“Əsərlərimizin xarici teatrlarda səhnələşdirilməsi
üçün təbliğat lazımdır”
Mərahim Fərzəlibəyov:
“Akademik Milli Dram Teatrında keçirilən islahatlar rejissor
potensialının üzə çıxmasında
mühüm rol oynayıb”
Layihə çərçivəsində
müsahibimiz görkəmli incəsənət xadimi, xalq
artisti Mərahim Fərzəlibəyovdur:
-Səhnəyə
orta məktəb illərindən maraq göstərmişəm.
Xalq teatrında hazırlanan tamaşalarda epizodik rollar
oynamışam. Ali təhsilimi Sankt-Peterburqda Dövlət
Teatr-Musiqi Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində
almışam. Diplom işi kimi Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının rus bölməsində dramaturq
Maykl Stüartın bəstəkar Cerri Germanın “Hello Doli”
müzikl-operettasını tamaşaya hazırladım.
İnstitutda təhsilimi başa vurandan sonra təyinatla Qroznı
şəhərindəki Mixail Lermontov adına Dövlət
Rus Dram Teatrında iki il quruluşçu rejissor işlədim.
Sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor,
1981-ci ildə Akademik Milli Dram Teatrında rejissor, 2006-cı ildən
isə teatrda baş rejissor kimi çalışmışam.
2010-cu ildə öz xahişimlə teatrın baş rejissoru vəzifəsindən
azad edilmişəm. Akademik Dram Teatrına tez-tez gəlib-gedirəm. Burada otağım var. Yeni
tamaşa üzərində iş gedir. Tamaşaçıların
da bildiyi kimi, iki ay bundan öncə Həsən Həsənovun
“Qürbətdən gələn məktublar” əsərini səhnəyə
qoydum. Bu əsər Mirzə Fətəli
və onun oğlu Rəşid bəy haqdadır. Mirzə
Fətəli haqda nə qədər çox məlumatımız
olsa da, oğlu Rəşid bəy, qızı Nisə
xanım barədə az şey bilirik. Onu da qeyd edim ki, Rəşid bəyin ictimaiyyətə
tanıdılmasında Həsən Həsənovun çox
böyük rolu və zəhməti olub. O, Tiflis arxivlərində
işləyib, Rəşid bəyin atası ilə məktublaşmalarını
üzə çıxarıb. 1970-ci illərdə
Həsən müəllim həmin məktublaşmalarla
bağlı esse yazmışdı. Həmin
essenin əsasında mən televiziyada “Keçən əsrdən
məktublar” adlı tamaşa hazırlamışdım.
İllərdən sonra Həsən müəllim
həmin esseni dram şəklində işləyib teatra təqdim
etdi və əsər “Brüsseldən məktublar” adı ilə
tamaşaya qoyuldu. Teatr ikinci dəfə əsərə
quruluş verəndə məni dəvət etdilər, mən
də böyük həvəslə razılaşdım.
-Sizin verdiyiniz yeni quruluş ilk
tamaşadan nə ilə fərqləndi?
- Biz bu dəfə
Rəşid bəyin şəxsi həyatı, onun sevdiyi Firəngiz
və Fransuaza arasında olan məhəbbətini ön plana
çəkdik. Ona görə əsərdə
müəyyən ixtisarlar apardıq. Rəşid bəy
Azərbaycanın xaricdə təhsil alan
ilk mühəndisi olub. Mirzə Fətəli
Axundovun əsərlərinin xarici dilə tərcümə
olunmasında çox böyük xidmət göstərib.
Bir sözlə, atasının əsərlərinin
Avropada yayılması baxımından çox işlər
görüb. Lakin Avropa həmin illərdə
milli əsərlərə o qədər də isti münasibət
göstərmirdi. Bütün cəhdlərə
baxmayaraq, əsərlərin Brüsseldə tamaşaya
qoyulması Rəşid bəyin ürəyində arzu olaraq
qaldı. Yalnız uzun illərdən sonra
Axundovun əsərləri Rusiyada, Yaxın Şərqdə səhnəyə
çıxdı.
- Bizim əsərlərin xaricdə
tamaşaya qoyulmasını bir rejissor kimi necə xarakterizə
edirsiniz?
