Dövlətçilik şüuruna malik gənclər şəbəkəsi formalaşır

 

Taryel Faziloğlu: “Əsas istəyimiz sistemli şəkildə dövlətçilik ideologiyasının insanların şüurunda möhkəmlənməsinə nail olmaqdır”

 

Müasir dövrdə bir sıra xarici qüvvələr müxtəlif ölkələrdə öz maraqlarını həyata keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bura həmin ölkələrdə dövlətçiliyin nə olduğunu o qədər də yaxşı dərk etməyən, dünyagörüşü olmayan savadsız gənclərin beyinlərinə “demokratiya” adı altında zərərli fikirlərin yeridilməsi, bəzi üzdəniraq, özünü ziyalı adlandıran şəxslərə və QHT-lərə qrantlar ayıraraq onların antimilli fəaliyyətini gücləndirmək, müxtəlif fondlar, institutlar quraraq maarifçilik adı altında insanları dövlətə qarşı radikal mövqe tutmağa yönləndirmək, pozucu qüvvələrə dəstək vermək, yalan informasiya yaymaq və s. aiddir. Buna görə də müxtəlif dövlətlərdə son dövrlərdə belə destruktiv qüvvələrin fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən tədbirlərin sayı artmaqdadır. Azərbaycanda da son dövrlərdə belə hallar artmaqdadır. Ölkəmizdə fəaliyyət göstərən bəzi xarici QHT-lər, eyni zamanda özünü “hüquq müdaifəçi”si, “blogger” adlandıran şəxslər haqqında aparılan araşdırmaların nəticələri də bizə çox şeylərdən xəbər verir. Belə zərərli qüvvələrə qarşı mübarizə aparmaq istiqamətində əsas vəzifə dövlətin üzərinə düşür. Lakin dövlətlə yanaşı dövlətçilik mövqeyində çıxış edən müxtəlif QHT-lər də zərərli qüvvələrlə mübarizəni gücləndirməli, dövlətlə vətəndaşlar arasında olan dialoqu gücləndirməlidirlər.QHT-lərin mübarizə metodlarına gənclərin daha səmərəli işlərə cəlb olunması, vətəndaşlarda, xüsusən gənclərdə dövlətçilik şüurunun gücləndirilməsi, bu məqsədlə müxtəlif ictimai hərəkatların yaradılması, çoxsəpkili tədbirlərin keçirilməsi və s. aiddir. Azərbaycanda da bu məqsədlə müxtəlif QHT-lərin, ayrı-ayrı şəxslərin təşəbbüsləri ilə çoxsaylı işlər görülür. Müsahibimiz “Milli Dövlətçilik Naminə” Hərəkatın həmtəsisçilərindən olan Taryel Faziloğludur:

-“Milli Dövlətçilik Naminə” Hərəkatın yaranma zərurəti haradan meydana gəldi?

- “Milli Dövlətçilik Naminə” Hərəkatın yaranma zərurəti son bir ildə Azərbaycanda gedən proseslərin, ölkəmizdə ideoloji fikirdə qarışıqlığın dərinləşdirilməsinə edilən cəhdlər və bundan qaynaqlanaraq xarici dövlətlərin Azərbaycanda özlərinə tərəfdarlar tapa bilməsinin ortaya çıxardığı təhlükəyə qarşı cavab reaksiyası kimi formalaşıb. “Milli Dövlətçilik Naminə” Hərəkat qarşısına Azərbaycanda bu problemin tamamilə ortadan qalxması və Azərbaycan dövlətçiliyinin təməllərinin möhkəmlənməsinə çalışacaq. Bəyannaməmizdə də açıqladığımız kimi, Azərbaycanın milli ideologiyasını milli kimliyini, adət-ənənələrini, milli əxlaq kodeksini yaşadan və inkişaf etdirən, islamdan qaynaqlanan mənəvi dəyərlərə malik, müasir dünya ilə ayaqlaşan güclü və itirdiyi bütün əraziləri özünə qaytaracaq böyük Azərbaycan dövləti kimi görür və qəbul edirik.

- Hərəkatın təsisçiləri hansı təşkilatlardır?

- “Milli Dövlətçilik Naminə” Hərəkatın təsisçiləri təşkilatlar deyil, ayrı-ayrı ziyalılardır. Hərəkatı beş ziyalı təsis edib. Sevil Yusifova, Gülnar Əhməd, Aqşin Atalızadə, Oktay Hacımusalı və mən. Bu insanların hər biri illərdir Azərbaycanın ictimai aləmində öz sözünü demiş ziyalılardır. Sevil xanım eyni zamanda bir jurnalist təşkilatının rəhbəri, Oktay bir saytın idarəçisi və yazar, Gülnar xanım da hüquqşünas ve eyni zamanda da çox istedadlı, gələcəyi çox parlaq bir yazardır, Aqşinlə mən isə Milli Düşüncə İnstitutunun həmtəsisçiləriyik. Milli Düşüncə İnstitutu bir beyin mərkəzi olaraq yaradıldı və konkret olaraq Azərbaycan dövlətçiliyinin sahələrini araşdırmaqla məşğuldur. Bundan sonra institut hərəkata da çox ciddi şəkildə dəstək verəcək.

- Hərəkatın fəaliyyət proqramında hansı istiqamətlər öz əksini tapıb?

