Gənclər mədəniyyətimizi təbliğ
etmək üçün internetdən daha kütləvi yararlanmalıdırlar
Gənclərin təhsil,
ekoloji və vətəndaşlıq şüurunun artırılması üçün tədbir və layihələr
intensivləşdirilməlidir
Bu
gün Azərbaycan gəncliyi inkişaf edir və gəncliyin
intellektual, hazırlıqlı olmasında, təhsil və
dünyagörüşü səviyyəsinin yüksəlməsində
dövlət qayğısı davamlı olaraq
artırılır. Gəncliyin hərtərəfli
inkişafına yönəlmiş dövlət proqramları
uğurla həyata keçirilir. Bununla belə, gənclərin
inkişafı ilə bağlı bəzi məqamları qeyd
etmək yerinə düşərdi.
Məsələn, Azərbaycanda ali təhsil almaq, ali ixtisaslara yiyələnmək istəyənlərin sayı çoxdur. Bu barədə motivasiya hələ də qalır. Bununla belə, bu sahədə sovet dönəmindən qalmış sosial-psixoloji vəziyyət müsbətə doğru dəyişməyib. Belə ki, Azərbaycan müstəqil olandan sonra ölkədə keçid dövrü bir müddət davam etdi. Sonra isə azad bazar iqtisadiyyatı başladı. Azad bazar, azad rəqabət şəraiti isə öz növbəsində yeni çağırışlar diktə edirdi. Bu çağırış və tələblər birinci növbədə elə intellektual əmək bazarına aiddir. Aparılan araşdırmalar və müşahidələr göstərir ki, ölkə ali təhsillilərinin, eləcə də müstəqillik dönəmində məzun olmuşların çoxu yeni dövrün tələb və çağırışlarına cavab vermir və nəticədə intellektual əmək bazarında rəqabətdə uduzurlar. Onlar əllərində diplomları ola-ola digər sahələrə üz tutmağa məcbur olurlar. Az sayda xarici təhsil almış məzunlarla müqayisədə əksəriyyətin geridə qaldığı daha qabarıq nəzərə çarpır. Bu cür hallar göstərir ki, əhalinin indiki zamanda daha çox vacib olan intellektual potensialının xeyli hissəsi itirilmiş olur. Araşdıranda bu ali təhsillilərin nəinki mütəxəssis, hətta müasir göstəricilər baxımından savadlı olmaması da üzə çıxır. Bu da birinci növbədə onların çağdaş kriteriyalara cavab verməməsi ilə bağlıdır. BMT standartlarına görə, dünyada müasir savadlılıq kriteriyaları əsasən bunlardır: 1) Yazıb-oxumağı bilmək, 2) Əsas kompyuter proqramlarında işləməyi bacarmaq, 3) Hər hansı geniş yayılmış xarici dillərdən birini bilmək, 4) Sosial hüquqlarını bilmək, 5) Bütün sadalanan bilgiləri digərlərinə ötürməyi bacarmaq. Göründüyü kimi, daha çox orta təhsillilərə aid olmalı olan bu kriteriyalara əksər ali təhsillilərimiz cavab verə bilməzlər. Üstəgəl, onların öz sahələri üzrə mütəxəssis kimi tələblərə tam cavab verə bilməməsi də əsas çətinlik yaradır. Bu, ümumi ali təhsil səviyyəsində olan problemlərdən irəli gələn məqamdır. İkinci məqam isə qeyd edildiyi kimi, təhsillə bağlı cəmiyyətin şüurunun təkmilləşdirilmə zərurətidir. Artıq aksiomdur ki, ictimai şüurda hələ də təhsil almaq yox, “diplom almaq” prinsipi önəm kəsb edir. Hələ də belə fikirləşirlər ki, “əldə diplom olarsa, harasa işə keçmək olar”. Ola bilsin ki, bu kimlər üçünsə “işləyən variantdır”. Amma əksəriyyət üçün yox. Yaxud da bu gün bütün “dejurnı” ali məktəblərdə, ya da pedməktəblərdə külli miqdarda qızların “oxuduğunu” görürük. Qızlar bir neçə il bu cür məktəblərə “müəllim olmaq” üçün vaxt sərf edirlər, daha doğrusu, itirirlər. Onların əksəriyyəti savadsız mütəxəssis kimi yetişir ki, bu da sonradan təhsil prosesində, onların müəllim fəaliyyətində mənfi təsirini göstərir. “Valideynləri