Tar mənim yol yoldaşımdır...
Əməkdar
artist Elçin Həşimov: “Bu, o demək deyil ki, biz bu sənətdə
ilk sayılırıq. Əgər bu gün biz sənətdə
varıqsa, deməli, bizdən öncə olan sənətkarların
sayəsində meydana gəlmişik”
Muğam Azərbaycanı dünyada əvəzsiz mədəniyyət torpağı kimi tanıdan musiqi dünyamızdır. Bu gün millətimizin gəncləri muğamı damarlarında axan qan kimi dəyərləndirirlər. Bəli! Muğam Tanrının kökümüzə bəxş etdiyi ülvi bir nemətdir. Amma bu nemətin içində daha çox nemətlər var ki, onsuz muğam dünyasını təsəvvür etmək mümkün deyil. Bu gün gənclər muğamı gələcək nəsillərə qüsursuz çatdırır. Müsahibim bugünkü tar sənətini ustad sənətkarlardan sonra yaşadan görkəmli tarzənimiz, Əməkdar artist Elçin Həşimovdur. Bu il Prezident mükafatına layiq görülən incəsənət xadimləri sırasında onun da adı var.
Həşimov
Elçin Ləzgi oğlu 1973-cü il sentyabr ayının 5-də
Bakı şəhərində anadan olub. 1997-ci ildə
Bakı Musiqi Akademiyasını tar ixtisası üzrə
bitirmiş və hazırda Azərbaycan Milli
Konservatoriyasının dosentidir. Eyni zamanda Musiqi Kollecində
muğam müəllimi kimi dərs deyir. 1999-cu ildən Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında orkestr solisti vəzifəsində
çalışır.
Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”,
Niyazinin “Rast” və s. kimi milli tamaşalarda muğam
partiyalarını ifa edib. Azərbaycan xalq
musiqisi və muğamlarını bir neçə xarici
ölkədə tərənnüm edib. 2000-ci ildə
İstanbulda “Leyli-Məcnun” tamaşasında, 2001-ci ildə
Strasburqda Azərbaycan AŞPA-ya qəbul edilərkən,
2002-ci ildə ABŞ Vaşinqton İpək Yolu Festivalında,
Amsterdam Atlas Ansamblı layihəsində dünya musiqiçilərinin
birgə orkestrində çıxış edib.
2003-cü ildə Səmərqənddə Beynəlxalq “Şərq
Təranələrı” musiqi festivalında 2-ci yerə layiq
görülüb. Eyni zamanda Azərbaycan
Respublikasının Xalq artisti Mənsum İbrahimov, Aygün
Bayramova ilə Avstriya, Belçika, Norveç, İsveç,
İngiltərə, İspaniya, İran, Rusiya, Ukrayna, Belarus,
Misir, İsveçrə, Finlandiyada birgə
çıxış edib. 2005-ci ildə H.Əliyev Fondunun rəhbərliyi
ilə keçirilən Muğam Televiziya Müsabiqəsində
gənc xanəndələrin püxtələşməsində
çox böyük rolu olub və bu əməklərinə
görə “Humay”mükafatına layiq görülüb.
2007-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə
Azərbaycan Respublikasının Əməkdar artisti fəxri
adına layiq görülüb. H.Əliyev Fondunun
mükafatçısıdır. Fondun bir
neçə layihəsində yaxından iştirak edib. 2007-ci
ildə Xalq artisti, professor Siyavuş Kəriminin Latın
Amerikası və Azərbaycan musiqiçilərinin birgə
layihəsi olan “Trans Atlantik Non Stop” adlı kompakt diskində
ifa edib. 2009-cu ildə H.Əliyev Fondunun təşəbbüsü
ilə Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq
Muğam Festivalında xanəndə, Əməkdar
artist Təyyar Bayramovla Qran-Pri mükafatına və eləcə
də müsabiqənin ən yaxşı musiqiçiləri
adına layiq görülüblər. 2010-cu ildə “Tarım
Kamanım mənim” adlı yeni instrumental audio CD-ləri
işıq üzü görüb. Müsahibəmizi
oxuculara təqdim edirik:
-Elçin müəllim, Prezident
mükafatına layiq görülən incəsənət
xadimlərindən birisiniz. Bəs siz Azərbaycanın
tar sənətində bugünkü rolunuzu necə qiymətləndirirsiniz?
