“Mənim xasiyyətimlə rollarım uyğun gəlmir”

 

Əməkdar artist Cəfər Namiq Kamal: “Komik insan yoxdur, insanın düşdüyü vəziyyət komik olur. Komediya nə qədər ciddi oynanılsa, o qədər gülməli olur

Müsahibimiz Prezident mükafatına layiq görülən incəsənət xadimlərindən biri, Əməkdar artist Cəfər Namiq Kamaldır. Cəfər müəllimlə müsahibəni oxuculara təqdim edirik:

Əhmədov Cəfər Namiq Kamal oğlu 16 avqust 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında çalışan Cəfər Əhmədov aşağıdakı rolları ifa edib: Rəcəb ("Şirinbala bal yığır" S.Qədirzadə), Elçi ("Bir parça Vətən" F.Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ.Coşqun), Aparıcı ("Şəhidlər" B.Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C.Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R.Əfəndiyev) və s. C.Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları yaradıb: Eynşteyn ("Ah,Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N.Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M.F.Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə.Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən adam ("Hərənin öz payı" X.Qoco), Şeyx Əhməd ("Ölülər" C.Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ.Əfəndiyev). Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb. Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Prezident mükafatçısıdır.

-Cəfər müəllim, bu il Prezident mükafatına layiq görülən görkəmli incəsənət xadimlərindən biri də sizsiniz. Azərbaycanın sevilən aktyorlarındansınız. Bu mükafatı sənət həyatınızda necə qiymətləndirirsiniz?

- Bu, bizim peşəmizdir. Mən artıq 42 ildir ki, professional səhnədəyəm. Məndən tələb edirlərsə, onu da edirəm. Qiymətləndirdikləri üçün təşəkkür edirəm. Bu işimizi ancaq tamaşaçı gözü dəyərləndirir. Onların sevgiləri bizə qarşı diqqətləri, əlbəttə ki, biz sənət xadimlərini fərəhləndirir.

- Aktyorluq sənətində Cəfər Namiq Kamalın görmək istədiyi işlərin hamısı həyata keçib?

- Bizdə dövlət teatrıdır. Hansı tamaşanın götürülməsi, rejissorun məni bu əsərdə görüb-görməməyi məndən asılı deyil. Amma hərdən olur ki, əsəri, rejissorun işini bəyənmədiyim üçün roldan imtina edirəm. Çünki bunu məcbur etmək olmaz. Bu, yaradıcılıqdır bir işi gördükdə həvəslə görmək lazımdır.

- Teatr tamaşalarında oynadığınız rolların xüsusiyyətini özünüzdə hiss edirsinizmi?

- Xeyr. Ümumiyyətlə, aktyorlarainsan mühəndisideyirlər. Əgər mühəndis nəsə yaradırsa, aktyor da insan yaradır. Onda olmayan xasiyyət, dünyagörüşü o obrazda varsa, professional aktyor bu obrazı yarada bilir. Yəni, aktyorlar insan yaradıcısıdır. Əgər bu insanı yarada bilirsə, 30 il keçsə , tamaşaçının yadından çıxmayacaq.

-Cəfər Namiq Kamal üçün aktyorluq səhnə hansı məna ifadə edir?

- Aktyorluq dünyaya insan gətirmək deməkdir. Mən işimdən zövq alıram. Çünki bir insanı yaratmaq üçün təkcə məşq prosesində deyil, evdə, küçədə müxtəlif cəmiyyət auditoriyasında axtarışlar aparmaq gərəkdir. Bir insanın daxilini, zahirini, geyimini yaratmaq əvvəlcə əziyyətli olur. Amma yaratdıqdan sonra tamaşada sanki həmin insanın özü olursan. Düşünürsən ki, sən elə bu obrazı həyatında yaşamısan. Obraz maraqlı alınsa, tamaşaçı razı qalsa, aktyor da öz işindən həzz alacaq. Bu peşənin həyat yolu belə cızılır...

