Beynəlxalq memarlıq müsabiqəsi başa çatıb

 

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş birinci Bakı beynəlxalq memarlıq mükafatı müsabiqəsi keçirilib.

Müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq müsabiqənin əhəmiyyətindən danışıb. Nazir deyib ki, Mədəniyyət və Turizm NazirliyiMemarlar İttifaqı memarlıq sahəsində qazanılmış bu uğurları əsas tutaraq, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə memarlıq müsabiqəsinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Uğurla təşkil edilmiş bu müsabiqənin iki ildən bir keçirilməsi qərara alınıb.

Əbülfəs Qarayev bildirib ki, müsabiqəsinin əsas məqsədi memarlığın inkişafı üçün yeni ideyaların aşkara çıxarılması, bina və tikililərin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.

Müsabiqənin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki çıxışında Azərbaycanın sürətlə inkişaf etdiyini, Bakıda nadir və gözəl memarlıq nümunələrinin olduğunu diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq müsabiqə qarşısına qoyduğu məqsədə nail olub. Bu nailiyyət Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Memarlar İttifaqı və Beynəlxalq Memarlar İttifaqı arasındakı sıx əməkdaşlıq nəticəsində baş tutub.

Müsabiqənin mükafat fondu 52 min 500 manat olub. Birinci yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom 4000 manat dəyərində pul mükafatı, ikinci yerin sahibinə müvafiq nominasiyaya uyğun diplom 2500 manat dəyərində pul mükafatı, üçüncü yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom 1000 manat dəyərində pul mükafatı təqdim edilib. Qaliblərə, həmçinin müsabiqənin rəmzi heykəlciyi müsabiqəyə uyğun diplom təqdim olunub.

 

Palitra.-2013.-5 noyabr.-S.13.