“Dünyanın ən bahalı universitetində
təhsil almağımda dövlətimizin böyük
rolu var”
“Otelçilik,
turizm ilk dəfə
İpək Yolunun üzərində yerləşən
Azərbaycan ərazisində olan karvansaraylarda yaranıb”
Azərbaycandan xarici ölkələrdə ali təhsil almaq üçün gedən gənclərin sayı artmaqdadır. Bu tələbələr arasında xüsusi istedad, bacarıq və təşkilati işlərdə seçilənləri də az deyil. Belə gənclərimizdən biri Fidan Sultanovadır. O, hazırda İsveçrənin Glion Universitetində turizm və otelçilik biznesini öyrənir. Maraq üçün onu da bildirək ki, Fidan Sultanova 2009-cu ildə Azərbaycana ekologiya sahəsində keçirilən INEPO (International Environmental Project Olympiad) dünya olimpiadasının medalını qazandırıb. Fidanın “Palitra”ya müsahibəsini oxuculara
təqdim edirik.
-Dünyanın ən perspektivli ali
təhsil ocaqlarından biri olan Glion Universitetində təhsil
alırsınız. Belə bir uğura necə nail oldunuz?
- Mən hələ orta məktəbdə təhsil alarkən təhsilimə xüsusi önəm verirdim və müxtəlif fənn olimpiadalarında da fərqlənirdim. Bundan başqa fərqli-fərqli bilik yarışlarında iştirak edir biliyimi daha da təkmilləşdirirdim. Görünür buna görədir ki, Azərbaycan -Türkiyə Özəl Qafqaz Gimnaziyasını fərqlənmə ilə bitirməyi bacardım. Yəqin ki, bütün bunlar və bütün gənclərdə olduğu kimi məndə də yaranmış ölkədən kənarda ali təhsil almaq marağı xüsusi dövlət proqramıyla bu universitetdə təhsil almağıma kömək oldu. Ancaq onu da bildirim ki, böyük mənəvi dəstəyi valideynlərimdən almışam. Anamın və atamın hər zaman ən böyük arzularından biri olub ki, övladları vətənə savadlı, xeyirli bir vətəndaş olsun, bu yöndə yetişsin. Yəni onlar da uşaqlıqdan məni bu prinsiplər əsasında böyüdüb tərbiyə ediblər. Məktəbdə də daim fəallığım ilə seçilmişəm və bütün tədbirlərin təşkilatında xüsusi rolum olub. Beləcə, ən böyük arzu kimi xaricdə təhsil almaq fikri məndə daha da gücləndi. Təbii ki, istək və maraq varsa, buna doğru addımlamalısan. Bakıda keçirilən təhsil yarmarkalarında da iştirak aktiv iştirak edib xarici universitetlər haqqında məlumat toplamağa başladım. Konkret olaraq təhsil sahəsinə gəldikdə isə turizm-otel sektoru həmişə marağımı cəlb edirdi. Həmin zamanlarda da ən çox inkişaf etdirilən sektor məhz turizm idi.
- İsveçrədəki
təhsil sistemi daha çox hansı xüsusiyyətləri ilə
seçilir?
-İlk öncə onu deyim ki, dünyanın ən gözəl və inkişaf etmiş ölkələrindən olan İsveçrə turizm sektoru üzrə bütün dünyada birincidir. Biz tələbələrə isə bu universitetdə otelçiliklə bağlı olan bütün sirləri, hər şeyi sıfırdan öyrədirlər. Birinci olaraq teorik hissəsini keçirik. Hətta maraqlı bir faktoru da nəzərinizə çatdırım ki, bizə burada verilən kitabların birində yazılmışdı ki, otelçilik, turizm ilk dəfə “İpək Yolu”nun üzərində yerləşən Azərbaycan ərazisində olan Karvansaraylarda yaranmışdı. Təbii ki, bu məqamda da böyük fəxr hiss keçirməyə bilməzdim. Sonradan isə yavaş-yavaş məşhur otellər, brendlərin yaranmasını, onların hansı teoriyalar əsasında inkişaf etməsini keçirdik. Ən sonda bizə çox maraqlı 4 aylıq proyektlər verilir ki, özümüz tam olaraq sıfırdan başlayıb bir otel yaradırıq. Daha sonra isə bunun praktik hissəsinə keçirik. Maraq üçün bildirim ki, bu praktik hissədə ilk günlərdə hərbi rejim kimi səhər 6 dan axşam 9-a qədər dayanmadan işləyirdik. Bu iş rejimimizdə isə biz ofisiant, nəzarətçi, menecer, aşbaz, resepşionist kimi də özümüzü sınayır ve get-gedə vəzifələrimiz, məsuliyyətimiz artırdı. Bütün bunlar ona görə keçirilir, tədris olunur ki, biz baş menecer olanda hər bir işçimizin işindən xəbərdar olaq və gələcəkdə daha mükəmməl bir kadr kimi fəaliyyətə başlayaq. İsveçrədəki təhsilimin ən böyük müsbət cəhəti də odur ki, burada oxuduğum 3 il yarımlıq bir müddətdə “Hilton”, “Four seasons” kimi məşhur otellərdə “sales and marketing” departamentlərində 1 illik iş təcrübəsi qazandım.
Qısası, İsveçrədəki təhsilin öz əlliklərindən birini sizə izah etdim. Digər maraqlı məqamlar da burada çox olur.
-Dediyiniz
kimi dünyada turizm üzrə lider olan belə bir məşhur
və tanınmış ölkənin universitetində turizm və otelçilik biznesinin sirlərini öyrənirsiniz. Azərbaycan
da kifayət qədər turistik
bir ölkəyə çevrilib.
