“Amalımız kreativ
Azərbaycan imicini dünyada
tanıtmaqdır“
Fərhad Allahverdizadə: “Gənclər
Avropadakı iqtisadi böhranı, “ərəb baharı” dəhşətlərini
izləyəndən sonra Prezidentin ətrafında sıx birləşməyin
vacibliyini anlayırlar”
Müsahibimiz "Kreativ Gənclər"
Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə
Yardım İctimai Birliyinin sədri, kitabxana.net
portalının türk dünyası üzrə əlaqələndiricisi,
hazırda Şimali Kipr Türk Cümhuriyyətində magistr
təhsili alan, eyni zamanda diaspor fəallarından sayılan Fərhad
Allahverdizadədir.
-Fərhad müəllim, bilirik ki,
siz hazırda xaricdə yaşayırsınız, bu
baxımdan öz fəaliyyətiniz barədə məlumat verərdiniz.
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində
hansı layihələr həyata keçirirsiniz?
-
Ötən ildən Şimali Kipr Doğu Akdəniz Universitetində
magistr təhsilinə başlayandan sonra ictimai fəaliyyətə
qoşulmağa qərar verdim. Bakıda oxuyan zaman ictimai
işlərə o qədər də vaxtım qalmırdı,
təhsil və karyera haqqında daha çox
düşünürdüm, fəqət vətəndən
uzaqlaşdıqda yüksək savadla yanaşı, ictimai
işlərlə ciddi məşğul olmağın,
işgüzar fəaliyyətləri gücləndirməyin,
müxtəlif istiqamətdə çalışmağın
vacib amil kimi şəxsiyyətin formalaşmasında, peşəkar
inkişafındakı rolunu hiss etdim. Şimali Kiprdə təhsil
alan tələbələrin güclü potensialı
olduğunu, ancaq bundan kifayət qədər
yararlanmadığını nəzərə alıb ictimai fəaliyyətə
başladım, əvvəlcə Şimali Kipr - Azərbaycan
Dostluq Cəmiyyətinin üzvü kimi, daha sonralar isə
ötən ilin payızında bir qrup gənc kreativ tərəfindən
yaratdığımız qurum vasitəsilə müxtəlif
layihələr həyata keçirməyə başladıq.
Şimali Kipr və Türkiyədə milli diaspor
quruculuğu, gənclərin və azərbaycanlı tələbələrin
təşkilatlanması, onların problemlərinin həlli
istiqamətində lobbiçilik fəaliyyətlərimizi
gücləndirməklə həm Azərbaycan həqiqətlərinin
təbliğinə nail olduq, həm də tələbə-gənclərin
bir amal ətrafında birləşməsinə
çalışırıq.
-Azərbaycan gəncliyinin xarici
ölkələrdə təşkilatlanması, Azərbaycanla
bağlı layihələr həyata keçirməsinin səviyyəsi
necədir?
-
Ötən ilin payızında həm Şimali Kiprdə təhsil
alan bir qrup tələbə gənclə, həm də Azərbaycanda
hər zaman bizə dəstək olan yeni nəsil intellektual və
yaradıcı gənclər liderləri ilə birlikdə
"Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı
Tələbələrə Yardım İctimai Birliyi
yaratdıq. Təşkilatımızın bu ilin əvvəlində
dövlət qeydiyyatına alınmasını, əslində
Azərbaycan Respublikası tərəfindən xaricdə təhsil
alan tələbələrə qayğı kimi qəbul
edirik. Odur ki, fəal surətdə Şimali Kiprdə Azərbaycanla
bağlı müxtəlif tədbirlər həyata
keçirməyə başladıq. Xocalı
soyqırımı, Qarabağ münaqişəsi, 20 Yanvar
faciəsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü, Novruz bayramı, ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfranslar, fotosərgilər,
kitab təqdimatları, yürüş və piketlər, film
nümayişləri, idman yarışları kimi müxtəlif
formatlı tədbirlərimizdə yalnız
soydaşlarımız deyil, həm də yerli Kipr türkləri,
dünyanın 90-a yaxın ölkəsindən bura oxumağa
gələn əcnəbi gənclərə, turistlərə
Azərbaycan haqqında məlumatlar, həqiqətlərimizi,
milli dəyərlərimizi çatdırmağa
çalışmışıq. Söz yox ki, bu istiqamətdə
potensialımızı sona qədər ortaya qoya bilməmişik.
