Pis dublyaj dilə münasibəti daha da pisləşdirir”

 

Vaqif Əlixanlı:

Dublyaj işinin keyfiyyətli alınması üçün peşəkar tərcüməçilər, istedadlı aktyorlar, dilimizin incəliklərini bilən redaktorlar olmalıdır”

 

Layihə çərçivəsində müsahibimiz nasir, dramaturq, tərcüməçi, radioteleviziyada nəinki çoxsaylı verilişlərin, eyni zamanda ondan çox sənədli televiziya filminin hazırlanmasında ssenarist, redaktor kimi çalışan, hazırda “Space” telekampaniyasının dublyaj redaksiyasının rəhbəri Vaqif Əlixanlıdır.

 

O, ədəbi fəaliyyətə 1968-ci ildən “Bulaq” radio verilişinə yazdığı etnoqrafik hekayələr və “İncəsənət” televiziya verilişinə yazdığı “Rənglər” silsilə hekayələri ilə başlayıb.

- Ölkəmizdə fəaliyyət göstərən dublyaj redaksiyalarından birinin rəhbərisiniz. Dublyajın indiki durumunu necə qiymətləndirirsiniz?

- Filmlər Azərbaycan dilinə dublyaj olunur, içərilərində uğurlusu da var, uğursuzuda. Ümumiyyətlə isə Azərbaycan televiziyalarında dublyajın səviyyəsindən razı deyiləm. Kənardan dublyaj çox asan görünsə də əslində çox çətin amma gərəkli bir işdir. Dublyaj işinin əsas önəmli cəhəti orijinal mətnin ruhunu saxlamaqla, onu ustalıqla, dilin zənginliyindən istifadə etməklə tərcümə etmək, səsləndirməkdir. Dublyaj işinin keyfiyyətli alınması üçün peşəkar tərcüməçilər, istedadlı aktyorlar, dilimizin incəliklərini bilən redaktorlar olmalıdır. Bunun üçünilkin olaraq maliyyə vəsaiti lazımdır. Bu sahəyə gərək pul ayrılsın: istər tərcüməyə, istər aktyor oyunlarına, istərsə də texniki avadanlığa. Cüzi vəsaitlə dublyaj işini təşkil etmək olmaz. Sovet dönəmində “Azərbaycanfilm” kinostudiyasının tərkibində dublyaj şöbəsi var idi, orada bir filmi 20 günə hazırlayırdılarsa, indi biz bir filmi 3-4 saata təhvil verməliyik. Buna görə də çox vaxt dublyajda iştirak edən aktyorlar filmin özünə baxmağa belə macal tapmırlar. Onda hansı dublyajdan söhbət gedə bilər? Aktyora yaxşı maaş verilməlidir. Moskvada səsindən tanınan dublyaj aktyorları var. Məsələn, Lüi de Funesi səsləndirən bir aktyor həmişə onu səsləndirir. Yəni həmin aktyorlar hər zaman tələb olunan və seçilən dublyaj aktyorlarıdırlar. Azərbaycanda özümüzonun içində olmaqla hər sahədə peşəkarlıq aşağıdır. Bütün bəlalar da qeyri-peşəkarlığın ucbatından yaranır. Bir neçə il bundan öncə vahid dublyaj mərkəzinin yaradılması ideyası irəli sürülmüşdü. Bircə addım qabağa gedildimi? Heç olmasa Türkiyə təcrübəsindən yararlanaq. Türkiyədə bütün dublyajlar vahid dublyaj mərkəzindən idarə olunurkanallar da ora sifariş verir. Yüksək peşəkarlıqla çalışırlar. Mənim fikrimcə, pis dublyaj dilə münasibəti daha da pisləşdirir. Tamaşaçı ona baxmır, əksinə filmi rus, yaxud digər dillərdə təqdim olunan dublyajla izləyir. Bu, çox böyük dərddir. Dilə dırnaqarası yanaşmaq düzgün deyil. Şəhərdəki mağaza, otel adlarında fikir verin. Orada Azərbaycan kəlmələrinə, epitetlərinə, adlarına rast gəlmək çətindir. Dilə münasibəti elə oradan başlamaq lazımdır. Hələlik, bu səviyyə, bu imkanlarla dublyaj etməyimiz böyük işdir. Hətta sovet dönəmindəki dublyajlar məni o qədər də qane etmir. Dublyaj tamam başqa və gərəkli sənətdir. Bunun üçün aktyorlar yetişməlidir. Bir neçə aktyordan savayı bu sahədə peşəkar aktyorlar yoxdur. Mədəniyyət və İncəsənət Universitetində aktyorlara deyirlər ki, mətni elə oxumalısan ki, 30-cu sırada oturan adam belə səsini eşitsin və istər- istəməz aktyorlar qışqırıqla danışmağa başlayırlar. Bunun üçün xüsusi fakültənin, ixtisasın açılmasına gərək yoxdur. Sadəcə insanlar öz üzərlərində işləməlidirlər. Əgər aktyorlar dublyajdan lazımi miqdarda məvacib alsalar, başqa işin dalınca qaçmaz, dublyaj edəcəyi filmə əvvəl baxar, sonra onu edər.

