“Milli-mənəvi dəyərlər qanla, südlə, ailə tərbiyəsi ilə keçir”

 

Əkbər Qoşalı: “Milli-mənəvi dəyərlərin təbliği üçün bədii ədəbiyyatdan daha təsirli, daha populyar bir meydan yoxdur”

Layihə çərçivəsində suallarımızı Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, Milli QHT Forumu İdarə Heyətinin üzvü yazıçı-publisist Əkbər Qoşalı cavablandırır:

-Əkbər müəllim, rəhbəri olduğunuz birliyin bu il 15 yaşı tamam olur. Əvvəlcə bu əlamətdar yubileyiniz münasibətilə sizi təbrik edirəm. İstərdim, birliyin keçmiş və bugünkü fəaliyyət istiqamətləri barədə danışasınız.

- Təşəkkür edirəm. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yaşı, el dili ilə desək, bir igidin yaşıdır. Şah İsmayıl Xətai 14 yaşında taxta çıxmış, böyük bir dövlət qurmuşdu...

Sözümə bir bənd şeirlə davam edim. Deyir:

 

On dördümdə şah olmadım,

Bəlkə də vaxtsız doğuldum...

Nə çiçək ömrü yaşadım,

Nə də qara daş deyiləm...

 

Belə deyək, birliyimizin yaranması faktı özlüyündə ülvi duyğuların, türk dünyasının birliyi dilək və təmənnasının, dil birliyinin, əlifba birliyinin xəyallardan, arzu-istəklərdən əməli müstəvi üzərinə keçməsi yönündə atılan addımlardan biridir. Bir ictimai birlik, bizim mandatda bir təsisat neynəyər, neynəyə bilər?-İctimai fikri qidalandırar-“fikir fabriki” olar, maarifləndirmə işi aparar, gənc yazarları yeni yaradıcılıq üfüqlərinə qanadlandırar, “ortaq keçmişdən ortaq gələcəyə” gedən yolun ədəbi xə­ritəsini cızar... Bax DGTYB də bu yolda olub, bu yoldadır, hələ uzun müddət bu yolda olacaq. Əgər desəniz ki, heç dəyişiklik yoxdurmu?-Var, əlbəttə. Ona görə də 15 il öncəki vəzifələrlə, bu günün vəzifələri, könüllü öhdəlikləri arasında təbii fərqlər var. Əlbəttə, TürkPA-nın yaranması, onun katibliyinin fəaliyyətə başlaması, türk dövlət başçılarının Naxçıvanda keçirilmiş tarixi görüşündə qəbul edilmiş qərarlar, əldə edilmiş nəticələr, Gənəşin-Türk Dövlət Başçıları Şurası Daimi Katibliyinin yaranması, dörd türk dövlətinin birgə qərarı ilə türk dünyası sevdalılarının dili ilə desək, ortaq türk bayrağının qəbul edilməsi, nəhayət, Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamında ortaq türkcə, ortaq əlifba ilə bağlı önəmli müddəaların əks olunması, digər bənzəri hadisələr bizim qarşımızda da yeni vəzifələr qoyur.

Bir də sizə bir məqamı deyim. Bayaq xəyallardan başlanan yoldan danışdıq. Ümumən, xəyal qura bilməyən, xəyal gücü olmayan insan, xüsusilə yazar, türk dünyası sevdalısı uzaq gedə bilməz, başarılı ola bilməz. Xəyal qurmaq deyərkən də, təbii ki, elə xəyallar aləmində qalıb da, sərməst olmaqdan söhbət getmir. Gərək xəyallarının çağırdığı yola çıxa bilə, o yolu modelləşdirə biləsən, yoldaşını düzgün təyin etməlisən. Burada eşqlə ağıl qoşa qanada dönməsə, daha doğrusu, ayrı qanadlar kimi qalmayıb da, vücuda, qana, iliyə işləməyəcəksə, danışmağına dəyməz.

Ruhu şad olsun, şah babamız, şair babamız Xətai də eşq və ağlı harmoniyaya gətirməyi bacarmışdı.