Bunun üçün müəyyən maddi-texniki dəstəyə
böyük ehtiyacımız var, amma imkan daxilində layihələr,
tədbirlər həyata keçirməklə Vətən
qarşısında mənəvi borcumuzu yerinə yetirməyə
çalışırıq.
- Azərbaycanda gedən inkişaf
prosesləri xarici ölkələrdən necə
görünür?
-
İndi Azərbaycan kənardan sürətlə inkişaf edən
güclü, modern, dünya siyasətində səsi eşidilən
bir dövlət kimi tanınmaqdadır. BMT Təhlükəsizlik
Şurasına üzv olan və sədrlik edən, UNESCO ilə
müxtəlif layihələr həyata keçirən, Şərq
və Qərbi birləşdirən beynəlxalq forumlar, tədbirlər
keçirən, Eurovisionda hər dəfə uğurlu
iştirak edən, planet səviyyəli idman
yarışlarına ev sahibliyi edən, sürətli iqtisadi
inkişafı, demokratik islahatları, beynəlxalq nüfuzu ilə
durmadan yüksələn ölkə ilə hər bir
soydaşımız fəxr edir. 10-15 il bundan əvvəl istər
Şərqdə, istərsə də Qərbdə, ümumən
dünyada Azərbaycan daha çox Qarabağ münaqişəsi,
“qara qızıl”ı ilə tanınırdısa, indi
artıq tamam başqa bir dövlət imici
qazanmışıq - modern, kreativ dövlət və idman, mədəniyyət,
tolerantlıq ölkəsi. Əslində bizim təşkilatda
birləşən intellektual-yaradıcı gənclərin əsas
amalı da məhz bu istiqamətdə - kreativ Azərbaycan
imicini dünyada tanıtmaqdır.
-Azərbaycan
dövlətinin yürütdüyü
siyasət onun beynəlxalq imicini
gücləndirməkdədir. Sizcə, xarici
ölkərdə bu baxımdan fikirlər,
rəylər necədir?
- Uzağa niyə gedək, elə qonşu və qardaş Türkiyənin media və televiziyasını, internet portallarını izləmək yetər ki, Azərbaycanın necə güclü beynəlxalq imicə malik olması haqqında təsəvvür yaransın. Yetərincə uğurlara imza atmış, son 20 ildə tamam dəyişmiş, həyatın müxtəlif sahələrində irəliləyişlərə nail olmuş, dünya səhnəsində yeni trendlər yaratmış güclü Azərbaycan dövləti planetin hər tərəfində yaşayan 50 milyonluq soydaşımız üçün əsl Məkkəyə çevrilib. Biz qazandığımız uğurları da Vətənimizlə bölüşməyə tələsir, müəyyən problemlərimiz olanda da ölkəmizə güvəniriksə, bu o deməkdir ki, Azərbaycan durmadan inkişaf edir, yeni nailiyyətlərə imza atır. Bəzən xarici vətəndaşlar bizə qibtə edirlər, əldə etdiyimiz uğurların çox hissəsi isə Azərbaycanın adıyla bağlıdır.
- Başqa
diaspor təşkilatları ilə əlaqələriniz
necə qurulub?
- Azərbaycanda bizim təşkilat Yeni Yazarlar və Sənətçilər Qurumu, Gənclər Təşkilatları Milli Şurası, Milli QHT Forumu, Kipr və Türkiyədə isə əksər diaspor qurumlarıyla sıx təmasdadır. Tədbir və layihələrimizi həyata keçirən zaman bu qurumlarla sıx əlaqələr yaradırıq. Kipr-Azərbaycan Dostluq Cəmiyyəti, Kipr universitetlərində fəaliyyət göstərən azərbaycanlı tələbə qurumları əsas tərəfdaşlarımızdandır.