- Bir mütəxəssis kimi çıxış yolunu nədə görürsünüz?

- Dublyaj mərkəzinin yaranması lazımdır. Bunun üçün də 1-2 milyon manat maliyyə xərclənəcək. Hələlik isə biz özfəaliyyət səviyyəsindəyik. Peşəkarlıqdan söhbət gedə bilməz.

- Aktyorların seçimində sizin də fikirlərinizə önəm verilirmi?

- Aktyorları rejissor seçir. Bu sahədə də rejissor lazımdır. Bilirsiniz, indi bütün televiziyalarda filmləri eyni aktyorlar səsləndirir. Ekrandan eyni səsləri eşitmək insanı bezikdirir. Mən şəxsən bizim dublyaj olunmuş filmlərə baxa bilmirəm. Çünki aktyorlar mətni ağına-bozuna baxmadan oxuyurlar. Halbuki, səslə oynamaq lazımdır. Ondan başqa tərcümə işində də yetərincə problemlərimiz var. Tərcüməçilərin əksəriyyəti Azərbaycan dilini yaxşı bilmirlər. Onu da qeyd edim ki, indiki dublyajda dərsliklərimizdə olduğu kimi dilimizin 400-500 sözündən istifadə olunur. Amma bu rəqəm Yaponiyada 4000, Almaniya 60 minə çatır.

- Qanuna uyğun olaraq film nümayişi sahəsində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq etmək məqsədilə ölkədə fəaliyyət göstərən bütün kinoteatrlar filmləri dövlət dilində nümayiş etdirməlidirlər. Bu qərarın özünü doğruldacağına inanırsınızmı?

- Əslində bunu kinoteatr etməməlidir. Siz fikir verin, bəzən bir filmi 3-4 televiziya fərqli formada tərcümə edir. Niyə? Ona görə də hesab edirəm ki, bu sahə mərkəzləşməlidir. Hazırda dövlət sifarişi ilə istehsal olunan filmlərin ən böyük bəlalarından biri məhz dillə, xüsusən də bədii cümlələrdən istifadə olunması ilə bağlıdır. Elə bilirsiniz, kinostudiyada işləyənlərin dilimizdən xəbəri var? Orada işləyən rejissorların çoxu təhsillərini Rusiyada alıblar. Onlara elə gəlir ki, cümlə düz getdisə, demək düzdür. O da böyük bəlalardan biridir.

- Axı mətnləri redaktorlar redaktə edirlər...

- Ola bilər ki, redaktor sözünü deyir, amma rejissor öz bildiyini edir, çünki filmin ağası rejissordur. Ümumiyyətlə, bilirsinizmi, bu gün Azərbaycan teatrı, kinosu ürəkaçan vəziyyətdə deyil. Dünyada bu qədər kino festivalları keçirilir, amma Azərbaycan orada təmsil olunmur. Sanballı bir kino nümunəniz yoxdur. Düzdür, kino sahəsində gürcülərlə, qırğızlarla, hətta türkmənlərlə müqayisədə Azərbaycan heç vaxt kinematoqrafik ölkə olmayıb. Bunun da əsas səbəbi rejissor problemidir.

