“Mən həyatımı musiqiçi olaraq yaşayıram”
Mustafa Aşurov: “Bülbül adına musiqi məktəbində həm milli musiqi, həm klassik, həm də xalq çalğı alətlərində klassik musiqi ifa edən istedadlı gənc nəsil yetişir”
Mustafa Əhməd oğlu Aşurov 1991-ci il
iyulun 31-i Qazax rayonunda anadan olub. 2008-ci ildə Gültəkin Əsgərova adına
200 saylı orta məktəbi bitirib. 2001-2008-ci illərdə L. və M. Rostropoviçlər adına
21 saylı, 11 illik musiqi məktəbinin “Xalq çalğı alətləri” şöbəsində tar ixtisası üzrə təhsil alıb. 2003-cü ildə Xalq artisti, tarzən Hacı Məmmədov adına
VI musiqi müsabiqəsində, müsabiqədənkənar iştirak edib və “Diplomant” adına layiq görülüb. 2005-ci ildə xalq artisti tarzən Hacı Məmmədov adına
VII musiqi müsabiqəsində I dərəcəli diploma layiq görülüb. 2005-ci ildə “Oxu tar-2005” I
Bakı müsabiqəsinin
I dərəcəli diplomuna layiq görülüb.
“Pöhrə-2005”
özfəaliyyət kollektivlərinin respublika
baxış müsabiqəsinin
I dərəcəli diplomuna layiq görülüb.
2005-ci ilin dekabr ayında Kiyev şəhərində
keçirilən
Beynəlxalq “Delfi”
oyunlarında, “Milli musiqi alətləri” nominasiyası
üzrə
“Qızıl medal”a layiq görülüb. 2008-ci ildə
Xalq Çalğı Alətləri üzrə respublika müsabiqəsinin I dərəcəli
diplomuna layiq görülüb. 2012-ci ildə Azərbaycan Dövlət Milli
Konservatoriyasını fərqlənmə diplomu ilə
bitirib, magistratura pilləsinin
dirijorluq ixtisasına qəbul
olub. 2010-cu ilin yanvar ayında təhsildəki uğurlarına görə Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərov adına
mükafatın laureatı olub. Prezidentin 14 iyun 2007-ci il tarixli sərəncamına əsasən, Mustafa Aşurovun adı “Qızıl kitab”a
yazılmaqla, Prezident təqaüdünə layiq görülüb.
Müsahibimiz
beynəlxalq
müsabiqələr laureatı, Bülbül adına
orta ixtisas musiqi məktəbinin müəllimi, Azərbaycan Milli Konservatoriyasının magistri və Prezident təqaüdçüsü
Mustafa Aşurovdur:
- Mustafa müəllim, pedaqoji fəaliyyətinizdə gənclərdən nəyi tələb edirsiniz?
- Mən pedaqoji fəaliyyətimə bu ildən başlamışam.
Uşaq yaşlarımdan respublikamızın Xalq artisti,
Prezident mükafatçısı, həm Dövlət Kamera Orkestrının, həm də Dövlət Simfonik Orkestrının bədii rəhbəri və baş dirijoru Teymur müəllimlə birlikdə
çalışmışam. Teymur müəllim böyük
etimad göstərərək, məni
rəhbərlik etdiyi məktəbə
müəllim kimi dəvət edib. Biz də bir müəllim kimi tələbələrə tədris
etdiyimiz ixtisasla bizə
göstərilən etimadı
doğrultmağa çalışırıq. Biz imtahanlarla bərabər, həm də konsertlərə hazırlaşırıq. Şagirdləri
konsertlərə hazırlamaqla
onların bir musiqiçi kimi formalaşmasını,
istedadlarını üzə
çıxartmaq və
ən əsası onları bu
sənətə həvəsləndirməyə məcbur edir. Bununla
da onlar həm də çəkdikləri əziyyətin bəhrəsini görürlər.
- Bir musiqiçi kimi bu gün
uşaqlardan musiqiyə olan baxışları ilə əlaqədar olaraq, nəyi tələb edirsiniz?
- Təbii ki, hər dövrün musiqisi fərqli olduğu kimi, hər dövrün musiqiçiləri də fərqlidir. Proqramda
olan əsərləri öyrənmək və onları
böyük sənətkarların
ifasında dinləməklə bərabər, onlardan ürəklərinin səsini
dinləməyi də tələb
edirik ki, öz əlavələrini etməyi
bacarsınlar. Təbii
ki, bunu bayağı yolla deyil, daha professional şəkildə etməyi bilməlidirlər. Bu zaman tələbə ilə sanki, müəllim-tələbə münasibətindən əlavə bir dost kimi məsləhətləşirik. Çox
vaxt tələbəni öyrədərkən, özümüz də öyrənirik.
