artıq mənim istədiyim səviyyəyə çatmısan. Bəlkə də mən Azərbaycanda ikinci muğam ifaçısıyam. Amma Alim Qasımovun yolu ilə getdiyim üçün məndə bir az çətinliklər yaranır. Mən muğama Alim Qasımovun prizması ilə baxıram, mən orada özümü axtarıram. Amma indi muğam çox bəsitləşib. Bu, bəzən ürək ağrısına, bəzən əsəbə səbəb olur. Bu belə olmamalıdır. Çünki muğam başqa bir dünyadır. Necə ki, sufilər, dərvişlər, Allaha bağlı olan insanlar o hala gəlirlər, muğamda da belə hal mövcuddur. Muğam yüksək məqamda duran bir haldır. İnsan 20 yaşında heç bir muğamı oxuya bilməz. Ancaq 25-30 yaşında yavaş-yavaş oxuya bilər, amma bunlar arasında fərq olacaq. Ona görə də hər kəs bilməlidir ki, muğam aləmi tamam başqadır və o məqama çatmaq lazımdır.
- Siz
muğam ifa etdiyiniz zaman tam başqa bir dünyada olursunuz, oxuyarkən gözlərinizi yumursunuz. O zaman hansı
hissləri keçirirsiniz?
- Bəli. Bu yaxınlarda mənə bir müğənnimiz dedi ki, sən gözlərini çox yumursan. Bu gözləri nahaq gizlədirsən. Sənin gözlərindəki halı insanlar görmək istəyir. Mən cavabımda dedim ki, gözlərimi yummasam, istədiyim hala düşə bilmirəm.
Elə hallar olur ki, o halı yaşayırsan, amma sözlə ifadə edə bilmirsən. İfadə etdikdə isə öz qüvvəsini itirir. Amma mən belə təsəvvür edirəm ki, oxuduğun musiqinin notları ilə təkbətək qalırsan və hər bir notun haqqını verməyə çalışırsan. Ancaq mən ürəyimdə Allaha zikr edirəm və ondan imdad diləyirəm. Bəzən atamdan sonra səhnəyə çıxanda çox həyəcanlı oluram. Bəlkə də qadın olduğum üçün özümü zəif hiss edirəm. Amma səhnəyə çıxdığım anda özümü ələ alıram.
- Bu gün Alim müəllimin yolunu getmək sizdə bir çətinlik yaratmır?
- Son zamanlar yaratmır. Allaha da yalvarıram ki, məni Alim müəllimin oturduğu məqama çatdır, mənim yerim onun yanında olsun. Ondan üstün, ya da ondan alçaq olmaq istəmirəm. Sadəcə, onun yanında olmaq istəyirəm. Düşünürəm ki, Alim müəllimin yolunu getməsəm, bu sənət yox olacaq, bu sənəti davam etdirən olmayacaq.
- Çox
zaman səhnədə Alim
müəllimlə birgə çıxış edirsiniz. Tək ifa etdiyiniz zaman özünüzü onunla
çıxış etdiyiniz kimi güclü hiss edirsinizmi?
- Tək çıxış edəndə özümü daha məsuliyyətli hiss edirəm. Mən həmişə deyirəm ki, Alim müəllim bir sərkərdədir. O olmasa, biz heç bir müharibəyə çıxa bilmərik. Ancaq mən tək çıxış edəndə artıq sərkərdə olmağa çalışıram. Artıq burada məndə çətinlik yaranır.
-
Muğamlarımızla Azərbaycanı dünyaya
tanıtmısınız, bütün
dünyanın alqışını qazanmısınız. Bundan sonrakı missiyanızda Azərbaycanın
hansı muğamını dünya
arenasında ifa etmək istəyərsiniz?
- Mənim on beş yaşım olanda atamın afişaları evimizi bəzəyirdi. Artıq o, muğamı sevdirmişdi. Məni də özü ilə aparmaqla muğamda ikiləşmə yarandı. Məsələn, “Bayatı-Şiraz” muğamında biz Leyli və Məcnun yaratmışıq. “Şur”, “Çahargah”, “Bayatı-Şiraz” muğamlarını atamla duet şəklində ifa etmişik. Amma bütün muğamları hansısa kanalda ifa etmək istəyirəm ki, tarixdə qalsın.
- Sizcə, dünya arenasında muğama
olan dəyər lazımi qədərdirmi?
- Gördüm. Onu da gördüm ki, Alim Qasımova UNESCO mükafatı verdilər və bir neçə mükafata layiq görüldü. Dövlətimiz tərəfindən isə “Şərəf” ordeni və dövlət mükafatı verildi. Bu, hər insana verilmir.
- Sizdən sonra Alim müəllimin sənətini
davam etdirən olacaqmı? Ümumiyyətlə,
Alim müəllim ailəsində
davamçılarını necə görür?
- Çox istəyirəm. Mənim üç qızım, bir oğlum var. Qız üçün çox çətindir. Ona görə istəyirəm ki, oğlum bu yolu davam etdirsin. Amma hələ ki onda bu qığılcım yoxdur. Mən isə üç yaşında dəf çalmağı öyrənirdim.
Alim müəllim öyrətməyə çox həvəslidir. Amma hələ ki heç birinin həvəsi yoxdur.
- Fərqanə
xanımın gələcək arzuları nədir?
- Mən muğamsız, Azərbaycansız özümü təsəvvür edə
bilmirəm. Əgər muğam oxuyuramsa, mən bu torpaqda olmalıyam. Mənim arzum
odur ki, ailə səadətim
daimi olsun. Çünki bu, qadına
stimul verir. Arzum odur ki, Alim
müəllim harada olsa, mən də onun yanında
olum.
Xəyalə GÜNƏŞ
Palitra.-2013.-22 may.-S.13.