“Əsas məqsədimiz kino mədəniyyətini inkişaf etdirmək, gəncləri kinoya alışdırmaqdır”

 

Park Cinemada fiziki qüsurları olan insanların kinoya baxması üçün bütün şərait yaradılıb

 

Müsahibimiz “Park Cinema” kinoteatrının direktoru Namiq Quliyevdir:

-“Park Cinema”nın yeni kinoteatrı fəaliyyətə başladı. Şəhərin mərkəzində, əhalinin sıx olduğu bulvar ərazisindəki “Park Cinema”nın mərkəzdən kənar Nərimanov ərazisində Metro Parkda açmağımızla bağlı böyük riskə getdiyimizi düşünmürəm. Çünki köhnə Montin, indiki Nərimanov qəsəbəsi əhalinin, məktəblərin, bankların, büdcədən maliyyələşən təşkilatların sıx olduğu yerdir. Sadəcə, kinoteatrın adı ilə bağlı bəzi anlaşılmazlıq yaranmışdı. Bəziləri düşünürdü ki, Metro Parkda kinoteatr açırıqsa, adı mütləq Metro Cinema olacaq. Bu söz-söhbətlər Park Bulvarda ilk kinoteatrımızı açanda da yaranmışdı. Amma qəti şəkildə bildirirəm ki, “Park Cinema” Park Bulvar ticarət mərkəzinin adı ilə bağlı deyil. Eyni zamanda qeyd edim ki, biz yeni kinoteatrımızı açmaqla şəbəkə formalaşdırdıq. Yeni kinoteatr respublikanın ən böyük, ən müasir kinoteatrıdır. Oturacaqlarının sayı 1000-dən çox olan həmin kinoteatrda quraşdırılmış proyektorlar tanınmış Barko şirkətinə məxsusdur. Orda filmləri həm 2D, həm də 3D HP-də nümayiş etdirmək imkanımız var. Yeni “Park Cinema” ölkədə yeganə kinoteatrdır ki, burada fiziki qüsurları olan insanların kinoya baxması üçün bütün şərait yaradılıb. Hər zalda 4 yer məhz həmin insanlar üçün nəzərdə tutulub. Bu, bizim həm vətəndaşlıq borcumuz, həm də beynəlxalq standartlara cavab vermək üçün atdığımız növbəti addımdır.

- Son vaxtlar kinoteatrlarla bağlı rəqibləriniz artıb. Belə bir şəraitdə bazarda fərqlənmək üçün hansı strategiya müəyyənləşdirmisiniz?

- İki kinoteatrın fəaliyyətini tənzimləmək çox ağır, eyni zamanda maraqlı işdir. Mənimlə bərabər çalışan komandadan çox razıyam. Biz əvvəlcədən müəyyən olunmuş proqramla işləyirik, vəzifələrimiz, məqsədimiz bəllidir, ona görə ətrafımıza baxmağa, kimlərinsə işlərini analiz etməyə vaxtımız qalır.

Biz öncədən öz strategiyamızı müəyyənləşdirmişik, o istiqamətdə irəliləyirik. Əsas məqsədimiz kino mədəniyyətini inkişaf etdirmək, gəncləri kinoya alışdırmaqdır. Bu məqsədlə bir sıra tədbirlər həyata keçiririk ki, onlardan biri Səbail rayonunda yerləşən məktəblərdə ən yaxşı oxuyanlara pulsuz bilet paylamaqdır. Bu həmin uşaqlarda stimul yaratmaq, həm onların kinoya marağını, sevgisini artırmağa xidmət edir. Eyni təbliğat işini Nərimanov ərazisində davam etdirəcəyik.

- Bazarda rəqabətə davam gətirmək yenilik etmək üçün Nizami Kino Mərkəzi çox uğurlu taktika irəli sürdü. Azərbaycan ilk dəfə olaraq türk filmlərinin nümayişinə başladı. Bunu necə dəyərləndirirsiniz?

