“Məqsədimiz Azərbaycanımızın
inkişafına müsbət töhfəmizi verməkdir”
Elçin Manafov: “Bir tələbə sosial
şəbəkələrdə itirdiyi
vaxtı mütaliəyə ayırsa, məzun olduqdan
sonra onun iş tapa bilməsində
heç bir problem ola bilməz”
“Gənc İstedadların Maariflənməsinə
və İnkişafına Dəstək” İctimai Birliyinin sədri
Elçin Manafovla müsahibəni təqdim edirik
- Rəhbəri olduğunuz təşkilatın əsas məqsədi
nədir?
-“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyi 2012-ci ilin dekabr ayının 6-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb. İB-in məqsədi Nizamnamə fəaliyyəti dairəsində qeyd edildiyi kimi, istedadlı gənclərin maariflənmələrinə və inkişafına dəstək olmaqla bərabər, onların müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə və istedadlarının müəyyən edilməsinə yardım etməkdir.
Gənclərin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməklə yanaşı, gənclər arasında milli-mənəvi dəyərləri, vətənpərvərliyi təbliğ edərək gündən-günə çiçəklənən Azərbaycanımızın inkişafında öz müsbət töhfəmizi verməkdir.
Başlıca devizimiz isə budur: “HƏR KƏS İSTEDADINDAN MƏSULDUR”.
Bizim fəaliyyətimizin əsas prioritet istiqamətlərindən biri də, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirləri həyata keçirməkdir.
-Cəmiyyətin
inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?
Vətən gözdür biz isə kirpik,
Daim onun keşiyini çəkirik.
Bugünkü gənclərimizin fəallığı bizə, dahi şairimiz Məmməd Aslanın bu sözünü deməyə əsas verir. Allah hər kəsə qarşı iki vəzifə borcu verir. Birincisi, özünə qarşı olanlar. İkincisi, cəmiyyətə. Birincinin cavabı bəlli olduğuna görə mən ikincinin üzərində dayanmaq istəyirəm. Bu vətən bizə keçmişimizin mirası, şəhidlərimizin əmanətidir. Bizim vətənimizə sahib çıxmağımız, milli-mənəvi dəyərlərimizi qorumağımız ən ümdə gələn vəzifəmizdir. Bir 20 il bundan əvvəlki Azərbaycanı düşünək, bir də indiki Azərbaycanı. Heç müqayisə olunası deyil. Gündən-günə çiçəklənən ölkəmizin inkişafı göz qabağındadır. Təbii ki, bu da dövlət başçısının hər sahədə olduğu kimi “gənclər siyasətini” düzgün yeritməsindən qaynaqlanır. Bizə bu ictimai birliyimizi təsis etməyə təkan verən amillərdən biri də məhz elə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramı oldu. Hesab edirik ki, bundan 20 il sonra Azərbaycan dünyada hər tərəfli sözünü deyən bir ölkə olacaq. Gənclər və İdman Nazirliyinin və Prezident Yanında Gənclər Fondunun yaradılması bütün bu söylədiklərimin bariz nümunələrindədir. Xüsusilə də Gənclər Fondunun gənclər təşkilatlarına və fiziki şəxslərə ayırdığı qrantlarbir daha onu göstərir ki, dövlət gənclərin arxasındadır. İnkişaf edən ölkələrlə, inkişaf etməkdə olan ölkələr arasındakı fərq onların (loru dil ilə desək) “bir ovuc yetişmiş insan”a sahib olmalarıdır.
- Gənclərimizin
ictimai-siyasi aktivliyi özünü necə göstərir?
-Bü gün gənclər Azərbaycan cəmiyyətinin aparıcı qüvvələridir. Siyasi amillər vasitəsi ilə meydana çıxan gənclik də var, oturduğu yerdən hər bir şeyə reaksiya verən, bütün ictimai-siyasi proseslərdə iştirak edən gənclik də. Gənclik hər yerdə var...
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə-gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.
-Ümumiyyətlə,
bu gün Azərbaycan
gənclərini əsas narahat edən nədir?
Daha doğrusu, bu nə olmalıdır?
-Çox gözəl və mənalı sualdır. Sizi inandırım ki, bu sual barəsində bəlkə də kitab nəşr etmək olar. Düzdür, hər kəs vətəndən danışa bilər. Ancaq əsas olan “vətəni təmsil edə bilməkdir”. Milli parkda istirahət edən bir gənc hər bir hərəkəti ilə əcnəbi qonaqlara milli mentalitetimizi sevdirə bilməsə, narahat olmalıdır.Sizə də məlum olduğu kimi; “hər kəs öz qapısının ağzını süpürsə, küçə təmiz olar”-deyə bir atalar sözümüz var. Əfsuslar olsun ki, bir çox gənc hələ bunu dərk etmir və ya edə bilmir. Bu nədən qaynaqlanır? Özünə inamsızlıqdan. Mövcud qanunvericiliyə görə ölkədə gənclər üçün müəyyən edilmiş yaş həddi 14-29 yaş arasıdır. Məsələn 14 yaşındakı bir gənc özünə xəyal qurur. Tutaq ki mən, universitetə qəbul oldum. Necə oxuyacam? Təhsil haqqımı necə təmin edəcəm. Ev kirayəsi, gündəlik xərci və s. Əslində pis də düşünmür. Ancaq doğru da düşünmür. Hötenin gözəl sözü var: “İnsanlar inandıqları kimi yaşamazlarsa, yaşadıqları kimi inanmağa başlayarlar”. Bu gənc özünə inansa ki, mən gecəmi gündüzümə qataraq çalışacam və Prezident təqaüdü alacam-deyə özünə hədəf qoysa görəcək ki, bütün problemlər həll olundu.