- Bizim əsərlərin
xarici teatrlarda səhnəyə qoyulması prosesi ləng
gedir. Amma sevindirici haldır ki, Elçinin əsərləri
Polşada, Çexiyada, Fransada, İngiltərədə,
Rusiyada tamaşaya qoyulur. Bu, onu sübut
edir ki, bizdə sırf dramaturgiya ilə məşğul olan
yazıçı Elçindir. Biz bir rejissor kimi ona
çox minnətdarıq ki, müasir həyatımızdan
gözəl əsərlər yazır və hər il teatra yeni əsərini təqdim edir. Əlbəttə, biz çox istərdik ki, başqa
yazıçıların da əsərləri xarici teatrlarda
səhnələşdirilsin, amma bunun üçün
böyük təbliğat lazımdır. İlk öncə əsərlər tərcümə
olunmalı və həmin ölkələrdə
tanınmalıdır. Elçin müəllimin
əsərləri adlarını çəkdiyim ölkələrdə
populyar idi.
- Müasir dramaturqların
azlığının səbəbini necə izah edərdiniz?
- Dram əsəri
yazmaq çox çətin məsələdir. Bunun üçün ilk növbədə teatrı
yaxşı bilmək lazımdır. Müasir
dramaturqlarımız var, o siyahıda Əli Əmirli,
Elçin Hüseynbəyli, Həsən Həsənov, Firuz
Mustafanın adlarını çəkə bilərəm.
Bu, sevindirici haldır, amma mənə elə gəlir,
müasir mövzuda yenə də əsərlər
yazılmalıdr. Çox istərdim ki,
tanınmış yazıçılar da müasir mövzuda əsərlər
yazsın.
Yaxşı əsər yazan hər bir
yazıçı-dramaturqun əsərini tamaşaya
hazırlamaq istərdim. Mən ad çəkmək istəmirəm.
Mənim üçün hər yaxşı əsər
teatrda tamaşaya qoyulmağa layiqdir.
-Yeni islahatlardan sonra siz daha bu teatrda
baş rejissor olmamanızla bağlı nə deyərdiniz?
- Akademik
Milli Dram Teatrında keçirilən islahatlardan sonra rejissorlar
ancaq dəvət əsasında tamaşa hazırlaya bilərlər.
Mən vaxtilə teatrda baş rejissor işləyən
rejissoram, indi dəvət əsasında burda tamaşa
hazırlayıram. Düşünürəm
ki, bu, çox gözəl islahatdır. Bununla
teatra yeni gənc rejissorları dəvət etmək
şansı artdı. Əgər əvvəlki
kimi yeddi rejissor teatrda ştatda olsaydı, nadir hallarda başqa
rejissorlar burada tamaşa hazırlaya bilərdilər. Artıq həmin rejissorlar yeddi müstəqil rejissor
olublar və Milli Teatrla yanaşı digər teatrlarda da
tamaşalar hazırlayırlar. Burdan ayrılıb,
işsiz qalan rejissor yoxdur. Bu islahat Azərbaycanda
rejissor potensialının üzə çıxmasında
mühüm işlər görüb. Hazırda
teatrın direktoru İsrafil İsrafilovun apardığı
demokratik siyasət gələcəkdə rejissorların
yetişməsinə kömək edə bilər. Burda rejissorlar istədikləri əsərləri
hazırlaya, istədikləri aktyorları dəvət edə
bilirlər. Demokratik ab-hava var. O ki qaldı
teatrın baş rejissoru olmasına, mənə elə gəlir,
bu da teatrın içində yetişəcək. İstedadlı rejissorlar üçün həmişə
tamaşa, istedadlı aktyorlar üçün həmişə
rol olub. Əgər bir rejissor Milli Teatrda
yaxşı əsərlər hazırlayırsa, teatr onu yenə
dəvət edəcək.
-Hansı teatrlardan dəvət
alırsınız?
- Akademik
Dram Teatrından tez-tez dəvətlər aldığıma
görə başqa teatrlara getmirəm. Lakin bu
yaxınlarda Sumqayıt Teatrında İlyas Əfəndiyevin
“Sən həmişə mənimləsən” əsərini
tamaşaya qoydum. Vaxtımın
olmadığına görə rayon teatrlarına gedə
bilmirəm. Amma deyim ki, rayon teatrlarında çox
gözəl kollektivlər var. Nə yaxşı ki, onlar ildə
bir neçə dəfə Bakıda öz tamaşalarını
nümayiş etdirirlər və biz onlarla tanış
oluruq. Bir də Musiqi Komediya Teatrımız
Musiqili Teatr oldu, orada da bir əsər hazırlamaq fikrim var.
