“Hamımızı bir vətən birləşdirir”

 

Babək Cəfərov: “Dövlətçiliyin və milli-mənəvi dəyərlərin qorunması bizim üçün çox önəmlidir”

 

Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi bu ilin fevralında Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Birliyin əsas məqsədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına kömək etməkdən ibarətdir. Təşkilatın departament rəhbəri Babək Cəfərov qəzetimizə müsahibəsində dedi ki, onlar üçün dövlətçiliyin, eləcə də milli-mənəvi dəyərlərin qorunması və yaşadılması çox önəmlidir:

-İB ölkənin sosial-iqtisadi inkişafı və qanunun aliliyinin təmin olunması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verir. Eyni zamanda vətənpərvərlik, vətəndaş bərabərliyi və milli ideyalar təbliğ edilir. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə, beynəlxalq inteqrasiyasına və nüfuzunun artırılmasına kömək etmək də əsas vəzifələrimizdəndir. Qeyd etdiklərimi həyata keçirmək üçün müxtəlif kurslar, seminarlar, dəyirmi masalar, sərgilər, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər təşkil olunur.

- Ölkənin ümumi inkişafının təmin olunmasında milli-mənəvi dəyərlərin hansı rolu var?

- Milli-mənəvi dəyərlərin məzmunu və yaxud yaşadılması dedikdə milli mədəniyyətin qorunub saxlanılması və milli birliyin yaradılması, ana dilimizin-hikmət xəzinəmizin qorunması və daha da inkişaf etdirilməsi, mənəvi sərvətlərin adət-ənənələrin mühafizə edilməsi, dövlətçiliyin qorunması kimi başa düşülməlidir. Milli-mənəvi dəyərlərimiz millətin ruhuna hopmuş, ulu babalarımızın qan yaddaşından gələn nəsildən-nəslə keçərək bizlərə ərmağan qoyulmuş və gələcək nəslə ötürülən bir xəzinədir.

Hər bir xalqın özünəməxsus milli -mənəvi dəyərləri var və hər bir millət bu sərvətlərini qoruyaraq nəsildən-nəslə ötürür. Mənəvi dəyərlərimiz nəsildən-nəslə ötürülərək nəsillər arasında əlaqəni qoruyub saxlayaraq milli birliyin qoruyucusudur. Bu bir həqiqətdir ki, məkrli düşmən hər hansı bir milləti məhv etmək istəyirsə, birinci olaraq onun milli-mənəvi dəyərlərinə hücum edib onu özününküləşdirməyə çalışır. Bizim yaramaz və hiyləgər qonşumuz olan ermənilər neçə illərdir tarixi incilərimizə, memarlıq abidələrimizə, milli rəqslərimizə, folklorumuza hücum edib onu özəlləşdirib öz malı kimi dünyaya təqdim etməyə calışırlar. Hər bir xalqın folkloru, sərkərdələri, yaradıcı insanları öz millətlərinin tarixi kökləridir. Hər hansı bir milləti məhv etmək istəyirlərsə, onda ilk öncə o millətin mədəni sərvətlərini və dəyərlərini məhv etməyə, özününküləşdirməyə çalışırlar. Bu nöqteyi-nəzərdən milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, eləcə də gənc nəslə ötürülməsi çox vacib amillərdən biridir. Hər bir millət öz kökünü bilməli, haradan gəlib hara gedəcəyi haqda aydın anlayışı olmalıdır. Bir millət olaraq milli-mənəvi dəyərlərimizdə azadlıq və müstəqilliyə güclü meyl, milli vətənpərvərlik, doğma yurda-ata ocağına bağlılıq, böyüyə hörmət kimi hisslər əsas amillərdir.

- Dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində hansı tədbirlər keçiribsiniz?

-“Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi tərəfindən 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı elmi-praktik konfrans keçirilib. Tədbirdə ermənilərin Şamaxı, Quba və Azərbaycanın digər şəhər və kəndlərində xalqımıza qarşı soyqırımı haqqında tarixi faktların arxiv sənədlərində ətraflı şəkildə öz əksini tapdığı qeyd olunub. Bildirilib ki, biz unutqanlığı bir kənara qoymalı, gənclərin tərbiyəsi ilə ciddi məşğul olmalı, telekanallarda milli ruhlu verilişlər hazırlamalıyıq.

Bundan başqa "3 May Türkçülük" bayramı münasibətilə mətbuat konfransı keçirmişik. Konfransda Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlər, Şimali Kiprdəki ictimai-siyasi vəziyyət, Kipr münaqişəsinin tariximüasir dünya siyasətində rolu, türk dünyasının inteqrasiya məsələləri, türk dünyası və ŞKTC-dəki QHT-lərlə əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbirdə ŞKTC-nin millət vəkillərindən Zorlu Törə və Gülər Gökan iştirak ediblər.

Məlum olduğu kimi bu yaxınlarda türk ordusunun Bakını işğaldan azad etməsinin 95 illiyi qeyd edildi. Bizim təşkilat tərəfindən bu mövzuda da tədbir təşkil olundu. Tədbirdə bu mövzuya həsr olunmuş videoçarx da nümayiş olundu.

Qeyd edim ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan, ŞKTC-nin Bakı təmsilçisi Sadettin Topukçu, tarixçi alimlər, tədqiqatçılar, müxtəlif təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak edirdilər.

