“Azərbaycanda gedən inkişaf prosesləri
dünya xalqlarını heyrətləndirir”
Orxan Həsənoğlu:
“Xaricdə yaşayan hər bir azərbaycanlı ancaq Azərbaycan
üçün çalışmaq ideyası ilə birləşməlidir”
Müsahibimiz Azərbaycan-Kipr
Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğludur
-Sədri olduğunuz təşkilatın
fəaliyyəti barədə məlumat verərdiniz.
- Əvvəlcə mən sizin vasitənizlə bütün oxucularınızı və xalqımızı salamlamaq istərdim. Bildirim ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) artıq ikinci ildir ki, fəaliyyət göstərir. Biz bu yola yeni çıxanda, əlbəttə ki, çoxlu müsbət reaksiyalarla yanaşı mənfi reaksiyalar da aldıq. Mənfi fikirlər əsas ondan ibarət oldu ki, Kipr balaca bir adadır və burada qardaş kiprli türklər onsuzda Azərbaycanı tanıyır, onun milli mədəniyyətinə və milli kimliyinə bələddir. O gün də bildirdik və bu gün təkrar bildirirəm ki, AKDC ehtiyacdan yarandı. Belə ki, biz kiprliləri yox, məhz burada təhsil alan 98 fərqli ölkədən 60 minə yaxın tələbəni hədəf almışdıq. Ölkəmizin milli dəyərləri və bununla yanaşı müasir problemlərimiz, Dağlıq Qarabağ problemi haqqında gerçək informasiyaları bu gənc və dinamik topluma çatdırmaq məqsədi güdürdük. Demək olar ki, bu zaman içərisində biz ideyalarımızın bir qisminə yüksək səviyyədə nail olduq. 2012-ci ildə və bu il bir neçə beynəlxalq səviyyəli tədbir həyata keçirdik. Xarici tələbələrin qatılımı ilə keçirilən bu tədbirlər sadəcə Kiprdə olmadı, həmçinin digər missiyamız da Kiprin həm Azərbaycanda, həm də türk dünyasında tanınmasına yönəlib. Bununla da bağlı “Azərbaycanda bir gəncin gözü ilə Kipr” adlı rəsm sərgisi təşkil etdik. Qazaxıstanda fevral ayından başladığımız Kipr Tanıtım Proqramları davam edir. Bu proqram çərçivəsində mən üç dəfə bu ölkəyə səfər etmişəm. Astana və Almatı universitetlərində 50-dən çox görüş keçirmişik ki, bu da bir o qədər də asan məsələlər deyil. Əlbəttə, bu fəaliyyətlərimiz davam etdiriləcək.
-Kiprdə Azərbaycan
diasporunun mütəşəkkilliyi hansı səviyyədədir?
- Bilirsiniz, Kipr həm coğrafiya olaraq və həm də statusu ilə bağlı digər ölkələrdən olduqca fərqlənir. Elə burada yaşayan azərbaycanlılar da digər ölkələrdə olan həmvətənlilərimizin həyat tərzindən fərqli yaşayırlar. Belə ki, digər ölkələrdə olan soydaşlarımızın böyük əksəriyyəti ya sovet hakimiyyətindən öncə bu ölkələrə sürgün edilmişlər, ölkəmizdən uzaqlaşmaq məcburiyyətində qalmışlar, keçmiş sovet ölkələrində olanlarsa, o dövrdə işlə bağlı, təhsillə bağlı, hərbi xidmətlə bağlı gedib qayıtmayanlardan ibarətdir. Kiprdə isə durum tamamən fərqlidir. Buraya köç edən azərbaycanlıların elə də qədim bir qürbətçilik tarixi yoxdur. Burada yaşayan azərbaycanlı ailələrin böyük əksəriyyəti universitetlərdə çalışan professor-müəllim heyətindən ibarətdir, kiçik bir hissəsi isə müxtəlif peşə sahibləridir. Buradakı həmvətənlilərimizin əsas hissəsi hansı ki, minə yaxını gənc nəslin payına düşür. Kiprin universitetlərində təhsil alan azərbaycanlı gənclərdir. Əlbəttə, onların bir hissəsi vətənpərvər, milli ruhlu gənclərdən ibarətdir. Ancaq üzülərək bildirim ki, əsas hissəsi bizim milli maraqlara çox soyuq yanaşırlar. Bunun da əsas səbəbi təhsillərinin zəif olması və universitetlərarası real rəqabətlə bağlıdır. Bir tədbir hər hansı bir universitetdə baş tutursa, digər universitetin rəhbərliyi öz tələbələrinə şərait yaratmaq istəmir ki, o tədbirə qatılsınlar. Bu, Kiprin ən başlıca problemidir. Bunu açıqca ifadə etmək lazımdır. Başqa məqamlar da var ki, inşallah, yaxın vaxtlarda həllini tapacağına ümid edirik.
