“Dövlətin gənc alimlərə diqqəti
artıb”
Əfsun Sucayev: “Gənclər üçün
Prezident mükafatı bu
diqqətin bariz nümunəsidir”
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında strateji hədəflərdən
biri gənclərin potensialının inkişaf etdirilməsidir. Qloballaşan
dünyanın yeni
çağırışları və ölkəmizdə
biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan
gəncliyinin avanqardı olan innovativ təfəkkürlü intellektual gənclik qarşısında tamamilə
yeni tələblər irəli sürür. Gənclərin intellektual və yaradıcılıq
potensialının inkişafı, onların daha
geniş miqyasda intellektual fəaliyyətə cəlb edilməsi,
elm, təhsil və yeni
texnologiyalara marağının
artırılması bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini,
gənc alim və mütəxəssislərlə
fəaliyyət sahəsində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqini
tələb edir. Bu zərurəti nəzərə
alan Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) gənclərin elmi
potensialının artırılması, onların müxtəlif
elm sahələrində ixtira
və kəşflərinin, təşəbbüs və təkliflərinin
stimullaşdırılması, layihə və proqramların
maliyyələşdirilməsi məsələlərinin
yüksək səviyyədə təşkilinə qərar verib.AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar
Kimyası İnstitutunun Gənc Alimlər
Şurasının sədri, kimya üzrə
fəlsəfə doktoru, gənc alim Əfsun Sucayevlə söhbətimiz də
bu mövzuda oldu.
- Gənc alimlərə dövlətin
diqqət və qayğısını necə qiymətləndirmək
olar?
- Dövlətin yeni forma və məzmunda davam etdirilən gənclər siyasətində istedadli və yaradıcı gənclərlə iş diqqət cəlb edir. Belə ki, onların müxtəlif beynəlxalq tədbirlərdə iştiraklarının təmin olunması, əsərlərinin xaricdə çap olunmasına kömək göstərilməsi, müxtəlif beynəlxalq konfrans, elmi simpozium və sərgilərin keçirilməsi, fəaliyyətlərinin stimullaşdırılması, il ərzində fərqlənmiş istedadlı və yaradıcı gənclərin mükafatlandırılması kimi tədbirləri xüsusilə qeyd etmək lazımdır. Hansı ki, bu tədbirlərin hər biri gənc alimlərimizin, yaradıcı elm adamlarının intellektual imkanlarının, elmi yeniliklərinin dünyaya təqdim olunmasında mühüm rol oynayır. Hesab edirəm ki, “Gənclər üçün Prezident mükafatı”nın təsis olunması isə müasir gəncliyə, gənc elm adamlarına diqqət və qayğısının ən bariz nümunəsidir.
- Azərbaycanda elm məbədi
sayılan AMEA-da gənclərin elmə həvəsləndirilməsi
üçün hansı stimullaşdırıcı tədbirlər
həyata keçirilir?
- AMEA inkişafın yeni mərhələsinə qədəm qoyub. Akademiyanın demək olar ki, bütün elmi müəssisələri kimi kimya profilli tədqiqat institutları da əsaslı təmir olunub, laboratoriyalar ən müasir cihazlar və avadanlıqlarla təchiz edilib. Elmi nailiyyətlərin artması, yeni-yeni informasiya-kommunikasiya texnologiyalarının ortaya çıxması və buna görə dünya iqtisadiyyatının tələblərinin dəyişikliyə məruz qalması nəzərə alınaraq akademik Akif Əlizadənin rəhbərliyi ilə AMEA-da həyata keçirilən sturuktur və institusional islahatların ən vacib elementi kimi tədqiqat institutlarında da İKT-nin geniş formatda tətbiqinə başlanılıb. Artıq hər bir institut müasir kompyuter texnologiyaları, genişzolaqlı internet şəbəkəsi ilə təchiz edilib. Belə demək mümkünsə, bir zamanlar xəyal etdiyimiz şeylər bu gün artıq gerçəkləşir.
Yuxarıda sadaladığım yeniliklərdən şəxsən mənim çalışdığım Aşqarlar Kimyası İnstitutundan da yan keçməyib. İnstituta əsaslı təmirdən sonra elmi-tədqiqat işlərinin daha da səmərəli və keyfiyyətli aparılmasına səbəb olacaq dəyəri yüz min manatlarla ölçülən yeni cihazlar - elektron mikroskopu, infraqırmızı və ultrabənövşəyi spektrometrlər, xromato-kütlə spektrometri, xromatoqraf və başqa lazımi elmi avadanlıqlar alınıb, hazirda o cihazlarla işləyə bilən gənc mütəxəssislər yetişdirilməkdədir. İnstitutumuzda gənc alim və doktorantlardan ibarət tədqiqat qrupu yaradılıb. Qrup laboratoriyada həm tədqiqatlar aparır, həm də universitetlərdən cəlb olunan magistr və bakalavrların təcrübə keçməsinə yaxından köməklik edir.
Qeyd etmək istədiyim əsas
yeniliklərdən biri də hörmətli
Akif müəllimin bilavasitə təşəbbüsü
ilə AMEA institutlarında elmlə təhsilin vəhdəti rolunda çıxış edən baza kafedraların yaradılması ilə
bağlıdır. Geologiya və Neft-Kimya Prosesləri İnstitutndan
sonra Aşqarlar
Kimyası İnstitunda Bakı Dövlət
Universitetinin “Neft
kimyası və kimya texnologiyası”
kafedrasının "Aşqarlar, yanacaqlar, yağlar,
sürtgülər və xüsusi mayelər"
adlı filialı təşkil olunub. Burada da məqsəd elm və təhsilin əlaqələndirilməsi,
tələbə və magistrantlarda tədqiqatçılıq
vərdişlərinin formalaşdırılması və ən
ümdəsi, istedadlı gənc mütəxəssislərin
elmə axınını təmin etməkdir.