-Bildiyimiz
kimi, Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin
yürütdüyü dövlət quruculuğu siyasətini sıx dəstəkləyir.
Siz necə fikirləşirsiniz, gənclərin
əksəriyyətinin Prezident İlham Əliyevi dəstəkləməsinin
səbəbləri hansılardır?
- Azərbaycanda və xaricdə yaşayan gənclərin dünyagörüşü çox yüksəkdir. Gənclər beynəlxalq aləmdə gedən geosiyasi prosesləri, qlobal beynəlxalq olayları, xüsusən də Avropa və Qərb ölkələrindəki iqtisadi böhranı, “ərəb baharı” dəhşətlərini izləyən zaman Azərbaycanın intellektual, peşəkar siysətçi kimi dünyada tanınan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyin vacibliyini anlayırlar. İqtisadi yüksəliş, elmi-mədəni, ictimai-sosial uğurlar, siyasi stabillik, demoktratik islahatlar, əhalinin rifahının durmadan yüksəlməsi, eləcə də əmin-amanlıq yaradan İlham Əliyevlə gələcəyə addımlamağı hansı gənc arzulamaz ki?!
-Azərbaycan həqiqətlərini
yaymaqda hansı çətinlikləriniz var?
- İlk növbədə gənclərimizin təşkilatlanması və Azərbaycan amalı uğrunda birləşməsinə səy göstəririk. Diaspor quruculuğu, Azərbaycanın Avropada imicinin, nüfuzunun artırılması istiqamətdə layihələrimizin dəstəklənməsi, maliyyə yardımının ayrılmasına ehtiyacımız var. Əlbəttə, əsasən tələbələrdən və gənclərdən ibarət bir komanda formalaşdırsaq da, hələlik iqtisadi imkanlarımız yetərincə deyil ki, niyyətimizdə tutduğumuz planların əksəriyyətini həyata keçirək. İnanırıq ki, fəaliyyətimizi gücləndirdikcə aidiyyəti dövlət qurumları və fondlar bizi dəstəkləyəcək, xaricdə oxuyan azərbaycanlı tələbələrə dayaq olacaqlar.
- Təşkilatınızın
əsas fəaliyyət istiqamətləri hansılardır?
- Azərbaycanda yaşayan, eləcə də xaricdə təhsil almış və hazırda dünyanın müxtəlif ölkələrində oxuyan xüsusi istedadlı, kreativ-intellektual tələbə-gəncləri - yeni nəsil nümayəndələrini, eyni zamanda 50 milyonluq soydaşımızın fəal gənc üzvlərini bir amal, azərbaycançılıq, milli-mənəvi dəyərlər ətrafında birləşdirərək cəmiyyətin intellektual-sosial, iqtisadı-mədəni və elmi-texnoloji inkişafına kömək etmək, dünyaya səpələnmiş tanınmış gənc peşəkarların imkanlarını birləşdirmək, onların dövlətçilik ideyası ətrafında real həyatda, eyni zamanda internetdə virtual birləşməsini - qlobal sosial şəbəkəsini yaratmaqla milli həqiqətləri ölkə daxilində və xaricdə təbliğ etmək, imkansızlara intellektual, maddi və mənəvi yardım göstərmək, bunların həyata keçirilməsi üçün imkanı olanları səfərbər etmək, ictimaiyyət arasında innovativ-kreativ maarifləndirmə işlərini həyata keçirməkdən ibarətdir. Ölkə daxilində, eləcə də xaricdə yaşayan, təhsil alan gənclərin intellektual və kreativ inkişafına yardım edəcək fəaliyyətlərin inkişafına dəstək vermək məqsədilə tədbirlər hazırlayıb həyata keçirmək üçün dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq etmək fikrindəyik. Bunun üçün də müxtəlif kurslar və seminarlar, dəyirmi masalar və görüşlər, sərgilər təşkil etmək, yerli və beynəlxalq konfranslar, xeyriyyə marafonları, forumlar və b. tədbirlər keçirmək, ölkə daxilində və xaricdə innovativ maarifçilik fəaliyyətini həyata keçirmək üçün kitablar, ədəbiyyat nəşr etmək, dərgilər buraxmaq və yaymaq, internet