1975-cı ildə ilk diplom işimdə “Hello Doli”
müzikl-operettasını hazırlamışam. 35 il
bundan əvvəlki tamaşamdan sonra mən bir də bu janra
müraciət etməmişəm. O nostalji hisslər hələ
də içimdə yaşayır. Teatrın
adı dəyişiləndən sonra belə qərara gəldim
ki, həmin teatr üçün Eldar Mansurovla birgə “Neft və
milyonlar səltənətində” əsərini hazırlayaq.
Layihəni müdiriyyətə təqdim etdik və
razılıq alındı. Dram janrında
Nəcəf bəy Vəzirovdan, Haqverdiyevdən əsərlər
hazırlamaq istəyirəm. Bir də ən
böyük arzum səhnədə Bakıxanovu görməkdir
və istəyirəm ki, onun barəsində pyesi də
Elçin yazsın.
-Teatrlarımız təmir olunur,
onlara qayğı artır, bəs tamaşaçı
marağını necə dəyərləndirirsiniz?
-
Düşünürəm ki, hər tamaşanın
yaxşı cəhəti olur, hər bir tamaşadan öyrənmək
mümkündür. Teatrda pis əsər yoxdur,
məsələ həmin əsəri necə anlaya bilməkdədir.
Mən üzümü ailələrə tuturam və deyirəm:
teatra getməyə vərdiş etmək lazımdır.
Mənim vaxtımın azlığından nəvələrimi
nadir hallarda nəinki teatra, heç gəzməyə belə
apara bilmirəm. Boş vaxtımda mütaliə edirəm.
Nəvələrimi teatra valideynləri, bibiləri
aparır. Onlar Kukla Teatrına, xüsusilə Gənc
Tamaşaçılar və Rus Dram Teatrına gedirlər. Bilirsiniz, hər bir ailə ayda bir dəfə istədikləri
teatra istədikləri tamaşaya baxmağa getsələr,
tamaşaçı qıtlığı olmaz.
- Akademik Dram Teatrında yeni
islahatdan sonra bəzi aktyorların uzaqlaşdığı
bildirilir, buna münasibətiniz necədir?
- Yeni rəhbərlik gələndən sonra teatrdan bir aktyor da getməyib. Yeni islahatlarla əlaqədar olaraq yeddi rejissor ixtisara salınıb və əksinə teatrlara onlarca aktyor, rejissor dəvət olunub. Amma daha dəqiq eşitdiyimə görə, yalnız bir aktyor-İlyas Əhmədov gedib. O da daha yaxşı məvacibli iş tapıb.
-Bəzən
rejissorlar ancaq tanıdığı, bildiyi, bələd
olduğu aktyorlarla işləməyi xoşlayır. Amma bu zaman teatrda digər aktyorlara rol
verilməsi prosesi çətinləşir. Bu prosesi necə qiymətləndirirsiniz?
- Mən
düşünürəm ki, hər bir rejissorun həmfikir
aktyorları olur. O da illərlə yetişir və rejissor
teatrın içində özünün kiçik bir
teatrını yaradır. Bu hər bir dövrdə
olub. Bizim hamımızın sevdiyi rejissor
Tofiq Kazımov uzun illər bu teatra rəhbərlik edib. Onun da xüsusi aktyor qrupu var idi ki, daha çox onlara
fikir verirdi. Tofiq Kazımovun həmfikiri ola
bilməyən aktyorlar teatrın başqa rejissorlarının əsərlərində
oynayırdılar. Əgər Tofiq Kazımov digər
rejissorların tamaşalarında ona maraqlı gələn
aktyorla qarşılaşırdısa, mütləq onu digər
tamaşasında istifadə edirdi. Teatr
zavod, fabrik deyil ki, bütün aktyorlara plan əsasında rol
verilsin. Bəli, bu baxımdan mən
demişəm ki, rejissorun həmfikir aktyorları
olmalıdır. Bu prinsip kinoda daha çox
istifadə olunur. Bilirsiniz ki, Rasim Ocaqov Fəxrəddin
Manafovu bir-iki filmi çıxmaq şərtilə
bütün filmlərində oynadırdı. Bəstəkarı da həmişə Emin
Sabitoğlu olurdu.
Nigar Abdullayeva
Palitra.- 2013.- 30 may.- S.11.