- Cəmiyyətin aktyorluq sənətinə marağı göz qabağındadır. Aktyorluq sənəti isə əlçatmaz sənətdir. Bu sənətə yiyələnmək, bu istedada sahib olmaq hər kəsə nəsib olmur. Bəs təhsilsiz gənclərin aktyor olmaları indiki dövr üçün hansı zərurətlər yaradır?

- Mən Nəsibə Zeynalova ilə universiteti bir ildə bitirmişəm. Amma Nəsibə xanım dərsə gəlmirdi. Onun təhsili olmasa da, istedadı var idi. O istedadı ona Allah vermişdi. Biz universiteti 1972-ci ildə bitirmişik. Universitet sadəcə yönəldir, təhsil verir. İstedad isə Allah tərəfindən bəxş olunur.

- Sənət fəaliyyətində dram teatrında çalışırsınız Ancaq seriallarda komik obrazlar yaradırsınız. Müxtəlif səpkili obrazlar sizə aktyorluq həyatınızda çətinliklər yaratmır ki?

- Mən dram teatrında 35-40-a yaxın obrazlar yaratmışam. Rollarımın əksəriyyəti komediya obrazlarıdır. Çünki mən komediya aktyoruyam. Amma ciddi rollar da oynamışam. Aktyor hər bir rolu oynamağı bacarmalıdır. İstər dram, istər faciə, istərsə komediya olsun, bu peşəni insan yarada bilirsə, o, bütün obrazları yaradacaq. Məncə, aktyorun ampluası olmamalıdır. Komik insan yoxdur. İnsanın düşdüyü vəziyyət komik olur. Heç kim özünü gülünc vəziyyətə qoymur. Bu onun ədasında var. Komediya qədər ciddi oynanılsa, o qədər gülməli olur.

- Öz xasiyyətiniz rollarınızdakı obrazla uyğun olubmu?

- Mənim xasiyyətimlə rollarım uyğun gəlmir. Mən tamam başqa insanam. Mən bir az ciddiyəm. Amma oynadığım rollar başqa insanlardır.

- Aktyorluq sənətini seçəndə hansı fikirləriniz var idi?

- Biz heç bilmədik ki, bu, necə oldu. Qardaşım İlham Namiq Kamalla uşaq yaşlarından evdə kiçik teatrlar göstərirdik. Daha sonraPionerlər evi”nə getdik. Bizi bu sənətə Tanrı yönəldib. Buna “alın yazısıdeyirlər. Çünki nəslimizdə heç kim aktyor olmayıb bu yolu ilk biz getdik.

- Bu gün İlham müəllimlə bir filmə ya da seriala çəkilsəniz, daha çox dram, yoxsa komik obraza üstünlük verərdiniz?

- Mənim üçün fərqi yoxdur. Əgər rol məni cəlb etsə, oynayaram. Biz bir çox tamaşalarda tərəf-müqabili olmuşuq. “Lənkəran xanın vəziritamaşasında mən vəzir, İlham isə xan obrazını yaradıb. “Mənim ərim dəlidirtamaşasında iki yaxın dostu canlandırmışıq. Bundan sonra da rollar olsa, əlbəttə ki, sevə-sevə oynayaram.

- Sovet dönəmində yazılan ssenarilər daha çox üstünlük təşkil edir, yoxsa bu günün tələblərinə uyğun olan ssenarilər?

- O vaxt ssenari yazan çox idi. İndi ssenari yazanların sayı azdır. Ssenarilər isə əvvəlki kimi deyil. Bəlkə işi peşəkar insana vermirlər. Bu da pisdir. AmmaÜç bacıserialının ssenari müəllifinin işini bəyənirəm. Bunun nəticəsidir ki, hər kəs bu serialı sevir.

- Azərbaycan incəsənətindəki fəaliyyətinizdə gələcək arzularınız planlarınız...

-İlk öncə can sağlığı. Sonra isə arzulayıram ki, hər kəs öz yerini bilsin. Hamı ağla qaranı seçsin. Uğurlar!

 

Xəyalə GÜNƏŞ

 

Palitra.- 2013.- 28 may.-S. 13.