portalı, saytlar, şəbəkələr yaratmağı planlaşdırırq. Eləcə də xaricdə təhsil alan azərbaycanlı tələbələr, gənc milli diaspor nümayəndələrinin şəbəkələrini yaratmaqla, onların maddi-mənəvi, intellektual-elmi, mədəni-sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yardım göstərmək fikrindəyik. Müxtəlif ölkələrdə yaşayan və oxuyan azərbaycanlı tələbələrin, eləcə də miqrant soydaşlarımızın şəbəkələşməsinə çalışmaq, onlara, intellektual, mədəni, maddi və hüquqi yardımlar göstərmək, elm və təhsil, diaspor, mədəniyyət və incəsənət, gənclər və uşaqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etmək, ölkə daxilində intellektual-kreativ sahələrdə gender siyasətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına çalışmaq, xaricdə oxuyan və yaşayan tələbələrin, diaspor fəalların, gənclərin köməkliyilə Azərbaycan milli-mənəvi dəyərlərinin, həqiqətlərinin dünyaya çatdırılması məsələsində internetdə və reallıqda maarifləndirmə işlərini aparmaq, gənclərin intellektual-kreativ inkişafı ilə bağlı dövlətin sosial sifarişlərini həyata keçirmək, cəmiyyətin inkişafını və sağlamlığını təmin edən bütün sahələrdə maarifləndirmə işləri aparmaq, xaricdə təhsil alanlar arasında, eləcə də diaspor qrupları arasında İKT və internet, yeni media ilə bağlı təşkilati-maarifçilik işləri aparmaq, intellektual və yaradıcı münasibət tələb edən, innovativ olan istənilən sahələrə fərqli münasibətlərin formalaşmasına çalışmaq, internet bilgiləri, İKT, sosial şəbəkələr, ekologiya, sağlamlıq, elm, təhsil, mədəniyyət və sosial təminat sahələrində vəziyyəti öyrənmək üçün araşdırmalar aparmaq, monitorinqlər keçirmək, əldə edilən məlumatlar əsasında təhlillər hazırlayaraq əlaqədar dövlət orqanlarına və beynəlxalq təşkilatlara çatdırmaq, xaricdə yaşayan gənc soydaşlarımız üçün bazar günü məktəblərinin açılması, kursların, müxtəlif müsabiqələrin keçirilməsini təşkil etmək əsas prioritetlərimizdəndir.
-Son
dəfə hansı layihəni həyata keçirmisiniz?
- Son fəaliyyətimiz də Şimali Kiprdə Azərbaycan kreativ həqiqətlərini yaymaqdan ibarət olub. "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan həqiqətlərinin ətraflı təbliğinə aid növbəti böyük tədbirini keçirtdi. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə aid növbəti tədbirimiz "Lala Mustapha Pasha Sports Center"də, Gazimagusa, Famagusta, Kiprdə təşkil olundu. 9 may 2012-ci il tarixində başlanan, Şimali Kipr Türk Cümhuriyyətində ümummilli lider, türk dünyasının görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq "No Gi Grappling" (güləş) - Kyokşin turnirinin iştirakçıları 30-dan çox ölkədən gəlmiş tələbə idmançılar, eləcə də azərbaycanlı, türk, kiprli və əcnəbi gənc intellektuallar oldu. Tədbirin təşkilatçıları "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, Doğu Ağdeniz Universiteti, "Gracia jiu jitsu" klubu idi.
Turnirdə iştirak
edən xarici iştirakçılara Azərbaycan
həqiqətlərini özündə əks etdirən nəşr
və elektron məlumat
daşıyıcıları, Heydər Əliyevlə
bağlı suvenirlər paylandı, ölkəmizin əldə
etdiyi ictimai-mədəni, iqtisadi-siyasi
uğurlar haqqında məlumatlar verildi...
İlkin AĞAYEV
Palitra.-2013.-23 may.-S.7.