sanki qızlara diplomu cehizlik üçün verir” - bu deyim vəziyyəti aydın təsvir edir. Beləliklə, qeyd edilənlər göstərir ki, cəmiyyətin təhsil şüuru hələ də keçid dövrü səviyyəsindən fərqlənmir. Halbuki Azərbaycanda keçid dövrü başa çatıb - bu, rəsmən də elan edilib. Azərbaycan sürətlə inkişaf edən qabaqcıl ölkə kimi xarakterizə edilir, ölkədə yeni-yeni iş yerləri və istehsal müəssisələri açılır. Ölkəyə ən yeni texnoloji sahələrdə işləmək üçün savadlı kadrlar lazımdır. Bu boşluğu doldurmaq üçün birinci növbədə yeniyetmə və gənclərin təhsil motivasiyalarını düzgün yönləndirmək, onların keyfiyyətli təhsil almaqla bağlı şüurunun inkişaf etdirilməsi, düzgün ixtisas seçiminə istiqamətləndirilməsi zəruridir.
Başqa bir məqam gənclərin ekoloji şüurunun inkişaf etdirilməsi ilə bağlıdır. Müasir dövrdə insan və təbiətin qarşılıqlı münasibətləri getdikcə daha kəskin xarakter alır. Uzun müddət ərzində təbiətə göstərilən təzyiq, onun fəaliyyət qanunlarının pozulması, bu prosesin nəticələrinin nəzərə alınmaması Yer kürəsində bir çox qarşısıalınmaz ekoloji problemlərə səbəb olur. Çirklənmiş ekosistemdə yaşayan heç bir canlının bundan xilas olmaq şansı yoxdur. Qeyd etmək lazımdır ki insan bütün ekoloji problemlərin həm səbəbkarı, həm də bu problemlərin qarşısını alabiləcək tək canlıdır. Belə bir şəraitdə ekoloji şüurun formalaşması və öyrənilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bütün ekoloji, sosial və iqtisadi problemlər insanın özündə, ilk əvvəl onun bütün həyat fəaliyyəti sahələrini müəyyən edən şüurundadır. Burada (şüurda) gedən proseslər bilavasitə insanın təbiətə, özünə və bütövlükdə cəmiyyətə münasibətlərini əks etdirir. Ekoloji şüur sözün geniş mənasında ictimai və fərdi şüurun, varlığın ayrılmaz hissəsi olan təbiəti özündə inikas edən sahəsini təşkil edir. Təbiət aləmi xüsusi şəkildə davranıldıqca ona özünəməxsus münasibət də formalaşır, nəticədə ekoloji şüur meydana gəlir. Öz növbəsində artıq formalaşmış ekoloji şüur təbii obyektlər və hadisələrin qavranılması xüsusiyyətlərinə, onlara yaranan münasibətinə də təsir edir. Ekoloji problemlərin aktuallığı ekoloji şüurun problemləri üzrə tədqiqatların müxtəlif sahələrdə (sosiologiya, filologiya, etika, psixologiya, sosial ekologiya və s.) aparılmasını zəruri edir. Bu gün həm ölkəmizdə, həm də xaricdə nəşr olunan elmi ədəbiyyatda bu mövzu işıqlandırılıb. Lakin gənclərin və xüsusilə də onların fəal və aparıcı hissəsi olan tələbə-gənclərin ekoloji şüurunun inkişaf xüsusiyyətlərinin müxtəlif aspektləri hələ kifayət qədər öyrənilməyib. Xüsusilə də Azərbaycan tələbə-gəncləri üçün bu mövzu kifayət qədər aktualdır. Aparılan müşahidələr göstərir ki, tələbə-gənclərimizin əksəriyyəti istər nəzəri, istərsə də təcrübi baxımdan bu mövzuda bilgi və vərdişlərə kifayət qədər sahib deyillər. Bu, cəmiyyətin ekoloji məsələlər barədə kifayət qədər kulturoloji-mədəni səviyyəyə malik olmaması ilə yanaşı, həmin gənclərin təhsilindəki bir sıra məqamlardan da irəli gəlir. Lakin unutmaq olmaz ki, ekoloji problemlərin həlli ilk növbədə gələcəyin təminatçısı olan tələbə-gənclərdən, onların cəmiyyətdə ekoloji ab-hava yaratmaq istəyindən və təşəbbüslərindən birbaşa asılıdır.
