“Ordubadinin xatirə muzeyinin əsas fondunda
2000-ə yaxın eksponat qorunur”
Lalə Abaszadə:
“Məmməd Səid Ordubadinin xatirə
muzeyində saxlanılan eksponatlar
yazıçının keçdiyi həyat
yolu, yaradıcılığı barədə
dolğun təsəvvür yaradır”
Layihə çərçivəsində budəfəki
yazımız ictimai xadim,
yazıçı Məmməd Səid Ordubadinin
xatirə muzeyi ilə bağlıdır. Muzeyin direktoru Lalə
Abaszadə 2005 ci ildən - Beynəlxalq
Muzeylər Şurası (İCOM) Azərbaycan Milli
Komitəsinin üzvüdür . İCOM un xətti ilə keçirilən konfrans, seminar və iclaslarda fəal iştirak
edir. Lalə Abas-zadə qəzetimizə
müsahibəsində bildirdi ki, Ordubadinin adı vətənimizin
hər yerində iftixarla çəkilir:
- O, yarım əsrdən artıq bir dövrdə xalqımızın azadlığı, səadəti, tərəqqisi yolunda çalışıb. Istedadlı ədib, xüsusilə, nəsrimizin inkişafında böyük iş görüb. Məmməd Hacı Ağa oğlu Səid Ordubadi 1872-ci il martın 24-də Ordubad şəhərində anadan olub. Atası Hacı Ağa Məhəmməd oğlu müəllim idi, ailəsini çətinliklə dolandırırdı. Atası Hacı Ağanı şair kimi tanıyırdılar. Yoxsul olduğuna görə “fəqir” təxəllüsünü qəbul edib. Hacı Ağa Fəqir Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” adlı şairlər məclisinin fəal üzvü və yaradıcılarından biri olub. Ordubadi ilk təhsilini atasından alıb. Atasının ölümündən sonra onun əsas müəllimi Məmməd Tağı Sidqi olub. O, Sidqinin “Əxtər” adlı dördsinifli məktəbində təhsil alıb. Şair ailəsində doğulan Ordubadi kiçik yaşlarından şeir yazmağa başlayıb. Lakin ilk şeirlərindən az nüsxə qalıb. Təqib edildiyindən yaşayış yerini tez-tez dəyişməyə məcbur olub, həbs və sürgün nəticəsində ilk əsərlərinin çox hissəsi itib. Ordubadinin mətbuatda ilk şeiri 1903-cü ildə dərc olunub. Bu şeirdə, o, ana dilində çıxan qəzetin nəşrindən hədsiz sevincini bildirib. Şairin ilk kitabı “Qəflət”, 1906-cə ildə Tiflisdəki “Qeyrət” mətbəəsində çap edilib. 1905-ci il inqilabı Məmməd Səid Ordubadi yaradıcılığına böyük təsir göstərib. Məscidlərdən ayağı kəsilən ədib gizli fəaliyyət göstərən təşkilatlara ayaq açmağa başlayır. Burada Ordubadi sosialist ideyaları ilə, gizli marksist ədəbiyyatı ilə tanış olur. Get-gedə Ordubadda yaşamaq çətinləşirdi. Bu təqiblərdən, təhqirlərdən yaxa qurtarmaq üçün ədib 1908-ci ildə Ordubaddan Culfaya köçür. O burada Əliqulu Qəmküsar, Nəsrulla Şeyxov, Baxşalı Ağa Şaxtaxtlı və b. tərəqqipərvər həmvətənləri ilə birlikdə siyasi-ictimai işlərdə iştirak edib. Culfada gizli fəaliyyət göstərən “Hümmət” bolşevik təşkilatının üzvü kimi iş aparan ədib İran Azərbaycanına gedir və orada baş verən inqilabi hərəkatda iştirak edir. Culfada Ordubadi jurnalist fəaliyyəti üçün də əlverişli