-Yenə də bəyannamədə açıqladığımız kimi, bu ali məqsədə çatmaq üçün dövlətin inkişafında mühüm əhəmiyyət daşıyan sahələrin kompleks şəklində inkişafı vacibdir. Bax bütün bu sahələrin ən son hədəflərini özündə ehtiva edən proqram qəbul edilməlidir və bu dövlətçilik ideologiyası olaraq adlandırılmalıdır. Bu proqrama müstəqil Azərbaycan dövlətçiliyinin mövcudluğunun qorunması və inkişaf etməsi, dövlətçiliyimizin tarixi - coğrafi və etnik sərhədlərinin dəqiqləşdirilməsi və həmin sərhədlərin bərpasına yönəlmiş dövlət siyasəti, dövlət-vətəndaş münasibətlərinin ən yüksək səviyyədə formalaşdırılması, milli kimlik və siyasi kimliyi vətəndaşlara düzgün şəkildə təbliğ edən milli özünüdərk siyasətinin təşkili, dövlətin təhlükəsizliyini tam şəkildə qoruya bilən, dövlətə qarşı tətbiq edilən iqtisadi, informasiya, psixoloji və hərbi müharibə hazırlığında olan dövlətlər və mərkəzlərə qarşı tam şəkildə adekvat cavab verə biləcək güclü milli təhlükəsizlik sisteminin formalaşdırılması, dövlətin hərbi qüdrətinin dünyada ön sıralara çıxarılması, Azərbaycanı regionda, hətta dünyada söz sahibi, güclü dövlətə çevirən uğurlu xarici siyasət, xaricdən asılılğı minimuma endirən və qida təhlükəsizliyini tam təmin edən, emaledici sənayenin üstünlük təşkil etdiyi uğurlu milli iqtisadiyyat, milli mədəniyyəti və mədəni zənginliyimizi daim yüksək səviyyədə təbliğ edən və dünyaya ixrac edən, dünya mədəniyyətinin yaxşı tərəflərini vətəndaşa yüksək səviyyədə təqdim edən mədəni siyasət, dünya elmində Azərbaycanı önə çıxaran, milli və mənəvi dəyərlər üzərində qurulan, eyni zamanda dünyanın ən mütərəqqi naialiyyətlərini tətbiq edən yüksək təhsil daxildir. Eyni zamanda proqrama vətəndaşların tibbi təhlükəsizliyini tam şəkildə təmin edəcək və dünyanın ən qabaqcıl tibbi nailiyyətlərini özündə tətbiq edən güclü səhiyyə sistemi və s. sahələrin son hədəfləri də daxildir. Biz də bir hərəkat olaraq bu hədəfləri həm təbliğ edəcək, həm də bu hədəflərinə çatmaqda dövlətə tam mənada əlimizdən gələn dəstəyi verəcəyik.

- Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən və bunun üçün məlumatsız gənclərdən istifadə edən qüvvələrə qarşı da fəaliyyət nəzərdə tutulubmu? Məsələn, gənclərin faydalı işlərə cəlb olunması və s.

- Təəssüf ki, sözügedən sahədə problemlərin olması ən çox gənclərimizin mənəvi zəhərlənməsinə münbit şərait yaradır. Bu gün Azərbaycanda dünyanın bütün əsas güc mərkəzləri gənclərimizlə ciddi şəkildə işləyirlər. Onlar gəncləri öz maraqlarının qulluqçusuna çevirmək üçün milyonlarla pul xərcləyirlər. Bu gün Azərbaycanda azacıq da olsa, fəallıq göstərən hər bir gənc az və ya çox bu təbliğatdan öz nəsibini alıb. Biz bir hərəkat olaraq bunu çox aydın şəkildə görürük və “bunun qarşısını almaq üçün nələr edilməlidir” sualına cavab tapılması istiqamətində çalışırıq. Hazırda isə gənclərlə işləmək və onlara dövlətçilik şüurunun aşılanması sahəsində qarşıdakı bir il ərzində çalışma proqramımız var. Bu proqrama seminarlar, konfranslar, kütləvi tədbirlər və müxtəlif müsabiqələr daxildir. Bundan başqa, çalışırıq ki, hərəkatın musiqi qrupunu yaradaq və o qrupun sayəsində Azərbaycanda hələ çox zəif olan millətçi və hərbi vətənpərvərlik musiqi janrını inkişaf etdirək. İnşallah, qarşıdakı illərdə dövlətçilik şüuruna malik böyük gənclər şəbəkəsi formalaşacaq. Ondan sonra hərəkatın gənclərlə iş funksiyasını onlar həyata keçirəcək.

- Hazırda üzərində işlədiyiniz layihələr hansılardır?

- Hərəkat öz bəyannaməsində açıqladığı kimi, dövlətçilik ideologiyasına daxil olan sahələr üzrə hər biri üçün ayrıca tam əhatəli proqramların hazırlanması üzərində işləyir. Qısa zamanda mədəniyyət və təhsil sahələri üzrə proqramların hazırlığı bitəcək. Hər birini ayrı-ayrılıqda həm cəmiyyətin müzakirəsinə, həm də dövlətə təqdim edəcəyik. Ondan sonra isə tarixi ərazilərimizlə bağlı fəaliyyət proqramı və dövlət-vətəndaş münasibətlərinin doğru tənzimlənməsi ilə bağlı sahəyə aid təkliflərimizi əhatə edən proqram təqdim ediləcək. Sonra iqtisadiyyat və milli təhlükəsizlik proqramları olacaq və bu, belə davam edəcək. Bizim əsas istəyimiz tam sistemli şəkildə dövlətçilik ideologiyasının insanların şüurunda möhkəmlənməsinə və dövlətlə bağlı bütün məsələlərə vətəndaşlarımızın bu prizmadan qiymət vermələrinə nail olmaqdır.

 

 

Söhrab İSMAYIL

 

Palitra.-2013.-24 may.-S.12.