Buna görə də tələbə-gənclərin ekoloji şüur və maariflənmə səviyyəsinin ölçülməsi, qiymətləndirilməsi və bundan çıxış edərək müvafiq təkliflərin hazırlanması, təşəbbüslərin reallaşdırılması problemin köklü həlli baxımından əhəmiyyət kəsb edir.
Üçüncü bir məqam isə odur ki, gənclər İKT texnologiyalarından getdikcə daha bol yararlanmaq imkanı qazanır. Amma problem burasındadır ki, gənclər arasında internetdən əyləncə, “vaxt öldürmək” məqsədilə səmərəsiz yararlananlar xeyli çoxdur.
Xüsusən də sosial şəbəkələr artıq laqqırtı məkanına dönməkdədir. Məsələn, hazırda gənclər arasında ən populyar olan “Facebook”, “Odnaklassnik”, hətta “Twitter” və digərlərini izləsək, orada əyləncə, laqqırtı, tanışlıq məqsədilə vaxt öldürənlərin çoxluq təşkil etdiyini yəqin etmək çətin deyil. Xarici dostlara Azərbaycanın qazandığı nailiyyətlər, mədəniyyətimiz, həqiqətlərimiz barədə informasiyalar ötürmək, Azərbaycanı hər cəhətdən təbliğ etmək və bu barədə vətənpərvərlik nümayiş etdirmək gənclərimizin sosial şəbəkələr və çat proqramlarında əsas fəaliyyət istiqamətlərindən olmalı idi. Təəssüf ki, bu gün bir qədər başqa mənzərənin şahidi oluruq. Belə ki, bir sıra gənclər Azərbaycan cəmiyyətinin maraqları və ümummilli hədəflər naminə internetdən lazım olduğu qədər yararlanmırlar. Eyni vəziyyət daha çox dünya siyasiləri və diplomatlarının yer aldığı “Twitter” və digər sosial şəbəkələr və çat proqramlarında da müşahidə olunur. Buradan görünür ki, gənclərin bu yöndə maarifləndirilməsi və onlar arasında təşviqat aparılması xeyli aktualdır. Gənclər ölkənin qlobal mədəniyyət müstəvisində qazandığı nailiyyətlər barədə virtual dünyada təbliğat aparmaq sahəsində lazımi mütəşəkkillik və ardıcıllıq göstərməlidirlər. Bu barədə gənclərin informasiya qıtlığı, mədəniyyət məsələləri, eləcə də Azərbaycanın mədəniyyət kontekstində turizm imkanları, gerçəklikləri barədə lazımi bilgilərin olmaması problemi daha da aktuallaşdırır. Gənclərin önəmli qismi bu barədə mövcud olan təbliğat materiallarından, internet resurslarından da əsasən xəbərsizdirlər. Eləcə də xarici dillərdə bu barədə təbliğat materiallarının yetərincə olmaması, yaxud keyfiyyətcə qeyri-adekvatlıq da öz işini görür. Ölkəmizin hərtərəfli təbliğatının aparılmasının lazım gəldiyi bu ərəfədə gənclərin qeydedilən məsələdə lazımi qədər aktiv və mütəşəkkil olması üçün layihələri və tədbirləri intensivləşdirmək məqsədəuyğun olardı.