Təşkilatımız ahılları da yaddan çıxarmır. Belə ki, 01 oktyabr 2013-cü il Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərdəkan qəsəbəsindəki Əlillərin müalicə pansionatında xeyriyyə tədbiri keçirmişik. Ahıllara diqqət və qayğı göstərmək cəmiyyətimizin hər bir üzvünün borcu olması ilə yanaşı, bu, yüksək insani keyfiyyətdir. Pansionat sakinlərindən Maqsud Ağayev, Şəlalə Əliyeva və başqaları çıxışlarında onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, bizim tədbirin onların əhval-ruhiyyəsinə xoş təsir bağışladığını qeyd etdilər.

Son olaraq oktyabrın 25-də “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbir keçirildi.

- Gənclərin Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsə bağlılığını necə dəyərləndirirsiniz?

-Hal-hazırkı dövrümüzdə gənclərimiz çox aktivdir. Sadəcə olaraq bütun bu işlərdə gənclərə dəstək olmaq lazımdır. Bildiyiniz kimi gənclərimizin müxtəlif istiqamətlərdə maraqları var. Demək olmaz ki, bütün gənclərimiz Azərbaycan tarixi ilə maraqlanır. Əsrimiz kompyuter əsri olduğu üçün gənclərin də maraqları müxtəlifdir. Nəticə etibarı ilə Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsə bağlılığı təbliğatla, maarifləndirməklə gənclərə aşılamaq olar. Hər bir gənc də bu yöndə öz mübarizəsini aparmalıdır. Həmçinin onu da qeyd etmək istərdim ki, elm və təhsilin inkişafı bütün sahələrə müsbət təsir göstərir. Bu baxımdan sevindirici haldır ki, bizim ölkəmizdə də bu sahəyə diqqət artırılır.

- Azərbaycan gəncinin Vətənə bağlılığı hansı səviyyədədir?

-Bilirsiniz, keçmişini bilməyən, harda olduğunu müəyyən edə bilməz. Harada olduğunu

müəyyən edə bilməyən kimsə, gələcəkdə hara getdiyini də bilməz. Şükürlər olsun, bu gün gənclərimiz belə problemlər yaşamırlar. Ancaq hamı eyni ola bilməz və düşüncələr də fərqlidir, çünki hər gəncin müxtəlif düşüncələri, peşəsi, təhsili, fəaliyyəti var. Buna görə də onların düşüncəsi də fərqli ola bilər və olur. Bir həqiqət var ki, bizləri, ümumiyyətlə, hamımızı bir vətən, bir dil, bir mədəniyyət, bir dövlət birləşdirir- bu, Azərbaycandır! Ona görə bu bağlılıq əbədi, sarsılmaz və dönməzdir.

Bu gün Azərbaycan gənclərinin vətənə bağlılığı çox yüksəkdir. Əlbəttə ki, bu, milli-mədəni irsin, tarixin zənginliyindən irəli gəlir və sevindirici haldır ki, digər cəmiyyətlərə nəzər salsaq, Azərbaycanda bu bağlılıq daha yüksəkdir.

- Milli birlik, dövlətçiliyə dəstək istiqamətində hansı layihələr nəzərdə tutulub?

-Hal-hazırda Qarabağla bağlı layihə hazırlanır və qısa zamanda ictimaiyyətə təqdim olunacaq. Dövlətçiliyə dəstək istiqamətində böyük layihələr nəzərdə tutulub. Bunlardan biriQarabağ mövzusudur. Günümüzdə ən həssas və diqqət çəkən mövzudur. Baş verən hadisələrin tarixi, erməni vəhşilikləri bütün dünyaya çatdırılacaq, işğal olunmuş rayonlarımız haqqında ətraflı məlumat, foto, video çarxlar ictimaiyyətə təqdim olunacaq. Hər kəsi Qarabağımızı unutmamağa çağırırıq!

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu dördüncü qrant müsabiqəsini elan edib. Bu müsabiqədə mən də “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin departament rəhbəri olaraq fərdi gənclərin layihəsinə qoşulmuşam. Ümid edirəm ki, təqdim etdiyim layihə uğur qazanacaq. Qeyd etmək istərdim ki, layihə çox aktual mövzudadur.

- Milli kimliyin formalaşmasında milli-mənəvi dəyərlərin nə kimi rolu var?

-Düşünürəm ki, bizim milli kimliyimizin formalaşmasında milli-mənəvi dəyərlərimiz olan dövlət bayrağımız, dövlət gerbimiz və dövlət himnimizi mədəni irsimiz hesab edir, onun rəmzlərinin doğrultusunda fəaliyyət göstəririk. Bütün türk xalqlarının bir məqsəd və amal uğrunda mübarizəsi sonda türk övladının regionda öz sözünü deməsini daha da gücləndirəcək.

- Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?

-Hər kəs özündən başlamalıdır. Milli-mənəvi dəyərlərin əhəmiyyətini dərk etmək və bu dəyərlərin qorunması üçün hər bir kəs kiçik dövlət dediyimiz ailəsindən başlamaldır.Və beləcə, körpə vaxtından ona aşılanan milli dəyərlərimiz sağlam bir milli kimliyin yaradılmasına gətirib çıxaracaq.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-2 noyabr.-S.11.