“Gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələnməsi vacibdir

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi əsasən milli-mənəvi dəyərlərin təbliğinə aid layihələr həyata keçirir

Milli-mənəvi dəyərlərin yaşanmadığı cəmiyyətlərdə mövcudluq və inkişaf üçün zəruri olan prinsiplər zaman ötdükcə etibarlılığını itirir. Yaxşılıq və pislik anlayışları fərdi mənfəət və çıxarlara görə formalaşmağa başlayır.

Milləti bir yerdə tutan, dövləti güclü edən ən əhəmiyyətli faktorlardan biri milli-mənəvi dəyərlərdir. Xalqın keçmişi və mədəniyyəti nə qədər qədim olsa da, milli və mənəvi dəyərlərinin zəifləməsi anarxiyanın meydana gəlməsinə və geniş vüsət almasına, parçalanmaya və yox olmağa gətirib çıxarır.

Tarix səhifələri güclənib, yüksəlib, zənginləşib böyümüş, lakin mənəvi dəyərlərinə olan bağlılığını itirdiyinə görə tənəzzül etmiş cəmiyyətlərin nümunələri ilə doludur. Yalnız mənəvi dəyərlərinə həssaslığını və bağlılığını qoruya bilən cəmiyyətlər hədələrə və çətinliklərə sinə gərə bilmiş, öz əqidəsini qoruyaraq mövcudluğunu davam etdirə biliblər.

Həmçinin bu baxımdan zəif cəmiyyətlər tarix səhnəsində çox qısa müddət ərzində yer ala bilmiş və acınacaqlı süquta düçar olublar. Bu sosioloji həqiqət tarix boyunca həmişə təkrarlanmış və dəyərləri güclü dövlətlər varlıqlarını davam etdirərkən, digərləri xaos və anarxiya içində yox olublar.

Milli-mənəvi dəyərlərə bağlılıq elə böyük bir gücdür ki, xalqın siyasi çətinliklərin öhdəsindən gəlməsini, daxilixarici təhlükələri sovuşdurmasını, dözümlülüyünümövcudluğunu təmin edir. Lakin bunun üçün milli-mənəvi dəyərlər daim təbliğ olunmalıdır. Bu baxımdan vətəndaş cəmiyyətinin də üzərinə ağır bir yük düşür. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bu məsuliyyəti dərk edərək daimi təbliğatla məşğuldur. Qeyd edək ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 2009-cu ildə yaradılıb və 29 yanvar 2010-cu il tarixində Ədliyyə Nazirliyində qeydiyyata alınıb. "Aşıq Şəmşir" Mədəniyyət ocağı adından da göründüyü kimi, Azərbaycan aşıq poeziyasının, saz-söz sənətinin dəyərli nümunələrini yaratmış Aşıq Şəmşirin adını daşıyır. İctimai Birliyin sədri Qənbər Qurbanovdur. Xatırladaq ki, Qənbər Qurbanov aşıq Şəmşirin oğludur. O, 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam İkillik Müəllimlər İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu, Sov.İKP MK yanında Ali Partiya Məktəbini bitirib. Uzun illər müəllim işlədikdən sonra 30 ildən artıq partiyasovet orqanlarında işləyib. 1975-1989-cu illərdə Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri olub. 1989-cu ildən sonra Gədəbəy Rayon İcraiyyə Komitəsinin sədri olub. 16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunub. “Tərəqqi” medalı ilə təltif olunub. Q.Qurbanov “Tərəqqi” medalı ilə təltif olunması ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunda müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin şah əsəri olan bir ölkədə yaşaması ilə qürur duyduğunu bildirib:Biz fəxr edirik ki, bütün xarici təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti sözün həqiqi mənasında, müstəqildir və müstəqil siyasət yeridir. Hər bir azərbaycanlı kimi Sizinlə qürur duyuram. Sizin ardıcıl olaraq gördüyünüz işlər sayəsində bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Artıq onun güclü iqtisadiyyatı, güclü ordusu, yüksək mədəniyyəti və müasir dünya ilə ayaqlaşa bilən vətənpərvər xalqı var. Biz ürəkdən inanırıq ki, bu güclə, bu qüdrətlə Azərbaycanın ərazi bütövlüyü də tezliklə bərpa olunacaq, xalqımızın Şuşa, Kəlbəcər, bütövlükdə Qarabağ həsrətinə son qoyulacaq. Möhtərəm cənab Prezident, mənim əməyimə, zəhmətimə verdiyiniz yüksək qiymətə görə ürəkdən minnətdarlığımı bildirir və Sizə təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, yaşımın bu çağında da yenə ulu öndər Heydər Əliyevin ölməz ideyalarının, Sizin həyata keçirdiyiniz siyasətin təbliğinə, gənc nəslin dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunmasına var qüvvəmlə çalışır və bundan sonra da çalışacağam”.