-Bəzən, uşağın
istedadı böyük olduğu üçün müəllim ona daha böyük əsər verir. Sizin fikrinizcə, bu uşaqda psixoloji cəhətdən çətinlik yaradırmı?
- Təbii ki, böyük əsərlərlə uşağı yükləyəndə, uşaq özünü
yüklü kimi hiss edəcək. Amma əsəri hissə-hissə işləyib
hazırladıqdan sonra, məncə artıq bu
yükün öhdəsindən gəlmək sevinci yükün
ağırlığını üstələyir. Elə
şagirdlərdə var ki, onların
istedadı yaş həddindən daha yüksək olur. Bu da insanın formalaşmasına heç bir
psixoloji və mənəvi çətinliklər yaratmır. Əsasən üstün cəhətlər daha çox olur. Çünki, çox vaxt fitri
istedadı olan şagird dərs
proqramının çətinliyini
hiss etmir.
-Siz də vaxtilə müsabiqələrdə laureat olmusunuz. Bəs siz
bu proseslərdən necə keçmisiniz?
Bu sizdə
çətinlik
yaratmayıb ki?
- Qeyd
etdiyim kimi, mən Teymur müəllimlə çalışmışam. Teymur müəllim gözəl musiqiçi olmaqla
bərabər, həm də tələbkar
müəllim idi.
Biz müəllimliyi
ondan öyrənmişik.
O, bizdən necə tələb edibsə, biz də öz şagirdlərimizdən tələb edirik. Sizə
maraqlı bir hadisəni
danışmaq istəyirəm. Biz Fransaya səfərə hazırlaşırdıq. Dünyaca məşhur
bir əsər var ki, bu əsər musiqiçilər arasında rekord sayılır.
Bu əsər görkəmli rus bəstəkarı “Arı uçuşu” əsəridir. Bu əsər çox sürətli əsərdir. Teymur məndən soruşdu ki, bu əsəri ifa etmisən?
Dedim ki, bəli. Biz bir neçə
gündən sonra
Fransaya yola düşdük. Bu proqramda mən artıq iki əsər ifa edirdim. Biz
məşqdə bu əsəri ifa etdik. O zaman məlum oldu ki, biz ayrı-ayrı
tonallıqlarda ifa edirik. Teymur müəllim mənə bu əsəri yeni formada işləyib, orkestrə
uyğunlaşdırmağı tapşırdı. Bu mənim
professionallığımın ilk addımı idi. Mən əsəri bir günə hazırladım. Teymur müəllim
əsəri Parisdə yoxladı və biz onu konsertdə uğurla ifa etdik.
-Tədris etdiyiniz musiqi aləti tardır. Bəs, tələbələriniz daha çox
hansı musiqi janrlarına üstünlük verirlər? Hansı musiqini ifa etmək
onlara zövq verir? Milli, yoxsa, dünya klassikası?
- Hazırda
sinfimdə ixtisası sırf tar olan tələbələr var. Amma elə tələbələr var ki, ixtisası xanəndəlik olsa da fakultativ olaraq, tarla
məşğul
olurlar. Təbii
ki, proqramdan əlavə tələbələrin də
istəyini nəzərə
alırıq. Tələbələrin
proqramı ixtisasından asılı olaraq dəyişir. Xanəndəlik ixtisası üzrə təhsil alan tələbə daha çox muğamlara meyl
edir. Biz də
ona təsnifləri, xalq
mahnılarını, rəngləri öyrədirik. Marağı olan tələbələrə proqramdan əlavə klassik musiqiləri öyrədirik.
Bülbül adına musiqi məktəbində həm milli musiqi, həm klassik, həm də xalq çalğı alətlərində klassik musiqi ifa edən istedadlı gənc nəsil yetişir. Dünya
xalqlarının əsərlərini xarici musiqi alətlərində ifa edən tələbələr təbii ki, muğam dərslərində iştirak edirlər. Bu da musiqiçinin hərtərəfli inkişafında böyük
rol oynayır.
-Elə tələbə var ki, böyük
istedadı olsa da böyük səhnələrə çıxmaq həvəsi yoxdur. Amma elə tələbə də var ki, istedadı yüksək olmasa da böyük səhnələrə çıxmaq istəyir. Bu zaman
müəllimlə tələbə arasında necə əlaqə
yaranır?
- Dərs keçməklə bərabər, bizim borcumuz odur ki, tələbəni bu sənətə daha da həvəsləndirək. Çünki,
bir müddət
keçdikdən
sonra fiziki cəhətdən yorğunluq yaranır. Təbii
ki, evdə də diqqət böyük
olmalıdır. Deyərdim
ki, valideynlərin də tələbi
müəllim tələbi ilə
eynidir. Eyni zamanda böyük sənətkarlarımızın və ya
özümüzün xarici ölkələrdə olan
çıxışlarının videolarına baxaraq, həvəslənirlər. Demək
olar ki, bu gün böyük səhnələrdə
çıxış etmək
istəyən tələbələrin sayı daha
çoxdur. Böyük səhnələrdə
çıxış etmək
istəməyən tələbələrin
sayı isə yox səviyyəsindədir.
