Xalça sənətində Lətif Kərimov yaradıcılığı

 

Layihə çərçivəsində yazımız Lətif kərimov yaradıcılığı ilə bağlıdır. Zəngin təbiətli Azərbaycan torpağı hələ qədim zamanlardan özünün sənət nümunələri ilə məşhurdur. İnsanlar keçmişdə təbiətdə rast gəldikləri ən adi şeylərdən: qamışdan, ağacdan, daşdan, gildən, sümükdən, dəridən və yundan məharətlə istifadə edərək öz həyat və məişətləri üçün əməli əhəmiyyətə malik bir çox əşya düzəltmişlər. Belə sənət nümunələrindən birixalça sənətidir. Xalça sənəti əsrlərdən - əsrlərə qədər gəlib çatmış, bu günöz inkişafını davam etdirməkdədir. Bu sənət sahəsində Azərbaycanın xalq-rəssamı Lətif Kərimovun əməyi xüsusilə qeyd edilməyə layiqdir. Məlum olduğu kimi xalçaçılıq xalq tətbiqi sənətinin ən qədim və xalqımızın həyatı ilə, onun mənəvi səviyyəsi və yaşayış tərzi ilə sıx bağlı olan sahədir. Lətif Kərimov bu bağlılığın dərinliklərinə varmaq, xalça sənətinin okean miqyaslı naxış dünyası ilə tanışlıq məqsədilə dağlara, daşlara, kəndlərə, ən uzaq yaşayış məntəqələrinə səfər edib, xalq ustalarının söhbətlərinə qulaq asıb, yaradıcılıq metodları ilə tanış olub, onlara məsləhətlər verib.

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əməkdaşı Aygün Abasova qeyd edir ki, dekorativ - tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilməsi, görkəmli sənətkara dünya şöhrəti gətirib. Digər tərəfdən o ürəkdən bağlandığı xalq sənəti ilə Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb. Aygün Abasova yazır: “Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov 1906 - cı il noyabrın 17 - də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olub. Azərbaycanın döyünən ürəyi olan bu səfalı diyarda, görkəmli şairlər, rəssamlar, xanəndə və məşhur musiqiçilər yetişib. Eləcə də bu çiçəklənən diyarda gələcək rəssamın, Lətifin uşaqlıq illəri keçib. Məhz burada o xalça sənətinin sirlərinə yiyələnib. 1912 - ci ildə Lətif Kərimov 6 yaşında olarkən valideynləri ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar olaraq İranın Məşhəd şəhərinə köçməyə məcbur olub. Hələ kiçik yaşından balaca Lətif onu əhatə edən mühitdə xalça naxışları görüb. Məhz xalçaçılıq sənətinə həvəsi onda sevimli anası Telli Hacı Nəsib qızı oyadıb. Bir dəfə Lətifin 5 yaşı olarkən anasının işlədiyi xalçada tünd - göy fonda ilmə işlədib. Lətif məktəbə getdiyi dövrdə artıq öz müəllim və yaşıdlarını incəsənətə olan istedadı ilə heyran edib. 1922 - ci ildə məktəbi bitirdikdən sonra Lətif Kərimov Mirzə Ələkbər Hüseynzadənin xalça emalatxanasında əvvəlcə köməkçi, sonra təlimatçı, daha sonra xalça eskizləri üzərində işləyən rəssam kimi püxtələşib. 1929 - cu ildə Lətif Kərimov öz doğma diyarına-Şuşaya qayıdır. Bir il sonra “Azərxalça” birliyində rəssam təlimatçı kimi əvvəl Şuşaya, Tiflisə və nəhayət 1932 - ci ildə Bakıya təyin edilir. 1945-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun xalça sənəti şöbəsinin dəyişməz müdiri və eyni zamanda M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda fəal pedaqoji aparıb”.