- İlk olaraq diqqətinizə görə təşəkkür
edirəm. Mənim bu sevincimə şərik olduğunuz
üçün sizə minnətdaram. Əlbəttə ki,
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin incəsənət
xadimlərinə verdiyi bu mükafat bizim üçün bir
stimuldur. Məhz 2007-ci ildə İlham Əliyevin sərəncamına
əsasən, mən altı il öncə Əməkdar artist
adına layiq görüldüm. Bu son sərəncamı ilə
bizim incəsənətimizdə, mədəniyyətimizdə
gördüyümüz kiçik əməyimizə yüksək
qiymət verərək, bizi və ailəmizi sevindirdi. Buna
görə cənab Prezidentimizə təşəkkür edirəm.
Azərbaycanın musiqi mədəniyyəti
tarixində çox az halda fəxri ada layiq görülən
gənc instrumental ifaçılardan biri idim. Çox
sevindirici haldır ki, fəxri ada layiq görüldükdən
sonra gənc ifaçıların instrumental musiqiyə
marağı artıb. Mən buna çox sevinirəm. Əlbəttə
ki, bu dövlətimizin gənclərə verdiyi önəmdən
irəli gəlir. Biz də öz növbəmizdə
qarşımıza qoyulan məqsədə çatmaq
üçün işimizə dörd əllə
sarılmışıq. Azərbaycanımızın mədəniyyətinin
tərənnüm edilməsi yolunda, onun dünyaya
çıxması üçün əlimizdən gələni
əsirgəmirik. Sizin verdiyiniz suala isə daha çox məni
dinləyən və yaradıcılığıma qiymət
verən insanlar, tamaşaçılar, dinləyicilər fikir
bildirə bilər. Mənim özüm haqqımda fikir bildirməyim
təvazökarlıqdan uzaq olar. Mən hesab edirəm ki, indi mən
yaradıcılığımla, sənətimlə məşğulam.
Opera və Balet Teatrının solistiyəm. Son dövrlərdə
isə ulu öndərin 90 illik yubileyi ilə əlaqədar
Tacikistanın Düşənbə şəhərində
Şərqin ilk operası olan “Leyli və Məcnun” tarixində
və Azərbaycan mədəniyyəti tarixində vacib işə
imza atdıq. Düşənbə şəhərində
Tacikistan Səfiyyədin Ayna adına Opera və Balet
Teatrının səhnəsində Tacikistan dövlət xoru,
simfonik orkestri, dövlət baleti, ifaçıları Nofəl,
Əməkdar artist Soduk Nurullayevlə qarşılıqlı
tamaşa həyata keçirdik. Biz bu tamaşadan çox
böyük uğurla qayıtmışıq. Burada musiqisi
dahi Üzeyir Hacıbəyovun, sözləri Məhəmməd
Füzulinin olan “Şəbi-Hicran”ın əcnəbi bir millətin
bizim dildə oxuması çox sevindirici haldır. Bilirik ki,
Tacikistan fars dilli ölkədir. Onu da qeyd edim ki, Məcnun
rolunun ifaçısı, böyük xanəndəmiz, Xalq
artisti Mənsum İbrahimov, Leyli rolunun ifaçısı isə
gözəl sənətkarımız, Xalq artisti Nəzakət
Teymurova idi. Tamaşanın musiqi rəhbəri görkəmli
dirijorumuz, Xalq artisti Yalçın Adıgözəlov,
quruluşçu rejissoru isə Opera və Balet
Teatrının baş rejissoru, Əməkdar incəsənət
xadimi Hafiz Quliyev idi. Bu Azərbaycanın Tacikistandakı
fövqəladə və səlahiyyətli səfiri Abasəli
Həsənovun xüsusi dəstəyilə və Tacikistan Mədəniyyət
Nazirliyinin birgə təşəbbüsü ilə
hazırlanmış layihə idi. Məqsəd iki xalqın mədəniyyətini
görüşdürmək idi. Mən deyərdim ki, bu
işimiz bizim mədəniyyətimiz üçün
gördüyümüz vacib töhfələrdən biridir.
Yenicə qastrol səfərdən qayıtdığım
üçün xoş təəssürat içindəyəm.