Bax türk dünyası yeni nəsil yazarının da əsl vəzifəsi o harmoniyanı aşılamaq, sözün gücü ilə ulusun qüdrət damarını oyatmaq, dili inkişaf etdirmək, zənginləşdirmək, dünya içrə dünyamızı qüvvətləndirməklə bəşərin mədəniyyət xəzinəsinə öz töhfəsini verməkdir. Dünən Çingiz Aytmatov bunu bacarırdı, sabah da Azərbaycandan, Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Tatarıstandan, Yakutiyadan çıxan bir türk insanı bunu bacaracaq!

Mən bu sözlərlə, təbii ki, dünyanı bölüb də türk dünyası və ondan qıraqda qalan dünya demirəm. Belə bir təsnif heç bir perspektiv vəd etməzdi. Bizim babalarımız dünyanı bütöv görüblər, Şərqdən Qərbə İpək Yolu çəkiblər, onun təhlükəsizliyini təmin ediblər, xalqları, mədəniyyətləri, sivilizasiyaları bir-biri ilə tanış ediblər, qalalar qurublar, kəşflər ediblər, söz mülkünü laləzara çeviriblər...

Bizlər də, xüsusilə əli qələmlilər də türk dünyası deyərkən, bu dünyanın sevgi dünyası olduğunu, barış dünyası olduğunu, eyni zamanda haqsızlığa yenilməyəcəyini bilməli, aşılamalı, göstərməliyik, dünyanın bütövlüyünü, Tanrının birliyini, sözün gücünü çatdırmalyıq...

Uzun sözün qısası, Aşıq Veysəl deyib:

Uzun, incə bir yoldayıq,

Yürüyürük gündüz, gecə...

- Bu gün milli-mənəvi dəyərlərin qorunması və yaşadılması üçün müxtəlif sahələrin inkişafı vacibdirmi?

- Əlbəttə, önəmlidir. Bu önəmin dərəcəsini də zamanla qarşımıza çıxan vəzifələr, situasiyalar bəlli edir. Deyək ki, sovet dönəmində bir cür, bu gün bir başqa cür yorumlana bilər o önəmlilik də, onun dərəcəsi də. O zaman qapalı bir ölkə, qapalı cəmiyyət mövcud idisə, indi inkişaf etmiş dünya ilə sürətli təmas halındayıq. Müasir Bakı bölgənin, Avrasiyanın, ümumiyyətlə, dünyanın ən öndə gələn görüş yerlərindən, müzakirə meydanlarından biridir. Bakıda vaxtaşırı təşkil edilən bölgə, qitə və dünya miqyaslı tədbirləri bir çox ölkələr illərlə yalnız düşünə, diləyə bilər. Bizdə isə bu, bir gerçəklikdir.

Belə olan halda informasiya, xəbər seli içində “milli süzgəc” rolunu, yeri gəldikcə “qalxan” rolunu nə oynaya bilər? - Yüzilliklərdən günümüzə gəlmiş milli-mənəvi dəyərlər!

- Bəs bədii ədəbiyyatın milli-mənəvi dəyərlərin qorunması və təbliğində hansı rolu var?

- Milli-mənəvi dəyərlərin təbliği üçün bədii ədəbiyyatdan daha təsirli, daha populyar bir meydan daha yoxdur. Doğrudur, elmi də, elmi ədəbiyyatı da bu sırada demək olar, lakin o daha çox tədqiqatçılar, tələbələr üçün maraqlı olub, bədii ədəbiyyat qədər tirajlanmaq imkanına malik deyil.

Qorumaq üçünsə təbliğ etmək, tanıtmaq, öyrətmək lazımdır.

- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?

- Bizim layihələrimiz ya bilavasitə ya da ümumi dəyərləndirmə ilə milli-mənəvi dəyərlərin qorunması istiqamətinə xidmət edir. Bu, ilk sırada bizim birlik olaraq mandatımızdan irəli gəlir, yazıçı olmağımızdan doğur.