-Dünya ölkələrində
Azərbaycan diasporunun təşkilatlanması prosesi güclənir.
Bu proseslə bağlı nələri təklif edərdiniz?
- Mən sizin fikrinizlə razıyam ki, bu gün müxtəlif ölkələrdə Azərbaycanın imici, onun strateji əhəmiyyəti, müəyyən beynəlxalq müzakirələrdə mövqeyi diqqətdədir. Ölkəmizin başçısı cənab İlham Əliyevin apardığı müstəqil xarici siyasətin düzgün istiqaməti, Azərbaycanın Prezidenti kimi geosiyasi məsələlərdə qərarlılığı ümumi inkişafa da öz töhfəsini verir. Bu, bir anlamda diasporun güclənməsinə, bu istiqamətdə işin asanlaşmasına gətirib çıxarıb. Dünya çox böyükdür, biz say və ərazi baxımından balaca bir xalq olsaq da, bu gün özümüzdən çox sayda və ərazicə böyük xalqlardan üstün cəhətlərimizə görə fərqlənirik. Bu, keçmiş SSR dövründə də özünü büruzə verib. Yalnız diasporumuzun bu illər ərzində birləşmiş bir formada fəaliyyət göstərə bilməməsini mən bu formada izah edərdim ki, bu, SSR dövründə doğulub böyüyən, həyatının böyük bir qismini bu quruluşda yaşayan insanlarla, Avropada, Amerikada və digər ölkələrdə yaşayan insanların dünyagörüşü, Azərbaycana baxışının müxtəlif olması ilə bağlı idi. Əlbəttə ki, vətən sevgisinin çəkisi yoxdur, onların hər biri eyni qaydada ölkəmizi sevirlər, sadəcə burada fəaliyyət forması və modeli fərqli idi. Keçən bu müstəqillik illərində bütün dünyada yaşayan azərbaycanlılarımız özlərini müstəqil bir ölkənin vahid xalqı kimi qəbul edə bildilər. Gənc nəsillə yaşlı nəsil arasında ciddi fikir ayrılığı var idi. Belə bir bənzətmə bəlkə də doğru olardı ki, bu gün artıq 60 yaşından yuxarı yüz minlərcə azərbaycanlı sosial media vasitələrindən, sosial paylaşım saytlarından, “Twitter”dən, “Facebook”dan istifadə edirlər. Hansı ki, 10 il öncə onlar bizi bunlardan uzaqlaşdırmağa çalışırdılar. Ümid edirəm ki, diasporumuzun balaca texniki məsələləri də zaman içində öz həllini tapacaq.
Təkliflərə gəlincə, mən onu
demək istərdim ki, daha doğrusu, arzulayardım ki, diaspor fəaliyyəti
ilə məşğul olanlara qarşı
ayrı-seçkilik olmasın, dünyanın harasında
olursa-olsun, azərbaycanlılara doğma münasibət
göstərilsin. Mənim hər zaman inandığım və
qürurla hər fürsətdə ifadə etdiyim ulu öndərin
bir fikri var: “Harada olursunuzsa, olun, harda
yaşayırsınızsa, yaşayın, yalnız öz
xalqınıza, öz millətinizə müxalifətdə
durmayın”. Xaricdə yaşayan hər bir azərbaycanlı
ancaq Azərbaycan üçün çalışmaq
ideyası ilə birləşməlidir. Bəzən xaricdə
belə bir fikir formalaşır ki, Diasporla İş üzrə
Dövlət Komitəsi mütləq nəsə etməlidir.
