Mədəniyyətimiz dünyada
tanınmaqla bərabər, vətəndaşlarımız xarici ölkələrin mədəniyyətləri
barədə bilgiləndirilir
Qərb
Universitetində Kuba mədəniyyətinə
həsr olunmuş beynəlxalq kulturoloji seminar keçirildi
Azərbaycanda son dövrlərdə dünya mədəniyyəti, sivilizasiyalar, ayrı-ayrı xalqların və ölkələrin keçdikləri mədəni inkişaf, həmçinin dünya ölkələrinin mədəni-kulturoloji özünəməxsusluqları, unikallıqları barədə intensiv maarifləndirmələr təşkil edilməkdədir. Bu yöndə digər ölkələrin müvafiq qurumları ilə qarşılıqlı əlaqələr genişləndirilir, birgə seminarlar, kütləvi maarifləndirici tədbirlər təşkil edilir. Xüsusilə diqqətçəkən haldır ki, mədəniyyət, bu sahədə aparılan elmi-tədqiqatlarla bağlı bu cür qarşılıqlı əlaqələrdə Azərbaycan mədəniyyətinin orijinallıqları, qədimliyi, möhtəşəmliyi də xarici ölkələrin elmi-mədəni elitasına çatdırılır. Həmçinin həmin ölkələrdə də mütəmadi olaraq Azərbaycan mədəniyyəti, həqiqətləri barəsində maarifləndirici və məlumatlandırıcı tədbirlər təşkil olunur.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, son dövrlərdə dövlət səviyyəsində Azərbaycanda və Azərbaycandan kənarda yaşayan qeyri-hökumət təşkilatlarına bu sahədə fəaliyyətlərini gücləndirmək üçün hər cür dəstək göstərilməkdədir. Müvafiq QHT-lərin bu yöndə fəaliyyətinin daha da stimullaşdırılması üçün maddi, texniki və mənəvi dəstək göstərilir. Bundan başqa, QHT-lərin bu baxımdan xarici əlaqələrinin qurulmasına da ciddi səylər göstərilir. Bütün bunlar Azərbaycan mədəniyyətinin dünya ölkələrində yaxından tanınmasına, eləcə də xarici ölkələrin mədəniyyət özünəməxsusluqları barədə Azərbaycan vətəndaşlarının ətraflı bilgiləndirilməsinə, kulturoloji biliklərinin zənginləşdrilməsinə yönəlib.
Bu qəbildən Qərb Universitetində “Kuba mədəniyyəti dünya sivilizasiyası kontekstində” mövzusu üzrə kulturoloji seminar keçirildi. Qeyd edək ki, bu seminarı “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyəti Qərb Universiteti ilə birlikdə təşkil etmişdilər.
Sözügedən seminarda alimlər, mütəxəssislər, incəsənət xadimləri, müəllimlər, “Simurq” AMA-nın üzvləri, səfirlik nümayəndələri, QHT, yaradıcı və həmkarlar ittifaqı üzvləri, tələbələr, KİV nümayəndələri iştirak edirdilər.
Seminarı giriş sözü ilə alim-kulturoloq, “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov açaraq, Azərbaycanda Kuba Respublikasının fövqəladə və səlahiyyətli səfiri, cənab Omar Senon Medina Kenteronu, Çin səfirliyinin nümayəndələrini, bütün qonaqları və iştirakçıları salamladı, qonaqlara və iştirakçılara seminarın proqramı haqqında qısa məlumat verdi.
Sonra professor Fuad Məmmədov Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Omar Senon Medina Kenteroya, Azərbaycan-Kuba mədəni əlaqələrin ikişafında olan xidmətlərinə və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası ilə mədəni əməkdaşlığa görə “Simurq” AMA-nın Fəxri üzv diplomunu təqdim etdi. Bakı Dövlət Universitetinin professoru Fərman İsmayılov Azərbaycanda ruhi - intellektual və mənəvi mədəniyyətin, xüsusilə fəlsəfə elminin və kulturoloji maarifçiliyin inkişafında xidmətlərinə görə 75-illik yubileyi münasibəti ilə, Azərbaycanın xalq artisti, tanınmış aktyor və rejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Ramiz Əzizbəyli Azərbaycanda ruhi - əqli və mənəvi mədəniyyətin, xüsusilə kino sənətinin, kulturoloji maarifçiliyin inkişafında xidmətlərinə görə və 65-illik yubileyi münasibəti ilə - “Simurq” beynəlxalq medalı ilə təltif olundular. Respublikanın görkəmli iqtisadçı-alimi, Beynəlxalq İnformasiya Akademiyasının və Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Ramiz İsgəndərova 60-illik yubileyi münasibəti ilə xüsusi “Təbriknamə” verildi.