Bizim layihələr Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Prezident yanında Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin xətti ilə maliyyələşir. Biz daha çox o istiqamətdə layihə təqdim edirik ki, orada milli-mənəvi dəyərlər göz önündə tutulur, o sahə ilə bağlı ideya və təkliflər dəstəklənir.

- Əkbər müəllim, hazırda bu istiqamətdə hansı işlər görürsünüz?

- Hazırda QHT-lərə Dövlət Dəstəyi Şurasının, Gənclər Fondunun dəstəyi ilə iki layihəmiz icra olunmaqdadır. Birinci layihə, “Türk dünyasında Ədəbiyyat, Ədəbiyyat(ımız)da türk dünyası” adlanır, 6 aylıq layihədir. İkincisi isə “Türk Dünyası gənc yazarlarının Bakı Toplantısı” adlanır, o da 6 ay ərzində həyata keçiriləcək bir layihədir.

Eyni zamanda Gənclər və İdman Nazirliyinə layihə təqdim etmişik, onun da müsbət cavablandırılacağını düşünürük.

- Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?

- Artıq yuxarıda bölüşdüyümüz fikirlərdən də göründüyü kimi, biz dövlət orqanları ilə, uyğunprofilli QHT-lərlə sıx əməkdaşlıq edirik. Mən eyni zamanda Milli QHT Forumu İdarə Heyətinin üzvüyəm və QHT-lərin inkişaf tendensiyalarına biganə deyiləm, onların ölkə həyatında, beynəlxalq aləmdəki işləri barədə, necə deyərlər, bilgi axını içindəyəm. Bu da öz nəvbəsində DGTYB-nin dünən olduğu kimi bu gün də əməkdaşlıq üfüqlərini daha geniş götürməyə, görməyə əlavə imkan verir.

- Gənc nəslin milli-mənəvi dəyərlərə baxışını necə dəyərləndirirsiniz?

- Gənc nəsil məhz gənc nəsildir, təcrübəsi yoxdur. Gərək onunla işləyəsən, o nəslin arzu və istəklərini biləsən. Onları gərək dinləyəsən, onlara meydan verəsən, öz yanlışları ilə, uğurları ilə həyata atılsınlar, görsünlər, götürsünlər, enerjilərinin verdiyi üstünlüklə çalışsınlar, öz töhfələri ilə çıxış etsinlər.

Mən gəncliyimizin milli-mənəvi dəyələrə baxışını, bağlılığını, ümumiyyətlə, müsbət dəyərləndirərdim. Onlar, necə deyərlər, “öz zəmanələrinin gəncliyidir”, gərək bunu unutmayaq, gənc nəslin hansısa hərəkət və ya hərəkətsizliklərini məhz bu bucaqdan işıqlandıraq...

- Milli-mənəvi dəyərlərin təbliği və qorunması üçün hədəfə necə çatmaq olar?

- Milli-mənəvi dəyərlər ilk növbədə, qanla, südlə, ailə tərbiyəsi ilə keçir. Bu planda, dediyiniz vəzifə, imkan fərdi hadisədir: hər kəsdə bir cür təzahür edə, bir cür şəkillənə bilər.

İkincisi, insanın, insanlığın ən yüksək kəşflərindən, qazanclarından olan yazı, kitab, elm, qarşımızda hansı imkanlar açır, hansı yollar göstərirsə, ona güvənməli, gəncliyimizi də ora çağırmalıyıq.

- Növbəti hansı layihələriniz gözlənilir?

- Hələlik DGTYB-nin 15 illiyinə aid çalışmalar içindəyik. Həm bu, həm də artıq başladığımız, yuxarıda da adını çəkdiyim layihələr baxımından, daha yeni layihələr bağlı planlarımız gələcəkdə olacaq. Sağlıq olsun, biz etməsək də, birliyin sədrliyinə seçiləcək yeni qüvvələr yeni-yeni ideyalarla, layihələrlə, daha yaxşı nəticələr əldə edərlər.

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.- 2013.-28 may.-S. 11.