Təhsilinizi bitirdikdən sonra ölkəmizdə
karyeranızı qurmağı düşünürsünüzmü?
-Bu sualla çox rastlaşıram. Bunu məndən soruşan olanda həmişə iki cavabım olur. Məncə, seçim edərkən öncə Azərbaycanı-bizi dəstəkləyən dövlətimizin mənafeyini düşünmək lazımdır. Ola bilər ki, bizlərə xarici ölkədə elə bir iş təklif olunsun ki, orada işləməklə biz Azərbaycanı layiqli təmsil edək, öz mədəniyyətimizi yayıb təbliğatlar da aparaq. Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda hansısa addımların atılmasına köməkçi olaq. Mənim fəaliyyət sahəmin bu işə aidiiyyəti olmadığını düşünənlər çox ola bilər, amma inanın ki bu istiqamətdə də bir sıra töhfələrimizi verə bilərik. Amma digər nöqteyi-nəzərdən Azərbaycanın turizm sektorunun inkişafı üçün savadlı və öz işini bilən kadrlar lazımdır. Ona görə də mən təhsilimi bitirdikdən sonra Azərbaycanıma qayıdıb bildiklərimi və öyrəndiklərimi burada təbliğ etməyə çalışacam.
-Son
zamanlarda xarici ölkələrdə
təhsil alan gənclərimizin sayı
artıb. Bu işdə “Xaricdə Təhsil
üzrə Dövlət Proqramı”nın da
böyük rolu olub. Ölkədə gənclərə
göstərilən bu cür
diqqəti necə dəyərləndirirsiniz?
-Bu gənclərə verilən
çox böyük
imkandır. Mənim təhsil aldığım
universitet dünyanın
ən bahalı universitetlərindən biridir. Orada təhsil
almaq mənim üçün bir xəyal idi. Amma bu proqram sayəsində
mənim kimi bir çox tələbələrin arzusu
reallaşır. Buna görə də gənclərə daim diqqət ayırıb qayğı göstərən
Prezident İlham Əliyevə çox minnətdarıq. Xaricdə
təhsil alan
gənclərimiz hər
il ölkəmizdə
keçirilən bəzi
forumlarda cəmlənir.
Xaricdə təhsil alan gənclərimizin
sayı artdıqca bizim xarici ölkələrdəki
diasporamız da güclənir. Loru dildə desək
söz demək haqqımız da çoxalır. Bizi müsbət
tərəfdən çox
tanıyırlar və
bir çox hallarda haqlı səsimizə səs verib bizə dəstək də olurlar. Mən təhsil aldığım
universitetə gələndə
Azərbaycanlı tələbələrin
sayı 2-3 idi. Məndən
soruşanda ki, hansı ölkədənsən
cavab verirdim Azərbaycandan. Bir çox
hallarda bu sual verənlərin çoxunda sual yaranırdı ki, Azərbaycan haradır?
Harada yerləşir bu ölkə? Lakin indi Dövlət
Proqramı sayəsində
bizim sayımız 23 nəfərdir və bizim fəallığımız
nəticəsində artıq
hamı orada Azərbaycanı-Odlar Yurdunu
tanıyır!
- İsveçrədə
azərbaycanlı gənclərin,
tələbələrin təşkilatlanma
işləri nə yerdədir? Təhsilinizi davam etdirməklə yanaşı əcnəbi
tələbələr arasında
Azərbaycan həqiqətlərinin
təbliğini də
aparırsınızmı?
- Biz azərbaycanlı tələbələr
olaraq, İsveçrədəki
Azərbaycanlı Tələbələr
Birliyini yaratmışıq.
Hər il
İsveçrədə keçirilən
94 millətin iştirak
etdiyi mədəniyyət
festivallarında aktiv iştirak edib mədəniyyətimizi yəni
rəqs və s. eləcə də mətbəximizi təbliğ
edərək ölkəmizi
lazımi səviyyədə
bu festivalda təmsil edirik. Bu istiqamətdə uğurlu nailiyyətlər
də əldə edirik. Hətta 3 dəfə 1-ci yeri qazanmışıq.
Oxuduğum universitet çoxmillətliliyi
ilə seçilir və belə bir yerdə birincilik əldə etmək zənnimcə çox böyük uğur sayılmalıdır.
Qarabağ, Xocalı soyqırımı
haqqında da məlumatlar verib xüsusi kitablar paylayırıq və Xocalı soyqırımı
ilə əlaqədər
xüsusi aksiyalar da keçiririk. Hamımız toplaşıb bu faciə ilə bağlı həqiqətləri
özündə əks
etdirən broşürləri
paytaxtda paylayırıq.
Bununla da həqiqətləri oradakı insanlarla bölüşürük ki,
bunun da effekti olur. Hətta onlardan bu istiqamətdə
imzalar da toplayırıq. Sonra isə
o imzaları İsveçrə
Parlamentinə təqdim
edirik. Hətta ölən insanların
xatirəsinə qara şamlar da düzəldirik və daha çox maraq cəlb edən bir tədbir
formasında bunu təşkil edib göyə qara şarlar da buraxırıq. Bacardığımız qədəriylə həqiqətləri
üzə çıxarmağa
çalışırıq. Bütün bunların təşkilatında
İsveçrədəki Azərbaycan
səfirliyinin və şəxsən cənab səfirimiz Əkrəm Zeynallının da böyük rolu olur. Onların köməkliyi də
təqdirəlayiq haldır.
Tural Tağıyev
Palitra.-2013.-9 noyabr.-S.5.