“Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması üçün
lazımi səviyyədə iş aparılır”
Müsahibimiz
Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü,
Estoniyada diaspor fəalı Tural Şirinovdur.
Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü olan Tural Şirinov Estoniyada böyüyüb. Özünün dediyinə görə, təxminən 25 ildir bu öllkədə yaşayır. Sovetin vaxtında atası burda təhsil alırmış və bu səbəbdən bura köçməli olublar. T.Şirinov Tartu Universitetində təhsil alıb. Hazırda Tallin şəhərində yaşayır. Bizneslə məşğul olur, eyni zamanda təhsil alır.
- Tural müəllim, Estoniyadakı azərbaycanlı tələbələr diaspor sahəsində aktivdirlərmi?
- Eston-Azərbaycan icmasının sədri Niyazi Hacıyevin apardığı böyük işlər sayəsində eston xalqı Azərbaycan haqqında həqiqətləri bilir, lakin bu işlərin görülməsi üçün bir nəfər kifayət deyil. Bizim gənclərimiz aktivləşməlidir, onların ürəkləri Vətən üçün döyünməlidir! Estoniyadakı Azərbaycan icması tərəfindən 90-cı illərdən bəri böyük işlər görülür. Bu işlərdə Estoniya parlamentinin deputatı Eldar Əfəndiyevin böyük xidmətləri var. Mənim fikrimcə, diasporanın əsas məqsədi Azərbaycan-Ermənistan konfliktinin, torpaqlarımızın 20%-nin işğal altında olması haqqında həqiqətlərin, torpaqların azad edilməsinin vacibliyinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Harada anadan olmasından və yaşamasından asılı olmayaraq heç kim Vətəni unutmamalıdır. Estoniyada yaşamağımızdan asılı olmayaraq Azərbaycanın problemləri bizim problemlərimizdir. Nə qədər ki biz varıq, erməni millətçilərinin iyrənc siyasəti dayandırılacaq. Bunu biz etməsək, bəs kim etməlidir? Bu işlərin görülməsinə Prezidentimiz İlham Əliyevin Estoniyaya səfəri böyük təkan verib. Biz çox sevinirik ki, Estoniya və Azərbaycan arasında olan münasibətlər yüksək səviyyədədir. Biz bunu qiymətləndiririk! “Uğur” təşkilatı Estoniyaya rəsmi şəxslərin səfəri zamanı hər zaman keçirilən rəsmi tədbirlərdə və görüşlərdə iştirak edir.
- Estoniyadakı
yaşlı nəsil diaspor nümayəndələrinin təcrübələrindən
bəhrələnə bilirsinizmi?
- Əlbəttə ki, onların təcrübələrindən bəhrələnmək olar. Böyüklərin təcrübəsi bizə düzgün qərar verməyə kömək edir. Necə deyərlər, ağıl ağıldan üstündür. Böyüklərimizin mənəvi dəstəyi həmişə olub və əminliklə deyə bilərəm ki, bu, bizim gələcək fəaliyyətimizə də müsbət mənada təkan verəcək.
- Şübhəsiz
ki, gənc diasporun hərtərəfli dəstəyə
ehtiyacı var. Sizə bu işdə kimlər dəstək
olur?
- Aprelin 11-də Estoniyada yaşayan azərbaycanlı gənclər xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illiyi ilə əlaqədar olaraq dünya azərbaycanlı gənclərinin nümayəndələrinə müraciətlə çıxış ediblər və mayın 10-da Tallində “Swissotel”də Estoniyadakı Azərbaycan icması gənclərinin təşəbbüsü və “Cahan Holding” şirkəti rəhbərliyinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən qonaqlar və Estoniyadakı Azərbaycan icmasının nümayəndələri Heydər Əliyevin müasir Azərbaycanın banisi kimi müstəsna rolunu xüsusi qeyd ediblər. Tədbirdə Azərbaycan xalqının görkəmli dövlət xadimi və ümummilli lideri Heydər Əliyevin bioqrafiyasına, habelə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir inkişafına həsr olunmuş filmlər nümayiş etdirilib. Tədbirdə Heydər Əliyevin həyat yoluna həsr olunmuş fotosərgi təşkil edilib.
- Azərbaycanın
Estoniyadakı səfirliyi sizə fəaliyyətinizdə hər
hansı dəstək göstərirmi?
- Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov Estoniyanın azərbaycanlı gənclərini Heydər Əliyev irsinin elmi-nəzəri əsaslarını öyrənməyə çağırdı və bildirdi ki, bu irs Azərbaycan gəncləri, o cümlədən xaricdə yaşayan gənclərin dünyagörüşünün formalaşması, Azərbaycan Respublikasının dövlət və xarici siyasətini, orada baş verən prosesləri anlayıb dərk etməsi üçün əsas olmalıdır. Səfir T.Zülfüqarov Azərbaycan icmasının sıx birləşməsinə və onun tarixi Vətəni ilə əlaqələrinin inkişafına kömək göstərmək üçün belə tədbirin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd etdi.