Komitə dövlətin siyasətini həyata keçirir,
diaspor sahəsində fəaliyyəti tənzimləyir. Hər
bir azərbaycanlı yaşadığı hər hansı bir
xarici ölkədə bir qeyri-rəsmi səfir kimi
davranmalıdır. Yeri gələndə isə komitə də
onu müdafiə etməlidir. Diasporumuzun hər bir nümayəndəsi
anlamalıdır ki, şəxsi münasibətləri, şəxsi
maraqları dövlətin, millətin, xalqın maraqlarına
qurban vermək lazım deyil. Diasporumuz vahid informasiya mərkəzində
toplanmalıdır. Bu, virtual bir mərkəz olmalıdır. İnternet vasitəsi ilə
onlar öz aralarında virtual konfranslar, toplantılar,
müzakirələr apara bilərlər. Bu gün necə ki
internet vasitəsi ilə minlərcə insan ortaq söhbətə
qoşulurlar. Bu sahədə ciddi iş
aparılmalıdır. Müasir dünya bunu tələb edir.
Necə məktublaşmadan uzaqlaşıb e-məktublara
keçmişiksə, fiziki olaraq iclaslardan da uzaqlaşıb
müasir informasiya vasitələrinin köməyi ilə bu
cür konfranslar edə bilərik. Hər hansı bir ölkədə
tədbir keçirilir və bu tədbirə ancaq imkanı
olan insanlar qatılır. Dövlətimiz buraya milyonlarca vəsait
ayırır. Yavaş-yavaş virtual fəaliyyətə
keçmək lazımdır.
-Azərbaycandakı ictimai-siyasi
proseslər, Azərbaycandakı tərəqqi məsələləri
dünya KİV-də və Kipr cəmiyyətində necə
bilinir və izlənilir?
- Son illərdə,
doğrudan da Azərbaycanda gedən inkişaf prosesləri,
deyim yerinə düşərsə, dünya xalqlarını,
əsasən də bizim tarixi düşmənlərimizi heyrətləndirir.
On il öncə elə xaricdəki soydaşlarımızı
da inandırmaq olmazdı ki, Azərbaycan BMT Təhlükəsizlik
Şurasına rəhbərlik edəcək, beynəlxalq
olimpiadaların, yarışların qalibi olacaq, “Eurovision” kimi
nəhəng bir yarışmada birincilik və bu il ikincilik
qazanacaq. Qafqazda yerləşən bir ölkənin
dünyanın nəhəng tədbirlərinə ev sahibliyi edəcəyinə
inanmaq əvvəllər çətin idi. Bu tədbirlər, əlbəttə,
dünya mətbuatı tərəfindən diqqətlə izlənilir,
insanlara məlumat verilir. Mən Kiprdə işimlə
bağlı olaraq tez-tez xarici ölkələrə səfər
edirəm. Bu ölkələrdə Azərbaycan haqda,
xalqımız haqda çox böyük məlumatlar, müsbət
fikirlər formalaşıb. Bunda beynəlxalq mətbuat
orqanlarına və eləcə də sizlərə - ölkəmizin
mediasına minnətdarlıq duymaq lazımdır. Bu, xaricdə
yaşayan biz azərbaycanlıları da sevindirir. Şimali
Kipr xalqına gəlincə, bu balaca xalqın Azərbaycana
olan sevgisi hər zaman cəmiyyətdə özünü
büruzə verir. Bu gün Kiprə ən yaxın ölkələrdən
biri bizik, bu gün Kipr xalqı bizi özlərinə
böyük qardaş kimi görürlər. Sevincimizə
sevinirlər, qara günlərimizə üzülürlər.