şərait tapıb. O, Bakıda nəşr olunan qəzet və jurnallara, Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalına yazılar göndərir, “İrşad”, “Tərəqqi”, “Tazə həyat” və s. qəzetlərlə müntəzəm əməkdaşlıq edirdi. M.S.Ordubadinin jurnalist fəaliyyətində “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığı xüsusi yer tutur. “Hərdəmxəyal”, “Divanə”, “Qardaşım İbrahimə” və s. imzalarla jurnalda onlarla felyetonlar çap etdirib. Culfa dövründə Ordubadinin yaradıcılığında əsas yeri İran Azərbaycanında gedən inqilabi hərəkata dair əsərlər tutur. Ümumən, cənub mövzusu M.S.Ordubadinin yaradıcılığında əsas mövzulardandır. M.S.Ordubadinin 20-ci illərdəki yaradıcılığı olduqca zəngin və ədəbi növlərin rəngarəngliyi ilə seçilən məhsuldar bir dövrdür. Milli səhnə sənətinin inkişafı üçün yorulmadan çalışan Ordubadi Azərbaycan teatrında hazırlanan ilk dram əsərlərinin müəlliflərindən biri olub. Azərbaycanda ilk operalardan olan “Nərgiz” operası istedadlı bəstəkar Müslüm Maqomayevlə Məmməd Səid Ordubadinin bir neçə illik birgə zəhməti nəticəsində yaranıb. “Nərgiz” operası böyük müvəffəqiyyət qazandı və yüksək qiymətləndirildi. 1933-cü ildə müəllifə təkcə Azərbaycan oxucularının deyil, həm də rus dilində oxuyan ədəbiyyat həvəskarlarının haqlı məhəbbətini qazandıran “Dumanlı Təbriz” romanının birinci hissəsi çapdan çıxıb. “Dumanlı Təbriz” ilə ədəbiyyatımızda novator romançı kimi mühüm addım atan M.S.Ordubadi “Gizli Bakı” romanı ilə daha da bir yeni mühüm addım atmış oldu. "Gizli Bakı” nəşriyyatda ikən Ordubadi trilogiyanın ikinci hissəsi olan “Döyüşən şəhər” romanını yazdı. Trilogiyanın üçüncü hissəsi “Dünya dəyişir” adlanır. “Qılınc və qələm” əsərini ədib 1939-1941-ci illərdə yaradıb.
- Muzey
nə vaxtdan fəaliyyət göstərir?
- Məmməd Səid Ordubadinin xatirə muzeyi sabiq Azərbaycan SSRI MK və Azərbaycan SSRI
Nazirlər Sovetinin 1976-cı il 16 iyun tarixli
“Dahi ədəbiyyat və incəsənət
xadimlərinin xatirə muzeylərini yaratmaq
“ adlı və Azərbaycan SSRI Mədəniyyət Nazirliyin 1979 cu il 31 oktyabr 398 saylı əmrinə
əsasən 1 noyabr 1979 cu ildə yaradılıb. Muzey ədibin
yaşayıb-yaratdığı mənzildə yerləşir,
elmi tədqiqat və mədəni-maarif
müəssisəsi olmaqla yanaşı, həm
də M.S.Ordubadinin yaradıcılıq
yadigarlarının mühafizəçisidir. Ədib 1938
cı il ildən ömrünün
sonuna -1950 cı il
mayın 1-nə qədər bu mənzildə
yaşayıb-yaradıb. Xatirə muzeyi
Bakının mərkəzi küçələrindən biri olan Xəqani
küçəsində yerləşir. Binanın memarı
Mikayıl Hüseynovdur. M.S.Ordubadinin
xatirə muzeyində saxlanılan eksponatlar
yazıçının keçdiyi həyat
yolu, yaradıcılıq barədə dolğun təsəvvür yaradır.
