Uşaqlar bağça yaşlarından adət-ənənələrimiz və əxlaq barəsində maarifləndirilməlidir”

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanovadır. R.Aslanova bizimlə müsahibəsində gənclərin mənəviyyatının formalaşması məsələləri ilə bağlı fikirlərini bildirdi:

 

-İlk olaraq onu qeyd etmək istəyirəm ki, bu mövzu barədə danışanda mən, ümumiyyətlə, gənclərin bugünkü fəaliyyətini qeyd etməyi lazım bilirəm. Lakin bu o demək deyil ki, burada sadaladığım neqativ hallar bütün gənclərə şamil edilir. Bu gün Azərbaycanı dünyada tanıdan bir çox gənclərimiz var. Çox uzağa getməyək. Mayın 18-də Eurovision-2013 yarışmasında 2-ci yeri qazanan Fərid Məmmədovu misal çəkək. Belə gənclərimiz minlərlədir. Lakin bəzən neqativ hallarla da qarşılaşırıq. Və bu yazıda mənim əsas məqsədim bu sahədə bəzi problemlər, onların mövcudluğu və həlli yollarından danışmaqdır. Bu gün gənclərin mənəvi-mədəni tərbiyəsindən danışanda biz maarifçi gənclər təşkilatı kimi sakit dayana bilmərik. Qeyd etdiyimiz kimi, bu problem elə bir problemdir ki, buna biganə qalmaq səthi yanaşmaq olmaz. Hətta bu sahədə olan problemlərin mövcudluğu ilə barışmaq və sakit dayanaraq qıraqdan izləyici olmaq bizim missiyamıza zidd olardı. Əksinə, bu sahədə gənclərin problemlərinin həllində onlara yaxından dəstək olmaq lazımdır. Beləliklə, mənim fikrimcə, bu gün gənclərin mənəvi-mədəni tərbiyəsi mövzusu ən aktual mövzulardan biridir. Çünki bunun arxasında bütün insanlıq durduğu üçün gərək bu problemə universal bir problem kimi yanaşaq. Hazırkı dövrdə bəzi gənclərin bir çox şeylərə adi baxması hərdən məndə maraqlı hisslər yaradır. Məsələn, siqaret çəkmək vərdişi, boşanmalar, spirtli içkilərə aludəçilik, narkotikdən istifadə, digərlərinə hörmət etməmək və s. Belə gənclərin adi etiket qaydalarına riayət etməməsi, bu cür halların 21-ci əsrdə yaşamağımıza baxmayaraq, baş verməsi heç də ürəkaçan deyil. Bəzi gənclərin mədəni-mənəvi həyatlarının bu qədər deqradasiyaya uğramasını bilmirəm ki, nə ilə izah etmək olar. Mənə elə gəlir ki, 70 il SSRİ adlanan bir qurumun ətrafında birləşməyimiz və 90-cı ilərdə bu qurumun dağılması zamanı gənclərin vətənpərvərlik, mədəni-mənəvi həyatında bir çox boşluqlar yaratdı ki, bu gün də həmin boşluqların nəticəsində bəzi gənclər arasında bu işin düzənli olması bir problemə çevrilib.

- Bu sahədə inkişafı haradan başlamaq lazımdır?

- Necə başlamaq lazımdır? Mənim fikrimcə, məktəbə getmək və bilik almaq hələ bu gəncin mənəviyyatlı və mədəni olmasına dəlalət etmir. Həmin gənclərin təhsilə formal yanaşması onlarda gələcəkdə milli adət-ənənələrimizin, mənəvi və mədəni hisslərin itirilməsinə, xurafata gətirib çıxarır. İlk olaraq bu sahədə geniş maarifləndirmə işləri aparılmalıdır. Bu maarifləndirmə işləri ailə, millət və dövlət tərəfindən qarşılıqlı aparılmalıdır. Mənə elə gəlir ki, hər bir insanın mənəvi-mədəni tərbiyəsi onun xalqının adət-ənənələrindən, dinindən-imanından irəli gəlir. Lakin təəssüflər olsun ki, bu gün bizdə bəzi gənclərimiz də bu sahədə “təcrübə”ni əsasən bəzi Qərb nümunələrindən götürürlər ki, bu da öz mənəvi-mədəni irsimizin itirilməsinə gətirib çıxarır. Burada ilk olaraq əsas mərkəzdə ailə, sonra məktəbəqədər təhsil müəssisəsi, daha sonra məktəb durur. Bütün bunlar isə dövlət tərəfindən həmişə qayğı və nəzarətdə olmalıdır.