 

Milli-mənəvi dəyərlər İsveçrədə təbliğ olunub

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi öz fəaliyyət istiqamətinə uyğun olaraq davamlı şəkildə müxtəlif layihələr həyata keçirir. Əsasən Azərbaycan xalqının sahib olduğu milli-mənəvi dəyərlərin təbliğinə, onların dünya ictimaiyyətinə tanıdılmasına yönələn belə layihələrdən daha biri İsveçrədə keçirilən “Millətlərin Dostluq Bayramı” və “Xarici ölkələrin mədəniyyət günləri” adlı tədbir olub. Tədbirdə dünyanın müxtəlif millətlərinin nümayəndələri öz milli-mənəvi dəyərlərini, maddi sərvətlərini, milli mətbəxini tədbir iştirakçılarına təqdim ediblər. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri olan azərbaycanlı tələbələr də milli mətbəximizin nümunələrini, mədəniyyətimizi, adət-ənənələrimizi özündə əks etdirən guşə yaratmaqla tədbir iştirakçılarına ölkəmiz haqqında geniş məlumat veriblər. Burada ölkəmizin qarşılaşdığı Qarabağ problemi və işğal altında olan şəhərimiz haqında da digər xalqların nümayəndələrinə məlumatlar verilib. Tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən mədəni quruculuq işləri barədə ətraflı məlumat verilib. Qafqaz dövlətlərindən yalnız Azərbaycanın bu tədbirdə təmsil olunması iştirakçıların ölkəmizə marağını daha da artırıb.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi gənclərin də bu sahəyə marağının artması istiqamətində layihələr keçirir. Birliyin “Milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolu” layihəsi də buna misaldır. İctimai Birliyin nümayəndəsi Həbib Misirovun sözlərinə görə, bu layihə ümummilli liderin gənclərlə bağlı qurduğu möhtəşəm siyasətə bu işıqlı amala, söylədiyi dəyərli fikirlərə gəncləri kökləmək, bu milli-mənəvi dəyərlərə daimi sadiqliyi gənclərə aşılamaq məqsədi daşıyırdı. O, bu gün ölkə gənclərinin yüksək intellektə, biliyə, savada sahib olmaları üçün onlara yaradılmış hər cür imkanın, münbit şəraitin ulu öndər Heydər Əliyevin qurmuş olduğu uğurlu gənclər siyasəti və hazırda isə ümumilli liderin uzaqgörən siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olduğunu bildirdi: “Ulu öndər Heydər Əliyev deyib: “...Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan çıxmış bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Ümummili lider bununla gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələnməsinin vacibliyini vurğulayıb”.

 

Xalqımızın özünəməxsus maraqlı folklor nümunələrindən biri xalq oyunlarıdır

 

İctimai Birliyin bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği” layihəsini də qeyd etmək olar. Layihə unudulmaqda olan xalq sənəti nümunələrimizin, xüsusən də ailə-məişət mövzusunda olan xalq oyun tamaşalarımızın toplanması, lentə alınması və bu istiqamətdə maarifləndirici materialların hazırlanması işini həyata keçirib.

H.Misirova görə, xalqımızın özünəməxsus və maraqlı folklor nümunələrindən biri də xalq oyunlarıdır: “Tarixi çox qədimlərə gedən, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan bu oyunlar nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çatıb.

Oyunlar xalq həyatının müxtəlif cəhətlərini, eləcə də müxtəlif mərasimləri əks etdirən qədim folklor janrından biridir. Xalq oyunları ən qədim dövrlərdən xalqın məişət həyatını, əyləncə dünyasını özündə əks etdirmək baxımından xüsusi maraq doğurur. Belə xalq oyunları mövzu, məzmun baxımından da çox zəngin və rəngarəngdir. Xalq oyunlarında yüksək humanist insani duyğular: şəri cəzalandırmaq, yaxın insanları, ailəni qorumaq, onlara dayaq durmaqs. bu kimi müsbət keyfiyyətlər aşılanır. Hazırda qloballaşan dünyada insan-insan münasibətlərinin və insan-cəmiyyət münasibətlərinin düzgün istiqamətdə və soykökümüzə bağlı şəkildə inkişaf etdirilməsinin bir yolu da milli-mənəvi dəyərlərimizi yaşatmaqdan, onları təbliğ etməkdən və gənc nəslə aşılamaqdan keçir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır". Məhz ulu öndərin bu sahədəki əsas ideyası gənclərimizə milli-mənəvi dəyərlərimizlə yoğrulmuş, müasir biliklərə əsaslanan və onlara milli kimliyimizi tanıtdıra biləcək bir tərbiyənin verilməsindən ibarət olub.

Ulu babalarımızdan bizlərə əmanət qalan maddi və mənəvi mədəniyyət nümunələrimizin qorunması, onların araşdırılması və gənc nəslə bu istiqamətdə biliklərin verilməsi bu gün Azərbaycan dövlətinin də əsas məqsədidir”.

Onun fikrincə, bu məqsəd naminə gənc nəslin təlim-tərbiyəsində milli dəyərlərimizdən, xalq oyun tamaşalarından istifadənin vacibliyini nəzərə alaraq onların təbliği və gənc nəslə çatdırılması bu layihənin əsasını təşkil edir.

Onu da deyək ki, layihə ölkənin üç müxtəlif regionunda həyata keçirilib, toplanılan materiallar müqayisəli təhlil edildikdən sonra lentə köçürülüb.

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.- 2013.- 31 may.- S.11.