Eksponatların hamısı ədibin şəxsi arxivinə aiddir. Muzeyə daxil
olarkən tamaşaçıların diqqətini öncə
Azərbaycanın Xalq rəssamı Xanlar Əhmədov tərəfindən işlənmiş
M.S.Ordubadinin büstü
qarşılayır, eləcə də burada
Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun “Ordubad şəhərinin ümumi
görünüşü” adlı əsəri
nümayiş etdirilir. Muzey 2 otaqdan ibarətdir. Birinci otaq M.S.Ordubadinin həm iş, həm də qonaq
otağı olub. Otaqda
ədibə məxsus məişət əşyaları, mebel, o cümlədən
məşhur tarixi romanlarını qələmə
aldığı yazı masası, fotoşəkillər, kitablar nümayiş olunur. Otağa
yaraşıq verən eksponatlardan biri də Xalq rəssamı
Altay Hacıyev tərəfindən
yağlı boya ilə işlənmiş
Ordubadinin portretidir.
Otağın görünüşü ədibin
həyatının son anlarında olduğu kimi qorunub saxlanıb. Məhz bu
otaqda ədib özünün
ən məşhur “Gizli Bakı”,
“Döyüşən şəhər”, “Qılınc və qələm”,
“ Serjant İvanov
adına körpələr evi” və s. əsərlərini yaradıb. İkinci otaq ekspozisiya otağıdır. Burada
ədibin çoxşaxəli yaradıcılığı əks
olunur. Bu otaqda M.S.Ordubadi libtrettoçu, publisist, şair və dramaturq kimi təqdim olunur. Bundan əlavə ədibin sürgün
illərindəki fəaliyyəti, “ Dumanlı Təbriz”
romanının əlyazmaları və onun
adını ədəbiləşdirən məkanların
fotoları nümayiş olunur.
Eyni zamanda vitrinlərdə
ədibin ilk kitabları olan
“Qəflət”, “Vətən və Huriyyət”, M.S.Ordubadinin atası Hacı Ağa
Fəqirin “Ağlar qələm əlimdə”
şerlər kitabı, “Molla Nəsrəddin”
jurnalı nümayiş olunur.
Milli səhnə
sənətinin inkişafı üçün
yorulmadan çalışan Ordubadi istedadlı bəstəkar M.Maqomayevin “Nərgiz” operasının,
Ü.Hacıbəylinin “Koroğlu”
operasının Ə.Bədəlbəylinin “Nizami”
operasının, F.Əmirovun “Ürək çalanlar”
musiqi komediyasının, S.Rüstəmovun
“Beş manatlıq gəlin” musiqili komediyasının
librettolarının müəllifidir. Həmin əsərlərdən
çəkilmiş şəkillər ekspozisiya
otağında nümayiş olunur. Eyni zamanda M.S.Ordubadinin
Ordubad şəhərində doğulduğu evin şəkili,
hazırda muzeyin yerləşdiyi
binanın fasadının görünüşü,
Fəxri xiyabanda M.S.Ordubadinin
məzarüstü abidəsinin görünüşü,
ədibin müxtəlif illərdə layiq
görüldüyü mükafatlar,
dahi şəxsiyyətlərin Ordubadi haqqında söylədiyi sözlər
bu otaqda nümayiş olunur. Hər
il M.S.Ordubadinin xatirə
muzeyində müxtəlif tədbirlər keçirilir.
Muzeyin əsas fondunda
2000-ə yaxın eksponat toplanıb. Onlardan 300-ü muzeyin
ekspozisiyasında nümayiş etdirilir. Hər il muzey ali, orta
təhsil ocaqları və digər mədəniyyət müəssisələri
ilə müqavilələr bağlayır, muzey
daxilində “Açıq qapı” günü
və açıq dərslər keçirir.
Bundan başqa mütləq
şəkildə muzeyin fond
müdiri və digər əməkdaşları
fondu zənginləşdirmək məqsədilə
Ordubadi dövrünə aid
olan əşyalar, fotoşəkillər, kitablar əldə edir. Muzeyin elmi heyəti il ərzində mediada
müxtəlif məqalələrlə çıxış
edirlər. Qeyd edək ki,
muzeyin nəzdində muzeyin
yaranma tarixindən başlayaraq
Muzey Şurası fəaliyyət göstərir.
Anar Miriyev
Palitra.-2013.-1 noyabr.-S.11.