“Gənclərin hərtərəfli
inkişafı dövlət siyasətinin əsas prioritetidir”
Həsən Babayev: “Gənclər
Azərbaycanın inkişafına, xalqımızın
rifahının yüksəlməsinə, ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun artmasına xidmət edən siyasəti
dəstəkləyirlər”
Müsahibimiz Azərbaycan Gənc Diplomatlar Birliyinin idarə
heyətinin üzvü Həsən Babayevdir
-İlk öncə idarə heyətinin
üzvü olduğunuz təşkilat haqda məlumat verərdiniz.
- Azərbaycan
Gənc Diplomatlar Birliyi (AGDB) 2001-ci il may ayının 12-də
təsis edilmiş, 2005-ci ilin 30 may tarixində rəsmi olaraq
dövlət qeydiyyatına alınıb. AGDB qeyri-siyasi,
qeyri-kommersiya, könüllü, müstəqil gənclər
qurumudur. Təşkilatımız öz ətrafında Azərbaycanın
ali təhsil məktəblərinin beynəlxalq münasibətlər,
beynəlxalq hüquq və diplomatiya sahəsi ilə
bağlı digər fakültələrində təhsil alan
yüzlərlə tələbə, magistr, məzun və
diplomatiya ilə maraqlanan intellektual gəncləri öz ətrafında
birləşdirir. Birlik hazırda beynəlxalq münasibətər
və diplomatiya sahəsinə ciddi maraq göstərən,
öz vətəndaş mövqeyini və cəmiyyətin
maraqlarını müasir baxışlara uyğun əks etdirən
intellektual gəncləri ətrafında birləşdirərək,
onların müasir dəyərlərə, beynəlxalq
münasibətlərin xüsusiyyətlərinə,
diplomatiyanın incəliklərinə yiyələnməsində
köməkçi funksiyasını öz üzərinə
götürüb. AGDB müntəzəm olaraq beynəlxalq
münasibətlər, beynəlxalq təhlükəsizlik və
diplomatiya sahəsini əhatə edən mühüm və
aktual mövzularla bağlı elmi-təcrübi tədbirlər,
seminarlar, disputlar və debatlar keçirir. Həmçinin
Qafqaz dövlətləri arasında mövcud problemləri
diplomatiyanın müasir prioritetləri və beynəlxalq
hüquq normaları əsasında, sülh və
qarşılıqlı anlaşma ilə həll
olunmasının vacibliyini dərk edərək gənclər
arasında bu kimi mütərəqqi fikirlərin təbliğ
olunmasını zəruri hesab edir. AGDB-nin idarə heyətinin
sədri Rafət Əliyevdir. Qeyd edim ki, 2009-cu ilə qədər
akademik Hafiz Paşayev və tarix elmləri doktoru, professor Əli
Həsənov təşkilatın baş məsləhətçisi
olub. Hazırda Azərbaycan Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar
İnstitutunun rəhbəri politoloq Elman Nəsirli AGDB-nin
baş məsləhətçisidir. Təşkilatın
baş katibi Eltun İbrahimov isə Bakı Slavyan Universiteinin
tələbəsidir. Azərbaycan Gənc Diplomatlar Birliyinin 7
nəfərdən ibarət idarə heyəti savadlı və
intellektual potensiala malik, bir neçə xarici dil bilən gənclərdən
ibarətdir. Təşkilat 2003-cü ilin may-sentyabr
aylarında “Tələbələrin sülh və əməkdaşlıq
forumu” layihyəsini müvəffəqiyyətlə həyata
keçirib. Layihə “UNOCAL” şirkətinin, ABŞ və
Norveç səfirliklərinin, Xəzər Universitetinin dəstəyi
ilə reallaşıb. Birliyin aktiv üzvləri Türkiyə,
ABŞ, Norveç, Rusiya, Gürcüstan, Almaniya, Polşa,
Misir, Qətər, İsveç, Litva, Latviya, Rumıniya və
digər ölkələrdə keçirilən elmi-təcrübi
tədbirlərdə, treninq və seminarlarda iştirak edib.
Hazırda birliyin sədr müavini və idarə heyətinin
3 nəfərdən ibarət üzvü ABŞ və
Belçikanın aparıcı universitetlərində magistr təhsili
almaqdadır.
- Hazırda dövlətin
apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi, gənclərə yüksək diqqət və qayğı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildə “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizminin müəyyən edilməsi dövlətin gənclərə göstərdiyi diqqət və qayğının mühüm tərkib hissəsidir. 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması haqqında sərəncam bir daha onu deməyə əsas verir ki, gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritetidir.
-Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz
potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Azərbaycan gəncliyi ilk növbədə özləri öz potensial imkanlarını ortaya qoymağı bacarmalıdırlar. Belə olan halda yüksək nailiyyətlər əldə etmək mümkündür. Təhsil sahəsində gənclər üçün gözəl şərait yaradılıb. Gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması üçün dövlət proqramı təsis edilib. Gənclərin də üzərinə düşən əsas məsuliyyət bu imkanlardan maksimum yararlanıb qazandıqları dünya təcrübəsini dövlətimizin inkişafı üçün tətbiq etməkləridir.
- Gənc diplomatlardan yetərincə
istifadə olunurmu?