- Diaspor təşkilatlarımızla
əməkdaşlıq edirsinizmi? Diaspor qurumları
arasında koordinasiya varmı?
- Bu il İstanbulda Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının iclası keçirildi və mən də orada iştirak etdim. Orada bir daha vurğulandı ki, Avropa ölkələrindəki diasporlar kifayət qədər güclüdür və Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində lazımi səviyyədə iş aparılır. Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının İstanbulda keçirilən iclasında biz, demək olar ki, dünyanın hər guşəsindən olan maraqlı insanlarla ünsiyyətdə olduq. Bu bizim əməkdaşlığımız və lazımi informasiya mübadiləsi üçün yeni perspektivlər yaradır. Əvvəllər bizim bu imkanlarımız yox dərəcəsində idi. Bu gün belə formatda olan tədbirlərdə iştirak etmək bizdə irəliyə getmək arzusu yaradır. 20 ildən çoxdur ölkədən kənarda yaşasaq da, əcdadlarımızdan bizə qalan dəyərləri unutmamışıq, Vətəni unutmuruq. Biz hər zaman azərbaycanlı olmaqla fəxr etmişik və fəxr edirik.
Respublikadan kənarda yaşayan Azərbaycan gəncləri Vətənin nailiyyətlərinin təbliğində, Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayırlar və koordinasiya, əməkdaşlıq diaspor arasında var. Konfranslarda, tədbirlərdə, “Facebook”da diasporumuz digərləri ilə əməkdaşlıq edir, fikirlərini bölüşür.
- Siz Azərbaycan
diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin
təbliği istiqamətində hansı işlər
görürsünüz?
- Dünya ictimaiyyətinə bizim həqiqəti, Qarabağda olan hadisələri çatdırmaq vacibdir və biz bunu edirik. Biz eston xalqına Qarabağ problemi haqqında həqiqətləri çatdırmağa çalışırıq. Bu gün bütün dünyada yaşayan azərbaycanlılar çalışır ki, Qarabağ və Naxçıvan həqiqətlərini insanlara çatdırsınlar. Milyonlarla insanın qaçqın və məcburi köçkün olduğunu, şəhər və kəndlərimizin erməni millətçiləri tərəfindən xarabazara çevrildiyini, Naxçıvanın 20 ildən artıq bir müddətdə blokadada olduğunu hər kəs bilsin. Onu oxucularımızın diqqətinə çatdırmaq istərdim ki, Estoniyada fəaliyyət göstərən Azərbaycan diasporu digər Avropa ölkələri ilə nisbətdə çox güclüdür. 90-cı illərdən bu yana Azərbaycan icması tərəfindən burada mütəşəkkil iş aparılması bu gücün əldə olunmasının əsas səbəblərindən biridir. Çox insan istəyir ki, bu sahədə iş aparsın, ancaq bunu necə edəcəyini bilmir. Həmvətənlərimizə, əsasən də gənclərimizə üzümü tutub bildirmək istəyirəm ki, bunun müxtəlif yolları var. Bunlardan biri də böyük insan kütləsini əhatə edən sosial şəbəkələrdə Azərbaycan həqiqətləri haqda videolar, şəkillər, yazılar yerləşdirmək, sosial şəbəkələrdə fəal iş aparmaqdır. Gənclik bir daha anlamalıdır ki, bu gün dünyada informasiya müharibəsi gedir. Hər kəs, necə deyərlər, yarışdadır. 50 milyon azərbaycanlının yarısı sosial şəbəkələrdə bu istiqamətdə iş aparsa, sizcə, necə olar? Biz “Facebook” kimi, dünya azərbaycanlılarını bir yerə toplayan bir şəbəkə yarada bilmişikmi? Hər şey edə bilərik. Sadəcə təşəbbüskarlıq lazımdır. 20 ildir torpaqları işğal altında olan bir Vətənin övladı boş dayana, vaxtını əbəs yerə sərf edə bilməz. İnanıram ki, 2013- cü il Qarabağın azadlıq ili olacaq. Fürsətdən istifadə edərək, Estoniyada yaşayan azərbaycanlılara ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbiri keçirməkdə dəstək verdiyi üçün “Cahan Holding”ə öz dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istərdim ki, bu, Estoniyada Heydər Əliyevə həsr edilən ilk genişmiqyaslı və yüksək səviyyədə təşkil edilən tədbir idi.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-23 may.-S.6.