-Mənəviyyatla bağlı gəncləri maarifləndirmə yollarını siz necə təklif edirsiniz?

- Mənəviyyat nədir? Mənəviyyat hər bir insanın daxili aləminin gözəlliyidir. Bu gün biz bir sıra gənclərdə gözəl daxili aləmin qurulmasından uzaqlaşmışıq. Bax bu sahədə müxtəlif üsullarla işlər aparmaq lazımdır ki, gənclərdə daxili aləmi zənginləşdirmək lazımdır. Bunun üçün yenə də mütləq güclü maarifçilik işləri aparılmalıdır. Hələ bağça yaşlarından uşaqlar arasında milli adət-ənənələrimiz, pis və yaxşı vərdişlər, əxlaq barəsində illüstrasiya formasında maarifləndirmə aparılmalıdır. Sonra məktəb illərində bu tədris şəklində davam etməlidir. Məktəblilər tamaşalara, ekskursiyalaras. aparılmalıdırlar. Yəni bu düzgün və mərhələli aparılmalıdır. Bu ölkədə hər bir kəs öz bacardığı qədər bu işə yardım etməlidir. Belə ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi daşıyan 6 may 2002-ci il tarixli qərar verilib. Əlbəttə ki, qanun dövlətin mədəni siyasətinin uğurlu başlanğıcıdır. Qanunda Azərbaycan Respublikası bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdülür. Qanuna gənclər siyasətinin prinsipləri və məqsədləri müəyyən edilmiş, dövrün tələblərinə cavab verə biləcək müddəalar əlavə edilib. Qanun bu siyasətin həyata (203-cü maddə) keçirilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir. 5 fəsil və 21 maddədən ibarət olan qanunda dövlət gənclər siyasətinin mahiyyəti və prinsipləri aşağıdakı kimi göstərilib: Xalqın gələcəyini müəyyən edən xüsusi ictimai qrup kimi gənclərin özünəməxsus mənafe və ehtiyacları olduğunun etiraf edilməsi; cinsindən, milliyyətindən, dilindən, dini etiqadından təhsilindən, sosial mənşəyindən və siyasi baxışlarından asılı olmayaraq gənclərin cəmiyyətdə hüquq bərabərliyinə təminat verən hüquqisosial statusunun müəyyənləşdirilməsi; gənclərin hərtərəfli sosial, mənəvi və fiziki inkişafına, onların hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat verən şəraitin yaradılması; gənclərdə xalqın mənəvi irsinə və ənənələrinə, nəsillərin mənəvi əlaqəsinə qayğıkeş münasibətin tərbiyə edilməsi; gənclərin azadlıq, hüquq və vəzifələrinin vəhdəti; gənclərin sosial müdafiəsi üçün hüquqi və təşkilati təminatların yaradılması.

Bundan əlavə vətəndaş cəmiyyəti sahəsində çalışan hər bir təşkilat və fərdlər də bu sahədə öz töhfəsini verməlidir. Belə ki, bu sahədə müxtəlif layihələr həyata keçirilməlidir. Bu gün Azərbaycan Maarifçi Gənclər Təşkilatı gənclərin mənəviyyatına bir bəla kimi girmiş narkomaniya ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkomaniyaya qarşı mübarizədə ictimai təşəbbüslərin rolu” adlı layihə həyata keçirir. Narkomaniya müasir dünyada cəmiyyət üçün ən təhlükəli sosial bəlalardan biridir. Narkomaniyanın təhlükəliliyi ondadır ki, narkotiklərə aludə olmuş insanda narkotikdən asılılıq yaranır və o bu problemin qarşısında aciz qalır. Digər tərəfdən narkomaniyanın digər ağır fəsadı onun digər ağır xəstəliklərə yol açmasıdır. Müalicə yolu ilə narkotikdən asılılığı aradan qaldırmaq mümkün olsa da, tam sağalmaq çox az insana nəsib olur. Bu gün dünya əhalisinin təqribən 3%-i, yəni 220 mln. nəfərə yaxını narkotiklərdən istifadə edir. Azərbaycanda narkomanların sayı rəsmi statistikaya görə 27 mindən artıq olsa da, reallıqda bu rəqəm bir neçə dəfə yüksəkdir.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2011-ci ilin yekunlarına əsasən (2012-ci ilin yekunları hələ açıqlanmayıb), yaydığı məlumata görə, təkcə 2011-ci ildə 1999 nəfər narkoman kimi qeydiyyata alınıb. Hazırda Azərbaycanda 26 716 nəfər narkoman var, baxmayaraq ki, 2010-cu ildə bu rəqəm 25489 nəfər olub. Narkomanlar arasında daha çox 40-59 yaş arası olan kişilər üstünlük təşkil edir. Ölkədə bu yaşda 12 791 narkoman var. Respublikadakı narkomanların 4979 nəfəri 18-29 yaş arasında olan gənclərdir. Qeydiyyata alınan narkomanlar arasında yaşı 18-dən aşağı olanlar yoxdur. Bütün dünyada olduğu kimi, respublikamızda da narkotiklərdən asılı insanlar var. Daha bir acınacaqlı fakt narkomaniyanın “cavanlaşmasıdır”, yəni, narkomanların arasında gənclərin ümumi çəkisinin yüksəlməsidir. Biz gənclərin bu bəlaya və ruh düşkünlüyünə yoluxmuş kəsimi arasında ciddi maarifləndirmə və mənəvi saflaşma layihələrini həyata keçirməliyik.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağda separatçı rejimin yaradılması, Azərbaycan torpaqlarının işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan Silahlı Qüvvələrinin nəzarət etməsi narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərib. Dağlıq Qarabağişğal olunmuş digər rayonların ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur.