Dünya şöhrətli sənətkar Azərbaycan xalça yaradıcılığının fəal təbliğatçısı olan Lətif Kərimov dekorativ - tətbiqi sənət sahəsində görkəmli nəzəriyyəçi alim, üç cildlik “Azərbaycan xalçası” monoqrafıyasının müəllifi kimi də məşhur idi. Bu monoqrafiya xalça sənətinin bütün incəliklərinə dərindən yiyələnən rəssamın uzun illər apardığı elmi tədqiqat və zəngin təcrübəsinin bəhrəsidir. Müəllif bu əsərində özünün tətbiqi dekorativ incəsənətinin müxtəlif sahələrində göstərdiyi praktiki fəaliyyəti nəticəsində əldə etdiyi, sistemləşdirib ümumiləşdirdiyi çoxlu yeni məlumatları elm aləminə təqdim edib. I cilddən sonra Lətif Kərimovun səyi nəticəsində daha iki kitabı 1983 - ildə çapdan çıxıb. Muzey əməkdaşı qeyd edir ki, Lətif Kərimovun Azərbaycan xalça sənətinin hərtərəfli tədqiqinə həsr edilmiş əsərləri Azərbaycan xalqının əsrlər boyu davam edən zəngin bədii irsinin öyrənilməsi və mənimsənilməsi işinə qiymətli hədiyyəsi olub. Bakıda 1983 - ildə “Şərq xalçalarının incəsənəti” adlı beynəlxalq simpozium, 1988-ci ildə isə “Azərbaycan xalça sənəti” adlı beynəlxalq simpozium keçirilib. Hər iki simpoziuma dünyanın hər yerindən, xarici ölkə nümayəndələrinin, xalça sənətinin bilicilərinin, onun müxtəlif sahələrinin mütəxəssislərinin cəlb edilməsi L. Kərimovun adı ilə bağlıdır. Lətif Kərimovun Bakıda 1967 - ci ildə yaratdığı ölkədə ilk dövlət xalçaxalq tətbiqi sənəti muzeyi, alim-rəssamın milli mədəniyyətimizə sanballı töhfəsi olub. Keçirilmiş simpoziumlarda xalça muzeyinin bazasından istifadə edilib.

Aygün Abasova qeyd edir ki, L.Kərimov nadir süjetli-tematik xalçaların, metal, mərmər, çini məmulatın müəllifi, görkəmli qrafik rəssam və dizayner idi: “Sənətkarın milli ənənələrlə aşılanmış əsərləri kompozisiya bütövlüyü, təsvir vasitələrinin rəngarəngliyi və yeniliyi ilə fərqlənirdi. O, Azərbaycan mədəniyyətini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edib. Lətif Kərimov 1937 - ci ildə öz əsərləri ilə Ümumdünya Paris sərgisində, 1938-ci ildə Nyu-York sərgisində iştirak etməklə, Azərbaycan xalçaçılıq mədəniyyətinin şöhrətini yüksəldib. 1986 - cı ildə Londonda L. Kərimovun əsərlərinin fərdi sərgisi böyük müvəffəqiyyətlə nümayiş etdirilib. Rəssamın şəxsi sərgiləri Moskvada 1954 - ildə, Bakıda 1976 - cı ildə, Tiflisdə 1978 - ci ildə böyük müvəffəqiyyətlə keçirilib. Yaratmış olduğu Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyi onun doğma övladıdır. Lətif Kərimovun xatirəsini əbədiləşdirərək muzeyə onun adı verilib.