- Gənc
alim kimi siz hazırda hansı araşdırmalarla məşğulsunuz?
-Qeyd edim ki, 10 illik təcrübəyə malik elmi tədqiqatçıyam. Əsas elmi yeniliklərim sürtkü yağlarına və yanacaqlara yeni nəsil yüksək təsirli çoxfunksiyalı kükürdsaxlayan aşqarların sintezi və tədqiqi”nə həsr edilmiş silsilə elmi işlərdən bəhs edir. Xüsusən, bu aşqarların tərkibinə daxil olan aminospirtlərin tsiklik tiokarbamid törəmələrini ilk dəfə üçkomponenentli kondensləşmə yolu ilə almışam, həmin aşqarların sintezi və təsir mexanizmi sahəsində sistemli tədqiqatlar aparmışam. Bu tədqiqatlar nəticəsində sürtkü yağlarına, yanacaqlara əlavə edilən yüksək təsirli yeni sinif aşqarların məqsədyönlü sintezinin elmi əsasları işlənib hazırlanıb. Apardığım tədqiqatların əsas nəticələri 25 elmi əsər və 2 patentdə öz əksini tapıb. Son illər 10-a yaxın məqaləm ABŞ, Rusiya, Türkiyə, Çexiyanın “Science Citation İndex”ə daxil olan resenziyalı elmi jurnallarında dərc edilib. Eyni zamanda elm və təhsilin müxtəlif sahələrinə aid 100-dən artıq publisistik məqalənin müəllifiyəm.Mütəmadi olaraq beynəlxalq elmi müsabiqələrə, xaricdə təcrübə mübadiləsi keçmək üçün müxtəlif beynəlxalq və yerli donor təşkilatların elan etdiyi təqaüd proqramlarına da qatılıram. Elə bu yaxınlarda təqdim etdiyimiz layihə SOCAR Elm Fondunun qrant müsabiqəsinin qalibi olub. Həmin layihə çərçivəsində dekabr ayında Turkiyənin Orta Doğu Texnik Universiteti Nanotexnologiyalar Elm Mərkəzinə ezam olunacağıq, orada əldə edəcəyimiz təcrübəni gəlib burada öz elmi- tədqiqatlarımızda tətbiq edə biləcəyik. Təbii ki, bütün bu işlərimizin belə uğurlu alınmasında institutumuzun direktoru, akademik Vaqif Fərzəliyevin rolunu xüsusi qeyd etmək istəyirəm. Onun hərtərəfli maddi və mənəvi dəstəyi biz gənc mütəxəssislərin birbaşa elmə köklənməsinə xidmət edir.
- Hazırda gənc alimlərin
müəyyən problemləri də qalmaqdadır. Bu haqda nə demək olar?
-Bəli, gənc alimlərin həllini gözləyən müəyyən
problemləri var. Əsas
problem isə onların
mənzil şəraiti
ilə bağlıdır.
Bu gün 200-dən çox gənc alim evsizdir, kirayədə yaşamağa
məcburdur. Elə alimlərimiz
var, mənzil olmaması səbəbindən
yaşı 30-35 yaşı
keçib, ancaq hələ də ailə qura bilmir. Düzdür, gənc alimlərimiz
də dövlətin güzəştli ipoteka qrupuna daxil edilib.
Lakin gənc alimlərin əməkhaqlarının
az olması
dövlətin yaratdığı
bu imkandan yararlanmasına mane olur. Bu səbəbdən indiyə qədər sosial ipoteka krediti verilən gənclər arasında alimlərə rast gəlinmir. Məqsədəuyğun olar ki, mənzilə ehtiyacı olan gənc alimlərin adından dövlət başçısına
müraciət edilsin.
Artıq özünü
doğruldan belə bir təcrübə də var: bildiyimiz
kimi, jurnalistlər üçün müraciət
əsasında dövlət
vəsaiti hesabına bina tikilib, istifadəyə
verildi. Bu uğurlu
təcrübənin gənc
alimlər üçün
də tətbiqi arzuolunandır.
Digər vacib problem elmlər doktorluğu və fəlsəfə doktorluğu
üzrə elmi dərəcələrə görə
verilən əlavələrin
məbləği ilə
bağlıdır. Bu yaxınlardə 2 dəfə
artırılsa da, bu yenə yetərli
sayılmır.
Toxunmaq istədiyim
son məsələ gənc
kimyaçı alimlərin
elmi nailiyyətlərinin
tətbiqi ilə bağlıdır. Belə ki, gənc tədqiqatçılar tərəfindən
yerinə yetirilmiş
və yüksək nəticələr göstərmiş
elmi-tədqiqat işləri
çox vaxt elə dissertasiya səviyyəsində qalır.
Bu işlər uyğun olan sahələr üzrə öz tətbiqini tapsa, ölkəmizə daha çox fayda gətirmiş olar.
Ümumiyyətlə, gənc alimlərin bu problemlərinin həlli kompleks yanaşma tələb edir. Bu yanaşmanı özündə əks etdirən “Elm haqqında” qanun layihəsi qəbul olunsa fikrimizcə, gənc alimlərin mənzil ehtiyaclarından tutmuş əməkhaqları, elmi dərəcələrə görə
verilən ödənişlərə
qədər əksər
problemlərinin həllinə
öz müsbət təsirini göstərə
bilər.
Tural Tağıyev
Palitra.-2013.-5 noyabr.-S.7.