- Bildiyimizə görə, sizin çəkilməyən kinossenariləriniz var. Onları Mədəniyyət Turizm Nazirliyinə təqdim etmisinizmi?

- Bəli, hamısını nazirliyə təqdim etmişəm. İlk ssenarim Ömər Xəyyamın həyatından bəhs edən “Əkmə qəm ağacı”dır. O, hətta Moskvanın “Ekran” Yaradıcılıq Birliyinin sifarişi ilə çoxserialı film kimi çəkilməli idi. Azərbaycanın ilk çoxseriyalı filmi olacaqdı. Amma son anda alınmadı. Şah İsmayıl Xətai haqqında yazdığım kinossenarinin də bəxti gətirmədi.Onu da çəkmək istəmədilər. “Oğlum, qardaşım əcəl” kinossenarimi də ekranlaşdırmadılar. Baxmayaraq ki, Mədəniyyət və Turizm Nazirliyində 20 kinossenari arasında “Oğlum, qardaşım əcəl”i bəyənilmişdi. Dedilər ki, əla ssenaridi, hətta Şeyx Əbdül çəkmək istədiyini bildirmişdi, amma son anda alınmadı. “Karvansaray” adlı digər bir ssenarim də Şərq detektivi ilə bağlı idi. Rejissorla hər bir məsələdə anlaşmışdıq. Sonda fikirlərimiz üst-üstə düşmədi.

- Televiziyalarımızın indiki vəziyyəti sizi qane edirmi?

- 20 il bundan əvvəl dediyim sözü bir təkrarlayıram. Biz hələ televiziyanın olduğunu dərk eləmirik. Bəzən mətbuata dördüncü hakimiyyət adını verirlər, televiziya bütün hakimiyyətlərdən ən üstünüdür. Televiziya qədər tamaşaçıya təsir edən yoxdur. Biz indi efirlərdə verilən mənasız ucuz şouların ağrısını sonra biləcəyik. Türkiyənin “O səs Türkiyə”, “Yetənək sizsinizverilişlərini biz zövqsüz, mənasız şəkildə təqlid edirik. Hələ mən serialları demirəm. Dövlət maliyyə ayırsa da biz hələ düz-əməlli teleserial çəkə bilmirik. Görünür, bizim üçün tezdir. Gəlin, başlayaq, amma peşəkar şəkildə işə yanaşaq. Mənim fikrimcə, televiziya - bədii televiziya filmləri çəkməkliydi. Yoxsa ölü süjetlə, aktyor oyunu ilə biz tamaşaçıya təqdim edirik? Bunun üçün iri planda oynayan aktyorlar lazımdır. Bizim isə aktyorlar zəifdir. Hələ çox öyrənməliyik.

- Dünya televiziyalarında insanlar yaşlı vaxtlarında da öz müəllif proqramlarını təqdim edirlər...

- Tamamilə doğrudur. Bizdə belə bir fikir var: xəbəraparıcıları mütləq gözəl olmalıdır. Amma BBC-nin xəbərlərini kök, zənci qadınlar təqdim edir. Xəbərlər”də tərəfsizlik birinci şərtdir. Tamaşaçı illərlə veriliş aparan aparıcıya yeni gələn aparıcıdan daha çox inanır. Azərbaycan televiziyaları aparıcı sarıdan kasaddır. Bir bizim aparıcılarda peşəkarlığın azlığı ilə yanaşı, dəhşətli dərəcə savadsızlıq var. Bizim aparıcılar veriliş aparmaqdan çox özünün kənardan necə görünməsi ilə daha çox maraqlanırlar.

 

Nigar Abdullayeva

Palitra.-2013.-6 noyabr.-S.11.