Daha sonra məruzələr dinlənildi. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov “Kuba mədəniyyətinin tarixinə kulturoloji baxış” adlı ilk məruzə ilə çıxış etdi. O qeyd etdi ki, paytaxtı Havana şəhəri olan Kuba Respublikası Karib dənizi sahilində ada dövlətidir. Dövlət dili - ispan dilidir. Kuba 28 oktyabr 1492-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilib. XIX əsrin sonunadək İspaniyanın müstəmləkəsi altında olan Kuba, sonradan uzun illər ABŞ-dan iqtisadi və siyasi asılılıqda olub. Yalnız 1959-cu ildə xalq inqilabının qələbəsi ilə ölkə milli müstəqillik əldə edib. Kuba mədəniyyəti dünyanın müxtəlif ölkələrindən gətirilmiş etnik mədəniyyətlərin qarışığından ibarətdir.
Azərbaycanda Kuba Respublikasının səfiri Omar Senon Medina “Kuba mədəniyyəti: dünən, bu gün və sabah” adlı maraqlı məruzə ilə çıxış etdi. O qeyd etdi ki, XVI əsrdən etibarən plantasiyalarda işləmək üçün Kubaya qullar gətirilmiş, sonradan onlar yerli əhali ilə qaynayıb qarışmış və nəticədə müasir kubalılar bir xalq kimi formalaşıblar. Aborigenlərin, ispanların, afrikalıların, sonralar isə avropalılar və çinlilərin gətirdiyi mədəniyyətlərin təsiri ilə müasir Kuba mədəniyyəti formalaşıb. Bundan əlavə, səfir Kubada musiqinin, təhsilin, səhiyyənin, idmanın və turizmin inkişafı haqqında ətraflı məlumat verdi. Həmçinin səfir, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə olan görüşü zamanı hər iki ölkə arasında iqtisadi, mədəni, turizm, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yüksək potensialın olduğu haqqında danışıqlarını qeyd etdi. Məruzə ilə yanaşı Kuba mədəniyyətinin inkişaf tarixi haqqında slayd-film nümayiş olundu.
Səfirin məruzəsindən sonra “Simurq” AMA-nın beynəlxalq münasibətlər departamentinin rəhbəri Tamerlan Dəmirbəyli tərəfindən hazırlanmış Kuba mədəniyyətinə həsr olunmuş, kulturoloji səpkidə qurulmuş musiqili sənədli filmin prezentasiyası oldu.
Sonra Qərb Universitetinin müəllimi Reyhan Hüseynova “Azərbaycan-Kuba mədəni əlaqələrinin tarixindən” adlı geniş və dolğun məruzə ilə çıxış etdi. O, Azərbaycan-Kuba mədəni əlaqələrinin inkişafını - sovetlər dövründə və Kubanın müstəqilliyi dövründə olmaqla, iki mərhələdə təhlil etdi. Bu əlaqələrin inkişafında həmkarlar ittifaqlarının rolundan danışdı. R.Hüseynovanın məruzəsi slayd-film ilə müşayiət olundu.
Qərb Universitetinin müəllimi Mübariz Məmmədli “Kuba ədəbiyyatının inkişaf dövrləri” adlı maraqlı məruzəsində hər bir xalqın ədəbiyyatında özünəməxsus əlamətlərin olduğu kimi, Kuba xalqının ədəbiyyatında da arzu, sosial ədalət, gələcəyi görmə, nikbinlik kimi əlamətlərin üstünlük təşkil ediyini göstərdi, tanınmış və sevilən Kuba şairləri və yazıçıları və onların əsərləri haqqında məlumat verdi.
Daha sonra Raifə Sərxanqızı Kubaya həsr etdiyi şeirini oxudu. İstedadlı caz ifaçısı Leyla Nəzərli Azərbaycan və xarici bəstəkarların əsərlərindən və xalq mahnısından ibarət kompozisiyaları pianoda yüksək peşəkarlıqla ifa etdi.
Sonda “Simurq” Azərbaycan mədəniyyət
Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov
yekun sözü ilə
çıxış edərək, Azərbaycan-Kuba mədəni
əlaqələrinin bundan sonrakı
inkişafında da bugünkü
seminarın əhəmiyyətini qeyd etdi, cənab Omar Senon Medinaya,digər qonaqlara,
Qərb Universitetinin rəhbərliyi
və əməkdaşlarına, seminarın təşkilatçısı
Tamerlan Dəmirbəyliyə və bütün seminar
iştirakçılarına öz səmimi
təşəkkürünü bildirdi.
İlkin AĞAYEV
Palitra.-2013.-5 noyabr.-S.11.