“Xalqın içindən çıxmayan
mədəniyyət onun varlığına və gələcəyinə xidmət edə bilməz”
Faiq Ələkbərov:
“Millət
milli-mənəvi dəyərlərdən
uzaqlaşdırılarsa,
əxlaqi-mənəvi
aşınma baş verər”
Layihə çərçivəsində müsahibimiz AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərovdur (Qəzənfəroğlu). Faiq müəllim bizimlə müsahibəsində sovetlər dönəminin ən gərgin olan ilkin vaxtlarında Azərbaycanda milli məfkurənin, dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsinin çətinliklərindən danışdı. Məlum olduğu kimi, həmin illər repressiyalar dövrüdür və bu baxımdan maraq doğurur.
-Sovetlər
dövrünün ilk
vaxtlarında milli ədəbiyyat
və
milli dilimizdə
yaradıcılığın çətinlikləri
barədə
fikirlərinizi
bilmək
istərdik.
- Sovetlər Birliyi dövründə (1920-1991) Azərbaycanda milli məsələ ilə bağlı milli ədəbiyyat və milli dil sahələri əsas problemlərdən olub. Sovet ideoloqları kommunizm, sinifsiz cəmiyyət qurmaq adı altında Azərbaycan millətinin keçmişinə aid bütün mədəni irsini, o cümlədən ədəbiyyatını və dilini təftiş etməyə başladılar. 27 aprel işğalından sonra Azərbaycanda milli mədəniyyətin əvəzinə, guya onu əvəz edən “proletar mədəniyyət” - “proletkultçuluq” yaradılırdı. Hətta iş o yerə gəlib çatmışdı ki, bir müddət Azərbaycan aydınlarından Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir və başqalarına belə heykəl qoyulması “fəhlə işi”nə xəyanət hesab olunmuşdu. Çox keçməmiş Novruz-Yeni gün bayramı yasaq edilərək tar, kamança və dastanlarımız isə keçmişin qalığı kimi tənqid olunmuşdu. Milli-mənəvi dəyərlərə qarşı tədbirlər «mədəni yürüş», «rədd olsun tar!», «rədd olsun kamança!» kimi şüarlar altında keçirilmiş, Azərbaycanda mədəni yürüşün yeni formaları - «mədəni estefeta», «mədəni hücum» meydana çıxmışdı. Zənnimcə, Sovetlər Birliyi dönəmində Azərbaycan-türk ədəbiyyatı 2 mərhələdən - sovet beynəlmiləlçi (kosmopolit) ədəbiyyatı ilə milli ədəbiyyat arasında kəskin mübarizə (1920-1940); ikincisi, sovet beynəlmiləlçi (kosmopolit) ədəbiyyatının milli ədəbiyyat üzərində formal hökmranlığı və milli ədəbiyyatın yenidən dirçəlişi (1940-1991) keçib. İlk mərhələdə, yəni, 1920-1940-cı illərdə (1940-cı ilə qədər) sovet beynəlmiləlçiliyi-proletar ədəbiyyatının tərəfdarları Ruhulla Axundov, Sultan Məcid Əfəndiyev, Əli Nazim, Mikayıl Rəfili 27 aprel işğalına qədər müstəqil Azərbaycan ədəbiyyatının olmaması iddiasını ortaya ataraq bəyan edirdilər ki, yalnız sovetləşmədən sonra bunlar yaranıb. Məsələn, Əli Nazim «vahid türk ədəbiyyatı» nəzəriyyəsinin elmi cəhətdən əsassız olduğunu yazır, bu işlə uğraşanları (B.Çobanzadə, İ.Hikmət, F.Ağazadə) tənqid edirdi. Onun fikrincə, türk-tatar xalqlarının heç vaxt vahid ədəbiyyatı olmayıb. Hər bir türk xalqı ayrıca olaraq öz tarixi inkişafında müəyyən bir mədəniyyət yaradıb. Bizə elə gəlir ki, Ə.Nazim bu zaman hər bir türk xalqının ədəbiyyatının sonrakı inkişaf məsələsində baş verən ayrılıqları doğru qeyd etsə də, ancaq onların hər birinin vahid kökdən qidalandığını da hökmən nəzərə almalı idi. Məhz vahid kökdən qidalanmanın nəzərə almamasının nəticəsi olaraq Ə.Nazim daha sonra iddia edirdi ki, 20-ci əsrin əvvəllərində türk xalqlarının ayrı-ayrı müstəqil millətlər kimi formalaşmasında və milli istiqlaliyyətlər əldə etməsində proletar diktaturası mühüm rol oynayıb. Milli mədəniyyət və ədəbiyyata münasibətdə sovet beynəlmiləlçiliyi mövqeyindən çıxış edən Mikayıl Rəfili də Ə.Nazim kimi hesab edirdi ki, vahid türk-tatar ədəbiyyatı ideyasının əsası yoxdur. Onun fikrincə, Azərbaycan ədəbiyyatının son 75 illik dövrü böyük və dərin bir fikrə, böyük ictimai bir qiymətə malik deyildir. Bu baxımdan milli ədəbi ənənələri öyrənməyi rədd edən Rəfili yazırdı: «Biz üzümüzü füzulilərə, nəsimilərə, vaqiflərə, mirzə fətəlilərə, hüseyn cavidlərə doğru deyil, verxarnlara, uitmenlərə, jülromenlərə, mayakovskilərə və bütün dünya klassiklərinə doğru çevirməliyik».