Bir insan bir işi edə
biləcəyinə inansa
da haqlıdır, inanmasa da. Əminliklə
vurğulamaq istəyirik
ki, bir tələbə
gənc sosial şəbəkələrdə itirdiyi vaxtı mütaliəyə ayırsa,
onun məzun olduqdan sonra iş tapa bilməməsindən
söz belə gedə bilməz. Bu gəncimizi narahat
etməlidir.
İşğal altında olan torpaqlarımızın azad
edilməməsi, bəzi
gənclərimizin cahilliyi,
pis vərdişləri
(narkomaniya, dələduzluq
və s.) olan gənclərimizi doğru
yola gətirə bilməmək, gənc ailələrin dağılmasına
əngəl ola
bilməmək və
s. neqativ hallar Azərbaycan gəncini narahat etməlidir. Həmçinin Qarabağ
həqiqətlərini dünya
ictimaiyyətinə çatdıra
bilməmək, ölkə
adına yeni nailiyyətlər, ixtiralar edə bilməmək və s. saymaqla bitməyən hədəflər narahatçılığa
əsas olmalıdır.
-Azərbaycan gəncləri öz üzərinə düşən
məsuliyyəti anlayırmı?
-Qismən. Bizim 2009-cu ildə “Əsl
Gənc” kitabımız
işıq üzü
gördü. Kitabın ilk səhifələrində “gənc”
sözünün ətraflı
açılışını etmişik. “Gənc”
sözü farsca bir kəlmə olub, mənası “xəzinə” deməkdir.
Köynəyin üst düyməsini
səhv düymələyəndə
digər düymələr
də səhv düymələnir. Bunun nəticəsidir
ki, bu gün
bir çox gənc universitet məzunu olduğu halda bazarda ticarətlə
məşğul olur.
Düzdür, ticarətlə məşğul
olmaq da halallıq qaydalarına riayət olunsa, şərəfli bir işdir. Bunu hər kəs
yaxşı bilir.
Bunda
problem olası heç
nə yoxdur. Amma problem ondadır ki, həmin o şəxslər
deyir ki, “oxumaq boş şeydir. İki diplomum ola-ola
bu gün bazarda kartof satıram.” Gerisini siz düşünün.
Bu hansı düşüncənin
bəhrəsidir?
“Vətən üçün
ölmək vardır. Lakin vəzifən yaşamaqdır”
düsturundan yola çıxaraq deyə bilərik ki, yaşamaq başqasına faydalı ola
bilməkdir. Başqasına faydalı olmaq
istəyən isə özündən başlamalıdır.
Ən böyük sərmayə
insanın özünə
qoyduğu sərmayədir.
Universitet məzunu olub,
vaxtını səmərəli
istifadə edərək
xarici dillər öyrənib və müasir texnologiyanı mənimsəyən neçə
gəncin işsizliyinə
şahidik? Əmin olun
ki, bu sualın
cavabı nadir hallarda verilə bilər.
Digər bir nüans da ondan ibarətdir
ki, gənclər “gəncliyinin məsuliyyətini”
gəncliklərində sözün
həqiqi mənasında
dərk edə bilmirlər. Gənclik bir dəfəyə
məxsusdur. Bir daha belə bir şansının olmayacağını düşünən
gənc: “Gənclik bahar fəslinə, qocalıq isə qışa bənzəyir.
Elə bir qış ki, ardından bir daha bahar
gəlməyəcək”-düsturunu
dərk edə bilən gəncdir.
-Gənclər maariflənməklə öz
biliklərini artırmağa
hansı maraq göstərirlər?
-Gənc nəslin elm və təhsilə marağı lazımi səviyyədədir. Amma, əsas
nəticədir. Biz kəmiyyət
baxımından hamının
ali təhsil
alması prinsipi ilə yanaşmamalıyıq,
bizim üçün
əsas təhsilin keyfiyyəti olmalıdır.
Azərbaycana hər bir sahədə kadrlar lazımdır. Ona görə biz həm ali, həm
də peşə təhsilinin inkişafını
təmin etməli və gənclərin öz istəkləri, əmək bazarının
tələblərinə uyğun
olaraq həm ali, həm də
peşə təhsilinə
yönləndirilməsini stimullaşdırmalıyıq.
-QHT olaraq gənclərlə bağlı
hansı layihələr
keçirirsiniz?
-Hər kəsin çox istifadə etdiyi məhşur “mənə balıq yeməyi öyrətmə,
tutmağı öyrət.
Çünki yeməyi öyrətsən
bir dəfə, tutmağı öyrətsən
hər dəfə qarnım doyacaq”-deyə bir hikmətli
söz var. Biz də bu səbəblə əsas prioritet istiqamətimizi gənclərimiz
üçün müxtəlif
kurslar, seminarlar təşkil etməyə
yönəldirik. Hal-hazırda Gənclər Fondunun maliyyə dəstəyilə “Sahibkarların
hüquqlarının qorunması
mexanizmləri” adlı
layihəni icra edirik. 50 müdavim
bu ödənişsiz
kursumuzdan yararlanır.
Təşkilatımız yeni dövlət
qeydiyyatına alındığına
görə gələcəkdə
bu layihələrin daha çoxunu sizə misal gətirərik.
Fuad Hüseynzadə
Palitra.-2013.-9 noyabr.-S.6.