- Dünya üzrə keçirilən müsabiqələrdə iştirak edən şagirdlərin sonrakı təhsili ilə əlaqədar müəllimlər hansı tədbirləri görürlər?
- Biz
qabaqcadan bilirik ki, tələbə hansısa müsabiqədə iştirak edəcək. Dərslərində geriləmə olmaması üçün biz ona
proqramı yükləyirik.
Onu əvvəlcədən
hazırlayırıq ki, konkursda yüksək nəticə əldə
etsin. Bəzən elə olur ki, konkursda ifa
edəcəyi əsəri proqrama salırıq ki,
şagirdə
yük olmasın. Təbii
ki, konkursda iştirak edib, Azərbaycanı
təmsil etmək onun
üçün ən
böyük imtahandır.
- Sizcə, respublika üzrə keçirilən yarışmaların səviyyəsi nə dərəcədədir?
- Bülbül adına orta ixtisas musiqi məktəbində Teymur müəllimin biz müəllimlərə olan tapşırığı budur ki, şagird ixtisasını sadəcə öyrənməsin. İxtisasını yüksək səviyyədə mənimsəsin. Ən əsası, keçirilən müxtəlif müsabiqələrdə iştiraka tam şəkildə hazır olsun. Dövlətin Azərbaycan musiqisinə diqqəti göz önündədir. Artıq bir neçə ildir ki, bu məktəbdə dahi sənətkarımız-Bülbülün adına konkurslar keçirilir. “Muğam” Respublika müsabiqəsini və başqa müsabiqələri də misal göstərmək olar ki, bu gün yüksək səviyyədə hazırlanır. Ölkəmizdə gənc ifaçıların daha da həvəsləndirilməsi və inkişafı üçün lazımi şəkildə tədbirlər görülür və yüksək dərəcədə şərait yaradılır. Burada əsas vəzifə iştirakçının üzərinə düşür ki, göstərilən imkanlardan maksimum yararlansın və öz üzərində zəhmət çəkib istedadını dəyərləndirsin.
-Bildiyimiz kimi, triolar orta və ali
ixtisaslarda tədris olunur. Siz necə, tədris proqramında bu iş üzrə hazırlıq proqramı
aparırsınız?
- Təbii ki, elə tədbirlərimiz olur ki, konsertlərdə şagird xanəndə ifa etməlidir. Onun tar və kaman ifaçıları
müəllimlərdir. Lakin, biz müəllim
heyəti olaraq, mən və başqa müəllimlər öz şagirdlərimizi bu üzrə hazırlayırıq,
kamança müəllimləri də öz şagirdlərini. Daha sonra birgə
məşqlərdən sonra şagirdlərdən
ibarət trio
hazırlayıb səhnələrə
çıxardırıq. Bununla da konsertlərdə xanəndə şagirdi artıq
müəllimlər deyil öz həmyaşıdları
müşayiət
edir. Biz şagirdlərimizi
hər sahədə sınayırıq ki, uşaq həm hərtərəfli
böyüsün, həm
də hansı sahəyə daha çox marağı
olduğunu özümüzdə
müəyyən edək. Məsələn, elə
uşaq var ki, solo ifadan çox müşayiətə həvəsi
böyükdür.
-Təhsilli gənc olaraq sizin bugünkü gənclik haqqında
düşüncələriniz...
- Bir sözlə onu deyə bilərəm ki, bu gün Azərbaycan çox inkişaf edib. Artıq dünyanın bir çox inkişaf edən ölkələri arasında öz sözünü deyib. Bu da o deməkdir ki, Azərbaycan gəncliyi inkişaf edib. Gələcəyimizi də inkişaf etdirmək bizim üzərimizə düşdüyü üçün, biz də öz üzərimizdə daha çox məşğul olmalıyıq. Əlbəttə ki, dövlət gəncliyə böyük şərait yaradır.
-Gənc
olaraq musiqi sahəsini seçdiniz.
Musiqi həyatınızda nələr
dəyişdi?
- Öz həyatımı musiqisiz təsəvvür edə bilmirəm. Mən həyatımı musiqiçi olaraq yaşayıram. Bu mənim üçün daha maraqlıdır. Özümü heç bir sahədə təsəvvür edə bilmirəm. İşimdən aldığım zövq çəkdiyim əziyyətdən çoxdur.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-14 noyabr.-S.13.