-Həmin
dövrün sosialist
mədəniyyəti
ilə
bağlı hansı fikirləriniz var?
- Mənə elə gəlir ki, işğalın ilk illərindən başlayaraq, xüsusilə repressiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan xalqının şüuruna zorla yeridilən formaca milli, «mahiyyət»cə sosialist mədəniyyəti, nə milli, nə də sözün həqiqi mənasında beynləmiləl mədəniyyət adlandırmaq mümkün deyildir. Xüsusilə də, bir xalqın mədəniyyətinin mahiyyəti ona məxsus deyilsə, onun zahiri, forması nə qədər milli olursa-olsun, o təbii olmayacaq. Xalqın içindən çıxmayan, onun mənəviyyatına əsaslanmayan mədəniyyət hansı məzmun və forma daşımasından asılı olmayaraq həmin millətə, onun varlığına və gələcəyinə xidmət edə bilməz. Ona görə də, hesab edirik ki, bir millət milli-mənəvi dəyərlərdən istər könüllü olaraq, istərsə də zorla uzaqlaşdırılarsa, çox keçməz ki, həmin məmləkətdə əxlaqi-mənəvi aşınma baş verər. Hətta, o millət gələcəkdə müstəqil və azad yaşamağa haqq qazansa belə, onun ağırlarını, acılarını çiyinlərində daşıyar.
-Həmin
dövrdə milli məfkurəli
ziyalılarımızın fəaliyyəti
nə
yerdə
idi?
- 1920-1940-cı illərdə beynəlmiləlçi-proletar mədəniyyət tərəfdarlarının kosmopolit fikirləri isə milli ədəbiyyatın tərəfdarları tərəfdarları tərəfindən birmənalı qarşılanmırdı. N.Nərimanov, H.Cavid, Ə.Cavad, İ.Hikmət və başqaları proletar mədəniyyət adı altında milli mədəniyyətin və milli ədəbiyyatın məhv edilməsinə qarşı çıxırdılar. N.Nərimanov 1922-ci ilin iyununda «Bakı fəhləsi» qəzetində yazırdı: “Türk uşaqları təkcə Puşkinin deyil, habelə Şekspir və Şillerin də şeirlərini bilməlidirlər. Ancaq hər halda yalnız ondan sonra, o zaman ki, onlar hər şeydən əvvəl əsl proletar, xalq şairi Sabir, Vaqif, Zakir, Vidadinin bütün zəhmli, döyüşkən şeirlərini bilələr”.
Hesab edirəm ki, həmin dövrdə milli mədəniyyəti, o cümlədən ədəbiyyatı beynəlmiləlçi-proletar mədəniyyətə qarşı müdafiə edənlər arasında H.Cavid və Ə.Cavad xüsusilə fərqləniblər. Məhz islamçılığa, türkçülüyə, o cümlədən Azərbaycan türkçülüyünə və müasirliyə bağlılığın nətiəsi idi ki, hətta, sovet dönəmində Hüseyn Cavid bu ideyalardan üz döndərmədi. Əksinə, hər bir şeirində, dramında, poemasında onu yaşatmağa çalışdı. Buna bariz örnək H.Cavidin 1920-1930-cu illərdə qələmə aldığı «Topal Teymur» ilə «Peyğəmbər» əsərləridir ki, o, burada bilavasitə milli və dini dəyərləri müdafiə edib. Eyni zamanda, o, bu əsərində Teymurla İldırım Bəyazid arasındakı tarixi döyüşü sonuncunun dilindən bir tərəfin deyil, bütün türk dünyasının məğlubiyyəti kimi qələmə alıb. H.Cavid göstərib ki, türk və islam birliyini daxildən qorusaq, başqaları onun haqlarını qəsb edə bilməz. Bunu, sonradan başa düşən bolşeviklər bir tərəfdən pyesin göstərilməsini qadağan etmiş, digər tərəfdən «panturanist tiplərini realizə etməyə cəsarət edən» H.Cavidin əleyhinə təbliğat aparıblar. Fikrimizcə, Cavidin «Səyavuş» əsərində də milli istiqlal ideyası təbliğ olunmuşdu.