Lətif Kərimov hər şeydən əvvəl gördüklərinə və duyduqlarına yaradıcı münasibət bəsləyən sənətkar idi. Onun yaratdığı orijinal xalça nümunələri bunu təsdiq edir. Klassik irsdən gəlmə cəhətlər - kompozisiya bitkinliyi, məna dərinliyi, inandırıcı şərtlik ustadın yaradıcılığı üçün səciyyəvi keyfiyyətlərdir. Sənətkarın “Əfşan”, “Əcəmi Naxçıvani”, “Xətai”, “Ağaclı”, “Bəndi - rumi”, “Firdovsi”, “Şəbi - hicran”, “Əsrlərin nəğməsi” və s. xalçaları müasir Azərbaycan xalçaçılığının inkişafında mühüm mərhələ sayılır”. Qeyd edilir ki, L.Kərimovun ən uğurlu əsərlərindən biri 26 yaşında yaratdığı “Əfşan” xalçasıdır. “Əfşan” naxış kompozisiyasının mürəkkəbliyi və yaxud sadəliyi buruğun dövrəsinin ölçüsünə, onun tutduğu sahəyə görə müəyyən olunur. L. Kərimovun həmin naxış düzümünü, dərin məna ilə yükləməsi, təsvir motivləri ilə səsləndirə bilməsi onun yüksək sənətkarlığından xəbər verir. Lətif Kərimovun yaradıcılığında “Xətai” kompozisiyası xüsusi yer tutur. Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu kompozisiya həmişə xalçaçılıqda meyar hesab olunub. Lətif Kərimov böyük həvəs və inadkarlıqla onun çətin duyulan sirrini aşkarlayıb, yaratdığı xalçalarla bu kompozisiyanın imkanlarının nəhayətsizliyini göstərə bilib. Onun işlədiyi altıya yaxın çeşni bir - birindən baxımlıdır. Sənətkarın “Xətai” kompozisiyası ilə bağlı elmi - bədii düşüncələr tədqiqat əsərində öz əksini tapıb, Londonda çıxan məşhur “Xalı” jurnalında dərc olunub.

Lətif Kərimovu yaxından tanıyanlara onun klassik poeziyası və musiqiyə dərin bələd olması yaxşı məlumdur. O, Fizuli poeziyasını, muğamlarımızdakı dəyişkən ovqatı rəmzlərlə dolu naxışlar dünyası ilə qoşalaşdırmağa çalışıb. Aygün xanım bildirir ki, onun dahi şairimiz Məhəmməd Füzuliyə həsr etdiyi “Şəbi - Hicran” xalçası bu baxımdan maraqlıdır. Xalçanın orta hissəsində, göy yerində iri, onun yuxarı və aşağı tərəfində isə bir qədər kiçik ölçüdə iki dairəvi medalyon yerləşdirilib. Orta medalyon şairin, digərləri isə məhəbbətləri əfsanəyə dönmüş Leyli və Məcnun obrazları kimi qavranılır. Maraqlı cəhət budur ki, sənətkar xalçaçılıqda az rast gəlinən assimetrik kompozisiya prinsipinə müraciət edibbütün xalçanı bir - birini təkrarlamayan 600 nəbati naxış ünsüründən yaradıb. Sənətkarın “Səməd Vurğun” , “Nəsimi”, “Firdovsi” və s. xalçalarında naxışların poetik duyumla zənginləşdiyini, müəllifin həmin şairlərin sənət dünyasına bələd olmasının naxışlarda əbədiləşən ifasını görürük: “Lətif Kərimov klassik xalça kompozisiyalarına müasir görkəm və məzmun verməyi bacarırdı. Çünki o, müxtəlif ünsürlərdən və naxışlardan ibarət olan mürəkkəb ornamentlərin mənşəyini yaxşı bilir, yeri gəldikdə onların elmi və bədii cəhətdən açılışın göstərirdi. Onun məlum naxış elementlərinə yaradıcı münasibətini də qeyd etmək lazımdır. “Əsrlərin nəğməsi” xalçasını misal göstərmək olar. Bu xalça 1000 - ə yaxın məlum olan, lakin təkrarlanmayan xalça ünsürlərindən yaranıb. “Bəndi-rumi” kompozisiyasına əsaslanan sənətkar, heyvan, quşinsan təsvirlərinin sıralanan düzümündən bir ritm yarada bilib. Dahi sənətkar demək olar ki, 6 yaşından həyatının sonuna qədər ömrünü xalça sənətinə həsr edib və 85 yaşında dünyasını dəyişib. L. Kərimov ənənələri onun yetişdirdiyi sənətşünaslar tərəfindən davam etdirilir. L. Kərimovdan bəhrələnən gənc sənətşünaslar və xalça muzeyinin elmi əməkdaşları onun fəaliyyətini artıq dünya arenasına çıxarıb və bu yolu yorulmadan böyük əzmlə addımlayırlar”.

 

Anar Miriyev

Palitra.-2013.-7 noyabr.-S.11.