- Düzdür, türk filmlərinin nümayişi tendensiyasını Nizami Kino Mərkəzi başladı. Yeri gəlmişkən, bizim həmin mərkəzlə çox sıx əlaqəmiz var onlara gələcək işlərində uğurlar arzulayıram. Başımız ikinci kinoteatra elə qarışdı ki, bu işə qol qoymağa bir balaca gecikdik. İndi əsas məqsəd kino mədəniyyətini inkişaf etdirməkdir. Rəqabətə fikir vermək yox, irəli getmək lazımdır. Onu da qeyd edim ki, indi bizdə türk filmləri nümayiş olunur. Türkiyənin məşhur rejissoru Osman Sınavın hazırda ikinci filmi kinoteatrımızda göstərilir. Nizami Kino Mərkəzinin bu addımı bizim ümumi işimizə bir dəstək oldu.

-Ticarət Mərkəzindən kənarda ayrıca bir kino mərkəzi kimi fəaliyyət göstərmək planınızda varmı?

- Belə bir planımız var. Sadəcə onun vaxtı hələ gəlməyib. Kino mədəniyyətini inkişaf etdirib, istədiyimiz mövqeyə çatandan, yəni insanları tam mənasında kinoteatra alışdırandan sonra ayrıca kinoteatr da açacağıq. Bu ilin sonuna kimi iki kinoteatrımız da fəaliyyətə başlayacaq. Kinoteatrlarımızdan biri Bakının ətraf rayonlarından birində, digəri isə Milli Məclislə üzbəüzAlov qüllələrikompleksində açılacaq.

-Regionlarda da kinoteatr açmaqla bağlı işlər yerdədir?

- Azərbaycan dilində filmləri nümayiş etdirməməyimizlə bağlı bizə çox iradlar bildirilir. İlk öncə bu məsələyə aydınlıq gətirmək istəyirəm. Hazırda “Park Cinema”da nümayiş olunan filmlər rus dilində təqdim olunur. Amma bir ara filmləri altyazı ilə nümayiş etdirdik. Amma bu məsələni tam həll etməmiş bu addımı ata bilmərik. Yəni tamaşaçılarımıza filmləri öz doğma dilimizdə təqdim edəndən sonra bölgələrdə kinoteatr açmaq üçün imkanımız bazamız olacaq. İndiki vəziyyətlə bu addımı atmaq düzgün olmazdı. İnanıram ki, bir neçə aydan sonra biz doğma dilimizdə filmləri nümayiş etdirə biləcəyik.

-Filmlərin dublyaj altyazı ilə təqdim olunması haqda iki ildir ki, qərar verilib. Sizin kinoteatrda nümayiş olunan 2-3 filmdə altyazı olsa da, bu, davamlı deyil. Bunun səbəbini ilə izah edərdiniz?

- “Park Cinema” kinoteatrı olaraq biz filmləri dünya premyeraları ilə eyni vaxtda təqdim edirik. Yəni hər həftənin dördüncü günü səhər saatlarında premyeralarımız olur. Filmləri altyazı ilə premyera gününə çatmaqdan ötrü filmi aldığımız kinokompaniyalar öncədən filmlərin dialoq vərəqələrini bizə təqdim etməlidirlər.

Bir ara dialoq vərəqləri bizə göndərilirdi, biz tərcümə edib, yenidən həmin kinokompaniyaya qaytarırdıq. Onlar tərcümələri lentə sərt diskə, kadrların üstünə yazdıqdan sonra yenidən filmi bizə yollayırdılar. İnanın, bir-iki kinoteatr üçün bunu etmək heç bir kinokompaniyanın marağında deyil. Gərək kinoteatrların sayı artsın. Ona görə premyeranı qaçırmamaq üçün biz filmləri altyazı ilə təqdim edə bilmirik. Çünki bizim üçün vacib olan tamaşaçının ilk ekrandan filmi izləməsidir.

- Bəzən yeni filmlərin kinoteatrla yanaşı, telekanallarda da nümayiş etdirilməsi ilə kinoteatrın bazarınınöldüyüfikirləri var. Buna münasibətiniz necədir?

- Hazırda bizim elə bir problemimiz yoxdur. İlk ekrandan filmi nümayiş etdirməyəndə belə problemlər meydana gəlir. Çünki kinoşirkətlər televiziyaya, digər yayım vasitələrinə göstərmə haqlarını vermir. Ancaq kinoteatrlarla işləyir. Bu baxımdan rahatıq.