Bu dövrdə beynəlmiləlçi proletar mədəniyyətinə və ədəbiyyatına qarşı çıxan Əhməd Cavada görə, milləti ifadə edən ilk növbədə, onun milli varlığı, milli müstəqilliyidir. Ə.Cavadın sözlərində açıq-aşkar cümhuriyyətin nisgili vardı və o, heç bunu gizlətmirdi. Cavad üçün millətin müstəqilliyi və milli mənəvi dəyərləri hər şey demək idi. Əhməd Cavadın, H.Cavidin, Ə.Abidin və başqalarının mədəniyyət və ədəbiyyatdakı milli xəttinin davamçısı olan Mikayıl Müşfiq də rus kommunizminə və onun beynəlmiləlçilik-proletkultçuluq nəzəriyyəsinə uyğunlaşa bilməmişdi. Ona görə də, Müşfiq milliliyin əleyhinə olanlarla şeirilə, sənətilə daima mübarizə aparıb. O dövrdə tarı, kamançanı və sairəni milli mədəniyyətdən uzaqlaşdıranlara, yadlaşdıranlara, «oxuma, tar» və s. deyənlərə qarşı M.Müşfiq yazırdı: “Oxu, tar, oxu, tar!.. Səsindən ən lətif, şeirlər dinləyim. Oxu, tar, bir qadar!... Nəğməni su kimi alışan ruhuma çiləyim”. Müşfiq də Cavid, Cavad və digər milli ruhlu aydınlar kimi kosmopolit mədəniyyətə uyuşa bilməmişdi: «Unutmadıq ikibaşlı qartal çarı, Çəkdi bizi gah aşağı, gah yuxarı».
Bu dövrdə müəyyən qədər sovet beynəlmiləlçiliyinə rəğbət bəsləməsinə baxmayaraq, əsasən mədəniyyət və ədəbiyyatda millilik mövqeyindən çıxış edənlərdən biri də Cəfər Cabbarlı olmuşdu. Cabbarlıya görə, hər millətin özünəməxsus xüsusiyyəti var ki, bu xüsusiyyət hər bir vətəndaşın, xüsusilə mütəfəkkirlərin dünyagörüşündə öz əksini tapmalıdır.
-Həmin
dövrdə milli məfkurəyə
qarşı senzuranı necə qiymətləndirirsiniz?
- 1940-1950-ci illərdə hər hansı bir Azərbaycan mütəfəkkirinin milliliyə azacıq meyilliliyi belə müstəmləkəçiliyə-mərkəzçiliyə qarşı çıxış kimi qiymətləndirilirdi. Bu dövrdə milli mədəniyyət və dinlə bağlı irəli sürülən əsas mülahizələrdə zərdüştilik Azərbaycanda fəlsəfi fikrin rüşeymi kimi göstərildiyi halda, «Kitabi-Dədə Qorqud»a tarixi, fəlsəfi və elmi ədəbiyyat kimi lazımi qiymət verilmir, üstəlik feodalizmin qalığı kimi tənqid olunurdu. Buna səbəb də, «Kitabi-Dədə Qorqud»un «Avesta»dan fərqli olaraq, birmənalı şəkildə milli mədəni irsinə aid olması idi. Bu baxımdan ziyalıların əksəriyyəti milli mədəniyyətə və ədəbiyyata ya müraciət etmir, ya da yalnız tənqid yazmaqla məşğul olurdular. Az-az mütəfəkkirlər isə özlərində cəsarət taparaq milli mədəniyyət və milli özünəməxsusluğu önə çəkirdilər. Belə mütəfəkkirlərdən biri olan akademik Heydər Hüseynovun materialist filosof olmasına baxmayaraq, «Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən» (1949) əsərində Şeyx Şamil hərəkatını müsbət qiymətləndirməsi, eləcə də çar Rusiyasını bir qayda olaraq, işğalçı kimi qələm verməsi son nəticədə onun təqiblərə və təzyiqlərə məruz qalmasına səbəb olmuşdu...
İlkin AĞAYEV
Palitra.-2013.-15 noyabr.-S.11.