Bir nüansı da qeyd etmək istəyirəm ki, bizim səfərimizdə
rəhbərliyi Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi
edirdi. Nəzərə alsaq ki, komandamızda mən, Nəzakət
xanım və gözəl kamança ifaçımız, Əməkdar
artist Elnur Əhmədov Milli Konservatoriyanın dosentləri, Mənsum
müəllim isə professordur. Məhz buna
görə Səyavuş müəllimin
başçılığı ilə Tacikistanın Milli
Konservatoriyası ilə görüşümüz oldu. İki ölkənin Milli
konservatoriyaları arasında böyük bir memorandum
imzalandı. Daha sonra orada master-klass oldu. Çox sevindirici hal
oldu ki, iki nəfər tacik ifaçısı “Qarabağ
şikəstəsi”ni ifa etdilər və bizimlə
birgə səhnəni paylaşdılar. Bu, əlbəttə
ki, xalqımızın incəsənət sahəsində və
dünya mədəniyyətində ən böyük
uğurlarından biridir.
- Azərbaycan mədəniyyətinin,
muğam sənətimizin dünyada tanıdılması və
dünya irsinə salınması üçün
böyük işlər görülür. Bəs bir
musiqiçi kimi, sizcə, bu təbliğatlar
xalqımızın milli dəyərlərinin
tanıdılmasında kifayət edirmi?
- Mən,
əlbəttə ki, yaşımı nəzərə
alıb danışa bilərəm. Bizim
musiqiçilərimiz daim Azərbaycan mədəniyyətini
xarici ölkələrdə tərənnüm ediblər.
Nəzərə alsaq ki, vaxtı ilə
xalqımız əsarət altında, başqa bir ölkənin
tərkibində olub. Ona görə o
dövrdə mədəniyyətimizi və musiqimizi xaricdə
təbliğ etmək üçün məhdudiyyətlər
olurdu. Lakin böyük sənətkarlarımız
da olub. Adlarını sadalamaqla bitməz.
Azərbaycan musiqi mədəniyyətini
dünyada tanıtmaq üçün böyük işlər
görüblər. Bu gün isə Azərbaycan
dövləti artıq müstəqil bir dövlətdir.
Bu müstəqilliyimiz bizə bütün
sferalarda olduğu kimi, mədəniyyət sahəsində də
çox böyük imkanlar yaradır. Azərbaycan
tarı artıq Fransada UNESCO-nun səhnəsində ifa olunur,
səslənir. Biz 2007-ci ildə
Fransanın paytaxtı Parisdə “Leyli və Məcnun”
tamaşasını səhnələşdirdik. Artıq nəinki biz, bizim musiqiçilərimiz, gənclərimiz,
hətta uşaqlarımız da dünyanın bir neçə
beynəlxalq müsabiqələrində iştirak edib,
mükafatlar qazanırlar. Eyni zamanda Azərbaycan da hər
il beynəlxalq müsabiqələrə ev
sahibliyi edir. Bu, Azərbaycanın musiqi mədəniyyətinin
dünyaya çıxması üçün böyük
imkanlar yaradır. Bu gün musiqiçilərimiz
daha çox qastrol səfərlərində olurlar. Artıq bizim Fransada və Avstriyada mədəniyyət
mərkəzimiz var. Ölkəmizin Prezidenti cənab İlham Əliyev
və xanımı Mehriban Əliyeva açılışda
iştirak ediblər. Bu, mədəniyyətimizi
dünyaya yaymaq deməkdir. Bu ən gözəl
siyasətdir. Bizim afişamızın
üzərində bir söz yazılmışdı. Bu fikri hörmətli səfirimiz Abasəli Həsənov
təklif etdi və bu söz bir çox məsələləri
həll etdi. Nə idi bu söz?-“Şərqin ilk
operası”. Yəni, ilk operanı yazan xalqın
mədəniyyəti çox dərindir və mədəniyyət
bütün dünyada qələbə çalır. Biz bu gün mədəniyyətlə ölkəmizi
daha çox tanıdırıq. Mən
çox sevinirəm ki, sənət yoldaşlarımızla
xarici ölkələrdə keçirilən beynəlxalq
müsabiqələrdə, festivallarda iştirak edirik. Biz Danimarkanın Kopenhagen şəhərində
“World Music Expo” mərkəzində keçirilən “Vomeks”
adlı festivalda iştirak etdik. Bu gün
Azərbaycanın musiqi mədəniyyətinin xarici ölkələrdə
təbliğ olunmasından çox razıyam. Qüdrətləndikcə daha da çox işlər
görəcəyik.