- Bu gün dövlətimizi təmsil edən savadlı, diplomatik bacarığa malik, dövlətçiliyə sadiq,
yüksək intellektual
potensialı olan gənclərimiz var. Diplomatiya
sahəsində Hafiz Paşayevin
rəhbərliyi altında
Azərbaycan Diplomatik Akademiyasında bu sahədə peşəkar
kadrlar hazırlanır.
Fürsətdən istifadə edib
Hafiz müəllimə gənclər
adından minnətdarlığımı
bilidirirəm ki, dünyanın qabaqcıl universitetlərinin tədris
proqramını tətbiq
etməklə gənclərin
diplomatiya sahəsində
təhsil alması, diplomatik biliklərə yiyələnməsi istiqamətində
çox böyük işlər görür.
Bu sahədə də gənclər dövlət qayğısı
ilə əhatə olunub.
- Bildiyiniz kimi, 250-ə yaxın gənclər təşkilatı
oktyabr ayında keçiriləcək prezident
seçkilərində cənab
İlham Əliyevin namizədliyini dəstəklədiyini
bəyan edib. Azərbaycan gəncliyinin Prezidentə bu cür inamla
etimad və dəstək göstərməsinin
səbəbi nədir?
- Qəzetiniz vasitəsilə
təşkilatımız adından
bəyan edirəm ki, biz də Azərbaycan Gənc Diplomatlar Birliyi olaraq oktyabr ayında keçiriləcək
prezident seçkilərində
Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik və
seçkilərdə ölkə
başçısına uğurlar
azru edirik. Nəzərinizə çatdırım ki, iyun ayında
təşkilatımız Azərbaycanın
xarici siyasətində
əldə etdiyi uğurlar və Prezidentin uğurlu siyasəti ilə bağlı tədbir keçirməyi planlaşdırır.
Bu tədbirdə biz Gənc Diplomatlar Birliyi olaraq öz mövqeyimizi bəyan edəcəyik.
Biz gənclər ordusu olaraq hər
zaman cənab Prezidentin yanındayıq və Azərbaycan dövlətçiliyinin, milli-mənəvi
dəyərlərin, azərbaycançılıq
ideyalarının təbliği
istiqamətində bacarıq
və imkanlarımızı
əsirgəməyəcəyik. Ümummilli lider Heydər Əliyev hər zaman gəncliyin inkişafına, onların
istər təhsil, istərsə də sosial problemlərinin həllinə dəstək
olub, gənclərin dünya təcrübəsindən
yararlanması istiqamətində
ciddi işlər görüb. Bu gün bu siyasəti
cənab Prezident uğurla davam etdirir. Qeyd etdiyim səbəblərdən
dolayı gəncliyin seçimi İlham Əliyevdir.
Gənclər təşkilatlarında təmsil
olunmayan gənclərimiz
də var ki, onlar da
dövlət başçımızın
namizədliyini dəstəkləyir. Yaxın günlərdə
Dünya Azərbaycanlı
Gənclər Birliyinin
İstanbul şəhərində
Mərkəzi Şura
İclası keçirildi.
40 ölkədən 70-ə
yaxın gənclər
təşkilatları rəhbərlərinin
qatıldığı tədbirdə
bəyanat qəbul edildi. Bəyanatda bildirildi: “Bu gün dünyanın hansı hissəsində yaşamasından,
sosial statusundan və imkanlarından asılı olmayaraq, hər bir azərbaycanlı
gənc Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
yürüdülən daxili
və xarici siyasəti dəstəkləyir.
Biz bu siyasətin
Azərbaycanın inkişafına,
tərəqqisinə xidmət
etdiyinə səmimi şəkildə inanır
və əmin olduğumuzu bildiririk ki, aparılmış uğurlu və məqsədyönlü siyasət
xalqımızın rifahının
yüksəldilməsinə, ölkəmizin hərtərəfli
inkişafı və beynəlxalq aləmdə nüfuzunun artmasına töhfəsini verəcək”.
Bu bir daha
onu deməyə əsas verir ki, gənclər hər zaman cənab Prezidentin yanındadırlar və hər zaman aparılan uğurlu siyasəti dəstəkləyirlər.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması
istiqamətində hansı
tədbirlər görülməlidir?
- Bu məsələdə gənclər
birliklərinin, QHT-lərin
üzərinə mühüm
vəzifə düşür.
Gənclərin ictimai fəallığının
artırılması istiqamətində
gənclər təşkilatları
daha da aktiv
fəaliyyət göstərməli,
öz sıralarını
daha da genişləndirməlidirlər.
Əlbəttə ki, sıralarını
genişləndirmək deyəndə
təşkilatlara cəlb
olunan gənclərin layihələrdə iştirak
etməsini, maarifləndirilməsi
işini düzgün
qurmalı, Gənclər
və İdman Nazirliyi ilə sıx əməkdaşlıq
etməlidirlər. Gənclər və İdman Nazirliyi hər zaman gənclərin ictimai fəallığının
artırılması və
maarifləndirmə işində
gənclər təşkilatlarına
dəstək olub.
Hər bir Azərbaycan gəncinin də üzərinə düşən
mühüm vəzifə
budur ki, yaradılan şəraitdən,
imkanlardan, maksimum yararlanaraq öz vətəndaş mövqelərini
ortaya qoysunlar.
Fuad HÜSEYNZADƏ
Palitra.- 2013.- 30 may.- S.10.