-“Park Cinema” Klubu yaratmağa nail oldunuzmu?

- 2012-ci ilin dekabrın 1-dən biz bonus proqramını tətbiq etməyə başladıq. Pulsuz paylanan bonus kartlarının məqsədi “Park Cinema” Klubu yaratmaqdır. Bu kartlara bonusların toplanması 3 mərhələdir. Əvvəlcə müştəri qiymətindən asılı olmayaraq aldığı biletin 7,5 faizi kartın bonusuna oturur. 20 faiz bonus əldə edəndə bunu pulsuz biletə dəyişə bilər. Bu zaman ona qold-kart verilir. Burada isə artıq alınan biletin 10 faizi bonusa hesablanır. Beləliklə, bonuslar 20 faizədək artır müştəriyə individual kart təqdim edilir.

-Azərbaycan filmlərinin nümayişi ilə bağlı deyə bilərsiniz? Yerli filmlərə gələn tamaşaçı azlığı ilə bağlı “Park Cinema” həmin filmlərin nümayişində güzəştlər tətbiq edirmi?

- Bəli, güzəştlər nəzərdə tutulub. Bütün yerli kinoşirkətlərə qapılarımız hər zaman açıqdır. Yeri gəlmişkən, bizim Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm” kinostudiyası ilə çox sıx əlaqələrimiz var. Bir neçə həftədən sonra “Park Cinema”da Azərbaycan filmlərinin nümayişinə start veriləcək. Bu günə kimi bir-iki dəfə Azərbaycan filmi nümayiş etdirmişik. Bəzən işbirliyimizin alınmaması texniki səbəblərdən baş verir. Yəni çəkilən filmlərin formatı bizim proyektorların formatına uyğun olmayanda imtina eləməli oluruq.

Kinoteatrda gedən Avropa, yaxud Amerika filmlərinin reklamını telekanallarda görmək mümkündür. Azərbaycan filminin piarı isə o qədər də güclü deyil. Həm telekanallar, həm də biz kinoteatr olaraq təqdim etdiyimiz filmlərin piarını lazımınca aparsaq, istədiyimiz nəticəni ala biləcəyik.

- Bütün kinoteatrlar kimi Amerika kinolarına daha çox yer ayırırsınız. Amma ara-sıra Avropa, türk filmlərinin də nümayişi gerçəkləşir. Niyə “Park Cinema”da Kann Film Festivalında nümayiş olunan, yaxud qalib gələn filmlər göstərilmir?

- Bəzən Kann Festivalının filmlərini əldə etməkdə çətinlik çəkirik. Bunu ikinci ekranla göstərəcəyimizdən dolayı etmirik. Bizim əsas məqsədimiz ilk ekrandır. Şəbəkə olmağın ən üstün cəhəti də məhz budur. Park Bulvardakı “Park Cinema”da 800-dən artıq oturacağımız var. Biz həftədə 3-4 film nümayiş etdirə bilirdik, şəbəkə olandan sonra 12 zalımız, 2000-ə yaxın oturacağımız var. Bu da o deməkdir ki, həftədə 7-8 yeni film təqdim edəcəyik. Yəni tamaşaçılar Amerika, Avropa, Asiya ölkələrinin filmlərini görə biləcəklər.

Filmlərin nümayişində mövzular baxımından seçimə gəldikdə isə bizim mentalitetdən kənar səhnələr olan filmləri nümayiş etdirmirik. Kino bazarında hər həftə ortalama 10-15 film yer alır. Onun içərisində tamaşaçıların istədikləri janrlı filmləri seçirik. Tamaşaçıların gözlədikləri Amerika, Avropa filmləri hərdən məhz qeyri-etik səhnələrə görə nümayiş etdirmirik.

Yaxın gələcəkdə kino mədəniyyətini yüksəltmək üçün bir neçə proqramları təsdiqləmişik. Tezliklə o proqramları açıqlayacağıq.

 

 

Nigar ABDULLAYEVA

 

Palitra.-2013.-24 may.-S.11.