Kipr mediası bizim keçirdiyimiz tədbirlərdə hər
zaman yaxından iştirak edir, elə olub ki, tədbirimizi
canlı yayıblar televiziyalarda. Hər bir tədbirimizə
başda ölkə prezidenti olmaqla, millət vəkilləri,
nazirlər, ictimai xadimlər qatılıblar. Bu, bizim
xalqımıza, dövlətimizə olan sevgidən irəli gəlir.
Eyni zamanda onu da xüsusi qeyd etməliyəm ki, Azərbaycan
hökuməti də onlara həmişə isti münasibət
göstərir, beynəlxalq təzyiqlərə baxmayaraq,
onlara qarşı ayrı-seçkilik etməyib, başqa
türk dövlətlərinə olduğu kimi, Şimali Kipr
Türk Cümhuriyyətinə də eyni münasibəti
göstərib. Əlbəttə, bu nə Kipr türk
xalqının, nə də mediasının diqqətindən
yayınmayıb.
-Kipr-Azərbaycan
münasibətlərinin inkişafı ilə bağlı
fikirlərinizi bilmək istərdik...
- Rəsmi
münasibətlərin daha da inkişafına mane olan beynəlxalq
problemlərlə yanaşı, başlıca problemlərdən
biri də Dağlıq Qarabağ kimi bir qloballaşmış
problemimizin olması ilə bağlıdır. İctimai
münasibətlərə gəlincə ortaq milli kimliyə
sahib olmağımız, ortaq dəyərlər və dil
birliyimiz xalqlar arasındakı münasibətlərin
inkişafında başlıca rol oynayır ki, bu da bu gün ən
yaxşı səviyyədədir. Yalnız
düşünürəm ki, əksik qalan tərəflərimiz
də az deyil. Belə ki, son on, on beş il öncə Kipr daha
çox turizmi və tarixi ilə tanınırdısa, bu
gün artıq adada yerləşən 8-dən çox
universiteti ilə də dünyada tanınmağa başlayıb.
Bizim təhsil sahəsində münasibətlərimiz daha da
inkişaf etməlidir. Bu gün Kiprdə minə yaxın azərbaycanlı
təhsil alır, bu universitetlərdə çox sayda
professor-müəllim heyətimiz çalışır. Kipr
universitetlərinin modelində ölkəmizdə təhsil
sektorunu inkişaf etdirmək, qarşılıqlı təcrübədən
yararlanmağa ehtiyac var. Müasir dünya ali təhsilində
kampus universitetlərinin böyük önəmi var. Kiprdəki
bütün universitetlərdə kampus həyatı
mövcuddur ki, bu da gənc nəslin mütəxəssis kimi
yetişməsinə böyük təsir gücünə
malikdir. Biz bu təcrübədən yararlana bilərik. Bununla
bağlı biz AKDC olaraq Naxcıvan Muxtar Respublikasında beynəlxalq
kurslar təşkil etmişik. İnşallah, yaxın gələcəkdə
Gəncədə və digər regionlarda da bu kimi elmi tədbirlər
keçirəcəyik. Ancaq nə yazıq ki, bu günə qədər
bu sahədə bir neçə adamın ölkəmizdə təhsil
sektorundakı şəxsi maraqları sadəcə onlara xidmət
edirdi. Kipr universitetlərinin bir neçəsində olan
bizimkilərdən bəziləri Təhsil Nazirliyindəki
himayədarları ilə əl-ələ verərək bunu
şəxsi bizneslərinə çevirmişdilər. Təhsil
Nazirliyimizdə aparılan sürətli köklü islahatlar
sayəsində, düşünürəm ki, bu sahədə
də ciddi irəliləyişlər olacaq. Hər birimiz
hansı sektorda olmağımızdan asılı olmayaraq
ölkəmizi düşünməli, hər
addımımızda xalqımızın maraqlarını
öz şəxsi, fərdi maraqlarımıza qurban verməməliyik.
İlkin
AĞAYEV
Palitra.-2013.-24 may.-S.7.