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Buna görə də Azərbaycan Respublikasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)” qəbul olunubuğurla həyata keçirilir. Bundan başqa “Gələcəyə Baxış-2020” sənədlərində də narkomaniya ilə mübarizə əsas amil kimi göstərilmişdir. Lakin qeyd etdiyimiz kimi, buya digər insanın narkotikə qurşanması gizli baş verdiyindən, narkotik asılılığından müalicə könüllülük əsasında həyata keçirildiyindən narkomaniya bir problem kimi şiddətlənir və onun ictimai təhlükəliliyi də artır.

Narkomaniya ictimai təhlükə olduğundan onunla mübarizə də tək dövlət tərəfindən deyil, bütün cəmiyyət tərəfindən aparılmalıdır. Narkotik asılılığından müalicə olunması çətin proses olduğundan insanların narkotikə qurşanmasına qarşı mübarizənin aparılması vacibdir. Dövlətlə yanaşı bu prosesdə bütün cəmiyyətin, o cümlədən ictimai qurumların, qeyri-hökumət təşkilatlarının birgə səy göstərməsi səmərəli ola bilər. Narkomaniyanın fəsadları barədə cəmiyyətin və ilk növbədə gənclərin maarifləndirilməsi, narkotik aludəçiliyinin ictimai qınağa tuş gəlməsi narkomaniya ilə mübarizədə əsas alətlərdən biridir.

Gənclərin maarifləndirilməsi sahəsində geniş təcrübəyə malik olan Azərbaycan Maarifçi Gənclər Təşkilatı ölkə vətəndaşları üçün ictimai təhlükə olan narkomaniyaya qarşı mübarizəyə töhfə verməyi özünə borc bilərək bu sahədə layihənin reallaşdırılmasına böyük önəm verir.

-Bunlardan başqa gənclərin maarifləndirilməsi və mənəvi durumunun yüksəldilməsi ilə bağlı hansı layihələri vacib sayırsınız?

- Bunlardan əlavə, təşkilatımız gənclərin asudə vaxtının təşkili ilə də bağlı maraqlı layihələr üzərində işləyir və gələcəkdə bu layihələri həyata keçirməyi planlaşdırır. Həmçinin gənclərin dövlətçilik və vətənpərvərliklə bağlı maarifləndirilməsi, gənclərin öz vətənlərini daha çox sevmələri və ona bağlanmaları üçün çoxlu vacib layihələr həyata keçirilməlidir. Doğrudur, bu cür layihələrin sayı ildən-ilə artır. Dövlət səviyyəsində gənclərin mənəvi-mədəni səviyyəsini yüksəldən layihə və tədbirlər, proqramlar daha da intensivləşdirilir. Bununla belə, ictimai səviyyədə də bu məsələyə diqqət olduqca gücləndirilməlidir. O cümlədən təhsillə bağlı islahatlarda gənclərin mənəviyyatı məsələsinə önəmli diqqət yetirilməlidir. Unutmaq lazım deyil ki, hər bir millətin taleyi birinci növbədə, onun gəncliyinin mənəviyyatı və mədəniyyətindən asılıdır. Çünki gənclər cəmiyyətin əsas hərəkətverici qüvvəsi olduqları kimi, həm də onun gələcəyidirlər.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2013.-22 may.-S.11.