- Bir pedaqoq kimi gənclərimizin
milli alətimiz olan tara qarşı sevgilərini
necə qiymətləndirirsiniz?
- 2005-ci
ildə gənclər arasında muğam müsabiqəsi
keçirildi. Orada biz-mən və Elnur müəllim
xüsusi olaraq “Humay” mükafatına layiq görüldük.
Mükafatın səbəbi 2005-2006-cı illərdə
keçirilən muğam müsabiqələri ilə Azərbaycan
musiqisinə və Azərbaycan muğam sənətinə
etdiyimiz töhfələr idi. Bu, o demək
deyil ki, biz bu sənətdə ilk sayılırıq. Əgər bu gün biz sənətdə varıqsa,
deməli, bizdən öncə olan sənətkarların sayəsində
meydana gəlmişik. Biz nəyəsə
yiyələnmişiksə, onların sayəsində olub.
Biz bunu inkar edə bilmərik. Muğam müsabiqəsinin təsiri o oldu ki,
yaxşı mənada axın başladı. Nəinki xanəndəlik sahəsinə, hətta
instrumental ifaçılıq sahəsinə də axın
oldu. Bu il artıq instrumental
ifaçıların da beynəlxalq müsabiqəsi
keçirildi. Deyərdim ki, bu gün çox
istedadlı və gözəl potensiallı gənclərimiz
var. Bu gün çox gözəl ifaçılarımız
yetişdirilir. Onlar Azərbaycan musiqi mədəniyyətinə
çox böyük töhfələr verəcəklər.
Şükürlər olsun Allaha ki, bu gün artıq tara, kamançaya biz seçim edə bilirik. Pedaqoq kimi onu da vurğulaya bilərəm ki, son
dövrlərdə imkanlar da dəyişib. Gənclərin informasiyası da genişlənib.
Hamıya qulaq asa bilərlər. Əvvəllər məhdudiyyətlər var idi.
Bu gün isə sosial şəbəkələrdə
istənilən məlumatı almaq mümkün olur. Bu baxımdan mən deyərdim ki, gənclərin
imkanları daha genişdir. Kim ki bundan
maksimum dərəcədə yararlanır, o udur.
- Elçin müəllim, bəs
sizin üçün tar nə deməkdir?
- Tar mənim yol yoldaşımdır. Mənim
həm atam, həm anam tara çox bağlı olublar. Mən
dünyaya göz açandan tar evimizin baş küncündə
olub. Hətta mən tar sənətinin dalınca getməsəydim
belə, tar bizim evimizdə hər zaman olacaqdı.
Çünki ailəmdə tara xüsusi sevgi və hörmət
olub. Atamın ixtisası başqa sahə olsa da, o, hər zaman
tar ifa edib. Həvəskar ifaçı olub. Anam da
uşaqlıqdan tar səsi ilə böyüyüb. Çünki babam da tarda ifa
edirdi. O da həvəskar ifaçı idi. Bir
sözlə desəm, bu, bizim qanımızda var və ailəmizdə
sırf professional sahədə mən
çalışıram. Ailənin
içində də bir cəmiyyət var. Mən bu cür cəmiyyətin
içində böyümüşəm. Bu yaşam mənim həyatımın ayrılmaz bir
hissəsidir. Bu alət də mənə
ancaq hörmət gətirdi. Hara getdim,
açılmayan qapıları üzümə açdı.
Bir rütbə kimi tar dövlətin qayğısı
adını çiynimə qoydu. Həqiqətən, dərk
edəndə ki, bir zaman Sadıxcanın dizindən sinəsinə
qaldırdığı tarı sən sinəndə tutursan,
Qurban Pirimovun, Hacı Məmmədovun, Əhsən
Dadaşovun və saysız- hesabsız sənətkarların
ifa etdiyi aləti sən sinəndə tutursan, bu, həqiqətən
də, müqəddəs bir alət hesab olunur...
Xəyalə GÜNƏŞ
Palitra.- 2013.- 31 may.- S.13.