“Gənclərimizi satiranın gücünə
tərbiyələndirmək olar”
Yasin Qarayev: “Axırıncı on
ili götürsək, Azərbaycan mədəniyyətinə,
incəsənətinə dövlət qayğısı bu dərəcədə
geniş olmamışdı”
Yasin
Qarayev 22 may 1946-cı ildə anadan olub. 1973-cü ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun Musiqili
komediya fakültəsini bitirib, həmin ildən Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
yaradıcılıq fəaliyyətinə başlayıb.
Teatr səhnəsində Cəlal (S.Vurğun "Komsomol
poeması"), Qulu (S.S.Axundov "Tamahkar"), Əsəd
(C.Məmmədquluzadə "Danabaş kəndinin məktəbi"),
Qarakişi, Əziz (İ.Məlikzadə "Gəl qohum
olaq", "Sağlıq olsun"), Şah (F.Məmmədov
"Sirli dəyirman"), Aşıq, Mahmud (N.B.Vəzirov
"Hacı Qəmbər"), Azər, Əflatun (Elçin
"Mahmud və Məryəm", "Ölüm
hökmü"), Mir Cəfər Bağırov (Ə.Əmirli
"Cəza"), Qafar (S.Rüstəm "Çimnaz
xanım yuxudadır") və bir çox başqa yaddaqalan
obrazları məharətlə yaradıb. Y.Qarayev AZTV-də
hazırlanan "Ağ atların valsı"
(Ş.Başbayev), "Gəl qohum olaq" (İ.Məlikzadə)
və başqa tamaşalarda özünəməxsus obrazlar
ifa edib. Y.Qarayev Azərbaycan teatr sənəti sahəsindəki
xidmətlərinə görə 1991-ci ildə Əməkdar
artist fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə
Prezident mükafatına layiq görülüb. Yasin Qarayevlə
müsahibəmizi təqdim edirik:
İncəsənət
sahəsində teatr cəmiyyətin və gələcək nəsillərin
maariflənməsində və püxtələşməsində
böyük rol oynayan mədəniyyət mərkəzidir. Mədəniyyət
dünyasının mühüm sahələrindən biri olan
teatr mərkəzləri müasir dövrün əsas diqqət
mərkəzlərindən biri sayılır. Çünki
diqqət yetirsək, görərik ki, bu gün Azərbaycan
teatr sahəsinə diqqət və qayğı daha da güclənib.
Növbəti müsahibim, efirlərdə Hacı Qara
obrazı ilə tamaşaçılar tərəfindən
böyük rəğbət qazanan Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının aktyoru,
Respublikanın Xalq artisti Yasin Qarayevdir. Prezident
mükafatına layiq görülmüş incəsənət
xadimləri sırasında hörmətli aktyorumuz Yasin müəllimin
də adı var.
-Teatr və
Yasin Qarayev-bu iki sözün vəhdət təşkil etməsinin
səbəbi nədir? Teatr həyatında “Hacı Qara”
obrazı ilə tamaşaçı rəğbət qazandınız.
Bu obrazın həyatınızda nə kimi rolu oldu?
- Teatra,
incəsənətə, mədəniyyətimizə məhəbbət-bunlar
birləşdikdə Yasin Qarayev və teatr olur. Bu günə
qədər “Hacı Qara” haqqında bir film çəkilib,
bir çox tamaşalar oynanılıb. Amma biz bu tamaşaya Bəhram
Osmanovla birlikdə yenidən həyat verdik. Məsələn,
cəmiyyət düşünürdü ki, Hacı Qara bir
komedik obrazdır. “Hacı Qara”da satira daha çoxdur. Hacı
Qara daha çox xəsis obrazı kimi gözə çarpsa
da, mən onun xəsis insan obrazı olduğunu deməzdim. Mən
deyərdim ki, çox zəhmətkeş bir insan
obrazıdır. Çünki öz zəhməti ilə pul
qazanan adamdır. Heç vaxt boş yerə pul xərcləməyib.
Burada qısa bir parçadan sitat gətirmək istərdim:
“Molla Hacı Qaranın yanına gəlib deyir: -Sən mənə
bir abbası pul verməlisən. Hacı Qara soruşur: -Niyə?
Molla deyir: -Sənin oğlun mənim oğluma deyib ki, mən sənin
atan üçün yasin oxuyum. Hacı Qara burada mollanın
hiyləsini anlayıb, ona sübut etmək istəyir və
deyir: -Mən belə bir söz deyə bilmərəm.
Çünki özüm həmişə atam
üçün “Quran” oxuyuram”. Bu, onu göstərir ki, demək,
Hacı Qaranın təhsili var, yəqin ki, mədrəsədə
təhsil alıb, ərəb, fars dillərini bilir, hətta
tamaşada Hacı Qara mollaya fars dilində şeir də
söyləyib sübut edir ki, niyə sənə bir
abbasını verim, mən elə özüm “Quran”
oxumağı bilirəm. Belə nüanslar var ki, biz
tamaşaçılara açıqlamalar edib göstəririk.