Eləcə də Azərbaycanın
ən aktual problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu barədə həqiqətlərin həm də
mədəniyyət kontekstində beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırılması işində gənclərin
iştirakını daha da
kütləviləşdirmək lazımdır. Müşahidələr göstərir ki, sosial şəbəkələrə
qoşulan gənclərimizin - xaricdə və
ölkədə təhsil alan tələbələr,
digər kateqoriyalı gənclər, diaspor
nümayəndələri, iş və elm adamları və sair
insanlarımızın hər birinin bir çox hallarda minlərlə əcnəbi virtual dostu olduğu
halda, bu dostlar arasında Azərbaycan mədəniyyəti
və həqiqətləri barədə bəzən məqsədli
və ciddi təbliğat aparılmır.
Sosial şəbəkələrdə Azərbaycan
mədəniyyəti və həqiqətlərini təbliğ
edən və yayan qrupların sayı da çoxaldılmalıdır. Xüsusilə
bu məqsədlə gənclər
arasında bloqçuluğun təşviq
edilməsi, bloqlardan Azərbaycan mədəniyyəti
və həqiqətlərinin təbliği vasitəsilə yararlanma səviyyəsi xeyli
dərəcədə aşağıdır. “Facebook”,
“Myspace”, “Twitter” kimi şəbəkələrdə,
ümumiyyətlə, internetdə aktiv olan gənclər, demək olar
ki, blogsuz
çıxış edirlər, əcnəbilərə həqiqətlərimizlə
bağlı müfəssəl, əsaslandırılmış
məlumatlar təqdim etməkdə çətinlik çəkirlər.
Belə olduğu halda,
Azərbaycan gənclərinin milli mənafelər
naminə yeni media
vasitələrindən yararlanmaq təcrübəsi
artırılmalıdır. Həmçinin
sırf Azərbaycan mədəniyyəti, həqiqətləri,
Qarabağla bağlı yaranan
saytlarda da ciddi effekt verməyən ənənəviçilik
var. Əksər hallarda
bu saytlarda canlı, eksklüziv müsahibələr, xaricilərin,
beynəlxalq təşkilatların təmsilçilərinin,
diplomatların, diasporumuzun və sairin xeyrimizə fikir
və arqumentləri verilmir. Belə saytlar əsasən hazır, köhnə
materialların yerləşdirilməsi ilə kifayətlənir.
Həmçinin bu saytlarda
Azərbaycan mədəniyyəti tam və
dolğun təqdim edilmir.
Azərbaycan mədəniyyətini daha effektli formada
beynəlxalq aləmdə tətbiq etmək üçün
yeni üslub və
keyfiyyətdə saytların yaradılması da
vacibdir. İncə bir
məqam bir çox hallarda Azərbaycan həqiqətlərinin beynəlxalq
aləmdə təbliğ edilməsində taktiki
yanaşmanın nümayiş etdirilməməsidir.
Çox vaxt təbliğat
işinə həvəsi olan gənclər
yeknəsəq məlumatlarla xarici
dostları, tanışları usandırırlar. Gənclər
Azərbaycan mədəniyyəti barədə ən
maraqlı məqamları verəndən və əcnəbilərdə
maraq oyadandan sonra sırf Qarabağ
probleminə aid məlumatları
ötürsələr, daha məqsədəuyğundur.
Bu məqsədlə
bütün mədəniyyət, mətbəx,
dəyərlər və sair elementlərdən
yararlanıb Azərbaycanı tanıdandan sonra
sırf Qarabağ məsələsinə
keçəndə daha çox
effekt əldə olunar
ki, bu da
təlimlər vasitəsilə gənclərə
aşılanmalı olan məsələlərdəndir.
İlkin AĞAYEV.
Palitra.- 2013.- 25 may.- S. 11.