Şübhəsiz ki, tamaşaçılarda məni Hacı
Qara siması ilə daha da sevdilər.
- İndiki dövrə baxsaq, satira
teatr səhnələrində oynanılmır, yox dərəcəsindədir.
Bəs bu gün, sizcə, satiraların tamaşaya qoyulması
nə dərəcədə vacibdir?
- Mən
belə düşünürəm ki, bu, indiki dövr
üçün çox vacib olan və əhəmiyyət kəsb
edən bir amildir. Zəmanəmiz elə bir dövrə
çatıb ki, gənclərimizi satiranın gücünə
tərbiyələndirmək olar. Burada Gənc
Tamaşaçılar Teatrının (GTT) gənclərin mənəvi
tərbiyələnməsində rolu var. Satira da bu sahədə
həmişə güclü olub. Ələlxüsus da həmişə
M.F.Axundzadənin dili ilə deyiləndə daha güclü
olur. Mən qırx ilə yaxındır ki, GTT-da
çalışıram. Bu qırx il ərzində çox
böyük sənətkarlar görmüşəm, möhtəşəm
tamaşalar hazırlanıb, onların şahidi olmuşam.
Burada çalışan sənət adamlarını
görmüşəm. Bu insanların arasında rejissorlar,
aktyorlar, dünyasını dəyişən incəsənət
xadimləri var. O insanlar ki, Azərbaycan teatr mədəniyyətinə
öz adlarını qızıl hərflərlə
yazıblar. Məsələn, bu teatrın banilərindən
olan Məmmədağa Dadaşovla, Ağadadaş Qurbanov,
Süsən (Susanna) Məcidova, Zəfər Nemətov, Cəvahir
İskəndərova bu insanlar teatrın təməlini
qoyublar. Bu olub 1927-ci ilin mart ayının 15-də
“Fırtına” əsərilə. Mən o insanlarla- Süsən
Məcidova, Məmmədağa Dadaşovla bir yerdə işləmişəm.
Burada çalışan böyük ustad sənətkarlar
Yusif Vəliyev, Hüseynağa Sadıqov, Süleyman Ələsgərovla
bu teatrda çiyin-çiyinə
çalışmışam və çox şeylər
götürmüşəm. Mən belə
düşünürəm ki, axırıncı on ili
götürsək, Azərbaycan mədəniyyətinə, Azərbaycan
incəsənətinə dövlət qayğısı bu dərəcədə
geniş olmamışdı. Bunların hamısının təməlini
ulu öndər Heydər Əliyev qoyub. Yəni, sənətkarlara
himayə, diqqət, qayğı, mükafatların təqdim
edilməsi, fəxri adların verilməsi, təqaüdlərin
təsis edilməsi, mənzil şəraitinin
yaxşılaşdırılmasının təməlini Heydər
Əliyev qoyub, bu gün də davamçısı,
övladı İlham Əliyev o yolu davam etdirir. Azərbaycan mədəniyyəti
üçün 300-dən çox sərəncam və fərmanlar
imzalanıb. Bunun da nəticəsində Azərbaycanda olan
bütün mədəniyyət ocaqları, teatrların bərpası
və tikilməsi başa çatıb. Turizm də çox
inkişaf edib. O da mədəniyyətin bir qoludur. Son dövrlərdə
Azərbaycanda muğam və caz festivalları, Beynəlxalq
Kukla Teatrı festivalı keçirilir. Azərbaycanın
tarixi abidələri UNESCO-nun şah əsərləri
siyahısına daxil olub. Bu da onu göstərir ki, dünya mədəniyyəti
böyük bir dəryadırsa, Azərbaycan mədəniyyəti
bu dəryaya axan bol suyu olan bir çaydır. Çox az bir
müddətdə Azərbaycanın “Eurovision” mahnı
müsabiqəsində qazandığı qələbələr
mədəniyyətimizin, incəsənətimizin
çiçəklənməsindən xəbər verir. Mən
belə düşünürəm ki, Azərbaycan etibarlı əllərdədir.
- Bu gün mədəniyyət sahəsindəki gənclərimizin bəziləri təhsildən kənardır və bayağı işlərlə məşğul olurlar. Sizcə, onları təhsilə cəlb etmək üçün nə etmək lazımdır.
- Keçən ay müddətində biz layihə
hazırladıq. Bu layihəni bizim teatr və Səbail Rayon
İcra Hakimiyyəti birlikdə həyata keçirdi. “Azpec”
adlı bir qurum dünya beynəlxalq uşaq teatrlarını
özündə birləşdirir. Bu quruma 70-dən çox
dövlət daxildir. Keçən il GTT bu quruma daxil edildi və
60-dan çox ölkənin rejissorları, aktyorları
Bakının qonağı oldular, GTT-nın bir neçə
tamaşasını izlədilər. Bununla da belə bir qərara
gəldilər ki, qurumun mərkəzi GTT olsun. Qurumun prezidenti
isə teatrımızın müdiri Mübariz Həmidov
seçildi. Qurumun sədri xorvatiyalı rejissordur və
hazırda “Buratino” tamaşası hazırlanır. Bu, çox
sevindirici bir haldır. Bu, Azərbaycan mədəniyyətinin,
incəsənətinin qələbəsidir. Biz bu layihə ilə
Səbail rayonunun məktəblərində konkurs
keçiririk. 17 məktəbdə olduq. Xalq artistləri, Əməkdar
artistlər münsiflər heyətinə bölündü və
“Mən teatr haqqında danışıram” adlı
görüş keçirildi. Bununla da biz uşaqların teatr
haqqında olan fikirlərini öyrəndik. Hətta şagirdlər
bizə bilmədiyimiz tamaşalar haqqında, Hindistan teatrı
haqqında danışdılar. Yarışma iki turdan ibarət idi və 58 şagird
turdan keçdi və onlar diplomlarla təltif olundu. Sonda konsert
keçirildi və 58 şagirdin arasından üç
şagirdə hədiyyələr verildi. Yəni, cavanların
teatra münasibəti çox gözəldir. Bildiyiniz kimi, cənab
Prezident Azərbaycan teatrının 140 illik yubileyinin rəsmi
şəkildə keçirilməsi üçün sərəncam
imzaladı. Buna qədər isə hər il mart ayının
10-nu Azərbaycan Teatr Günü kimi qeyd edirdik. Çünki
ilk dəfə olaraq Mirzə Fətəli Axundzadənin əsəri
mart ayının 10-da tamaşaya qoyulub. Buna görə də
biz bu tarixi “Teatr bayramı” kimi qeyd edirdik. Artıq bu tarix rəsmi
bayrama çevrildi.
- Bugünkü istedadlı gəncləri
məktəb yaşlarından müsabiqə yolu ilə teatra
cəlb etmək, sizcə, nə dərəcədə
düzgündür?
- Bizim bədii
şuramız var. Yeni tamaşalardan sonra müzakirə olunur və
hər kəs öz fikrini bildirir. Bədii şura üzvlərinin
arasında Səbail rayonunun məktəbli uşaqları da
var. Onlar teatrla maraqlanan qabiliyyətli uşaqlardır və
bizim tamaşalarımızı təhlil edirlər. Universitet
yalnız istiqamət verir. Ümumiyyətlə, aktyor olan
şəxsdə mütləq Allah vergisi olmalıdır. Məsələn,
keçmişdə bizim aktyorlarımızın çoxunun
ali təhsili olmayıb. Amma onlarda Allah vergisi olduğu
üçün onlar tarixdə qalıblar. İndi
teatrımızın işçilərinin uşaqları
bizimlə birlikdə çalışırlar. “Buzovna kəndinin
əhvalatları” tamaşasında 6-7 nəfər balaca
uşaq oynayır. Hamısı da çox istedadlı
uşaqlardır. Tamaşaçı da tamaşadan razı qalır.
-Yasin Qarayev Azərbaycan
teatrını gələcəkdə necə görmək istəyir?
- Az
öncə qeyd etdiyim kimi, Azərbaycan çiçəklənmə
dövrünü yaşayır və hər şey
yaxşıya doğru dəyişir. Vaxt gələcək Azərbaycan
teatrının səsi dünyanın ən böyük
salonlarından gələcək. Mən buna əminəm.
10-15 il əvvələ qədər Azərbaycan sərhədlərindən
kənara çıxa bilmirdik. Bu yaxınlarda isə bizim
teatrımız Şri-Lankada festivaldan qayıdıb. Bu GTT-nin
qələbəsidir.
-Gələcəkdə hansı
rolları ifa etmək istərdiniz?
- Sənətşünas
İlham Rəhimli mənim haqqımda bir veriliş
hazırladı və o da mənə bu sualı verdi. Mən
özümdən asılı olmayaraq kövrəldim və
cavab verə bilmədim. Bu teatrda mənim müəllimim
Hüseynağa Sadıqov olub. Teatrın nə demək
olduğunu ondan öyrənmişəm. O, “İki
ağanın bir nökəri” tamaşasını hazırlayırdı
və bu tamaşada mənə vaxtilə oynadığı
“Turpaldino” rolunu təklif etdi. Bu tamaşaya “Moskvafilm”
kinostudiyası iki hissəli film çəkmişdi. Bu
obrazı Konstantin Rakin çox gözəl
canlandırmışdı. Ancaq təəssüf ki,
Hüseynağa müəllim dünyasını dəyişdi.
Onunla bərabər mənim də arzum ürəyimdə
qaldı. Bu sualın cavabı və mənim kövrəlməyimin
səbəbi budur...
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-23 may.-S.13.